Müstəqil Azərbaycanın banisi

 

 

Xalqımızın milli yaddaşında əbədilik hüququ qazanmış dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri hər zaman böyük minnətdarlıq hissi ilə yad olunur.

Müasir Azərbaycanın otuz ildən artıq müddətdə bütün sahələrdə böyük uğurlarla müşayiət olunan bütöv bir epoxası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyəti zəngin təcrübə xəzinəsi, böyük dövlət idarəçiliyi məktəbidir. Yüksək intellektinə, səriştəli liderlik qabiliyyətinə, mükəmməl idarəetmə bacarığına görə Ulu Öndər Heydər Əliyev dünyanın ən güclü tarixi şəxsiyyətləri sırasındadır.

Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının, ölkəmizin inkişafı üçün çalışmışdır. O, bütün mənalı ömrünü öz varlığı qədər sevdiyi Azərbaycan xalqına, onun inkişafına, dünya xalqları arasında layiqli yer tutmasına həsr etmişdir. İki fərqli ictimai quruluşda Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev dövrün şərtlərinin, sistemlərin fərqli olmasına baxmayaraq, xalqımızı böyük bəlalardan xilas etmiş, ölkəmizi inamla irəli aparmışdır.

Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər bütün sahələrdə tərəqqi və milli kimliyimizin dirçəldilməsi dövrü kimi Azərbaycanın dövlətçilik tarixində parlaq bir mərhələni təşkil edir. Əgər 1969-cu ilin iyul plenumuna qədər Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş ittifaqda geridə qalmış respublikalardan biri idisə, artıq 1980-ci illərin əvvəllərində Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik bacarıqları sayəsində Azərbaycan bir çox parametrlərdə ön sıralarda dayanan respublikaya çevrilmişdir. Çox qısa vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ayrı-ayrı proqramlar, planlar hazırlanaraq icrasına başlanılmış, respublikanın iqtisadı potensialı əsaslı şəkildə artırılmışdır. Bu dövrdə respublikada ənənəvi təsərrüfat sahələrinin əvvəlki şöhrəti və səmərəliliyi bərpa edilməklə yanaşı, yeni dövrün reallılqlarına uyğun olaraq müasir istehsal sahələri yaradılmış, sənayenin yenidənqurulması və genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Azərbaycan cəmiyyətinin keyfiyyətcə irəliyə, milli özünüdərkə dönüşü mərhələsinin əsası da həmin illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli mədəniyyətin dirçəldilməsi istiqamətində atılan addımlar, müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icra olunması milli özünəqayıdışı təmin etmişdir. Milli-mənəvi dəyərlərə yüksək ehtiram, Azərbaycan dilinin qorunması və geniş yayılması Ulu Öndərin diqqətində olan məsələlərdən idi. 1978-ci ildə qəbul edilmiş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqda məşhur 73-cü maddənin daxil edilməsi məhz Heydər Əliyevin cəsarəti və əzminin nəticəsi idi.

Həmin illərdə öz həllini tapmış çox mühüm məsələlərdən biri də güclü milli kadr potensialının formalaşdırılması idi. Ulu Öndər fəaliyyətinin bütün dövrlərində yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük əhəmiyyət vermiş, bunu milli məsələ kimi hər zaman önə çəkmişdir.

Bəhs olunan dövrdə ölkənin ali təhsil müəssisələrində tədris və tərbiyə işinin təşkili, ali məktəblərin maddi-texniki bazasının təkmilləşdirilməsi ilə yanaşı, azərbaycanlı gənclər Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı ali elm və təhsil ocaqlarına göndərilmişdir. Bu, Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşdırılmasına xidmət etmiş, həmin dövrdə yaxşı təhsilə yiyələnmiş kadrlar Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə quruculuq və inkişaf proseslərində aktiv iştirak etmişlər. O cümlədən milli hərbi kadrların hazırlanmasına da xüsusi diqqət göstərən Ulu Öndər 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olmuşdur. Həmçinin gənc azərbaycanlı oğlanların ittifaq miqyasında tanınmış ali hərbi məktəblərə cəlb olunması işinə xüsusi diqqət yetirilmişdir. O dövrdə yetişmiş milli hərbçi zabitlərimiz sonradan Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasında da fəal rol oynamışlar.

Bir sözlə, Ulu Öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını yaratmışdır. Həmin dövrdə formalaşdırılmış güclü potensial müstəqillik dövründə Azərbaycanın dirçəlişində mühüm baza rolunu oynamışdır.

