Səməd Vurğunun nəzəri-estetik ideallarında Nizami Gəncəvi

 

Nizami Gəncəvi ili

 

 

XII əsri Azərbaycan mədəniyyətinin qızıl dövrü adlandıran müəlliflərlə həmfikir olan Səməd Vurğun Məhsəti Gəncəvinin, Xaqani Şirvaninin, Nizami Gəncəvinin ədəbi-bədii irsinə əsaslanırdı. S.Vurğun bu şairlərin humanizmlə, yüksək bəşəri hisslərlə, idraki mühakimələrlə çulğalanmış, insan və cəmiyyət hadisələrini, mənəvi və əxlaqi problemləri özündə ehtiva edən bədii irslərinin birdən-birə yaranmadığını, uzun bir ədəbi-mədəni təşəkkül prosesinin nəticəsi kimi təzahür etdiyini söyləyirdi. Şair ortaq başlanğıc dövründə  yaranan ədəbiyyatı, yazılı abidələri mədəniyyətimizin təşəkkül və inkişaf qaynağı hesab edir, XII əsr- intibah dövrü Azərbaycan ədəbiyyatını bu zəngin ədəbi-bədii təcrübənin məntiqi davamı kimi dəyərləndirirdi.

Nizami Gəncəvi Səməd Vurğunun təbliğ etdiyi, ədəbi irsinin həm ideya zənginliyindən, həm də poetik kamilliyindən danışdığı sənətkarlardandır. Şair Nizami yaradıcılığına yaxından bələd olandan sonra belə qənaətə gəlmişdir ki, öz türklüyünə, mənsub olduğu xalqın mənəvi dəyərlərinə, əxlaqi keyfiyyətlərinə, milli ruhuna sadiq qalan N.Gəncəvi Şərq şeirində birincidir. Belə ki, Nizami “Xəmsə”sində təkcə vətəni Azərbaycanın deyil, bütün Şərqin obrazını cizgiləmiş, bu dünyanın portretini yarada bilmişdir. O, bütün insanlığın kədərini duyan, yaşayanbu yaşantıları sözə çevirən sənətkar olmuşdur. İnsanlığın, bəşəriyyətin faciəsini özününküləşdirə bildiyindəndir ki, Nizami irsi üçün zaman və məkan çərçivəsi yoxdur. S.Vurğun Nizamini bütün bu xüsusiyyətlərinə görə bir insan kimi öz zamanının oğlu, vətəndaşı hesab edirdisə, bir şair, düşüncə adamı kimi dünənin, bu günün, həm də sabahın mütəfəkkiri hesab edirdi. S.Vurğun bütün fəaliyyəti boyu zamanı qabaqlayan sələfinin irsinə ciddi maraq göstərmiş, istər bədii yaradıcılığında, istərsə də məqalə və məruzələrində onun poetik təfəkkürünə, ədəbi irsinin bəşəriliyinə ardıcıl olaraq öz münasibətini bildirmişdir. S.Vurğunun onun adını böyük ehtiramla xatırladığı lirik şeirləri (“Nizami”, “Azərbaycan” və s.), “Fərhad və Şirinpyesinin mövzu və motivlərini Nizami yaradıcılığından götürməsi, “Leyli və Məcnun” poemasını dilimizə tərcümə etməsi dediklərimizə sübutdur.

