Zəfərin qəhrəmanları
sırasında olmaq qürurdur!
1990-cı il xalqımızın tarixində Qara yanvarı ilə iz buraxdı. Milli müstəqilliyin bərpası uğrunda canından keçən Azərbaycan vətəndaşları imperiyanın ağır hərbi texnikasının qarşısına əliyalın çıxmaqla azadlıqsevərliyini dünyaya göstərdi. Mən həmin ilin uşaqlarından biriyəm.
Belə mübariz xalqın torpaqları düşmən əsarətində qala bilməzdi. Buna zaman lazım idi. Ötən ilin 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə xalqımızın, bütün sahələrdə müstəqilliyini qoruyub saxlayan və möhkəmləndirən Azərbaycanın nəyə qadir olduğunu bir daha təsdiqlədi.
Mən də qürur hissi keçirirəm ki, Vətən müharibəsində iştirak edib, düşmən üzərində çalınan qələbədə üzərimə düşən borcu yerinə yetirmişəm.
2012-ci ildə Bakı Dövlət Universitetini bitirib, əvvəlcə Suraxanı rayonunda fəaliyyət göstərən Məşğulluq Mərkəzində, 2020-ci ilin may ayından isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyində işləməyə başladım. Müharibənin ilk günlərindən ordu sıralarına qoşulmaq Vətən övladı kimi mənim də borcum idi.
Biz bu Vətənin əsl sahibləri olduğumuzu, yurdumuza sevgimizi haqq savaşımızla, ləyaqətlə, qəhrəmancasına vuruşaraq göstərdik. Bu müharibədə hər qələbə, hər nailiyyət bizi daha da ruhlandırır, daha da irəliyə aparırdı...
Müharibəyə gedəndə, digər dostlarım kimi, əmin idim ki, qalib gələcəyik. Elə belə də oldu. Döyüş yolumuz barədə xüsusi qeyd etməyə ehtiyac duymuram. Azərbaycan oğullarının necə döyüşməyini dünya bilir və alqışlayır. Artıq işimə qayıtmışam. Vəzifəmiz vətəndaşlara onlarda yüksək məmnunluq yaradan əsl DOST xidmətləri göstərməkdir. İş yerimi, çalışdığım kollektivi və həm də xidmət etdiyim insanları çox sevirəm. Müharibədən qalib kimi qayıdıb sevdiyim işə davam etməyin fərəhini yaşayıram!
Ümumilikdə, Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşlarından 27 nəfər Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, Xocavəndin, Füzulinin, Qubadlının, Şuşanın, Cəbrayılın, Kəlbəcərin, Laçının azad olunmasına görə, bir qismi iki, bəziləri isə üç medalla təltif olunublar. Çalışdıqları kollektivlər tərəfindən qaliblər kimi böyük ehtiram və coşqu ilə qarşılanan həmin əməkdaşlar “Zəfərin qəhrəmanları sırasında olmaq bizim ömürboyu yaşayacağımız qürurdur!” - deyirlər. Özüm də qürur duyuram ki, Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilmişəm.
Tural ƏSGƏROV,
3 saylı
Bakı DOST Mərkəzinin Sosial
müavinətlər üzrə sosial agentliyinin əməkdaşı
Azərbaycan.-2021.- 8 may.- S.10.