Liderlik rəmzi

 

Müasir dövrdə Azərbaycan öz müstəqil və ədalətli mövqeyi, regional və daxili iqtisadi gücü, sosial bazar iqtisadiyyatı konsepsiyası, effektiv idarəetməsi, insan resursları və güclü ordusu ilə tanınan bir ölkədir. Etiraf etmək lazımdır ki, indiki çətin bir dövrdə yüksək mənəvi və hüquqi dəyərləri qoruyaraq fəaliyyət göstərmək üçün ardıcıl olaraq fədakarlıq göstərmək lazımdır.

Məhz doğru və müasir strategiya, ardıcıl atılan addımlar, möhkəm siyasi iradə, xalqın dəstəyi və ədalətli idarəetmə sayəsində bütün çətinlikləri dəf etməyin, milli maraqları qorumağın və inkişaf etməyin mümkünlüyünü Azərbaycan dövləti bütün dünyaya nümayiş etdirdi. Uzun illər ərzində işğal altında olan ərazilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi Azərbaycan dövlətinin milli hədəflərə yönəlmiş gücünün qarşısında heç bir qüvvənin tab gətirə bilməməsini bütün dünyaya nümayiş etdirdi. Tarixində ən güclü olan müasir Azərbaycan Respublikası vətənini sevən hər bir soydaşımızın qəlbində qürür və güc simvoludur.  

Azərbaycan dövlətinin banisi və dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin strategiyası xalqımızın ardıcıl olaraq hər sahədə qələbələr əldə etməsinə hesablanmışdır. Əldə etdiyimiz bütün uğurların və qələbələrin səbəbi Heydər Əliyev yoluna və siyasətinə sadiq qalmağımız, onun dövlətçilik prinsiplərini həyatımızın amalı olaraq qəbul etməyimiz və bu yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşdirməyimizdir.

Milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən əsas qüvvə hər zaman lider faktoru ilə bağlı olub. XX əsrin ortalarından etibarən Ulu Öndər Heydər Əliyevin şəxsində tarixin Azərbaycan xalqına bəxş etdiyi lider azərbaycanlıların yenidən özünə inamına və müstəqillik kimi əsas milli ideyasının möhkəm əsaslarla həyata keçirilməsinə şərait yaratdı. Ulu Öndər XX əsrin ortalarından başlayaraq tamamilə yeni və gələcəyə hazırlaşan bir Azərbaycan yaratdı. Öz siyasəti, inkişafı, müasirliyi, dayanıqlılığı, etibarlılığı ilə bütün dünyaya səs salan bir Azərbaycan...

Təbii ki,  bütün ümdə hədəflərə çatmaq üçün dövlətin möhkəm iqtisadi dayaqları olmalıdır. Ulu Öndərin sözü ilə desək: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” 

Ötən əsrin 60-cı illərində Azərbaycan SSR-in iqtisadiyyatı yoxsul, primitiv və bərbad vəziyyətə düşmüşdü. İqtisadiyyatın 85 faizi yanacaq sənayesinin hesabına formalaşır, respublika SSRİ-də ən geridə qalmış bölgə kimi tanınırdı. Əhali də yoxsul yaşamaqdan bezmişdi. Belə bir şəraitdə SSRİ rəhbərliyində Azərbaycan Respublikasının özünü doğrultmadığı, onun ərazisinin Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyası müzakirə olunurdu. Belə bir çətin dövrdə, 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildi.

Heydər Əliyev SSRİ-nin tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından əhəmiyyətli işlər gördü. Onun respublikamıza rəhbərlik etdiyi illərdə müstəqil iqtisadiyyatın təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan verdi. İqtisadi və sosial sferalarda geri qalan Azərbaycan bu dövrdən etibarən inkişaf səviyyəsinə görə SSRİ tərkibində olan respublikalardan xeyli fərqlənməyə başladı. Bu ondan irəli gəlirdi ki, Azərbaycanın dinamik inkişafı Heydər Əliyevin daim diqqət mərkəzində idi. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadi inkişafının əsl çiçəklənən dövrünü yaşadı. Bütün sahələrlə yanaşı, iqtisadiyyatda da yüksək inkişaf Azərbaycanı digər ölkələrdən fərqləndirdi. Heydər Əliyevin qarşısında hələ bu vaxtacan respubika rəhbərlərindən heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu qüdrətli dövlətin xammal istehsalçılarından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycanın kəndini dirçəltmək, əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək. Heydər Əliyevin bu fəaliyyəti sahəsində Azərbaycanda sənayenin strukturu dəyişdi, bütün sahələr ilə yanaşı, sənayenin də profili və işləmə sistemində yeni metodlar tətbiq olundu.

