Müasirləşmə və davamlı inkişaf kursunun müəllifi
Hər bir cəmiyyətdə mütləq çoxluğun mənafeyini ifadə edən, real təminatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi davamlı tərəqqinin vacib şərtlərindən biri sayılır. İqtisadi inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi ölkə ilə bağlı ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmə prosesinin vacib amilinə çevrilir. Bu prizmadan əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son illərdə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Bu gün hər kəs səmimi etiraf edir ki, davamlı yüksəlişə xidmət edən bu islahatların ilkin əsası Ümummilli Lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulmuşdur.
Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin düzgün qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu günlərdə anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.
Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili deməyə əsas verir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanmışdır. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana müqayisəyəgəlməz dərəcədə böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olmuşdur. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər eyni missiyanın sadəcə bir-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.
İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin sovet Azərbaycanına rəhbərlik dövrü ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olmuşdur. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılığın keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını büsbütün müasirləşdirmişdir.
Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, liderlik məziyyətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ruhun hədsiz yüksəlişinin təmin edilməsində misilsiz rol oynamışdır. Onun keçmiş sovet idarəçilik sisteminin forma və məzmununu, bütün incəliyini dəqiqliklə bilməsi bu prosesdə maneə yaradan amilləri uğurla neytrallaşdırmasına, eyni zamanda öz ideyalarını reallaşdırmaq istiqamətində mərkəzdən lazımi dəstək almasına imkan vermişdir. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin digər önəmli xüsusiyyətləri Azərbaycanın bütün əsas sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur.
İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin fundamentində duran əsas amillərdən olduğunu aydın görən Ulu Öndər respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, Azərbaycanın iqtisadi muxtariyyətinin təmin edilməsi, sənaye potensialının güclənməsi, təhsil sferasında yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atmışdır.
Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər halda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, keçmiş SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi.
Ümummilli Lider Heydər Əliyev çox sonralar - 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı demişdir: “Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.
Həmin illərdə məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipialıq göstərmişdir. Bu nöqteyi-nəzərdən dahi öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır.
Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim uzaq hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olmuşdur. Məhz ötən əsrin 70-80-ci illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir.
Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi Ümummilli Liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublkamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə nail olmuşdur. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümümi daxil məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.
Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişişikliklərin baş verməsinə səbəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.
Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır.
İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Ulu Öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərindən biri 1996-cı ilin əvvəllərində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu Öndər sahibkarları diqqətlə dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda Heydər Əliyev həmin görüşdə sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşması üçün Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüslərimizə müsbət yanaşmış, bu yönümdə operativ qərarlar qəbul etmişdi. Ulu Öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.
Ümumilikdə 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçəkləşməsi, ələlxüsus da müstəqillik amilinin praktik şəkildə bərqərar olması baxımından ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün bazisin formalaşmasını vacib saymışdır. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılmış, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilmiş, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılmış, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik aktları qəbul edilmiş, respublikanın dünya təsərrüfat sisteminə inteqrasiyası sürətlənmişdir.
Fəaliyyəti ilə zaman və məkanın fövqündə dayanan Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Bunun ən bariz göstəricilərindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək varisini yetişdirməsindədir.
XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyinin bərpasına nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf magistralına çıxarmış müdrik xalqımız taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq qalaraq ötən 18 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.
2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də üzərinə götürmüş cənab İlham Əliyev ona göstərilən etimadı fəaliyyəti ilə tam doğruldur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə çalışır. Təkcə onu demək kifayətdər ki, respublikamız son prezident seçkilərindən sonra daha da güclənmiş, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atmış, şəffaflığa xidmət edən islahatlara start vermişdir. İnsan amili həyata keçirilən siyasətin ana axarında yer almışdır. Ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, hücum diplomatiyası, ordu quruculuğu strategiyası və qətiyyəti 30 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, ölkəmizin ərazi bötövlüyünün bərpasına imkan yaratmışdır. 44 günlük müharibədə 5 min kvadratmetrədək ərazisini işğaldan azad edən Azərbaycan Ermənistanı hərbi kapitulyasiya barədə sənədi imzalamağa məcbur etmişdir. Beləliklə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanın işğalçılıq siyasəti üzündən 30 il müddətində həllini tapmayan münaqişənin qısa müddətdə hərbi-siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək intiqamını döyüş meydanında almış və şəhidlərin qanı yerdə qalmamışdır: “Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.
Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. “Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” deyən dövlət başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.
Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 18 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, 3 süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir. Ötən illərdə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi uğurla gerçəkləşmiş, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənmişdir. Xatırlatmaq yerinə düşər ki, 2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP, 2020-ci ilin dekabrında isə TAP boru kəmərlərinin açılış mərasimi olmuş, bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini artırmışdır. Eyni zamanda 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi mühüm hadisələrdən olmuşdur.
Səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zamanda həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi önə çıxarır. Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında bu mütərəqqi prinsip daim önə çəkilir. Dövlət başçısı ötən 18 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirərək, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır.
