Kəşfiyyatçı Zorge

 

 

Özünü qəlbən Azərbaycana bağlı bilən hər kəs onu məhz belə xatırlayır: “Bizim bakılı Zorge”. Faşizmə qarşı mübarizənin öncüllərindən olan bu cəsur kəşfiyyatçı həmişə anadan olduğu doğma Bakı, Abşeron torpaqları ilə birgə yada salınır. Bu, sadəcə, insanın dünyaya gəldiyi məkanla bağlı adi bir fakt deyil. Həyatının başlanğıc nöqtəsi olan bu doğma məkan Rixard Zorgenin özü üçün də xüsusi əhəmiyyət daşıyırdı. O, Abşeron torpağında doğulmasına böyük önəm verirdi. Ömrünün bu maraqlı dönəmini heç zaman unutmadığını yazılarında xüsusi qeyd edirdi.

 

 

 

Ömür yolunun ilk addımları

 

 

 

O, 1895-ci il oktyabrın 4-də Sabunçu qəsəbəsində doğulmuşdu. Atası alman əsilli Vilhelm Zorge mühəndis idi. Bakıya neft mədənlərində işləmək üçün gəlmişdi. Əvvəlcə neft işini dərindən anlamasa da, qısa müddətdə yerli ustalardan bu sahənin incəliklərini öyrənə bilmişdi. Bir neçə ildən sonra Vilhelm Zorge artıq Bakıda neftli ərazilərin alqı-satqısı ilə məşğul olan imkanlı sahibkara çevrilmişdi.

Rixardın anası Nina Semyonovna Kobeleva isə Bakı-Sabunçu-Qaraşəhər dəmir yolunda podratla işləyən rus fəhləsinin qızı idi. O, Abşeronda böyümüşdü. Bu məkanın həmin illərdəki tutqun, qəmli gözəlliyinə ürəkdən bağlanmışdı. Yaxınları xatırlayır ki, sonralar xaricdə yaşayanda da o, ömrünün axırına qədər Bakının xiffətini çəkərdi. Bu doğmalıq hissi oğlu Rixarda da keçmişdi.

Rixard Zorge ailənin 5-ci övladı idi. Bir müddət Bakıda yaşayandan sonra ailə yenidən Almaniyaya köçmüşdür. Atası Berlinin qərb mikrorayonunda çox da iri olmayan bir ev almış, bağ salmış və orada yaşamağa başlamışlar. Onlar Berlinə neft Bakısının ruhunu da aparmışdılar.

Zorgelər kosmopolit ailə mühitinə malik idilər. Berlindəki həyatları standart alman ailələrindən xeyli fərqlənirdi. Rixardın böyük əmisi Fridrix Zorge o dövrün tanınmış ictimai-siyasi xadimləri olan Karl Marks və Fridrix Engels ilə dost idi. Rixardın babası Albert Zorge də fəal siyasi fəaliyyətlə məşğul olurdu. Ailənin bir çox təmsilçiləri kommunizm ideallarına bağlı idilər. Dünyanın gələcəyini, bəşəriyyətin xoşbəxtliyini bu ideologiyada görürdülər. Belə bir münasibət, təbii ki, kiçik Rixardın baxışlarına da öz təsirini göstərirdi.

1901-ci ildə məktəb yaşı çatanda onu Berlin yaxınlığındakı realnı məktəbə qoyurlar. Bundan 10 il sonra atası dünyadan köçür. Məktəbdə buraxılış imtahanının vaxtı çatanda Zorge imtahanlarda iştirakdan imtina edərək 1914-cü ildə könüllü şəkildə dünya müharibəsi cəbhəsinə yollanır. Almaniya imperiyasının İmperiya Ordusunda tələbələr üçün təşkil olunmuş III topçu birliklərində xidmət etməyə başlayır. 1915-ci ildə ilk dəfə yaralanır. Müalicə zamanı Berlin Universitetinin Tibb fakültəsinə daxil olur. Amma sağalandan sonra yenə cəbhəyə gedir. İkinci dəfə yaralanır. Müalicə dövründə təhsilini davam etdirir. Sağalandan sonra cəbhəyə qayıdır. 1916-cı ilin mart ayında Qərb cəbhəsində aparılan şiddətli döyüşlər zamanı bu dəfə daha ağır yara alır. Şrapnel yarası səbəbindən üç barmağı kəsilir, ayağının ikisi sınır. Bu zədələr üzündən ömrünün sonuna qədər axsamaq məcburiyyətində qalır. Müharibədə göstərdiyi şücaətə görə kapral rütbəsi alan Rixard Zorge Almaniya İmperiyasının II dərəcəli “Dəmir xaç” ordeninə də layiq görülür.

