Albert əfsanəsi

 

 

Başına beş min rubl pul qoyulmuş qəhrəman tankçı tankın mövqeyini dəyişmək lazım gələndə görür ki, öz döyüş yoldaşlarının cəsədi üzərindən keçməlidir. Bunu edə bilmir, şəhid olmuş silahdaşlarının üstündən keçməyi vicdanı qəbul etmir. Tankdan düşür ki, yoldaşlarının cəsədini götürsün, ya da, heç olmasa, tankın önündən çəksin. Yerdən mexanikə necə hərəkət etməsi barədə göstəriş verib, əyilib cəsədlərdən yapışan zaman düşmən snayperi onu vurur. Sən demə, o snayperçi Albertin hədəfə gəlməsini uzun müddət gözləyirmiş…

Qəhrəmanımız Bakıda Şəhidlər xiyabanında dəfn ediləndə molla ilə ravvin eyni vaxtda dua oxuyurdu. Söhbət Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli xüsusi təyinatlı, bakılı tankçı Albert Aqarunovdan gedir.

 

 

 

Truba ifaçısı

 

 

 

Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Uşaqlığından musiqi həvəskarı idi. Əlinə keçən qarğı-qamışı tütək kimi qoyub dodaqlarında çalardı. Maraqlıdır ki, onlardan da musiqi səsi çıxarda bilirdi. Ailəsi bu bacarığını görüb onu musiqi məktəbinə qoyur. Albert nəfəs alətlərindən truba sinfini seçir. Oxuyub qurtarır, amma bu sənətin ardınca getmir.

Orta təhsilini Suraxanı rayonundakı 154 saylı məktəbdə alıb. Truba çalmağa həvəsli olsa da, dərslə işi olmazmış. Deyirmiş ki, oxumaq yox, işləyib qazanmaq istəyirəm: “Vaxt yoxdur oxumağa, işləmək lazımdır”. Səbri çatıncaya qədər oxuyur. Görünür, səbri də səkkizinci sinfi bitirməyə ancaq çatıb. Sonra peşə məktəbinə getməyə qərar verir. Sürücü-mexanik ixtisası ilə təhsili başa vurub işləməyə başlayır.

Bəzən insan harasa tələsir və özü də bilmir ki, niyə, hara tələsir. Təcrübə göstərir ki, elə insanların tezliklə yerinə yetirməli olduqları bir missiya olur. Axı hərə bir missiyanın daşıyıcısıdır. Sadəcə, kimisi onu tez başa vurur, kimisi gec. Kimisi tələsir, kimisi yubanır, amma əvvəl-axır onu yerinə yetirir. Albertsanki tələsirdi və bəlkə buna görə ömrü qısa olsa da, mənalı idi...

 

 

Maşınqayırma zavodunun mexaniki

 

 

 

Albert Aqarunov hərbi xidmətə gedənə qədər yerinə yetirməli olduğu missiyanın öhdəsindən gəlib. Ailənin ehtiyacı olan qazancı evə gətirib, bu ağır yükü hələ möhkəmlənməmiş çiyinlərində saxlamağı bacarıb.

Hərbi xidmətini 1987-ci ildə sovet ordusunun tərkibində Gürcüstanda keçirib.  Tank komandiri olub. 1989-cu ildə əsgəri xidməti başa vurub Bakıya qayıdandan sonra Suraxanıda Maşınqayırma zavodunda işləməyə başlayıb. Evdə düşünürdülər ki, Albert əsgərliyi də bitirib, işləyir, artıq ailə qurmaq vaxtıdır. Onun üçün gözaltı axtarırlar. Albert isə başqa xəyalda idi. Qarabağda erməni özbaşınalığını, haqsız olduqları halda haqlının üstünə gəlib haqsız çıxartmaqlarını həzm edə bilmirdi. “Bu torpaq mənimdir, burda doğulmuşam, burda yaşayıram. Burda mənim nəslim-köküm yaşayıb, dəfn ediliblər”, - deyirdi.

Hər dəfə televiziyada Qarabağda azərbaycanlıların getdiyi avtobusu ermənilərin atəşə tutduqlarını, dinc əhalinin üzərinə əlisilahlı getdiklərini, uşaqları, gəncləri qətlə yetirdiklərini görəndə “belə olmaz” - deyirdi: “Biz azərbaycanlılarla birgə bu Vətənə sahib çıxmalıyıq”. 

 

 

 

“Yəhudi buterbrodu

 

 

 

Qarabağda baş verənlərə biganə qala bilməyən Albert zavoddakı dostları ilə birlikdə döyüşlərə getmək üçün hərbi komissarlığa yollanıb könüllü şəkildə ərizə yazır. Bu barədə evdə deyəndə əvvəlcə ani sükut çökür, buna əhəmiyyət verməyən Albert vidalaşıb evdən çıxır. Vətənpərvərliyi, qətiyyəti onu Qarabağa aparır...