Heydər Əliyevin respublikamızın rəhbəri kimi uğurlu fəaliyyəti ittifaq miqyasında da yüksək qiymətləndirilmiş, 1982-ci ildə çox yüksək vəzifələrə irəli çəkilərək ona böyük etimad göstərilmiş, Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmiş və Siyasi Büronun üzvü vəzifəsinə seçilmişdir. Həmin ərəfədə ittifaq daxilində belə bir obyektiv ictimai rəy mövcud idi ki, dünya miqyasında, o cümlədən SSRİ daxilində kifayət qədər ciddi proseslərin cərəyan etdiyi bir vaxtda yalnız Heydər Əliyev kimi böyük, fenomenal şəxsiyyət ittifaqa rəhbərlik edə bilər. Çünki hər kəsə aydın idi ki, Heydər Əliyev həm çox bacarıqlı təşkilatçı, xarizmatik şəxsiyyət, həm də insanları öz liderliyi ətrafında və vahid məqsəd uğrunda səfərbər etmək gücünə malik dövlət xadimi idi. O, SSRİ-nin rəhbərlərindən biri kimi ən strateji layihələrin həyata keçirilməsinə uğurla rəhbərlik etmiş, taleyüklü məsələlərin həllinə nail olmuşdur.

Heydər Əliyev Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də Azərbaycanın inkişafını diqqətdə saxlamış, onun özü tərəfindən yaradılan güclü potensialın qorunması üçün hər cür dəstəyi göstərmişdir. 1987-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa versə də, Azərbaycanda baş verənləri daim diqqətlə izləmişdir. Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar, Heydər Əliyev yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək, 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, sovet rəhbərliyinin bu vəhşi aktı törətməsini pisləmiş, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir. Onun bu addımı böyük liderlik örnəyi, xalqına sonsuz sevgisinin, dönməz, cəsarətli bir iradənin ifadəsi idi. Əlbəttə, Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin tarixi bəyanatı dünya ictimai rəyini də SSRİ hakimiyyəti tərəfindən törədilən bu kütləvi qırğın əməliyyatı üzərinə cəmləşdirmiş, beynəlxalq ictimaiyyət Ulu Öndər tərəfindən məlumatlandırılmışdır.

Sirr deyil ki, XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən hadisələr respublikamızın yerləşdiyi regionda daha ciddi dəyişikliklərə rəvac vermişdir. Bu proseslər SSRİ-nin dağılması ilə nəticələnmiş, keçmiş ittifaq respublikaları müstəqillik əldə etmişlər. Azərbaycan xalqı da özünün 70 il ürəyində yaşatdığı müstəqillik arzularını gerçəkliyə çevirmişdir. Təbii ki, dövlət yaratmaq, dövlət qurmaq çox çətin, məşəqqətlidir. Amma bu dövlətin əbədiliyini, onun sözün həqiqi mənasında müstəqil inkişafını təmin etmək ondan da çətindir, hətta deyərdim ki, ən çətini də elə budur. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”.

Tarix milli birliyin ərsəyə gəlməsində, cəmiyyətin vahid ideya və məqsəd ətrafında birləşməsində böyük liderlərin rolunu dəfələrlə sübuta yetirmişdir. Ən mürəkkəb şəraitlərdə belə liderlər öz xalqını milli maraqlar ətrafında birləşdirməyi, milli gücü milli məqsədlər naminə səfərbər etməyi ustalıqla bacarmışlar. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi dərin problemlər də məhz lider amilinin nə dərəcədə əhəmiyyətli olmasını təsdiq etmişdir. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Ölkə həyatının bütün sferalarını əhatə edən kataklizm və böhran meyilləri müstəqilliyin gələcəyi üçün heç də optimist ssenarilər vəd etmirdi. Həm müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, həm də siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən AXC-”Müsavat” iqtidarının zamanında Azərbaycan dövləti tənəzzüllə üz-üzə qalmışdı. Ölkə iqtisadiyyatı tamamilə çökmüş, siyasi böhran və hakimiyyətə yaxın qanunsuz silahlı dəstələr arasında mübarizə daha da kəskinləşmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyinin taleyi sual altına alınmışdı.

Paytaxtda siyasi çəkişmələrin səngimədiyi, böhranın gündən-günə daha da dərinləşdiyi bir vaxtda Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla idarə olunmuşdur. Bu dövrdə muxtar respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülmüş, siyasi böhran aradan qaldırılmış, iqtisadi islahatlar həyata keçirilmişdir. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirilmiş, keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı elan edilmiş, eyni qərarın Azərbaycan Ali Soveti tərəfindən də qəbul olunması üçün vəsatət qaldırılmışdır.

