Müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisi
Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev bu gün böyük sürətlə inkişaf edən və çox qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələri sırasına çıxan müasir Azərbaycanın yaradıcısı və memarı olmaqla dövlətimizin və ölkəmizin tarixinə öz adını əbədi olaraq həkk etmişdir. Heç də təsadüfi deyildir ki, bu gün biz Ulu Öndər Heydər Əliyevin adını Azərbaycan mədəniyyətinin hamisi və milli-mənəvi dəyərlərimizin təəssübkeşi kimi yad edirik.
Azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə qaldıran Ulu Öndərin rəhbərliyi ilə hələ ötən əsrin 70-80-ci illərində milli mədəniyyətimizin inkişafi istiqamətində ciddi addımlar atılmışdır. Böyük şəxsiyyət mədəniyyətimizin və ədəbiyyatımızın intibah dövrünü yaşamasına nail ola bilmişdir. Belə ki, həmin illərdə Azərbaycan mədəniyyətinin yüksək inkişaf səviyyəsinə çatmasında Qara Qarayev, maestro Niyazi, Rəşid Behbudov, Müslüm Maqomayev, Fikrət Əmirov, Tahir Salahov, Toğrul Nərimanbəyov, Arif Məlikov və digər dünya şöhrətli korifey sənətkarlarımızın yetişməsində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Mədəniyyətimizin bütün istiqamətlərinin, o cümlədən kitabxana sahəsinin inkişafı və müstəqilliyin yaratdığı geniş imkanlar çərçivəsində təkmilləşməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində kitabxanaların normal yaşayıb fəaliyyət göstərməsi üçün normativ-hüquqi bazanın formalaşdırılması, genişmiqyaslı özəlləşdirmə proqramı çərçivəsində kitabxanaların binalarının zəbt olunması və qiymətli kitab fondlarının məhv olmaq təhlükəsindən xilas edilməsi kimi taleyüklü məsələlərin həllində Heydər Əliyevin xüsusi xidmətləri vardır.
XX əsrin 90-cı illərində “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanuna müvafiq normativ-hüquqi aktların qəbul edilməsi məhz Heydər Əliyevin adı ilə bağlı olmuş və bilavasitə onun rəhbərliyi altında həyata keçirilmişdir. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununa kitabxanaların əmlakının, fondlarının və statusunun, xüsusilə onların sovet dövründə yerləşdikləri binalarının mühafizəsi məqsədilə bir sıra maddələrin daxil edilməsi məhz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kitaba və kitabxanaya böyük dəyər verən Ulu Öndər Heydər Əliyevin göstərişi və tövsiyələri əsasında həyata keçirilmişdir. Çox təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərindəki Milli Məclisdə bir sıra deletant və “millət vəkilləri”nin təkidi ilə həmin qanun layihəsində kitabxanaların əmlakının mühafizəsi məqsədilə nəzərdə tutulan maddələrin çıxarılmasına da nail olunmuşdu və qanunun qəbulundan dərhal sonra Bakıda və digər şəhər və rayonlarda mədəniyyət ocaqlarına, onların sovet dövründə “guya qanunsuz yerləşdikləri” binalarına hücumlar edilmişdi. Hətta bir sıra rayon kitabxanalarının qiymətli kitab fondlarını küçələrə tökmək xülyası ilə yaşayanlar da peyda olmuşdular. O vaxtlar qəbul olunan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunu əllərində şirma kimi tutanlar kitabxanalara, muzeylərə və digər mədəniyyət ocaqlarına hücumlara başlamışdılar. Belə təhlükəli anda 1998-ci ilin sonunda məhz Ulu Öndərin göstərişi ilə ayrıca özəlləşdirilməsi qadağan olunan obyektlərin siyahısı təsdiq olundu ki, bu obyektlərin də 85 faizini mədəniyyət müəssisələri təşkil edirdi. Ulu Öndərin bu çox ciddi fərmanı ilə mədəniyyət müəssisələrinin, xüsusilə də kitabxanaların “hərraca qoyulması”nın qarşısı alındı, qiymətli kitab fondlarının dağıdılması hallarına son qoyuldu. 1998-2000-ci illərdə Heydər Əliyevin ciddi tapşırığı ilə Nazirlər Kabineti Milli Kitabxananın və sahəvi elmi kitabxanaların, rayon və şəhər kitabxanalarının statusu və əsasnamələrinin təsdiqi, fondlarının uçotu və mühafizəsi haqqında qərarlar qəbul etdi. Bütün bunları mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, kitaba və kitabxanaya yüksək dəyər verən müdrik şəxsiyyət həyata keçirə bilərdi.