Döyüş yoluna Elçin Məmmədovun rəhbərlik etdiyi xüsusi təyinatlı batalyonda başlayan Aqarunov Xankəndi, Daşaltı, Cəmillidə düşmənlə üz-üzə gəlib. Həmin  istiqamətlərdə gedən döyüşlərdə tankçı Albert erməni işğalçılarının 9 tankını, 7 zirehli texnikasını, xeyli canlı qüvvəsini məhv edib.

Cəbhə yoldaşları danışırdılar ki, döyüşlərdən birində Albert düşmənin bir-birinə yaxın hərəkət edən iki tankını bir mərmi ilə vurub. Yoldaşları onun bu üsulla iki tankı vurmasını özünün sevdiyi buterbrodun adı ilə adlandırıblar.

Döyüşdən əvvəl Albert deyib ki, burda bir buterbrod olaydı, nə yeyib gedərdim döyüşə. Yoldaşlarından biri “Sən hansısa buterbrodu keçir ürəyindən, bu saat təşkil edək?” - deyə Albertlə zarafat edib. - “Yəhudi buterbrodu” deyə Albert zarafata zarafatla cavab verir və atılır tanka. Döyüşə girirlər, həmin döyüşdə Albert düşmənin iki yaxın məsafədə olan tankını bir mərmi ilə vurur. Döyüş yoldaşlarının hamısı sevinc və heyranlıqla ona baxır. Bayaq ona buterbrod vəd edən əsgər isə “Bu da sənə “yəhudi buterbrodu” deyə sevinclə qışqırır. Taktikanın adı belə də qalır. Düşmən həmin döyüşdən sonra Albertin başına 5 min rubl pul mükafatı qoyur. O taktikanı isə Albert döyüşlərdə dəfələrlə məharətlə istifadə edir.

Albertin Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova böyük simpatiyası olub. Xüsusən sovet ordusunda hərbi xidmətdən tankçı kimi qayıdandan sonraOrada Həzi Aslanov idim” - deyirmiş. İkinci dəfə ona Həzi Aslanov olmaq Qarabağda qismət olur. Məqsədi Azərbaycan hərb tarixinə öz adını Həzi Aslanovla bir sırada yazmaq imiş.

1992-ci ilin mayında erməni tank komandiri Qaqik Avşaryan Şuşaya ilk girəcək tanka rəhbərlik edirdi. Ermənilərin planına görə onun tankı Şuşaya girib erməni bayrağını şəhərə sancmalı idi.  Şəhərə daxil olmağa cəhd edən ilk tank Albertin tankının lüləsinə tuş gəlir. Avşaryanın 442 nömrəli tankı Aqarunovun 533 nömrəli tankının atəşindən yayına bilmir. Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı Şahen Sarkisyan üçü bir mərminin odunda yanırlar. Həzi Aslanovun davamçısı Albert Aqarunovun tankının mərmisinin odunda...

Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, tünd yaşıl rəngə boyayıblar. rənglə gövdəsinə 442 yazıb hündür təpənin başından lüləsi Şuşaya tuşlanmış vəziyyətdə qoyubmuşlar.

İndi o tankların yeri Bakıdakı Hərbi Qənimətlər Parkıdır.

 

 

 

Azərbaycanın Milli Qəhrəmanı

 

 

Şərəfli döyüş yolu qəhrəmanlıqla bol olan Albert Aqanurov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsindən dünyasını dəyişir. Mexanik Albertin cəsədini götürməyincə döyüş meydanından çəkilmir. Albert Aqanurov Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.  Ölümündən sonra həmçinin “Qızıl Ulduz” medalı, “Vətən Övladı” və “Həzi Aslanov” ordenləri ilə təltif olunub.

Bakıda təhsil aldığı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin qarşısında Albertin büstü qoyulub. Nərimanov rayonunda adına küçə və heykəli var. Doğulduğu Əmircan qəsəbəsində yaşadığı binaya xatirə lövhəsi vurulub. Haqqında sənədli filmlər çəkilib, xarici mətbuat da daxil olmaqla KİV-də saysız məqalələr yazılıb.

Bu gün yəhudi qəhrəmanımızın ruhu şaddır, onun uğrunda şəhid olduğu Şuşanı Azərbaycan Ordusu işğaldan azad edib. 8 may tarixi isə Albert Aqarunov kimi qəhrəman oğulların yad edildiyi gündür. Şuşadan tuşlanan isə Azərbaycan tankının lüləsidir.

 

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 8 may.- S.11.