Səməd VurğunDahi Azərbaycan şairi”, “Nizamimüasir dövrümüz”, “Nizami Gəncəvi”, “Böyük humanist” adlı məqalə və məruzələrində, həmçinin başqa münasibətlə olan çıxışlarında Nizami ədəbi irsinə müxtəlif aspektlərdən nəzər salmış, poeziyasının poetik və məfkurəvi zənginliyini, forma və mündəricə mükəmməlliyini təhlil etmiş, onun yaradıcılığının dövrü ilə səsləşən prinsipial məqamlarını səriştəli ədəbiyyatşünas kimi işıqlandırmışdır. Biz bu məqalə və çıxışların xronoloji sıralanmasına nəzər salsaq görərik ki, S.Vurğunun Nizami irsindən bəhsi davamlı xarakter daşımışdır. O öz çıxışlarında Nizami əsərlərinin tərcümə və nəşr olunması ilə yanaşı tədqiq edilməsinin də vacibliyini qeyd edir, nizamişünaslıq üçünNizami və Şərq ədəbiyyatı”, “Nizami və Qərb ədəbiyyatı”, “Nizami romantik görüşlərin banisi kimi”, “Nizami yaradıcılığında beynəl-miləlçilik motivləri”, “Nizaminin ədəbi üslubu”, “Nizaminin dünyagörüşükimi konkret mövzular da təklif edirdi. Şair təkcə bununla kifayətlənmir, şairin çağdaşları, Şərqdə ədəbi renessans dövrü, ümumiyyətlə Şərq ədəbiyyatı haqqında tədqiqatların aparılmasını və bununla da həm Azərbaycanda, həm də Şərqdə olan milli mənəvi, ədəbi-estetik keyfiy-yətləri tanıtmağı, təbliğ etməyi ciddi elmi əhəmiyyət kəsb edən məsələ sayırdı. S.Vurğunun klassik irsin tədqiqinə, yaxın və uzaq keçmişimizin öyrənilməsinə belə tələbkar və prinsipial münasibəti, çağdaş ədəbi prosesin inkişafında sağlam ənənələrdən istifadəni vacib sayması dünya ədəbiyyatına misilsiz incilər bəxş etmiş Azərbaycanın tarixi və mədəniyyətinə dırnaqarası baxanlara, nihilistlərə, kosmopolitlərə tutarlı cavab idi.

Bilirik ki, S.Vurğun həm də NizamininLeyli və Məcnun” əsərini dilimizə tərcümə etmişdir. Yəni şair öz sələfinin ədəbi irsinin bütün  poetik incəlikləri ilə, ecazkar qüdrətiylə, fikri-bədii uğurlarıyla bilavasitə tanışlıqdan sonra öz qənaət və mülahizələrini söyləmişdir.

Şair humanizm və vətənpərvərliyi Nizami yaradıcılığının təməli, mövzusu hesab edirdi. Onun əsərlərində Azərbaycanın təbiəti, doğma torpağın qədim şöhrəti, əzəmətli qalaları bütün gözəlliyi ilə vəsf olunmuşdur. Amma S.Vurğun Nizami vətənpərvərliyinin mahiyyətini təkcə bunda görmürdü. Mütəfəkkir şairin əsərlərində ictimai bəlaların, sosial bərabərsizliyin səbəbkarlarına, xalqı fəlakətə, işkəncəyə düçar edənlərə kəskin nifrət və kin duyulurdu. Nizami öz kəsərli bədii müddəaları ilə haqqın, ədalətin bərpasına ədəbi fərman verirdi. S.Vurğun da Nizami vətənpərvərliyinin əsil mahiyyətini bu ictimai-siyasi səciyyə daşıyan motivlərdə görürdü. S.Vurğun Nizamini demokratik ideyaların tərənnümçüsü adlandırırdı. Şair öz cəsarəti ilə Şərq ədəbiyyatına bir orijinallıq gətirmiş, xalqın sadə nümayəndələrini tərənnüm edərək əbədiləşdirmişdir. Professor Azadə Rüstəm Sənainin “Hədiqətül-Həqaiq” əsəri ilə N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin oxşar və fərqliliyindən bəhs edəndə yazır: “Hədiqə”də xalq kütləsinin ünvanına nahamvar, kobud ifadələr də ara-sıra eşidilməkdədir. Sənai kütlənin halına yanaraq, həm də onu cahil, avam, ali mənəvi hisslərdən məhrum bir toplum kimi qəbul edir. Bu təzad Nizamidə yoxdur. Nizami olur ki, kütlənin içərisindən çıxan ayrı-ayrı naqabil fərdlərin eybəcər və çirkin hərəkətlərini ifşa etsin, ancaq toplunun bütövlükdə ləyaqəti Nizami üçün ucadan da ucadır. “Sirlər xəzinəsi” də daxil olmaqla Nizaminin bütün əsərlərində şairin abidəsini əbədiləşdirdiyi xalq nümayəndələri obrazları küll halında əməli, hissi, zehni fəaliyyətləri ilə müstəqil dünyagörüşünə və həyati baxışa malik şəxsiyyət zirvəsinə çatmış, birər xarakterlər, “muxtar” insanlardır. Bu, müsəlman Şərqi ədəbiyyatında humanizmin, şairin öz təbiri ilə deyilsə, “mərdomilik” - insaniliyin ən böyük təntənəsi idi”.

