Vətənpərvərlik
nümunəsi
Akim
Abbasov - 110
9 May - Faşizm Üzərində Qələbə Günü 76 ildir ki, ölkəmizin şəhər və rayonlarında, qəsəbə və kəndlərində təntənə ilə qeyd olunur. Bu təntənə, qələbənin ruhuna qovuşan İkinci Qarabağ müharibəsinin Zəfər salnaməsi insanlarda əsl bayram əhvali-ruhiyyəsi, məğrurluq ovqatı yaradıb. Alman faşizmi ilə müharibədə qələbənin qazanılması naminə yüzlərlə, minlərlə həmvətənimiz canından keçib. Respublikamızın hüdudlarından uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də Azərbaycan torpağını qoruyublar.
Bu amansız müharibədə yüzlərlə həmyerlimiz həlak olub, itkin düşüb, əlilə çevrilib, 170 mindən çoxu orden və medallarla təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımız arasında bu il anadan olmasının 110 illiyini qürurla qeyd etdiyimiz hərbi və dövlət xadimi, general-mayor Akim Abbasov da var.
Akim Əli oğlu Abbasov 25 may 1911-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur mahalının Ərikli kəndində anadan olub. 1918-ci ilin sonlarında azərbaycanlılara qarşı ermənilər tərəfindən qətliamlar törədiləndə, günahsız insanlara qarşı divan tutulanda, körpə uşaqlar süngülərə sancılanda, ümumiyyətlə, xalqımıza qarşı soyqırımı ediləndə Akimgilin də ailəsi Naxçıvanın Nəzərabad kəndinə köçmüş, iki il sonra isə Naxçıvan şəhərində məskunlaşmışdı. Bu zaman Naxçıvanda da vəziyyət ağır idi. Kazım Qarabəkir paşanın rəhbərliyi altında xilaskar türk əsgərləri Naxçıvana daxil olaraq yerli özünümüdafiə dəstələri ilə birləşməsəydilər, bu qədim türk torpağı da daşnaklar tərəfindən işğal olunacaq, yaxud da yerlə yeksan ediləcəkdi. Anası 1918-ci ildə, atası 1920-ci ildə bu qırğınların qurbanı olmuşdur. İki il sonra Akim Abbasov Naxçıvan şəhərindəki 3 saylı Zəhmət məktəbinin uşaq evinə götürülmüş və təhsilini davam etdirmişdir. 1927-ci ildə uşaq evinin 10 nəfər yetirməsi Bakı şəhərinə - Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə göndəriləndə həmin uşaqların arasında Akim də olmuşdur. O, burada üç il təhsil aldıqdan sonra ümidverici gənc kimi Tbilisi şəhərindəki Zaqafqaziya Piyada Məktəbinə göndərilir və oranı müvəffəqiyyətlə bitirərək 1932-ci ildə Azərbaycan diviziyasının Xankəndi şəhərindəki dağ-atıcı alayının taqım komandiri olur. Çox keçmir ki, bölük komandiri təyin olunur. Az müddətdə onun bölüyü təlim və hərbi hazırlığına görə şöhrət qazanır. Baxış zamanı alay komandiri tərəfindən Abbasovun rəhbərlik etdiyi şəxsi heyətin döyüş hazırlığına yüksək qiymət verilir. 1933-cü ildə 22 yaşlı komandir saatla, fotoaparatla və fəxri fərmanla təltif edilir.
Repressiya dalğasının tüğyan etdiyi 1937-ci illərə kimi Azərbaycan diviziyasında qulluq edən A.Abbasovun xidmətləri yüksək qiymətləndirilir, peşəkar və perspektivli zabit kimi tanınır. Lakin 1938-ci ilin əvvəllərində ermənipərəst qüvvələrin əli ilə o, məlum olmayan səbəblər üzündən Naxçıvan şəhərinə göndərilir. Gənc yaşlarından başladığı hərbi qulluqdan uzaqlaşdırılması onu məyus etsə də, həvəsdən düşmür. Harada olursa-olsun, əsl hərbçi, xalqın sədaqətli və etibarlı oğlu olduğunu təsdiqləməyə çalışır. Bir müddət tarix-coğrafiya müəllimi, ikiillik Müəllimlər İnstitutunda hərbi hazırlıq müəllimi, sonralar isə Naxçıvan Vilayət Komitəsi Hərbi Şöbəsi müdirinin müavini və müdiri vəzifələrində çalışır. O, tez-tez muxtar respublikanın ayrı-ayrı bölgələrində olur, zəhmətkeşlər, xüsusilə də gənclər arasında hərbi-vətənpərvərlik işi aparır, az vaxtda gənclərin və yeniyetmələrin orduya hazırlanmasında hami kimi tanınır.
Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Azərbaycan xalqı da bir nəfər kimi alman faşizminə qarşı ölüm-dirim müharibəsinə qalxır. Müharibənin ilk günlərində Naxçıvan şəhərində 76-cı atıcı diviziyası yaradılanda Akim Abbasov qərargahın əməliyyat bölməsi rəisinin köməkçisi, az sonra isə rəisi təyin edilir. 1941-ci ilin sentyabr ayında cəbhəyə yollanan həmin diviziya Poltava yaxınlığındakı Çutova, İskrovka rayonları yaxınlığında ilk döyüş əməliyyatlarına başlayır. A.Abbasovla birlikdə onun həmyerliləri - Ənvər Vəzirov, Kazım Kazımov, Abdulla Orduxanov, Sofiya Sultanova, Hüseyn İmanov və başqaları əsl şücaət və rəşadət göstərirlər.
1941-ci ilin noyabr ayında Belqrad vilayətinin Şebekino rayonu yaxınlığında gedən döyüşlər zamanı Akim Abbasov 76-cı atıcı diviziyasının 207-ci atıcı alayının komandiri təyin edilir. Bu alay Belqrad şəhəri ətrafındakı rayon və kəndlərdə düşmənin xeyli texnika və canlı qüvvəsini məhv edərək irəliləyir. Alman faşistlərinin güclü həmlələrinə, artilleriya, minaatanlardan və digər silahlardan şiddətli atəş açmalarına baxmayaraq, qışın sərt şaxtasına mərdliklə sinə gərərək Akim Abbasovun komandirlik etdiyi alay döyüş tapşırıqlarını uğurla yerinə yetirir. Göstərdiyi şücaətə görə o, vaxtından əvvəl mayor rütbəsinə layiq görülür.
1942-ci ilin iyununda milli birləşmələrin yaranması və təşkili ilə əlaqədar mayor Akim Abbasov cənub-qərb cəbhəsindən Zaqafqaziya cəbhəsi komandanlığının sərəncamına göndərilərək 402-ci atıcı diviziyanın əməliyyat bölməsinin rəisi təyin edilir. Bu diviziya 1942-ci ilin sentyabrında İşşersk rayonu yaxınlığında döyüşə atılır. Mayor A.Abbasovun rəhbərlik etdiyi atıcı alay digər alaylarla birlikdə hücuma keçərək 8 yaşayış məntəqəsini ələ keçirir, düşmənin külli miqdarda tank, zirehli texnika və canlı qüvvəsini məhv edir. Göstərdiyi böyük rəşadətlərə görə, alayın 120 nəfər əsgər və zabiti hökumət təltifləri ilə mükafatlandırılır. Komandir A.Abbasov isə o zaman ən yüksək mükafat olan “Lenin” ordeninə təqdim edilir.
1942-ci
ilin 2 və 3 dekabr
günlərində mayor Akim
Abbasovun alayı düşmənin ciddi müqavimətlərinə baxmayaraq, döyüş
tapşırığını yüksək səviyyədə
yerinə yetirir: 43 alman
tankı sıradan çıxarılır, 32 zirehli
maşın məhv edilir, 500-dən
artıq faşist öldürülür.
