Xilaskarlıq missiyası

 

 

 

Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu, xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçillin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar - Ruzveltin 1942-ci ildə, Şarl de Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Hörmətli Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki, o vardı!...”

 

 

 

Süleyman DƏMİRƏL,

 

Türkiyə Respublikasının 9-cu Prezidenti

 

 

 

 

Dövləti idarə edən rəhbərin məsuliyyəti dövləti, xalqı qarşısındakı xidmətlərində  öz təsdiqini tapır. Burada siyasi məsuliyyətin ancaq yüksək ağıldan, əhatəli zəkadan güc aldığını qeyd etmək vacib şərtlərdəndir.

Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin incəliklərini də dərk etmək  mümkün olmaz. Yəni siyasət bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özüolduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyət, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu qoruyan, siyasi müdrikliyi, milli, mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən liderimizdir.

Ümummilli Liderin  qüdrətli düşüncə, dərin zəka sahibi olduğu inkaredilməzdir.  O, sözlə əməl birliyini qoruyaraq yaşadı. Dahi şəxsiyyət Heydər Əliyev  sadə bir azərbaycanlı ailəsində dünyaya gəlmişdir. Real hadisələri dərk edərək yaddaşda möhkəm həkk olunmağı vacib olan hadisələrin nəticələrini müqayisə edərək şüurunda yerləşdirmə istedadına, dərin zəka,  yüksək səviyyəli təsəvvür, möhkəm təfəkkür vasitələri ilə anlayışları yerbəyer etmək bacarığına malik olmuşdur. Diqqətini ancaq özünə gərəkli olan  deyil, ümumiyyətlə,  hava-su kimi vacib olan məsələlərə yönəltmiş, ölkədə və ətrafda baş verən hadisələrə  dövlət və milli maraqlar kontekstindən baxmış və ona düzgün münasibət bildirmişdir. Ölkəmizin ən çətin, ziddiyyətli, mürəkkəb hadisələr burulğanına düşdüyü, Azərbaycanı parçalamağa cəhd edən qüvvələrin  fəallaşdığı,  müstəqilliyimizin ciddi təhlükə altında qaldığı bir vaxtda Ulu Öndər Heydər Əliyev özünün vətəndaş məsuliyyətini rəhbər tutaraq xalqın səsinə səs verdi. Heydər Əliyev hakimiyyətə qayıtmaq razılığını təkcə xalqımızın xahişi və tələbi ilə yox, həm də vicdanının səsi  ilə etdi. Vətənə, ana torpağa bağlılığı,  xalqına dərin məhəbbəti, həmçinin xalqın ona  böyük inamı  Ümummilli Lideri bu addımı atmağa, Azərbaycanın müstəqilliyini və azadlığını qorumaq üçün  müqəddəs missiyanı  öz üzərinə götürməyə sövq etdi.

O dövrün, yəni 1991-1993-cu illərin qısa xronologiyasını  təqdim etsək,  deyə bilərik ki, yaranmış siyası böhran çevik idarəetmə və yeni yanaşma tələb edirdi.  Amma təəssüf ki, bu siyasi böhrana bir tərəfdən öz hakimiyyətini qoruyub saxlamaq istəyən, imperialist təfəkküründən çıxa bilməyən Ayaz Mütəllibov və komandası, digər tərəfdən isə nəyin bahasına olursa-olsun hakimiyyəti əla almaq yanğısı ilə meydanlara atılan cəbhəçi-müsavatçı bəylər öz “töhfə”lərini verirdilər. Qütbləşmə, qarşıdurma getdikcə kəskinləşir və ölkə uçuruma yuvarlanırdı. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu. 1992-ci ilin mayında AXC-Müsavat iqtidarı dövlət çevrilişi edərək, hakimiyyəti güc yolu ilə zəbt etdi. Bundan sonra vəziyyət daha da ağırlaşdı. AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalığa rəvac verdi. Mənfur ermənilər isə bundan istifadə edərək torpaqlarımızı işğal edir və çoxsaylı qaçqın-köçkün ordusunun yaranmasına səbəb olurdular. Problemlər getdikcə artırdı. Səriştəsiz idarəetmə, savadsız kadr siyasətinin nəticəsində müstəqilliyimiz, bütövlükdə ölkəmiz çox ciddi təhdidlərə məruz qalmışdı. Hakimiyyət idarəetmə strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirərək, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Qısa fəaliyyətlərinin xülasəsi o oldu ki, ölkənin bir sıra regionlarında silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirdilər. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar nəinki vəziyyəti düzəltmədi, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazirMilli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxmışdı. Ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun hərəkətləri məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. 1993-cü il iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Hadisələrin ertəsi günü - iyunun 5-də Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda qəhrəman Cavad xanın nəvələri - gəncəlilərə müraciət edilərək onların müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Təbii ki,  Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət göstərərək 20 Yanvar hadisələrinə  qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgəmizin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edilərək, Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqındakı qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək  və “Sovet Sosialist” sözlərinin oradan çıxarılması və sair kimi bir-birindən mühüm addımlar onun 1993-cü ildə xilaskarlıq missiyasını uğurla həyata keçirməsini təsdiqləyirdi.

Yaşadığımız illər sübut etdi ki, xalq öz inamında və seçimində yanılmadı. Ümummilli Liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edirdi.  Azərbaycan  gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi.

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri  məhz  yarımçıq qalan  işlərinin tamamlanması üçün siyasi varisini yetişdirməsi oldu. Onun 1 oktyabr 2003-cü il müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, Ulu Öndərin uzaqgörən baxışları və düzgün seçimi Azərbaycanın qarşısında geniş üfüqlər açdı. Son 17 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu qalib ölkənin qalib Lideri kimi dünyada tanınır.  Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  44 günlük müharibə ilə nəinki son 30 ilin torpaq həsrətinə son qoydu,  eyni zamanda  200 ildən artıq dövrdə  bədnam niyyətli qonşularımızın bizə qarşı siyasətlərinə yenidən baxmasına məcbur etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan Ordusu bu Qələbə ilə  dünyanın hərb tarixinə yeni səhifə yazdı. Azərbaycan yeni reallıqlar yaradaraq işğalçı Ermənistanı və havadarlarını bu reallıqla barışmaq məcburiyyətində qoydu. Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən 10 noyabrda imzalanan üçtərəfli bəyanat ölkəmizin hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu. Prezident İlham Əliyevin  ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında söylədiyi bu fikirləri yada salaq: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”. Daha sonraLakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm” kimi fikirləri bu ümidlərin yaranmasına əsas səbəbdir.

Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın bugünkü reallıqları üçün möhkəm baza formalaşdıran, türk dünyasının son yüz ildəki  ən görkəmli simalarından olan Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, hər bir istiqamət  yüz illərlə tədqiq edilən  mövzulardan olacaq. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Azərbaycanın tarixinə Zəfər Gününün  yazılması bu yolun uğurlu davamının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyinin təqdimatıdır. Dövlət başçısı

8 noyabrda Qarabağın döyünən ürəyi, musiqi beşiyimiz Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından  xalqımıza çatdırarkən bildirmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytaran Zəfərimiz Ulu Öndər Heydər Əliyevin şah əsəri olan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyinə çevrilən müasir müstəqil Azərbaycanın qarşısında geniş imkanlar açır.

 

 

 

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri,

 YAP Təftiş Komissiyasının üzvü

Azərbaycan.-2021.- 9 may.- S.7.