 

 

 

Kommunist hərəkatında

 

 

 

Hospitalda müalicə kursu keçdiyi dövrdə Zorge Karl Marksın əsərlərini oxumağa başlayır. Kommunist fəlsəfəsi ilə daha yaxından tanış olur. Hospitaldakı tibb bacısının atası vasitəsilə kommunist hərəkatına qoşulur. 1918-ci ildə ordudan tərxis olunur və öz istəyi ilə Kil Universitetinin Siyasi fakültəsinə köçürülür. Müharibədən sonrakı ilk illəri Almaniyanın Kil, Berlin və Hamburq şəhərlərində təhsil almaqla keçir. Tələbəlik illərində Almaniya Sosial Demokrat Partiyasına daxil olur. Sosialist tələbələr təşkilatını yaradır və ona rəhbərlik edir. 1918-ci ilin 3-4 noyabrında Kildə baş vermiş dənizçi üsyanının fəal iştirakçılarından biri də məhz Zorge olur.

1919-cu ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alan gənc Rixard həmin ilin oktyabrında Almaniya Kommunist Partiyasına qoşulur. Hamburqdakı kommunist təmayüllü qəzetdə çalışmağa başlayır. Bir ildən sonra isə Aaxendəki ali texniki məktəbdə müəllim işləyir. Burada tədrislə yanaşı, həm də şaxtaçılar arasında partiya işi aparır. Kapp qiyamının yatırılmasında yaxından iştirak edir. Aaxen kömür hövzəsində fəhlə kimi çalışır. Sonra isə Remşaydda təlimatçı və təbliğatçı kimi də iş aparır. Siyasi görüşləri səbəbindən işlədiyi kömür mədənindən qovulandan sonra Zolinberqdə “Berqişe Arbayterştimme” kommunist qəzetində redaktor işləyir. 1922-ci ildə Frankfurt-Mayna gəlir. Bir il bu şəhərdəki institutda dərs deyir. Burada “Roza Lüksemburq və kapital yığımı” adlı kitabçasını nəşr etdirir. 1924-cü ildə Almaniya Kommunist Partiyasının IX qurultayının deputatı olur.

 

 

 

Moskva həyatı

 

 

 

Açıq şəkildə kommunizm ideyalarını müdafiə etməsi və Avropada ona qarşı təzyiqlərin artması nəticəsində Rixard Sovet İttifaqına gəlməyə qərar verir. 1924-cü ildə o, Moskvaya köçür. 1929-cu ilədək Marksizm-Leninizm İnstitutunda məlumat şöbəsinin referenti, təşkilat şöbəsinin siyasi və elmi katibi vəzifələrində işləyir. 1925-ci ilin martında Xamovniki rayon komitəsi Rixard Zorgeni Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edir. Mətbuatda Zorgenin imperializmə qarşı mübarizə ruhlu əsərləri dərc olunmağa başlayır. O, “Versal sülh müqaviləsinin iqtisadi maddələri”, “Daues planı və onun nəticələri”, “Almaniya imperializmi” adlı məqalələr çap etdirir.

 

Xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunması Rixard Zorgenin həyatında yeni və daha mühüm bir mərhələnin başlanğıcı olur. Moskva şəhərinə gəldikdən qısa müddət sonra Zorge Beynəlxalq Kominternin Kəşfiyyat Bölməsində işə götürülür. Jurnalist adı altında “Ramzay”, “İnson”, “Zonter” ləqəbləri ilə Avropanın müxtəlif ölkələrinə göndərilir. Ona tapşırılan əsas işlərdən biri Avropada baş verə biləcək mümkün sosialist inqilabları haqqında ətraflı məlumat toplamaq idi. Zorge Avropada olan kommunist qruplarla əlaqələr yaratmalı və bu barədə mərkəzə müntəzəm şəkildə raport verməli idi.

 

1929-cu ildə Zorgeyə Qızıl Ordunun dördüncü bölməsində kəşfiyyat işi verilir və o, Böyük Britaniyaya göndərilir. Ona işçi hərəkatları ilə bağlı vəziyyəti öyrənmək, Böyük Britaniya Kommunist Partiyasının fəaliyyətini araşdırmaq tapşırılmışdı. Eyni zamanda, Zorgenin əsas vəzifələrindən biri krallığın sosial-siyasi vəziyyəti barədə raport hazırlayıb sovetlərə göndərmək olur. Həmin ilin noyabrında isə kəşfiyyatçı Almaniyaya göndərilir. Tapşırığa uyğun olaraq burada Nasional Sosialist Alman Fəhlə Partiyasının sıralarında solçu qanadın təkmilləşdirilməsi işinə başlayır. Zorge Almaniyada “Döyç Getrid Zeitunq” qəzetinin xüsusi müxbiri kimi də işləyir.

