Bakıda bədii gimnastika üzrə dünya
kuboku yarışlarının
açılış mərasimi olub
Mayın 7-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komandaların paradı olub.
Sonra dünyasını dəyişən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onun gimnastlarımızla görüşündən bəhs edən videoçarx yayımlanıb.
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb: “Bu gün COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə aparılan ciddi mübarizə şəraitində dünya kuboku yarışlarının ölkəmizdə keçirilməsinə razılıq verən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə və ölkəmizdə gimnastikanın inkişafında əvəzsiz xidmətləri olan Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Azərbaycanda idmanın inkişafı istiqamətdə aparılan uğurlu dövlət siyasəti səmərəli bəhrəsini verir. Ölkədə fəaliyyət göstərən idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər. Azərbaycan Gimnastika Federasiyası da ölkəmizin ən fəal idman qurumlarından biri kimi uğurla fəaliyyət göstərir. Federasiyanın inkişaf etdirdiyi idman növlərində əldə olunan nəticələr bunu bir daha təsdiqləyir”.
İ.İsmayılov qeyd edib ki, hazırda gimnastika dünyada öndə gedən idman növlərindən biridir. Dünyada təşkil olunan idman yarışlarında Azərbaycan gimnastları müxtəlif əyarlı medallar qazanıb və onlara göstərilən etimadı layiqincə doğruldublar. Bu günlərdə batut və tamblinq üzrə Avropa çempionatında çıxış edən idmançılarımızın qazandıqları 1 gümüş və 2 bürünc medal buna parlaq nümunədir. Əldə olunan uğurlu nəticələr ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə keçirilməsinə möhkəm zəmin yaradıb. Bu gün start götürən dünya kubokunun ardınca aerobika gimnastikası üzrə dünya yaş qrupları və dünya çempionatının Bakıda keçirilməsi barədə qərarın qəbulu da ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra dünya kuboku yarışları açıq elan olunub.
Mayın 9-dək davam edəcək kubok yarışları “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.
Yarışın ilk iki günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Turnirin sonuncu günündə isə final mərhələsinin qalibləri müəyyənləşəcək.
Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olan 167 gimnast iştirak edir.
Azərbaycanı yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edir.
Ənənəyə
uyğun olaraq kubok yarışlarında ən çox icra
xalını yığmış gimnast və qrup
komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Azərbaycan.-2021.- 8 may.- S.12.