İdarəçiliyin asanlaşdırılması və bu zaman vətəndaş məmnunluğunun təmin edilməsi də strateji xətt olaraq diqqət mərkəzindədir. Dövlət başçısı 2018-ci ilin avqust ayında əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlərin göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyini (DOST) yaratmışdır. Ümumilikdə, “ASAN xidmət”, “ASAN kommunal” və “DOST” kimi modern xidmət mərkəzlərinin yaradılması Azərbaycanda müasir idarəetmə sisteminin mahiyyətini, fəlsəfəsini açır.
2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)”, 14 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və 2014-cü il 27 fevral tarixli “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan vermişdir.
2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafi dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bölgələrin inkişafına yeni təkan vermişdir.
Statistik göstəricilər son 18 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 50 mlrd. ABŞ dollarına çatmışdır. 2004-2020-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.
Son 18 ildə Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb etmişdir. Hələ 2004-cü il 1 fevral tarixdə Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.
Dövlət başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Cənab İlham Əliyevin son illər imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, eləcə də 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sosial-iqtisadi sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün yaxşı imkanlar açmışdır.
2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra aparılan sistem xarakterli islahatlar - hökumətin tərkibinin yenilənməsi, insan amilinin sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ən əsası, 2020-ci ildə ərazilərimizin erməni işğalından azad edilməsi sosial-iqtisadi və innovativ inkişaf sahəsində yeni vəzifələr müəyyənləşdirmişdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hökumət qarşısında 5 mühüm istiqamətdə islahat, layihə və tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur:
1) dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2) dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3) rəqabətli insan kapitalı və müasir
innovasiyalar məkanı;
4) işğaldan azad olunmuş ərazilərə
böyük qayıdış;
5) təmiz ətraf mühit və “yaşıl
artım” ölkəsi.
Bunlar yeni dövrdə modernləşmə prosesinin
sürətləndirilməsinə xidmət edir.
Sənəddə
davamlı və yüksək iqtisadi artım baxımından
adambaşına düşən milli gəlirin
artırılması; yüksək gəlirli iş yerlərinin
yaradılması; şaxələndirmə və qeyri-neft
sektorunun inkişafı tədbirlərinin davam etdirilməsi;
yerli və xarici sərmayələrin təşviqi; şəffaf
özəlləşmə strategiyasının həyata
keşirilməsi; kapital və sığorta bazarının
inkişafı və digər mühüm məsələlər
nəzərdə tutulmuşdur.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” şəffaflığa xidmət edən tədbirlərin davam etdirilməsini vacib məsələ kimi müəyyən etmişdir. Qarşıdakı illərdə məhkəmə-hüquq sisteminin fəaliyyətində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, dövlət investisiyaları və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi, idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşdırılması məsələləri öz həllini tapmalıdır.
Milli prioritetlərə əsasən, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsindən sonra Qarabağ regionunun dirçəldilməsi, reinteqrasiyası və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi, işğaldan azad olunmuş ərazilərdə düzgün yanaşma, müasir, çevik, effektiv idarəetmə, o cümlədən sosial və texnoloji layihələrin tətbiqi ilə inkişafın Qarabağ modeli qurulacaqdır. Coğrafi xüsusiyyətləri, təbii resursları və iqlim amili işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın hibrid modelinin qurulmasını şərtləndirir. Regionun əkinə yararlı münbit torpaqları, geniş otlaq və biçənəkləri, bol su mənbələri aqrar iqtisadiyyatın, təbii yeraltı və yerüstü sərvətlərin zənginliyi resursların istismarına əsaslanan iqtisadiyyatın, görüləcək işlərin sıfırdan başlaması isə yeni texnologiyaya və intellektə əsaslanan innovativ iqtisadi modellərin tətbiqinə əlverişli zəmin yaradır.
Dövlət başçısının 2021-ci il 4 yanvar tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondunun təsis edilməsi, habelə fevral fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi institunun yaradılması işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması prosesinin tamamilə yeni meyar və yanaşmalara əsaslanacağından xəbər verir. Bunlar müasir şəhərsalma, eyni zamanda Dördüncü Sənaye İnqilabı çağırışlarına uyğun yanaşma və yeni idarəetmə modelinin tətbiqi deməkdir.
İslahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün kifayət qədər aktualdır. Son illərdə həyata keçirilən kadr islahatlarının əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Prezident İlham Əliyev ilk növbədə vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur islahatları həyata keçirir.
Qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın tətbiqini aktuallaşdırdığından dövlət başçısı hökumətin bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması bu mənada postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığı və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu posesin sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs gətirmişdir. Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə dövlət başçısının və xalqın etimadını inamla doğruldur.
Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda regionun sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilmişdir. Respublikamız pandemiya dövründə iqtisadi müvazinətini qoruyub saxlayır, sosial və infrastruktur yönümlü layihələr həyata keçirir, mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görür.
Cəmiyyətin bütün sahələrində olan dirçəliş, intibah, şəffaflıq meyilləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir. Ən başlıcası, bu gün cəmiyyətimizin bütövlüyü və monolitliyi - xalq-iqtidar birliyi ölkəmizin üzləşdiyi qlobal təhdidlərə qarşı əzmkar müqavimətini təmin edərək mövcud çətinliklərin qısa zamanda aradan qalxacağına tam əminlik yaradır.
Qüdrət
KƏRİMOV,
“Xəzər”
QSC-nin sədri, iqtisad elmləri doktoru
Azərbaycan.-2021.- 9 may.- S.8.