Nizami insanı həmişə bəşəriyyətin ən ali varlığı hesab etmiş, onun şərəfini, ləyaqətini hər şeydən yüksək qiymətləndirmişdir. S.Vurğun məqalələrində Nizaminin insana verdiyi yüksək dəyərdən danışaraq göstərir ki, dahi şair insan zəkasını, insan idrakını hər şeyə qadir hesab edir, insanda yüksək mənəvi keyfiyyətlər görmək istəyirdi. Nizami belə düşünürdü ki, insanın kamil yaxud cahil olmağı onun öz əlindədir. Belə olan təqdirdə, niyə o kamilləşmək, mənən zənginləşmək üçün çalışmasın? Həqiqətin, idrakın təntənəsinə dərin inam bəsləyən şair insanı xeyirxah olmağa, ləyaqətini qoruyub saxlamağa səsləyirdi. Şair göstərirdi ki, Nizami insanın təkcə zahiri tərəflərini, görünən üzünü, keçici hadisələri deyil, onun daxili aləmini, fikir dünyasını bütün ziddiyyəti ilə əks etdirə bilir.

Dahi şair elmin, zəkanın cahanda bütün pisliklərə qalib gələcəyinə inanır, dünya sirlərinin öyrənilməsində ancaq idrakın təntənəsinə ümid bəsləyirdi. Nizaminin etiqadına görə, insanın ən böyük nailiyyəti elmonun qanunlarıdır.

S.Vurğun bədii sənətdə ənənələrin davamı məsələsindən danışanda Nizaminin dünya bədii düşüncəsinin inkişafına təsirindən söz açaraq qeyd edirdi ki, şair özündən sonra gələn nəsillərin ən yaxşı düşüncə və duyğuları üzərində əsrlərlə hökmran olmuşdur. O, Nizaminin Azərbaycan ədəbiyyatına, Şərq mədəniyyətinə və ümumiyyətlə, dünya ədəbi-estetik fikir aləminə təsirindən, nüfuzundan yazırdı: “Əgər Nizamiyə qədər müsəlman Şərqində İran ədəbiyyatı qabaqcıl idisə, Nizamininonun arxasınca Azərbaycan ədiblərinin bütöv bir nəslinin yaranmasından sonra İran klassik ədəbiyyatı öz birinciliyini bizim Azərbaycan ədəbiyyatına təhvil verdi. Zaqafqaziya, Dağıstan, Orta Asiya, İran, Türkiyə xalqları və başqa xalqların arasında milli dilimizin populyar olması da göstərilən xalqlar arasında Azərbaycan ədəbiyyatının geniş yayılmasına xidmət edirdi”.