Heydər Əliyevin 1969-1982-ci illər fəaliyyətinin elə ilk dövrlərində Azərbaycanda sürətli iqtisadi inkişaf dönməz xarakter almağa başladı. O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil, kənd təsərrüfatında da özünəməxsus inkişaf hökm sürürdü. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq, üzüm və texniki bitkilərin becərilməsində və istehsalında ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycan tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Və bu göstəricilər insanların maddi rifah halının yaxşılaşmasına xeyli müsbət təsir etdi. Heydər Əliyev kimi xalqını və vətənini düşünən bir insana yaxşı məlum idi ki, iqtisadi potensialın güclü olması həm ölkənin xeyrinədir, həm də əhalinin yaşam səviyyəsinin yüksəlməsinə xidmət edir. Bir sözlə, Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərliyi dövrü iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil oldu. 1969-1982-ci illər arasında respublikanın rəhbəri olduğu dövrlərdə o, sosialist modeli içərisində bir çox önəmli uğurlara imza atmış, Azərbaycanın SSRİ-nin ən inkişaf etmiş respublikaları içərisində yer tutmasına nail olmuşdu. 

15 il sonra Azərbaycan artıq SSRİ respublikaları arasında ən sürətlə inkişaf edən, iqtisadi gücü yetərincə olan, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. Kənd təsərrüfatı, elmi-texniki sənaye, kadr potensialı, neft sahəsində ciddi nailiyyətlər əldə edildi. Xəzər dənizində aparılmış kəşfiyyat işləri Azəbaycanın nəhəng neft yataqlarına sahib olduğunu üzə çıxardı, inşa edilən Dərin Özüllər Zavodu respublikaya bu yataqlardan müstəqil şəkildə faydalanmaq imkanı yaratdı...

1980-ci illərin ortalarında Rusiyadan sonra yalnız Azərbaycan özü-özünü iqtisadi cəhətdən təmin edə bilən respublika idi. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 13,3 min rubl, 1985-ci ildə 17,8 min rubl təşkil edirdisə, Azərbaycanda bu göstəricilər xeyli yüksək idi, müvafiq surətdə 1980-ci ildə 19,5 min rubl, sonrakı illərdə 24,5 min rubla bərabər idi. 1980-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul respublikaya gətiriləndən hər il orta hesabla 2 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olmuşdu. Bütün bunlar Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan xalqı qarşısında müstəsna və tarixi xidməti idi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin.

Amma bu iqtisadi potensial artıq hər bir azərbaycanlının şüurunda müstəqil ola bilmək inamı yaratmaqda idi. Azərbaycanın müstəqil ola bilməsinə və inkişafına artıq hər kəs inanırdı. Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq əksər azərbaycanlılarda oxşar fikir formalaşmağa başlamaqdaydı: “Bizim iqtisadiyyatımız böyükdür, zəngin neft ehtiyatlarımız var, özümüz özümüzü təmin edə bilirik. Niyə müstəqil olmayaq?”

Elmi araşdırmalara görə, xalqların müstəqillik arzuları onların iqtisadi güc və potensialları ilə birbaşa bağlıdır. Bu baxımdan əminliklə demək olar ki, ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanda yaranan milli-azadlıq hisslərinin formalaşmasında, “AZADLIQ!” kəlməsinin hayqırtı ilə deyilməsində Heydər Əliyevin və onun yaratdığı iqtisadi potensialın müstəsna və həlledici rolu olub!

Azərbaycan xalqı məhz bu inamla 80-ci illərin sonunda Azadlıq meydanına çıxdı və müstəqilliyini tələb etdi. Onlar məhz bu inamla 20 Yanvarda tanklar qarşısında dayandılar və müstəqilliyini əldə etdilər.

