Dəmir yumruğun
təntənəsi
Şərəfli və mənalı ömür yolunu Azərbaycanın inkişafına, onun dünya birliyində özünə layiqli yer tutmasına həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü xalqımız dərin ehtiramla yad edir.
Heydər Əliyevin ümummilli maraqları ifadə edən, qətiyyətli iradəyə və əzmkarlığa söykənən möhtəşəm fəaliyyəti bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. Cəmiyyətin bütün sahələrində hərtərəfli inkişafa nail olmaq, xüsusilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək Heydər Əliyevin siyasətində əsas strateji vəzifələr olmuşdur.
Hələ SSRİ dövründə ermənilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi ilə bağlı cəhd göstərsə də, onun qarşısını Heydər Əliyev qətiyyətlə almışdır. Sov.İKP Mərkəzi Komitəsinin rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində Heydər Əliyevin 1987-ci ildə vəzifəsindən kənarlaşdırılması ermənilərin və onların havadarlarının Azərbaycana qarşı separatçı əməllərə əl atmaları üçün fürsət yaratdı. Həmin dövrdə Ermənistan Azərbaycanda xaos və hərc-mərcliyin baş alıb getməsindən, cəmiyyətin idarəolunmaz vəziyyətə düşməsindən istifadə edərək hərbi təcavüzkarlıq planlarını genişləndirdi. Xüsusilə Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün AXC-Müsavat iqtidarının vahid komandanlığa tabe olan milli ordu yaratmaq əvəzinə qanunsuz silahlı dəstələrin fəaliyyətinə rəvac verməsi xalqımızın kəskin narazılığına səbəb oldu. 1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda keçmiş hakimiyyət həm xalqımızın israrlı tələbini, həm də özünün acınacaqlı aqibətini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı.
Sosial-iqtisadi inkişafın ordu quruculuğunda rolu və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycan xalqının və dövlətinin həyatında mühüm tarixi hadisə oldu, cəmiyyətin bütün sahələrini əhatə edən milli inkişaf strategiyasının əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki çıxışında bildirib: “İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai-siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib, Azərbaycan xalqının istədiyinə nail olacağam”.
Həmin dövrdə ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhran o həddə çatmışdı ki, Azərbaycanın döyüş əməliyyatları vasitəsilə Ermənistanın hərbi təcavüzünün qarşısını almaq imkanları yox idi. Vahid komandanlıq altında nizami ordunun formalaşdırılması, siyasiləşmiş hərbi dəstələrin ləğv edilməsi, peşəkar hərbi mütəxəssislərin hazırlanması kimi vacib məqsədlərə nail olmaq üçün müəyyən vaxt lazım idi. Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsini və Azərbaycanın hərbi sahədə vəziyyətini xarakterizə edərək deyirdi: “Danışıqlar və sülh yolu ilə, BMT, ATƏM, BMT-nin Təhlükəsizlik Şurası, digər böyük dövlət və beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edərək, bu vəzifələri yerinə yetirməliyik. Ancaq Azərbaycan Respublikası özünü müdafiə etməyə qadir olan orduya malik olmalıdır”. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün fəal siyasi-diplomatik addımlar atdı, onun təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. 1993-ci ilin dekabr ayından 1994-cü il yanvar ayının əvvəllərinə kimi davam edən Horadiz döyüşlərində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bir sıra yaşayış məntəqələri azad edildi.
Heydər Əliyev beynəlxalq münasibətlərdə hökm sürən ikili standartlar siyasətinə və Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə dünyanın nüfuzlu təşkilatlarının seyrçi mövqedən çıxış etməsinə həmişə kəskin etirazını bildirib. BMT Baş Məclisinin 49-cu sessiyasında (29 sentyabr 1994-cü il) çıxış edən Heydər Əliyev bu təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini bildirərək deyib: “...Təhlükəsizlik Şurası da qəbul edilmiş qətnamələrin mexanizmini işə salmamışdır. Belə bir sual meydana çıxır: Təhlükəsizlik Şurası nə dərəcədə ardıcıl və qətiyyətlidir, hər bir konkret halda onun səlahiyyətlərinin tətbiq dərəcəsi nə ilə müəyyən edilir? Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməməsi BMT-yə qarşı işləyir və onun beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq kimi əsas vəzifəsini yerinə yetirmək bacarığına inamı poza bilər”. Heydər Əliyevin mövqeyinə görə, Dağlıq Qarabağ münaqişəsi yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi yolu ilə həll oluna bilərdi ki, bunun nəticəsində uzunmüddətli sülhün yaranması və regionun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi mümkün olardı.