Məlum olduğu kimi, Nizaminin yüzlərlə davamçısı, onu özünə ustad sayan şagirdi olmuş, şairin əsərlərinə nəzirələr yazılmış, yaradıcılığının bədii motivləri əsasında çox sayda əsərlər yaranmışdır. S.Vurğun  Nizaminin gürcü şairi Şota Rustaveliyə olan təsirindən söz açır, bu yaradıcılıq əlaqəsinin də tədqiqata ehtiyacı olduğunu vurğulayırdı: “Nizaminin dahi gürcü şairi Şota Rustaveliyə olan təsiri də öyrənilməyib. RustaveliNizaminin tərcüməsi üzərində işləyərkən onların yaradıcılığında xeyli oxşar cəhətlər müəyyən etdim. Həm ayrı-ayrı milli ədəbiyyatların tarixini, həm də xalqımızın qarşılıqlı ədəbi əlaqələrinin öyrənilməsi üçün bununla ciddiprinsipial məşğul olmaq lazımdır”.

S.Vurğun qeyd edir ki, Nizami yaradıcılığı Azərbaycanın, Şərqin, Zaqafqaziyanın hüdudlarından çox kənara çıxır. Qədim və orta əsrlər Azərbaycanının yüksək humanizmi və mütərəqqi ideyaları ilə qidalanmış zəngin Nizami irsi Avropa xalqlarının ədəbiyyatına da əhəmiyyətli təsir göstərmişdir. Şair sələfinin Höte tərəfindən necə xarakterizə olunmasını xatırladır, bunun klassik Azərbaycan ədəbiyyatının Avropa mədəniyyətinə təsirini öyrənmək baxımından çox əhəmiyyətli fakt olduğunu vurğulayırdı.

Həqiqətən də Nizaminin Qərb və Şərq ədəbiyyatı ilə əlaqələrini, onun dünya ədəbiyyatındakı mövqeyini, təsir dairəsini araşdıran görkəmli ədəbiyyatşünas alimlərin - Əkbər Ağayevin (“Nizamidünya ədəbiyyatı”), Əli Sultanlının (“İskəndərnamə” və Qərbi Avropa ədəbiyyatı”, “Leyli və Məcnun” və Qərbi Avropa ədəbiyyatı”), Nuşabə Araslının (“NizamiTürk ədəbiyyatı”),  R.Azadənin, (“Nizamionun poeziya sələfləri”) X.Yusifovun (“Şərqdə intibah və N.Gəncəvi”) bu sahədə apardıqları işlərlə tanış olduqda S.Vurğunun təklif və iradlarının nə qədər elmi əhəmiyyət daşıdığını görürük. Ə.Ağayev N.Gəncəvinin dünya ədəbiyyatına, o cümlədən Avropa ədəbiyyatına olan təsiri, şairin Höte, Heyne, Qotsi, Şiller yaradıcılığı ilə əlaqəsinin oxşar cəhətləri haqqında araşdırmalarında xüsusilə bəhs edirdi.

S.Vurğun Nizami irsinin tədqiq olunmasını nəyə görə vacib hesab edirdi? Birinci, ona görə ki, şairin əsərlərinin elmi və fəlsəfi mahiyyətinin, ideya dəyərlərinin, insanın düşüncə və fikrinə nüfuz gücünün, poetik və məfkurəvi məziyyətlərinin və onun timsalında Azərbaycan ədəbi-estetik fikrinin zəngin sütunlar üzərində formalaşmasının təbliğ olunmasını istəyirdi.

İkinci, Nizami yaradıcılığındakı humanizm və vətənpərvərlik, romantik üslubdan istifadə, konflikt və ziddiyyətlərin böyük məharətlə qurulması, yaratdığı obrazı bütün daxili mürəkkəbliyi ilə ifadə etmək bacarığı, ideal qəhrəmanın bütün tamlığı ilə təsviri kimi keyfiyyətlərdən çağdaş ədəbi prosesin, canlı ədəbi gerçəkliyin inkişaf və təkamülündə istifadəni vacib sayırdı.