Təbiidir ki, Azərbaycan xalqı həm muxtar respublikada, həm də Bakıda baş verənləri görür, obyektiv dəyərləndirmələr aparırdı və bunun nəticəsində də yetkin bir ictimai qənaət formalaşmışdı. Ona görə də Azərbaycan tənəzzüllə üz-üzə qalanda xalqımız özünün güvəndiyi, etimad göstərdiyi böyük şəxsiyyət və qüdrətli lider Heydər Əliyevə üz tutmuş, yalnız Ulu Öndərin ölkəmizi düşdüyü ağır böhrandan və müstəqilliyini itirmək təhlükəsindən xilas edə biləcəyinə sonsuz inamını bəyan etmişdir. Öz həyatını xalqına həsr etmiş və bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmiş Heydər Əliyev yenə də vətənin ağır günündə onun imdadına yetişmiş, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək çətin və keşməkeşli bir zamanda xalqının bayraqdarı olmuşdur. O, Ali Sovetin iclasındakı çıxışında qeyd etmişdir: “Ali Sovetin sədri kimi, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Ali Sovetin sədri seçilməsi Azərbaycan dövlətçilik tarixində qurtuluş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə Ümummilli Lider Azərbaycana qayıtdı. Xalq onu rəhbər seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı”.

Heydər Əliyev bütün vəziyyətlərdə böyük ustalıqla ən optimal həll yollarını müəyyənləşdirir, ən düzgün qərarları qəbul edirdi. O, təcrübəli dövlət xadimi kimi hədəfləri də, hədəfə gedən yolu da yüksək peşəkarlıqla və dəqiqliklə müəyyənləşdirirdi. Ulu Öndərin qəbul etdiyi qərarlarda, strateji inkişaf proqramlarında birmənalı olaraq milli maraqlar və vətəndaş mənafeyinin bütün spektrləri dolğun əks olunmuşdur.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra qısa zamanda dövlətçiliyin qorunması üçün həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik təmin olunmuş, ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bir çox digər amillər nəzərə alınmaqla Azərbaycanın inkişaf strategiyası hazırlanmışdır. Onun müəyyənləşdirdiyi və uğurla icra olunan inkişaf strategiyasının nüvəsini ölkəmizin demokratik yolla, çoxşaxəli islahatlar vasitəsilə tərəqqisi və beynəlxalq aləmə inteqrasiya təşkil edirdi.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etdikdən sonra ölkəmizin qarşısında dayanan növbəti vəzifəni belə müəyyənləşdirmişdi. Çünki əvvəlki səriştəsiz hakimiyyətlərin dövründə onun vaxtilə qurub yaratdığı ölkənin iqtisadi sütunları sarsıdılmışdı. Heydər Əliyev özü də çıxışlarının birində mövcud vəziyyətə diqqət çəkərək qeyd etmişdi ki, ölkə iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifahı aşağı düşüb. Lakin o, bu vəziyyətdən çıxış yollarının olduğuna da inanır, görüləcək işlərlə müsbət nəticələr əldə ediləcəyinə əminliyini ifadə edirdi: “Ölkəmizin böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni tarixində çox böyük əhəmiyyət daşıyan hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası” yeni iqtisadiyyat quruculuğunda önəmli bazis rolunu oynamışdır. Neft bir çox dövlətlərə və xalqlara heç də xoşbəxtlik, parlaq günlər bəxş etməmişdir. Əksinə, bir sıra dövlətlərin çöküşündə başlıca rol oynamışdır. Azərbaycan isə Ulu Öndər Heydər Əliyevin düzgün müəyyən etdiyi strategiya sayəsində “qara qızıl”ı ölkənin inkişafına, onun potensialının yüksəldilməsinə müvəffəqiyyətlə yönəltməyi bacarmışdır. Bu strategiyanın uğurla həyata keçirilməsi ölkəmizə xarici sərmayələrin cəlb olunmasına, iqtisadiyyatın müxtəlif seqmentlərinə böyük həcmlərdə sərmayə qoyuluşunun təşviq olunmasına, neft gəlirlərinin insan kapitalının formalaşdırılmasına yönəldilməsinə geniş imkanlar yaratmışdır.