A.Abbasov 1942-ci ildən 1949-cu ilədək atıcı alaya komandirlik etmişdir. 1945-ci ildə alay komandiri olarkən Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olmuş və oranı 1948-ci ildə bitirmişdir. 1948-ci ildə A.Abbasov Moskva vilayətindəki Solneçnoqorsk şəhərinə - Ali atıcı-taktiki kursa göndərilmişdir. 1949-cu ilin oktyabrında oranı bitirdikdən sonra 216-cı Azərbaycan atıcı diviziyasının müavini kimi 1953-cü ilin oktyabr ayına qədər xidmət etmişdir. 1953-cü ilin oktyabrından 1954-cü ilin noyabrınadək M.V.Frunze adına Hərbi Akademiyanın nəzdində ali akademik kursda təhsil alan Akim Abbasov həmin il Hərbi Akademiyaya daxil olmuş və 1956-cı ildə oranı bitirmişdir.
1955-ci ildə 216-cı Azərbaycan atıcı diviziyasına komandir təyin edilmiş, 1956-cı ilin avqustundan Lənkəran şəhərindəki 18643 saylı hərbi birləşmənin, 1960-cı ilin sonlarında isə Bakı şəhərindəki 39486-cı hərbi birləşmənin komandiri olmuşdur.
Bütün bu və digər hərbi xidmətlərinə, həmçinin nailiyyətlərinə görə 1957-ci il fevral ayının 18-də azərbaycanlı generallar sırasına daha bir ad da əlavə olunmuş, keçmiş SSRİ Nazirlər Sovetinin qərarı ilə Akim Abbasova general-mayor ali hərbi rütbəsi verilmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyev həmişə general-mayor Akim Abbasovun adını fəxrlə çəkər, onun keçdiyi şanlı yolu gənc nəslə nümunə göstərərdi. 1996-cı ilin fevralında indiki Heydər Əliyev adına Sarayda çıxışı zamanı Ümummilli Lider bir daha qeyd etmişdir ki, bizim Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov və başqaları kimi böyük generallarımız, sərkərdələrimiz olub. Bunlar bizim tariximizdir.
General-mayor
Akim Abbasov Azərbaycan Respublikası
Ali Sovetinin IV, V, VI çağırış
deputatı olmuşdur.
7 orden, 25-dən çox
medalla təltif edilmişdir. A.Abbasov Silahlı Qüvvələrdə
40 il xidmət
etmişdir ki, bunun da 24 ili
Azərbaycan diviziyalarının
payına düşür.
Ordudan tərxis olunduqdan sonra o, müxtəlif sahələrdə yenə
də xalqa, vətənə, dövlətə
sədaqətlə xidmət
etmişdir. Respublika avtomobil
nəqliyyatı nazirinin
müavini, Azərbaycan
Respublikası Sülhü
Müdafiə Komitəsi
və Sovet Sülh Fondu Azərbaycan Respublikası
bölməsinin sədr
müavini vəzifələrində
çalışmışdır. Xalqlar arasında sülhün və əmin-amanlığın
bərqərar olunmasında
böyük xidmətlərinə
görə general-mayor Akim
Abbasov 1986-cı ildə
Sülhü Müdafiə
Komitəsinin “Sülhü
möhkəmləndirməyə görə” böyük qızıl medalı ilə təltif olunmuşdur.
1989-cu ilin aprelindən
Bakı Şəhər
Müharibə Veteranları
Komitəsinin sədri
kimi fəaliyyətini
davam etdirmişdir. Nümunəvi işinə görə ölkə rəhbərinin
fərmanı ilə ona “Azərbaycan Respublikasının fəxri
təbliğatçısı” adı vertilmişdi.
Bakı Müharibə Veteranları
Komitəsi bürosunun
qərarı ilə Akim Abbasovun adı Xatirə kitabına yazılmışdır.
Ötən əsrin 90-ci illərinin əvvəllərində ölkəmizdə
baş verən özbaşınalıq, xaos
onu dərindən narahat etmişdir. Erməni quldur
birləşmələrinin 26 fevral 1992-ci ildə Xocalıda törətdikləri
soyqırımı onu
bərk sarsıtmış,
bu vəhşiliyə
dözməyərək səhəri
gün, fevralın
27-də dünyasını dəyişmişdir. Fəxri xiyabanda
əbədiyyətə qovuşan
xalqımızın dəyərli
oğlu general-mayor Akim
Abbasovun həyat və döyüş yolu nəsillərə əsl vətənpərvərlik
nümunəsidir.
Rəhman SALMANLI
Azərbaycan.-2021.- 9 may.- S.11.