Ölməzlik hamıya nəsib
olmur
Mayor Vidadi Əhmədov əbədiyyətə
şəhidliyi ilə qovuşub
Orta məktəbdə oxuyarkən Mehdi Hüseynzadə, Həzi Aslanov haqqında çəkilmiş “Uzaq sahillərdə”, “Sizi dünyalar qədər sevirdim” kimi kinofilmlərə baxmaqdan doymazdı.
Filmlərdəki hadisələri, personajları, demək olar ki, əzbər bilirdi. Doqquzuncu sinifdə ikən gələcəkdə hərbçi olmaq qərarı vermişdi. Həm də yaxşı idmançı olan Vidadi hərbi ali məktəbə daxil olmaq üçün imtahan verəcəyi dəqiq elmlərə - riyaziyyat, fizika və kimyaya xüsusi diqqət yetirirdi.
Elə bu arzu da onu 1996-cı ildə Salyan şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə gətirdi. 2000-ci ildən məktəbi zirehli tank və avtomobil texnikasının istismarı mühəndisi ixtisası üzrə bitirdi. Gənc leytenant 2002-ci ilə qədər Murovdağda, 2003-2005-ci illərdə İraqda sülhməramlı qüvvələrin tərkibində xidmət etdi. Sonra Vidadini Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə işə keçirdilər. 2011-ci ildə isə daha məsuliyyətli işə - Heydər Əliyev adına Ali Hərbi Məktəbə müəllim göndərdilər. 2014-cü ilə kimi bu təhsil ocağında çalışan Vidadi daha sonra xidmətini cəbhə bölgəsində davam etdirdi. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olan mayor Vidadi Əhmədov 2017-ci ilin yanvarında 20 illik qüsursuz xidməti və ərizəsi nəzərə alınaraq ehtiyata göndərildi.
Bundan sonra ailəsi ilə birlikdə doğulub boya-başa çatdığı Salyana qayıdıb şəhərdəki Texniki peşə liseyində pedaqoji fəaliyyətlə məşğul olmağa başladı. Amma 2020-ci ilin iyul ayında Tovuz rayonunda mənfur düşmənin təxribatı zamanı keçmış komandiri general-mayor Polad Həşimovun ölümü onu çox sarsıtdı və həmin xəbəri eşitdiyi gün genaralın qisasını alacağına and içdi.
Harada olursa olsun, hansı işdə çalışırsa çalışsın, ürəyi həmişə zabit yoldaşlarının, əsgərlərin yanında olan, torpaqlaımızın düşmən tapdağında qalması ilə barışa bilməyən Vidadi yaxşı bilirdi ki, güclü Azərbaycan Ordusu və onun İlham Əliyev kimi yenilməz sərkərdəsi, Ali Baş Komandanı var. Elə bu inam və əminlik ehtiyatda olan zabiti 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ön sırasına gətirdi. Vidadi Əhmədovun çoxdan gözlədiyi an gəlib çatmışdı.
Cəbhəyə yola düşərkən 11 yaşlı Yasəməni, 5 yaşlı Gülünü həyat yoldaşına bərk-bərk tapşırıb demişdi: “Bu, müharibədir. Hər şey ola bilər, özündən, qızlarımızdan muğayat ol”.
Yeri gəlmişkən qeyd edək ki, mayor V.Əhmədovun həyat yoldaşı Zəhra Əhmədova Bakı Dövlət Universitetinin Mexanika-riyyaziyyat fakültəsini bitirib. Bir müddət Salyan şəhər 3 saylı tam orta məktəbdə öz ixtisası üzrə riyaziyyat müəllimi işləyib. Lakin 2014-cü ildə həyat yoldaşının xidməti ilə bağlı Tərtərə köçdüklərindən işdən çıxmışdı. Bu gün Zəhra xanım yenidən Salyanda əmək fəaliyyətini bərpa etmək istəyir. Amma rayon Təhsil şöbəsinin rəhbərliyi şəhid zabitin həyat yoldaşını get-gələ salır.
Səfərbərlik elan olunan günün səhərisi cəbhəyə yollanan mayor Vidadi Əhmədov ölümün gözünə dik baxaraq şücaəti ilə ermənilərin canına vəlvələ salmışdı. Kəndlərimiz, şəhərlərimiz bir-bir azad olunduqca ürəyi dağa dönürdü. Təəssüf ki, oktyabrın 8-də Füzulinin Qaraxanbəyli kəndində gedən ağır döyüşlər zamanı ürəyindən yaralanan Vidadi Əhmədov elə orada da şəhid oldu. 12 oktyabrda göz açdığı Salyan şəhərində böyük ehtiramla torpağa tapşırılan igid mayor ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Ölüm haqdır. Bir gün bu dünyaya gələn bir gün də onu tərk etməlidir. Xoşbəxt o kəslərdir ki, ölümü ilə həyatda iz qoyub gedir. Şəhidlər də belələrindəndir. Çünki şəhidlər ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onların ruhu daim bizimlədir. Biz isə Vətənimizin bütövlüyü üçün onlara borcluyuq.
Ailəsi ilə telefonla son dəfə oktyabrın 5-də danışmışdı. Elə bil ürəyinə nə isə dammışdı. Həyat yoldaşına dönə-dənə övladlarını tapşırmışdı. Zəhra xanım deyir ki, birgə arzuları çox idi, heyif ki, qismət olmadı, yarımçıq qaldı.
Bir təsəllimiz var - Vidadi Əhmədov kimi oğullar bir evdən çıxıb bir elin övladına dönür, ürəklərdə yurd salırlar. Onlar həmişə bizimlədir:
Bir ata övladından el oğluna döndünüz,
Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
Gələcək nəsillərə yetişəcək ününüz,
Siz bu gün də, sabah da - əsrlərlə sağsınız,
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə,
Məzarınız tutulur min çələngə,
min gülə.
Tərsiniz çiçək kimi,
həmişə baharsınız!
Azərbaycan köksündə əbədi
yaşarsınız!
Seyran CAVADOV
Azərbaycan.-2021.- 8 may.- S.13.