Ulu Öndər yeni şəraitdə ölkənin xarici siyasət istiqamətlərini müəyyənləşdirmiş, həmin dövr üçün ən düzgün qərar verilərək balanslaşdırılmış xarici siyasət həyata keçirilmiş, Azərbaycanın beynəlxalq münasibətlərinin yaradılması və inkişafı, ölkə həqiqətlərinin tanıdılması, 2020-ci ildə həll olunmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli, tarixi həqiqətlərə və beynəlxalq hüquqa söykənən mövqeyinin dünya ictimaiyyətinə təqdim olunması və dəstəklənməsinə nail olunması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, bütün xarici səfərlərdə, ikitərəfli görüşlərdə, beynəlxalq tədbirlərdə Azərbaycanın mövqe və maraqlarını qətiyyətlə müdafiə etmişdir.

Azərbaycanın demokratik inkişafı, ölkəmizdə hüquqi dövlət və cəmiyyət quruculuğunun möhkəm təminatının yaradılması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması Azərbaycanda hakimiyyət bölgüsünün, qanunun aliliyinin, insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, demokratik institutların formalaşdırılması və inkişafına etibarlı zəmin yaratmışdır. Azərbaycanda peşəkar parlamentin də institusional əsasları həmin Konstitusiya ilə yaradılmışdır.

Yeri gəlmişkən, qeyd edim ki, 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsi parlamentarizm tariximizdə böyük əhəmiyyətə malikdir. Deyərdim ki, bu dövr Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini təşkil edir. O vaxta qədər ayrı-ayrı siyasi qrupların çəkişmələrinin, şəxsi mənafə davalarının ünvanı olan və ictimai nüfuzunu itirən Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə ali qanunverici orqan kimi ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmişdir. Parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur. Bu dövrdə ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən, iqtisadiyyatın yenidən dirçəldilməsi və vətəndaşların hüquq və mənafelərinin qorunmasına yönəlmiş, həmçinin beynəlxalq fəaliyyət sahəsində prioritetlərin əks olunduğu qanun və qərarlar qəbul olunmuşdur. Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdə Ulu Öndər ictimai sabitliyin bərpası, siyasi sistemin inkişafı, Azərbaycanın beynəlxalq təcridinin aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, mədəniyyətin, elmin, təhsilin inkişafına, gənc nəslin fəallığının artırılmasına böyük diqqət göstərmişdir. Beləliklə, çox qısa müddətdə Azərbaycan parlamenti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin taleyüklü məsələlərinin həllində vacib rola malik olmuş, ölkəmizin müstəqil inkişafına öz töfhələrini vermişdir. Sonrakı illərdə, yəni 2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilmiş üç referendum nəticəsində dövlət həyatının digər məsələləri ilə yanaşı, parlamentin səlahiyyətləri bir qədər də dəqiqləşdirilmişdir. Beləliklə, dövlət mexanizmində nümayəndəli orqanın rolu və mövqeyi daha dayanıqlı xarakter kəsb etmişdir.

Ulu Öndərin müəyyənləşdirdiyi strateji kurs islahatlar yolu ilə müstəqil Azərbaycanın keyfiyyətcə yeni və daha funksional iqtisadiyyatının qurulmasını hədəfləyirdi. Bu məqsədlə 100-dən çox fərman və sərəncam imzalanmış, yeni qanunlar qəbul edilmiş, Azərbaycan Respublikasının Konstitusiyasında liberal iqtisadiyyata keçidi təmin etməyə hüquqi əsaslar yaradan bir sıra müddəalar öz əksini tapmışdır. Onun təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə MDB məkanında ilk dəfə olaraq geniş torpaq islahatı aparılmış, Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi təmin edilmişdir. Genişmiqyaslı siyasi islahatlar həyata keçirilmiş, bütün siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti üçün bərabər imkanlar yaradılmış, senzura aradan qaldırılmış, mətbuat orqanlarının azad nəşrinə, özəl radio və televiziya kanallarının sərbəst yayımlanmasına geniş meydan verilmişdir.