 XII yüzilliyin mütəfəkkiri hər cür süniliyi, insan zəkasına və şüuruna, sağlam fikir və məntiqə zidd olan hər şeyi rədd edir, istər həyat hadisələrində, istərsə də yaradıcılığında təbiiliyə üstünlük verirdi. Nizaminin qəhrəmanları əfsanəvi obrazlar, hurilər, mələklər deyil, düşünən, yaradan canlı insan surətləridir. Mahir söz ustasının yaratdığı insan xarakterləri, obrazları monumentallığı ilə diqqəti çəkir. Şair onların daxili aləmlərini bütün çalar və təzadları ilə birgə göstərir, psixoloji aləmlərini məharətlə açırdı.

 Məlumdur ki, Nizami bəzi sələfləri, zəmanəsinin bir çox şairləri kimi yüksək mənsəb və yaxşı yaşayış üçün saraylara getməmiş, xalqın içində yaşamış, öz ilhamını da xalqdan almışdır. O, öz əsərlərində mənsub olduğu xalqın həyat və yaşamını, adət-ənənələrini, yüksək düşüncə və arzularını, qayğı və ehtiyaclarını canlı şəkildə təsvir etmişdir. Şair öz əsərlərində xalq ədəbiyyatı, folklor nümunələri, el incilərindən yetərincə faydalanmışdır.

 S.Vurğunun qənaətinə görə, Nizami fantaziyası xalqımızın zəngin folkloru ilə - əfsanə və nağılları, rəvayət və deyimləri, xalq hikməti ilə bəzənmiş, cilalanmış və bir müdriklik kəsb etmişdir. Demək olar ki, şairin bütün poemaları Azərbaycanın, Şərqin şifahi xalq ədəbiyyatından qaynaqlanmışdır. S.Vurğun bu faktı şairin mənəvi qəhrəmanlığı kimi səciyyələndirir, xalqının milli-mənəvi sərvətinə, estetik təfəkkür tərzinə bu qədər bağlılığına görə düha sahibinə yüksək dəyər verirdi.

Bu gün də xalqın dilində aforizmlər, zərbi məsəllər şəklində işlənən xeyli incilər var ki, onların müəllifi Nizami Gəncəvidir. Bu incilər xalq ədəbiyyatının nümunələrinə o qədər qaynayıb qarışmışdır ki, bəzən bunların müəllifinin Nizami, yaxud xalq olduğunu müəyyənləşdirmək çətin olur. S.Vurğun bunu öz məqalələrində dəfələrlə qeyd etmiş, xalqla, xalq ədəbiyyatı ilə bu bağlılığı şairin yaradıcılığında mövcud olan xəlqiliyin əsası kimi qiymətləndirmişdir. Təsadüfi deyildir ki, Səməd Vurğun özü də “Ayın əfsanəsi”, “Qız qayası”, “Bulaq əfsanəsi”, “Aslan qayası” kimi əsərlərinin mövzusunu xalq əfsanə və rəvayətlərindən götürmüşdür. S.Vurğun da öz sələfi kimi həm yazılı və həm də xalq ədəbiyyatının ən yaxşı nümunələrindən bəhrələnmiş, zəngin söz xəzinəsindən istifadə etmişdir.

Ümumiyyətlə, Nizami Gəncəvi ilə Səməd Vurğun yaradıcılığında bir ruh uyğunluğu mövcuddur. Biz bu əlaqə və bağlılıqdan FüzuliVurğun, VaqifVurğun mövzusunda danışanda da bəhs edə bilərik. Amma bu uyarlıq Füzuli və Səməd Vurğun yaradıcılığında dərin psixologizm, Vaqif - Vurğun şeiriyyətində lirizm çalarında müşahidə olunursa, Nizami  - Vurğun münasibətində dərin fəlsəfi ümumiləşdirmələr, epik forma, estetik görüşlər sistemi kontekstində meydana çıxır.

 

 

 

Aygün BAĞIRLI,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini,

 filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2021.- 7 may.- S.10.