BTC-dən başlanan yol geniş dəhlizlərə qovuşub

 

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri tam sistem kimi 15 ilə yaxındır - 2006-cı ilin ortalarından fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. Kəmərə ilk neft isə 16 il əvvəl vurulub.

2005-ci il mayın 25-də Səngəçal terminalındakı baş nasos stansiyasından  BTC-yə ilk neft axıdılaraq  kəmərin Azərbaycan hissəsi istifadəyə verildi. Bütün regionun həyatı üçün mühüm  əhəmiyyət kəsb edən bu hadisə ilə bağlı Bakıda və Səngəçalda keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etdilər.

BTC-ni üçüncü minilliyin nəhəng mühəndis qurğusu adlandırırlar. Çünki bütün Avrasiya məkanında mövcud olan analoji kəmərlər arasında öz unikallığı ilə seçilir. Bu kəmər haqlı olaraq dünya enerji təhlükəsizliyinin əsas elementlərindən biri sayılır.

Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçərək 1768 kilometr məsafə qət edən bu xəttin boruları bütün marşrut boyu torpaq altında basdırılmışdır. Bu da onun təhlükəsizliyini təmin edir. Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən səkkiz nasos stansiyası da var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə də Azərbaycanın ərazisində - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dörd stansiya Türkiyə ərazisindədir.

BTC-niÜç dənizin əfsanəsi”, yəni Xəzəri, Qara dənizi və Aralıq dənizini birləşdirən polad kəmər də adlandırırlar. O, eləcə də xalqları və ölkələri bir-birinə yaxınlaşdırır. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, TovuzAğstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin 9 rayonunda 1076 kilometrlik yol boyu uzanır.

BTC Ko.-nun səhmdarları bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), “Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), “EksonMobil” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

Əməliyyatçı olan bp-nin məlumatına görə, BTC istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 482 milyon ton (3,62 milyard barel) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 4729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Ceyhan terminalında cari ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş 6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neftkondensat 70 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC, əsasən, Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti və “Şahdəniz”in kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neftkondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Əvvəlcə boru kəməri gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilmişdi. 2006-2009-cu illər ərzində onun ötürmə qabiliyyəti bu cür də qalmışdı. 2009-cu ilin mart ayında kəmərin gündəlik ötürmə qabiliyyəti 20 faiz artırıldı və 1,2 milyon barel təşkil etdi.

İllər keçir, Azərbaycan yeni, daha qlobal layihələri reallaşdırır. Bununla belə, BTC getdikcə daha böyük əhəmiyyət kəsb edir. Əvvəla ona görə ki, təkcə ölkəmizə deyil, bütün regiona gəlir, xeyir-bərəkət gətirir. Kəmər istismara veriləndən sonrakı illərdə ölkəmiz böyük həcmdə valyuta ehtiyatları əldə edib. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəldib.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan kəmərini daim yüksək dəyərləndirir. Bu kəmərin çəkilişini tarixi hadisə adlandıran dövlət başçısı demişdir: “Əgər o kəmər olmasaydı, Azərbaycan öz neftondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi.  Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir”.

BTC-dən başlanan yol geniş dəhlizlərə qovuşub. Bu kəmərin istifadəyə verilməsi ilə qazandığı uğur və təcrübə Azərbaycana Avropanın enerji xəritəsini yenidən çəkməyə imkan verib.

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 20 may.- S.1;5.