Beləliklə, Ümummilli Lider Heydər Əliyev dövlətçilik tarixi baxımından çox qısa bir zamanda Azərbaycanı böyük bəlalardan, müstəqilliyini itirməkdən və bir dövlət olaraq yox olmaq təhlükəsindən xilas etmiş, Azərbaycanın müstəqilliyinin reallaşması və möhkəmlənməsinə, iqtisadiyyatının yenidən qurulması və dirçəlməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artması və mövqelərinin möhkəmlənməsinə nail olmuşdur. Heydər Əliyev həm də ona görə böyük liderdir ki, onun ideyaları, qərarları sadəcə dövrün şərtlərini inkişafa doğru dəyişmək, yeni intibah trendləri yaratmaq məqsədinə xidmət etmirdi. Ulu Öndərin fəaliyyəti həm də xalqımızın, dövlətimizin parlaq gələcəyini formalaşdırmaq missiyası daşıyırdı. 2003-cü ildən sonra müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu və əldə etdiyi tarixi nailiyyətlər bu tezisi dəfələrlə haqlı çıxarmışdır.

Dünyanın böyük və güclü xalqlarının inkişaf tarixi sübut edir ki, böyük xalqlar öz tarixlərinə sahib çıxmaqla yanaşı, daim irəliyə, gələcəyə baxırlar. Azərbaycan xalqı da müasir dövlətçiliyimiz tarixində taleyüklü məqamlarda çox doğru qərarlar qəbul edərək öz müstəqilliyinə, dövlətçiliyinə sahib çıxmış və aydın, parlaq gələcəyə doğru qətiyyətli addımlar atmışdır. 1993-cü ildə öz taleyini Ulu Öndər Heydər Əliyevə həvalə etmək, onun ətrafında bir yumruq kimi birləşmək xalqımız tərəfindən verilən nə qədər doğru qərar idisə, 2003-cü ildə Heydər Əliyev siyasətinə sadiq qalaraq cənab İlham Əliyevə etimad göstərmək də o qədər ciddi prinsipial əsasları olan müdrik bir addım idi. Təbii ki, Azərbaycan xalqının bu seçimi həm də cənab İlham Əliyevin şəxsiyyətinə, bacarığına və xarizmatik liderlik keyfiyyətinə olan inamdan irəli gəlirdi. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişinə qədər mükəmməl idarəetmə məktəbi keçmiş, modern düşüncəli və yüksək enerjili siyasi xadim kimi özünü təsdiq etmişdir. Azərbaycan xalqı çox böyük bir mütəşəkkillik və həmrəyliklə səfərbər olmuş və ölkəmizin 2003-cü ildən sonrakı taleyini ona həvalə etmişdir. Bu, Azərbaycanın tərəqqisi və inkişafında yeni mərhələnin başlaması demək idi.

Heydər Əliyev siyasətinin davamçısı, Ulu Öndərin ən sadiq silahdaşı cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində xalqın dəstəyini qazanaraq bu ali kürsüyə seçilərkən Azərbaycanın gələcək inkişafı ilə bağlı hədəflərini çox aydın şəkildə ifadə etmişdir. Cənab Prezident Azərbaycanın inkişafı üçün yeganə düzgün yolun Heydər Əliyev siyasətinə sadiqlik olduğunu bəyan etmişdir. “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”, - deyən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, ölkənin davamlı inkişafını uğurla təmin edir.

Əlbəttə, hər bir ölkənin inkişafının təməlində dayanan birinci şərt sabitlik amilidir. Azərbaycanda 1993-cü ildə Ulu Öndərin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən təmin olunmuş və sonrakı mərhələlərdə daha da möhkəmlənmiş sabitlik, vətəndaş həmrəyliyi, xalq və iqtidar birliyi 2003-cü ildən sonrakı dövrdə də Azərbaycanın dinamik inkişafının əsasını təşkil etmişdir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuş, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Həyata keçirilən iqtisadi islahatlar ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, bazar iqtisadiyyatına keçid mərhələsi uğurla tamamlanmış, qeyri-neft sektorunun inkişafına nail olunmuş, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılmış, ardıcıl regional inkişaf proqramları uğurla icra olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, modern sənaye quruculuğuna start verilmişdir. Bu dövrdə həyata keçirilən iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanmışdır. Həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir. Ötən illərdə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunmasını şərtləndirmişdir.

Möhtərəm Prezident İlham Əliyevin ardıcıl və davamlı islahatlar kursu, qazanılan iqtisadi nailiyyətlər səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan vermiş, ölkə vətəndaşlarının rifahı daha da yaxşılaşdırılmış, ölkəmizdə geniş və modern infrastruktur quruculuğu həyata keçirilmiş, yeni iş yerləri açılmış, işsizlik və yoxsulluq səviyyəsi aşağı endirilmiş, əməkhaqları və pensiyalar, həssas qruplara  dövlət dəstəyi davamlı olaraq artırılmışdır. Bütün bunlar isə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının, onun maraqlarının dayandığının daha bir təsdiqidir.