 

 

 

Jurnalist-kəşfiyyatçı

 

 

 

1930-cu ildə Rixard Zorgenin həyatının

 

 Çin dövrü başlanır. Onu “Frankfurter Zeitunq” qəzetinin müxbiri kimi Şanxay şəhərinə göndərirlər. Çində olduğu müddətdə başqa bir sovet agenti Maks Klausenlə tanış olur. Zorge Klausenlə yanaşı, alman xəfiyyəsi Ursula Kaçinski və amerikalı jurnalist xanım Aqnas Smedli ilə də müntəzəm görüşlər keçirir. Smedli öz solçu fikirləri ilə tanınan jurnalist kimi “Frankfurter Zeitunq” qəzeti üçün çalışırdı. Smedli vasitəsilə Zorge yapon jurnalisti və dövlət xəfiyyəsi Hotsumi Ozaki ilə tanış olur. Bununla da onun gələcəkdə Yaponiyada fəaliyyət göstərməsi üçün əlverişli zəmin yaranır.

 

Ömürlüyünü vərəqləyəndə onun bütün xarici əməliyyatlara jurnalist adı ilə getdiyini görürük. Bu da səbəbsiz deyildi. Avropada fəaliyyət göstərən tanınmış qəzetlərin xarici ölkələr üzrə xüsusi müxbirləri XX əsrin 30-cu illərində o qədər də diqqətdə deyildilər. Onların xarici ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşları ola biləcəklərini çoxları fərq etmirdi. Zorge də bu nüansdan maksimal şəkildə faydalanmağa çalışırdı.

 

Jurnalist kimi Çində fəaliyyət göstərdiyi illərdə o, ölkənin kənd təsərrüfatı və mədəniyyəti ilə yaxından tanış olur. Çin Kommunist Partiyasının tanınmış üzvləri ilə dostluq münasibətləri sayəsində ölkənin müxtəlif bölgələrinə səfərlər edir. Çin haqqında müfəssəl məlumatlar toplayır. 1932-ci ilin yanvarında Şanxay küçələrində Yapon və Çin qüvvələri arasında baş verən silahlı toqquşmalar barədə SSRİ mənbələrinə məxfi məlumatı məhz Zorge çatdırır.

 

Həmin ilin dekabrında onu Moskvaya geri çağırırlar. 1933-cü ilin əvvəlində Moskvaya gələn Zorge burada Çinin kənd təsərrüfatı ilə bağlı kitab yazmağa başlayır.

 

 

 

Yaponiya - 1933

 

 

 

Zorgenin həyat və fəaliyyətinin, demək olar, ən mühüm mərhələsi isə Yaponiyada fəaliyyət göstərdiyi illər sayılır. 1933-cü ildə onu yenə də jurnalist adı altında “gündoğar ölkə”yə yola salırlar. Məqsəd həmin ölkədə SSRİ üçün əhəmiyyətli olan kəşfiyyat məlumatlarının toplanması və ötürülməsi idi. Zorge Yaponiyada “Ramzay” kodadı altında fəaliyyət göstərir.

 

1933-1934-cü illərdə Rixard Yaponiyada xəfiyyə şəbəkəsi yaradır. Onun nəzarəti altındakı xəfiyyələrin dövlət qurumlarındakı bir çox şəxslərlə sağlam münasibətləri vardı. Bu münasibətlər bəzi dəyərli məlumatların əldə edilməsi üçün çox işə yarayırdı. Zorgenin əsas xəfiyyələrindən olan Hotsumi Ozaki Yaponiyanın o dövrdəki baş naziri Fumimaro Konoe ilə yaxın münasibətlərə malik idi. Hətta Zorgenin tapşırığı ilə Ozaki baş nazirin iş otağından gizli sənədin surətini əldə edib gətirmişdi.