1980-ci illərin sonundan başlayaraq Dağlıq Qarabağda baş verən hadisələr və ölkəmizə qarşı qəsbkar siyasət geniş vüsət almağa başladı. Həmin dövrdə “sahibsiz” qalmış Azərbaycan bu təzyiqlərin qarşısında tab gətirməkdə çətinlik çəkirdi. Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da, bununla yanaşı ortalığa bir çox problemlər də çıxdı. Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil iqtsadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-dünyəvi dövlət qurulması; bazar iqtisadiyyatı sisteminə keçid; ölkənin ərazi bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi çox ciddi və taleyüklü vəzifələr qoyuldu. 70 ildən artıq sovet rejiminin tətbiq etdiyi planlaşdırma modelli bir təsərrüfatla işləyən Azərbaycan artıq müstəqil və inkişaf etmiş dövlət olaraq bazar iqtisadiyyatına keçməli və azad, sərbəst iqtisadiyyat yaratmalı idi. Lakin bu, o qədər də asan deyildi. Azərbaycanın siyasi arenada rastlaşdığı problemlər, başlanan müharibə və ölkə daxilini bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafının sürətlənməsinə ciddi mane olan əsas səbəblər idi. Ölkə daxilində iqtisadi inkişafdan və əhalinin yaşam səviyyəsinin yüksəldilməsindən çox hakimiyyət uğrunda mübarizə gedirdi.  Azərbaycanın təbii sərvətlərinin kortəbii mənimsənilməsi və ölkənin daxilində hakimiyyət uğrunda gedən çəkişmə, erməni separatçı qüvvələri ilə gedən amansız müharibə ölkənin iqtisadiyyatını xeyli zəiflətdi.

1980-ci illərin sonu və 90-cı illərin əvvəli Azərbaycan iqtisadiyyatı yenidən dağılmağa, çökməyə başlamışdı. Azərbaycanın səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində iqtisadiyyatın hər il orta hesabla 20 faiz azalması, 1700 faizlik inflyasiya, milli valyutanın 226 dəfəlik devalvasiyası, kənd təsərrüfatı istehsalının iflası və digər amillər müharibə edən ölkəni dağılmaq həddinə gətirib çıxarmış, insanların maddi-rifah halı xeyli pisləşmişdi.  Ölkə parçalanmaq, dövlət hakimiyyəti və onun atributları yox olmaq təhlükəsi ilə üzləşmişdi. Bu şərait isə azərbaycanlılarda müstəqil ola bilmək imkanına olan inamı azaltmağa başlamışdı.

Belə bir şəraitdə Azərbaycana dönən Ulu Öndər ilk öncə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail oldu. Heydər Əliyev iqtisadi inkişafda geriliyi tez bir zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı. Çünki o, ölkənin iqtisadi potensialını yaxşı bilir və böyük uğurlara imza atmağın mümkünlüyünə inanırdı.

Onun atdığı qətiyyətli addımlar öz nəticəsini verdi. Azərbaycan tez bir zamanda iqtisadi böhrandan xilas oldu. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün vergi sahəsində və sahibkarlığın inkişaf etdirilməsi yolunda bir sıra islahatlar apardı. Ölkədə iş yerlərinin çoxu bağlanmış, işsizlərin sayı çoxalmışdı. Ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya nəticəsində dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, əhalinin alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin aşağı səviyyədə olması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu.

Belə bir şəraitdə iqtisadi inkişafı təmin edə biləcək strateji mənbəyə ehtiyac var idi. Və bu strateji mənbə neft resursları idi. Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri neft sahəsində  oldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə büdcənin gəlirlərini təmin etmək və möhkəmləndirmək əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Bu bağlanmış müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi. Müqavilədə iştirak edən dövlətlər Azərbaycan ilə bütün sahələrdə əlaqələr qurmağa can atırdılar. Müqavilə yalnız Heydər Əlliyevin şəxsi nüfüzu və təminatı əsasında gerçəkləşməyə başladı.

Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Azərbaycanda iqtisadi inkişaf 2 mərhələdən ibarət idi. Birinci mərhələdə bu inkişafın tənzimlənməsi üçün müəyyən çətinliklər var idisə, artıq ikinci mərhələdə Azərbaycan bu inkişafı təmin etmək üçün kifayət qədər gücə malik idi. 1995-2003-cü illəri əhatə edən bu dövr öz mühüm müqavilələri və islahatları ilə bu müstəqilliyi bir daha möhkəmləndirdi. Heydər Əliyev  apardığı uğurlu siyasət və gördüyü işlər ilə yeni inkişaf modeli - Yeni Azərbaycan modelı yaratdı. Bu inkişaf özünü hər sahədə göstərdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sistemini, vergini, nəqliyyatı və başqa sahəıəri daxil etmək olar. Bu sahələrin inkişafı artdıqca ölkənin xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi. Bu, Azərbaycanın get-gedə güclənməsinə gətirib çıxardı. Heydər Əliyev həmişə deyirdi: “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”. Buna görə də Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Heydər Əliyevin yaratdığı yeni model Azərbaycanın inkişafının sürətlənməsi dövrü kimi 1995-ci illərdən başlayaraq daha da artmışdır. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalanmışdır. 1995-ci ildən başlayaraq ölkədə ümumi daxili məhsulda ciddi artım qeydı alınmış və həmin ildə bu artım 48 faiz olmuşdu.

Bu dövrdə Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar  bu inkişafa xeyli təkan vermişdi.

İpək yolu hələ qədimdən bu günə kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayırdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın beynəlxalq tranzit rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verirdi.  Avropa Komissiyasının TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) proqramının yaradılmasının təşəbbüskarı kimi 8 ölkədən biri də Azərbaycan Respublikası olmuşdur. Avropa Birliyinin TASİS (MDB ölkələrinə texniki yardımı) çərçivəsində nəqliyyat infrastukturu üzrə çoxmilli TRASEKA proqramı (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Mərkəzi Asiyadan Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat marşrutunun yenidən qurulmasını qarşıya məqsəd qoymuşdur. Gələcəyə yönələn məhz bu ideyanın nəticəsində Azərbaycan 2017-ci ildə Şərq və Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini uğurla istifadəyə verdi.

Azərbaycanın inkişafında mühüm əhəmiyyət kəsb edən sahələrdən biri də neft sənayesidir.  Azərbaycan təbii sərvətlərlə zəngin bir ölkədir. Heydər Əliyev neft sahəsində bir çox uğurlara imza atmışdır. Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılması məsələsi idi. Yorulmaz əməyi nəticəsində Heydər Əliyev Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı ildə Moskvada Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanmışdır. 1996-cı ildə ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından çıxan ilkin neftin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəzərdə tuturdu. Neft marşrutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi asılılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılmasıdır.

Heydər Əliyevin neft sahəsində növbəti ən böyük uğurlarından biri BTC (Bakı-Tbilisi-Ceyhan) layihəsi oldu. Heydər Əliyev “Əsrin müqaviləsi” ilə yeni neft strategiyasının inkişafının təməlini qoysa da, Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində tarixi bir əhəmiyyətə malikdir.

Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında da bir çox sənədlər imzalamışdır. Bu addımlar XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanın neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaratdı. Məhz bu ideyaların nəticəsində Azərbaycan 2018-ci ildə qazını Avropaya nəql edən müasir dünyanın ən böyük qaz layihəsi olan “Cənub qaz dəhlizi” layihəsinin Türkiyədən keçən əsas hissəsini (TANAP) istismara verdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi ölkəmizin əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus edən bugünkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Dövlət başçısı cənab İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və sonsuz olaraq inanır ki, müstəqilliyimiz və azaqlığımız əbədidir!  

Bu gün Heydər Əliyevin strategiyası və ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev ideyasının davamıdır və müasir şəraitdə daha da inkişafıdır. Bu siyasətin məğzində Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının daha da yaxşılaşması durur. Azərbaycan və Azərbaycan xalqı var olduqca Heydər Əliyev əməlləri və ideyaları yaşayacaq və qorunub saxlanacaq.

2020-ci ili Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazan cənab İlham Əliyev hər bir azərbaycanlıya yeni bir həyat bəxş etdi. Onun “dəmir yumruğu” ilə düşmənin belinin qırılması müstəqil Azərbaycan dövlətinə yeni bir nəfəs verdi. Daha güclü olan Azərbaycan xalqı layiq olduğu ləyaqətli həyatı əldə etmişdir. Bütün xalq əmindir ki, biz cənab İlham Əliyevin rəhbərliyi ilə, Ulu Öndər Heydər Əliyevin yolu ilə gedərək gələcəkdə hələ çox uğurlara imza atacağıq!

 

 

Tahir MİRKİŞİLİ,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

Azərbaycan.-2021.- 9 may.- S.6.