Ölkəmizdə həyata keçirilən qabaqcıl institusional islahatlar sırasında Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir və o, çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin, tarixi irsinin dünyada tanıdılması istiqamətində vacib layihələr icra edir, təhsil, səhiyyə sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərlə ölkəmizdə sosial siyasət tədbirlərinə mühüm töhfələr verir.

Azərbaycan öz milli, tarixi dəyərlərini qoruyur, bu dəyərləri təbliğ edir, dünyada dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı mühüm beynəlxalq təşəbbüslər irəli sürür, sülh və əməkdaşlıq məkanı kimi böyük nüfuz qazanır. Ötən müddət ərzində Azərbaycanın beynəlxalq münasibətlər sistemində də yeri və rolu möhkəmlənmiş, bir çox ölkələrlə bərabərhüquqlu, konstruktiv münasibətlər qurmağa nail olunmuşdur. Azərbaycanın öz tərəfdaşları ilə qarşılıqlı maraqlar üzərində formalaşdırdığı münasibətlər, düzgün xarici siyasət ölkəmizə beynəlxalq arenada öz gücünü artırmağa, bir çox təşəbbüsləri reallığa çevirməyə, qlobal layihələri həyata keçirməyə imkan vermişdir. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi, BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, digər mühüm beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq əlaqələrinə malik olması ölkəmizin beynəlxalq nüfuzunu göstərən mühüm amillərdir. Bu nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq artıq həll olunmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini, ədaləti əks etdirən qərar və qətnamələr qəbul edilməsinə imkan vermişdir.

Prezident İlham Əliyevin müəllifliyi ilə nəhəng transmilli energetika layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Cənub qaz dəhlizi” kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdirmişdir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan transnəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.

Ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatı gücləndirilmiş, ordumuzun arsenalına ən müasir silahlar və texnikalar cəlb edilmiş, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti artırılmışdır. Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasına daxil olmuşdur. Çox böyük fəxrlə vurğulayırıq ki, qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə öz gücünü bütün dünyaya nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqlarını azad edərək öz adını tarixə qızıl hərflərlə yazdırmışdır və şübhə yoxdur ki, ötən il Vətən müharibəsində əldə etdiyimiz böyük qələbə xalqımızın və dövlətimizin tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində düşmən üzərində qazandığımız zəfərlər qürur mənbəyi, tariximizin şanlı səhifəsidir. Bununla da Azərbaycan dövlətinin, onun ordusunun, diplomatiyasının qarşısında duran bir nömrəli vəzifə Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə uğurla yerinə yetirilmiş və tarixi ədalət bərpa olunmuşdur.

Prezident İlham Əliyev ötən il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına müraciətində müzəffər Ali Baş Komandan kimi böyük fəxarət hissi ilə bu möhtəşəm xəbəri xalqımıza elan edərkən həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini həyata keçirməyin haqlı qürurunu yaşadığını qeyd etmişdir: “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Bəli, işğal altında olan torpaqlarımızın mütləq azad ediləcəyini əminliklə bəyan edən və bu istiqamətdə yorulmadan, böyük əzmlə çalışan Ulu Öndərin ruhu bu gün şaddır. Çünki Şuşa azaddır, Qarabağ azaddır və biz öz tarixi torpaqlarımıza qayıtmışıq. Bu, Heydər Əliyev ideyalarının zəfəri, İlham Əliyev şəxsiyyətinin qüdrətidir. Bu gün Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır və ölkəmizin inkişafına xidmət edir.

 İndi isə Azərbaycan üçün yeni bir mərhələ başlamışdır. Bu, quruculuq, azad olunmuş şəhər və rayonlarımızın bərpası dövrüdür. Azərbaycanın gələcəklə bağlı hədəfləri kifayət qədər aydındır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində bu hədəfləri ifadə edərək demişdir: “Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”.

Bəli, bu gün müasir Azərbaycan dövləti möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev ideyalarına, onun əsasını qoyduğu siyasi kursa sadiq qalaraq, inamla və uğurlu inkişaf edir. Ulu Öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan etibarlı əllərdədir, onun başladığı bütün işlər eyni əzmlə davam etdirilir və ölkəmiz ən uca zirvələri fəth edir.

 

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin sədri

Azərbaycan.-2021.- 9 may.- S.1-2.