 

Rixard qurduğu şəbəkəni məharətlə idarə edirdi. Onun SSRİ rəhbərliyinə ötürdüyü məlumatların dəyəri o dövrün qarışıq hərbi-siyasi mənzərisi fonunda misilsiz idi. Amma buna baxmayaraq, İosif Stalin Zorgeni o qədər də sevmirdi. Hətta ona güvənmədiyini yaxın çevrələrdə dilə gətirməkdən belə çəkinmirdi. Bunun əsas səbəbini Zorgenin alman mənşəli olmasında axtarmaq lazım gəlirdi. Ona görə də Stalin Zorgenin göndərdiyi məlumatları ciddi qəbul etmirdi. Cəsur kəşfiyyatçıya Moskvaya qayıtmağı da təklif edirdilər. Amma o dövrdə başlanmış repressiya dalğasından yaxşı xəbərdar olan Zorge fərqində idi ki, qayıtsa, onun da taleyi güllələnməyə göndərilənlərdən fərqli olmayacaq. Ona görə də Yaponiyada qalıb sovetlər üçün işləməyi daha üstün tuturdu.

 

Zorgeyə inamsızlıq isə az sonra Stalinə çox baha başa gəldi. Belə ki, 1940-cı ilin 27 sentyabrında kəşfiyyatçı Yaponiya, Almaniya və İtaliya arasında hərbi ittifaq haqqında üçtərəfli müqavilənin bağlanması haqqında məlumat verir. Noyabrın 18-də Mərkəzə Almaniya tərəfindən təcavüz planının hazırlanmasına dair xəbər də ötürür. Dekabrın 28-də Hitlerin təcavüzkar niyyətləri barədə və Sovet İttifaqı ilə həmsərhəd rayonlardakı alman diviziyalarının sayı barədə dəqiq məlumatlar təqdim edir. 1941-ci ilin martında isə Hitlerin Sovet İttifaqına hücum planları barədə Mərkəzi məlumatlandırır. Bundan bir neçə həftə sonra, mayın 21-də Almaniyanın Sovet İttifaqına qarşı topladığı orduların və diviziyaların sayı barədə səhih xəbər çatdırır. Hətta mayın 30-da Almaniyanın SSRİ-yə hücumunun dəqiq vaxtını xəbər verir. Müharibə başlandıqdan az sonra isə sentyabrın 6-da sovet rəhbərliyini əmin edir ki, Yaponiya Sovet İttifaqına hücum etməyəcək.

 

Stalin isə Zorgenin Almaniyanın hücum planı barədə göndərdiyi məxfi məlumatla tanış olanda onun ünvanına xoş olmayan ifadələr işlədir: “Məndən belə bir adama inanmağımı gözləyirsiniz?”, - deyə qəzəblə ətrafındakılara sual etmişdi. Yalnız cəmi 2 günlük fərqlə Hitler Almaniyası Barbarossa əməliyyatına başlayanda Stalin Zorgeyə inanmamaqda nə qədər böyük yanlışa yol verdiyini anlamışdı.  Əfsuslar olsun ki, artıq gec idi. Bu inamsızlıq hücumun ilk mərhələlərində milyonlarla sovet əsgərinin hazırlıqsızlığı ucbatından labüd ölümü ilə nəticələnmişdi.

 

Zorge hər dəfə məlumat ötürdükdən sonra Mərkəzdən səbirsizliklə cavab gözləyirdi. Mərkəz isə susurdu. Nəhayət, iyunun 12-də cavab gəlir. Məlumatı oxuyan Zorge yerindən sıçrayıb başını tutur. “Onlar inanmırlar, şübhə edirlər... Kim şübhə edir? Amma mən öz bocumu verdim...”, - deyir kəşfiyyatçı. Fəaliyyətini dayandırmayan Zorge Mərkəzə yeni bir məlumat göndərir: “Təkrar edirəm:150 diviziyadan ibarət 9 ordu iyunun 22-də sovet sərhəddinə hücum edəcəkdir! Ramzay”. Bu sonuncu xəbərdarlıq iyunun 17-də ötürülür. İyunun 22-də isə faşist Almaniyası müharibə elan etmədən, müqavilə öhdəliklərini pozaraq Sovet İttifaqına hücum edir, Barbarossa planı işə düşür. “Çətin zamanlar üçün ən yaxşı arzularımızı ifadə edirik. Biz hamımız burada öz işimizi inadla davam etdirəcəyik”,- deyir kəşfiyyatçı Zorge. Sarsıdıcı həyəcanlar keçirsə də Zorge yenə də təmkinli və fəal idi. O, nədənsə faşistlərin qələbəsinə inanmırdı.