Azərbaycan kitabxanalarının flaqmanı, milli-mənəvi dəyərlərimizin etibarlı saxlanc yeri və tarixi yaddaşımız hesab olunan Milli Kitabxananın müasir dövrün tələblərinə uyğun inkişafı və yenidən qurulması işlərinin bünövrəsi də 1990-cı illərin ikinci yarısında Ulu Öndərin rəhbərliyi altında, bilavasitə onun iştirakilə həyata keçirilmişdir. Milli Kitabxananın Əsasnaməsinin təsdiqi, ona bütün fondlarının və əmlakının toxunulmazlığını təmin edən yüksək milli statusun müəyyənləşdirilməsi, binasının istifadəyə verildiyi 50 il ərzində ilk dəfə tam şəkildə yenidən qurulması layihəsinin reallaşdırılması, fondunun zənginləşdirilməsi məsələləri də bilavasitə Heydər Əliyevin şəxsi göstərişi və rəhbərliyi ilə həyata keçirilmişdir. 10 illik prezidentliyi dövründə 4 dəfə Milli Kitabxanaya gəlişi ilə bu elm məbədinə bir yenilik, yeni bir ab-hava gətirən Ulu Öndər bu kitabxananı yüksək qiymətləndirərək demişdir: “Mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Kitabxanaya gəlmişik. Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, bilik, mənəviyyat və zəka mənbəyidir. Buna görə kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən faktorlardan biridir. Mən vaxtilə də bu kitabxanaya dəfələrlə gəlmişəm. Ancaq bu gün bu kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi keçirirəm və kitabxanaya, burada çalışan insanlara, burada toplanan kitablara öz hörmətimi, ehtiramımı bildirmək istəyirəm”. Bu dahiyanə fikirlər bu gün də kitaba, kitabxanaya, Milli Kitabxanaya və onun Azərbaycan mədəniyyətinin inkişafındakı danılmaz roluna ən yüksək qiymətdir. Bu qiymətli fikirləri yalnız kitaba, mütaliəyə, kitabxanaya yüksək dəyər verən dahi şəxsiyyət söyləyə bilərdi.
Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Kitabxananın fəaliyyətinin müasir dövrün, zamanın tələblərinə uyğun olaraq yenidən qurulması və daha da təkmilləşdirilməsi, kitabxana-informasiya xidmətinin tam avtomatlaşdırılması, innovasiyaların oxucuların informasiya təminatı proseslərinə tətbiqi və Azərbaycanın bütün dünyaya tanıdılması sahəsində görülən bütün işlərin təməlində də məhz Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərində kitabxana işi sahəsində böyük uzaqgörənliklə həyata keçirdiyi inqilabi tədbirlər durur.
Ölkəmizin məlum pandemiya təhlükəsi ilə üz-üzə qaldığı, müəssisələrin fəaliyyətinin dayandırıldığı, insanların evdə qalaraq virus təhlükəsindən qorunmağa çalışdığı bir vaxtda Milli Kitabxana öz oxucularının yanında qalaraq onlayn formatda oxuculara kitabxana-informasiya xidmətini davam etdirir. Bütün bunlar məhz innovasiyaların və yeni iş üsullarının, müasir texnologiyaların kitabxana işinə müvəffəqiyyətlə tətbiqi nəticəsində mümkün olmuşdur. Bu müasir texnologiyaların Azərbaycan Milli Kitabxanasının fəaliyyətinə tətbiqinin ilk bünövrəsi də 1999-2000-ci illərdə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu dövrdə Ərazilərin Bərpası və İnkişafı Agentliyinin və Yaponiya Hökümətinin Azərbaycan hökümətinə çox böyük məbləgdə ayırdığı qrantların məhz Axundov adına Respublika Kitabxanasına verilməsinin təşəbbüskarı da Ulu Öndər Heydər Əliyev olmuşdur. Yeri gəlmişkən qeyd edim ki, 1999-cu ilin dekabrında həmin qrantların hansı təşkilatlara verilməsi barədə təkliflərin müzakirə olunduğu müşavirədə Ulu Öndərin həmin vaxtlarda Baş Nazirin müavini işləyən şəxsə xitabən dediyi bu sözlər indi də mənim xatirimdədir: “Siz Axundov kitabxanasını götürün, “Azərenerji” də, Bakı Şəhər İcra Hakimiyyəti də özləri pul taparlar!” Bu dahiyanə fikir hər şeyi həll etmiş oldu. Bax, bu idi dahi və müdrik şəxsiyyət olan Heydər Əliyev dühası, onun kitab və kitabxana sevdasınin yüksək nümunəsi!