Ulu Öndər Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək qabiliyyətinə malik olan Silahlı Qüvvələrin yaradılması yönündə fəal siyasət həyata keçirdi. Qoşun hissələri keçmiş hakimiyyətlərdən miras qalmış təxribatçı-siyasi ünsürlərdən təmizləndi və möhkəm nizam-intizama, yüksək döyüş əhvali-ruhiyyəsinə malik olan Milli Ordu formalaşdırıldı. Ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, hərbi iş sahəsində elmi tədqiqatların aparılması üçün Heydər Əliyevin 1999-cu il 20 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı.
Heydər Əliyevin apardığı xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi əsas istiqamətlərdən birini təşkil etdi. Azərbaycanın xarici siyasəti beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq kimi prinsiplər əsasında formalaşdırıldı. Xarici siyasət həyata keçirilərkən Azərbaycanın geosiyasi vəziyyəti, onun dünya ölkələri ilə ayrı-ayrılıqda və çoxtərəfli formatda münasibətlərinin xüsusiyyətləri nəzərə alındı. Regional və beynəlxalq təşkilatlarla əlaqələr möhkəmləndi. Dağlıq Qarabağ münaqişəsinin yaranması tarixi və onun nəticələri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması sahəsində mühüm tədbirlər görüldü. Heydər Əliyev xarici ölkələrin dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər qurumların tribunalarından səsləndirib, beynəlxalq birliyi problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb. Ulu Öndər Ermənistanın hərbi təcavüzünü pisləyərək deyib: “Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir, Ermənistan qeyri-konstruktiv mövqe tutubdur, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət etmək istəyir və bildirdim ki, biz bunların heç birisi ilə razı ola bilməyəcəyik. Biz heç vaxt yol verə bilmərik ki, Dağlıq Qarabağ dövlət müstəqilliyi əldə etsin. Biz heç vaxt yol verə bilmərik ki, Azərbaycanın ərazisində ikinci erməni dövləti yaransın”.
1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu təşkilatın fəaliyyətinin gücləndirilməsi haqqında qərar qəbul olundu. ATƏT-in (1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlandırılıb) 1996-cı dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilmiş sammitində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu müəyyən edildi. Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa dövləti münaqişənin həllini nəzərdə tutan və Azərbaycan xalqının milli maraqlarına uyğun gələn prinsipləri dəstəklədi.
BMT və ATƏT-lə yanaşı, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi qurumlar da dövlətlərin sərhədlərinin toxunulmazlığı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdar olduqlarını bildiriblər. İƏT Ermənistanın Azərbaycana hərbi təcavüz faktını tanıyan ilk beynəlxalq qurumdur. 1993-cü il aprelin 25-29-da İƏT-in xarici işlər nazirlərinin Pakistanın Kəraçi şəhərində keçirilən 21-ci konfransında qəbul edilmiş qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən təcili çıxması tələb olundu.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün geoiqtisadi faktorların oynaya biləcəyi rola böyük əhəmiyyət verirdi. Ulu Öndərin mövqeyinə görə, ölkəmizin zəngin təbii ehtiyatlarından və dövlətlərarası enerji-nəqliyyat layihələrinin imkanlarından səmərəli şəkildə istifadə etməklə həm Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirmək, həm də onun Silahlı Qüvvələrinin maddi-texniki bazasını möhkəmləndirmək vacib idi. Bu baxımdan 1994-cü il sentyabrın 20-də Azərbaycanla dünyanın nüfuzlu neft şirkətləri arasında “Əsrin müqaviləsi”nin imzalanması xalqımızın həyatında böyük tarixi hadisə oldu. Müqavilə çərçivəsində regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinin həyata keçirilməsinə başlanması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı. 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərləri istifadəyə verildi, 1999-cu ildə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalandı.
Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri ilə bağlı layihələrə qoşuldu. Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən və tarixi İpək yolunun bərpasını nəzərdə tutan TRASEKA layihəsinin reallaşmasında Azərbaycan yaxından iştirak etdi. Avropa Birliyi Komissiyası və TRASEKA proqramının iştirakçısı olan ölkələrin birgə qərarı ilə 1998-ci il sentyabrın 8-9-da Bakıda tarixi İpək yolunun bərpasına həsr edilmiş beynəlxalq konfrans keçirildi. 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas Saziş” imzalandı. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən dövlət proqramları həyata keçirildi, Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa başladı. Əlverişli biznes mühitinin yaradılması ölkəmizə xarici investisiya qoyuluşunu sürətləndirdi.
Heydər Əliyevin istər Azərbaycanın dinamik inkişafı, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar etnik mənsubiyyəti, dini baxışları və adət-ənənələrindən asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəkləndi. Dini konfessiyalar və etnik qruplar vətəndaş həmrəyliyinin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin təmin olunmasında yaxından iştirak edərək, müstəqil Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşdilər. Onlar müxtəlif tarixi dövrlərdə daxili və xarici siyasi dairələrin Azərbaycana qarşı yönəlmiş təxribatçı əməllərinə kəskin etirazlarını bildirdilər.
Azərbaycanın yeni inkişaf mərhələsi və II Qarabağ müharibəsində qələbəni təmin edən iqtisadi-siyasi, diplomatik faktorlar
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu ki, bu da Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün ciddi siyasi-iqtisadi və mənəvi-psixoloji zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.
Prezident İlham Əliyevin siyasəti özündə milli maraqları əks etdirir və müasir dövrün çağırışlarına cavab verir. Davamlı iqtisadi inkişafa malik olması, sosial, humanitar və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi Azərbaycanın dünya birliyində nüfuzunu artırır. Milliyyətindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunması, müxtəlif millətlərin mədəniyyətlərinin və adət-ənənələrinin inkişafına şərait yaradılması vətəndaş həmrəyliyini möhkəmləndirən faktor kimi çıxış edir. Azərbaycan dünyada fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan, milli birlik şəraitində yaşayan dövlət kimi tanınır.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanı dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa Birliyi, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. 2011-ci il oktyabrın 24-də 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xalqımızın tarixində mühüm hadisədir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ardıcıl olaraq həm Ermənistan prezidentləri və baş naziri ilə danışıqlarda, həm də BMT Baş Məclisinin sessiyalarında, ATƏT, Avropa Şurası, İƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların tədbirlərində çıxışı zamanı münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq yerinə yetirilmədiyini bildirib. BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə keçirilən sessiyalarında qəbul olunmuş sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması faktı pislənilib, BMT Təhlükəsizik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların müxtəlif tədbirlər çərçivəsində qəbul etdiyi sənədlərdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkünlüyü bildirilib.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı xarici siyasətlə paralel olaraq Milli Ordumuzun maddi-texniki bazasını gücləndirib. Azərbaycan Prezidentinin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordu quruculuğu sahəsində atılan mühüm addımlardan biridir. Son illər xeyli sayda hərbi sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bunun nəticəsidir ki, Azərbaycan müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrə malikdir.
Prezident İlham Əliyev Azərbaycanın enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirir və şaxələndirilmiş nəqliyyat infrastrukturu vasitəsilə beynəlxalq birliyin diqqətini ölkəmizə cəlb edir. Bütün bunlar Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından vacib əhəmiyyət daşıyır. Respublikamız böyük enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri kimi regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində xüsusi yer tutur.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün ötən illər ərzində fəal və çevik xarici siyasət həyata keçirilib. Dağlıq Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılıb, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası ildən-ilə fiaskoya uğrayıb. Prezident
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İƏT, MDB kimi beynəlxalq və regional təşkilatların nəzərinə çatdırıb, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb.
Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinin, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhvali-ruhiyyəsinə malik olmasının nəticələri özünü II Qarabağ müharibəsində parlaq şəkildə göstərdi. Hələ müharibə başlamamışdan əvvəl dünyanın nüfuzlu “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının məlumatında bildirilirdi ki, 2020-ci il üzrə “Ən güclü ordu” reytinqinə görə Azərbaycan Ordusu dünyanın 138 dövlətinin orduları sırasında 64-cü yerdədir. Siyahıda Gürcüstan 89-cu, Ermənistan isə 111-ci sıradadır. Azərbaycan Ordusu yalnız Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqelərdən birini tutur.
II Qarabağ müharibəsində Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, milli birliyin təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin yaradılması istiqamətində Azərbaycan Prezidentinin atdığı addımlar ictimai fikirdə onun haqqında uzaqgörən və müdrik lider obrazını daha da möhkəmləndirir. II Qarabağ müharibəsindən əvvəl də ermənilərin hərbi təxribatlarının qarşısının alınması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ətrafında xalqımız həmrəylik nümayiş etdirdi. Buna nümunə kimi, 2016-cı ilin Aprel, 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərini göstərmək olar. Azərbaycanın düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalanda Milli Ordumuz əks-hücum əməliyyatı ilə düşmənin təxribatlarının qarşısını aldı. Həmin döyüşlərdə mühüm nailiyyətlər əldə olundu, bir neçə yüksəklik və müəyyən ərazilər Ermənistanın işğalından azad olundu, əldə edilmiş qələbə Azərbaycanda vətəndaş birliyini daha da möhkəmləndirdi. Əvvəllər ermənilər dünyaya ordularının yenilməz, güclü olması haqqında yalan, şişirdilmiş məlumat yayırdılar. Lakin II Qarabağ müharibəsindəki döyüşlər ermənilərin bu cür iddialarının reallıqdan uzaq, cəfəngiyyat olduğunu sübut etdi və qısa müddət ərzində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məhv etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibə dövründə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrində Prezident İlham Əliyevin Azərbaycana dair həqiqətləri beynəlxalq aləmin diqqətinə yüksək diplomatik peşəkarlıqla çatdırması dövlətimizin informasiya müharibəsində də qələbəsini təmin etdi.
Ermənistanın atəşkəs rejimini pozması nəticəsində baş verən müharibədə Azərbaycan Ordusu düşmənin hərbi qüvvələrini darmadağın etdi. Bu qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyev bildirib: “Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik, düşməni məğlub etdik, məhv etdik”.
Prezident İlham Əliyevə olan yüksək inamın nəticəsi idi ki, xalqımızın vətənpərvər övladları onun çağırışına qoşularaq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda səfərbər olub silaha sarıldılar. Rəşadətli Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatında böyük şücaət göstərib xalqımızın tarixinə parlaq səhifələr yazdı. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev əsgərlərimizin qəhrəmanlığı ilə fəxr etdiyini, qürur duyduğunu vurğulayıb. Qeyd edək ki, Azərbaycan Ordusunun müharibədə əldə etdiyi qələbə Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin, milli maraqlara söykənən uzaqgörən siyasətinin və xalq-ordu birliyinin məntiqi nəticəsidir. II Qarabağ müharibəsində Azərbaycan qələbə qazanmaqla bölgədə yeni geosiyasi reallıq yaratdı və 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi.
Dekabrın 10-da Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. Bu möhtəşəm tədbirdə 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər, Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Göründüyü kimi, Heydər Əliyevin hakimiyyəti dövründə cəmiyyətin bütün sahələrində əldə olunmuş nailiyyətlər, xüsusilə ordu quruculuğu sahəsində atılan addımlar, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan fəal diplomatik mübarizə Azərbaycanı müstəqil dövlət kimi möhkəmləndirdi və ona dünya birliyində böyük nüfuz qazandırdı.
Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, Azərbaycan Ordusunun gücü və vətəndaş həmrəyliyi nəticəsində II Qarabağ müharibəsində əldə olunan tarixi qələbə “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi. Vətən müharibəsindəki şanlı qələbə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması ilə bağlı Ümummilli Lider Heydər Əliyevin arzularının reallaşması demək oldu.
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri
Azərbaycan.-2021.- 9 may.- S.1;4.