 

 Göndərilən məlumatların dəyəri o zaman SSRİ üçün çox önəmli idi. Üçüncü Reyx qüvvələrinin sürətlə irəlilədiyi bir dövrdə imperiyanın Uzaq Şərqdə olan hərbi birləşmələrinin qərb ərazilərində yerləşən cəbhə bölgələrinə transfer edilməsi ilə sovetlər əlavə güc qazanmış oldu. Konkret olaraq 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən qərb cəbhələrinə köçürüldü. Həmin texnikanın və canlı qüvvənin xidmətindən 1941-ci ilin 2 oktyabr tarixində baş tutan Moskva uğrunda döyüşdə geniş istifadə olundu.

 

Zorge tərəfindən göndərilən digər mühüm məlumatın Stalinqrad döyüşünə təsir göstərdiyi ehtimal edilməkdədir. Zorge məxfi raportunda Yaponiya ordusunun Uzaq Şərqdən hücuma keçməsi üçün Üçüncü Reyxin Volqa sahillərində yerləşən hər hansısa iri bir şəhərini tutmasını gözlədiyini bildirmişdi.

 

Zorge yazırdı: “1941-ci il sentyabrın 15-dən sonra Sovet Uzaq Şərqinə Yaponiya tərəfindən hücum təhlükəsinin ləğv olunduğunu hesab etmək olar. Ramzay”.

 

Kəşfiyyatçı öhdəsinə böyük bir məsuliyyət götürürdü. İndi ona inanmalı idilər, inanmaya bilməzdilər...

 

 

 

“Ramzay” əməliyyatının sonu

 

 

 

Zorgenin özünün taleyi də faciəvi tamamlanmışdı. Kəşfiyyatçı bunu hələ sağlığında ikən gözəl anlayırdı və bilirdi ki, onun ölümü özxoşuyla olmayacaq. 1941-ci ildə üçüncü Reyxin Barbarossa əməliyyatına start verməsi Zorgenin Yaponiyada fəaliyyət sahəsinin daralması ilə nəticələnmişdi. Yapon və onlarla birgə işləyən alman mütəxəssisləri ölkə ərazisində SSRİ-nin maraqları üçün xidmət göstərən böyük bir cəsus şəbəkəsinin mövcudluğu barədə məlumatlı idilər. Cəsus şəbəkəsinin ifşa olunması və xəfiyyələrin saxlanılması üçün gizli işlər aparılırdı. Hər an, hər dəqiqə böyük təhlükələrdən xəbər verirdi. Nəhayət, başladılan əməliyyat qısa zamanda öz nəticəsini göstərir və Hotsumi Ozaki 1941-ci ilin

 

14 oktyabrında həbs olunur. Həbsdən dərhal sonra Ozakinin dindirilməsi başlanılır və bununla da Yaponiyada fəaliyyət göstərən böyük bir sovet casusluq şəbəkəsi ortaya çıxarılır. 4 gün sonra Rixard Zorge 1941-ci ilin 18 oktyabrında Tokioda həbs edilir.

 

Zorgenin sovet cəsusu olduğu müəyyənləşəndən sonra Yaponiyada yerləşən Alman səfirliyinin əməkdaşları və səfir başda olmaqla bir çox adam çaşqınlıq keçirir. Kəşfiyyatçı Zorge hər zaman özünü alovlu nasist kimi göstərmiş və Yaponiyada reyx üçün mühüm olan şəxslərin etimadını qazanmışdı.

 

Barəsində həbs qərarı çıxarılan Zorge Suqamo həbsxanasına göndərilir. Ağır işgəncələr altında o, xəfiyyə olduğunu etiraf etsə də SSRİ üçün işlədiyini inkar edir. O zaman Yaponiya SSRİ-yə müraciət göndərir: sovetlərin əllərində olan yapon casuslarını Zorge ilə dəyişməyə hazır olduqlarını bildirirlər. SSRİ tərəfindən verilən cavabda isə Rixard Zorge adlı birinin onlara məlum olmadığı göstərilir.

 

Beləliklə, 1943-cü ilin 29 sentyabrında Tokio məhkəməsi Zorgeyə ölüm hökmü çıxarır. Edam qərarı 1944-cü il noyabrın 7-də icra olunur. Zorgenin xidmətləri yalnız 20 il sonra öz layiqli qiymətini alır. 1964-cü il noyabrın 5-də ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir.

 

Sovet dövründə Zorgeyə həsr edilmiş şeirlərin birində o, “dünyanın oğlu” kimi tərənnüm edilirdi. Həqiqətən Rixard Zorge bütün dünyanın oğlu idi və faşizmə qarşı mübarizə aparan milyonlar sırasında o da Yer üzünü bu amansız faşizm fəlakətindən qorumağa çalışırdı.

 

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2021.- 9 may.- S.13.