Həmin dövrdə möhkəm təməli qoyulan, Ulu Öndərin gözəl ideyalarını və əməllərini böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qərarları və müdrik göstərişləri sayəsində gündən-günə inkişaf edən və modernləşən Milli Kitabxanamız pandemiya təhlükəsi ilə əlaqədar elan olunmuş ciddi karantin rejimi şəraitində daim öz oxucularının yanında olaraq onlara kitabxananın saytının “Elektron kataloq və elektron kitabxana” və “Onlayn xidmətlər” bölmələri vasitəsilə virtual rejimdə xidmət göstərməkdə davam edir. Bir ildən çox davam edən karantin dövründə Milli Kitabxana 3 milyondan artıq oxucuya onlayn rejimdə kitabların elektron çatdırılmasını həyata keçirmişdir.
Ulu Öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycanda kitabxana quruculuğunun inkişafına, xüsusilə Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasına, xidmət proseslərinin avtomatlaşdırılmasına və modernləşdirilməsinə verdiyi töhfələri, bu kitabxananın fəaliyyətinə və əməkdaşlarının əməyinə verdiyi yüksək qiyməti layiqincə dəyərləndirən Milli Kitabxananın kollektivi bu günlərdə kitabxananın foyesində xalqımızın böyük oğlunun adına layiq bir gözəl guşə yaratmışdır. Həmin guşədə Ulu Öndərin bir vaxtlar Milli Kitabxanaya gələrkən bu elm məbədinə öz şəxsi kitabxanasından bağışladığı 300 nüsxədən artıq kitab nümayiş olunur, bu guşə oxucularımızın və kitabxanamızın qonaqlarının ən çox müraciət etdikləri, həvəslə tanış olmaq istədikləri bir məkana çevrilmişdir.
Xalqımızın böyük oğlu, dahi azərbaycanlı, memarı olduğu müasir Azərbaycanın çiçəklənən və firavan yaşayan bir ölkəyə çevilməsini daim arzulayan, doğma Qarabağ torpaqlarının erməni işğalından azad olunacağına ürəkdən inanan Heydər Əliyevin bu gün ruhu şaddır, çünki onun işıqlı ideyalarını və əməllərini çox böyük uğurla davam etdirən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın böyük oğlu və xilaskarı Heydər Əliyevin ən böyük arzusunu və müqəddəs vəsiyyətini, eləcə də 44 günlük Vətən müharibəsində tarixi zəfər çalaraq həm atası, həm də canından çox sevdiyi vətəni qarşısında öz oğulluq borcunu şərəflə yerinə yetirmişdir.
Əgər XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyevi Ulu Tanrı Azərbaycana xalqı qandan-xatadan, ölkəni isə vətəndaş müharibəsindən qurtaran bir xilaskar kimi göndərmişdisə, XXI əsrin əvvəllərində Ulu Tanrı cənab İlham Əliyevi Azərbaycan xalqının 30 ildən bəri davam edən doğma torpaqlarının erməni işğalından azad olunmasını gerçəkləşdirən ikinci bir xillaskar kimi xalqına bəxş etmişdir! Bunun üçün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları həmişə Ulu Tanrıya səcdə edəcək və minnətdar olacaqdır!
Kərim
TAHİROV,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar Mədəniyyət işçisi,
professor
Azərbaycan.-2021.- 9 may.- S.9.