Ermənistanda seçkiqabağı qarşılıqlı ittihamlar kəskinləşir

 

 

Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi proeslər daha kəskin xarakter almağa başlayır. Təhlillər göstərir ki, ölkədəki siyasi qüvvələr hazırda xalq arasında o qədər də böyük dəstəyə malik deyillər. Elə bu səbəbdən də onlar bir-birilərinə qarşı müxtəlif ittihamlar səsləndirərək gündəmdə qalmalarını təmin etməyə çalışırlar.

Bu xüsusda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan müxtəlif siyasi qüvvələr tərəfindən ciddi ittiham hədəfidir. Hətta bu günlərdə erməni mediası belə bir iddia səsləndirmişdi ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan yaxın günlərdə gizli şəkildə ABŞ-a gedəcək. “Məlumatı və səfərin detallarını gizli saxlamağa çalışırlar. Akopyanın budəfəki Amerika səfəri erməni icması ilə təmaslara hesablanmayıb. O, sorosçular, hətta Suriya icmaları ilə görüşlər keçirəcək, onların ölkəsi ilə bağlı gələcək planlarını öyrənəcək. Bundan əlavə, mənbəmiz Akopyanın ABŞ-da bir malikanə almasını da söyləyib. Hətta onun eyni zamanda başqa bir adla Amerika vətəndaşlığını əldə etməsi də deyilir. Mənbəmizin verdiyi məlumata görə, Akopyan övladları üçün də vətəndaşlıq alıb. Lakin onların öz adları ilə, yaxud da anası kimi başqa bir kimliklə buna nail olmasını öyrənə bilmədik”, - deyə erməni mediası yazır.

KİV iddia edir ki, hadisələrin hazırkı gedişatı nəzərə alınsa, Paşinyan ailəsi onlar üçün ən azı ciddi baş ağrısına çevrilən Ermənistandakı daxili siyasi vəziyyətdən, Qarabağ və sərhəd məsələlərinin gərginliklərindən uzaq olmaq üçün dinc və etibarlı gələcəyə hazırlaşır. Xatırladaq ki, qışda da erməni mediası Anna Akopyanın ailəsi ilə Moskvaya gizli gedərək istirahət etməsi barədə xəbər yaymışdı. Sonradan məlumatın doğruluğu üzə çıxmışdı.

Bununla yanaşı, Paşinyan Zəngəzur məsələsində də rəqiblərinin tənqid hədəfidir. O, Zəngəzuru Azərbaycana satmaqda ittiham edilir. Məsələn, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan bildirir ki, Paşinyanın Ermənistanın maraqlarını müdafiə etdiyinə dair heç bir zəmanət yoxdur: “Buna görə də mənim fikrimcə, Zəngəzurda bir dəhliz olacaq”.

Daha sonra o, Təhlükəsizlik Şurasının iclasında Nikol Paşinyanın Zəngəzurla bağlı danışıqların bitmədiyini və Ermənistanın Zəngəzur dəhlizini heç vaxt müzakirə etmədiyini və bundan sonra da etməyəcəyini söyləməsini şərh edərək deyib: “44 günlük müharibə əsnasında hər gün qazanacağımızı söylədi, ancaq sonra nəinki qazanmadığımızı deyil, hər şeyi itirdiyimizi ortaya çıxardı. Bizə elə gəlir ki, gedən proseslər Zəngəzurda son dərəcə çətindir, əslində isə sadə bir həll yolu var - Nikoladan qurtulun”.

Zakaryan qeyd edir ki, kapitulyatorun baş nazir postunda qalması, danışıqlar proseslərinin imitasiyası tədricən Ermənistanda təhlükəsizliyi zəiflədəcək. Bunlar gözlənilən reallıqlardır: “Məğlubiyyət müharibəsi, bu, qəsdən uğursuzluğa məhkum bir müharibə idi. Siyasi hakimiyyət uğursuz oldu, xalqordu yox. Eyni siyasi hakimiyyət uğursuzluqlar zəncirini Ermənistanın təhlükəsizlik zonasına köçürdü”.

O, eyni zamanda erməni xalqının ölkənin ərazisi ilə bağlı aparılan danışıqların məzmunu barədə məlumatlarının olmadığını vurğulayıb.

Erməni müxalifəti bildirir ki, Paşinyanın Zəngəzur məsələsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ümidləri də hakimiyyət tərəfindən heç edilib.  Keçmiş hərbi xuntanın təmsilçisi  Robert Koçaryan bu xüsusda bildirir: “Sən dünya ilə bir qışqırırsan ki, qoy Qazaxıstan, Qırğızıstan gəlsin, Azərbaycanı geri qaytarsın. Sən haradasan? Niyə elə alınıb ki, KTMT çərçivəsində hamı təşkilata üzv olmayan Azərbaycanla Ermənistandan daha yaxşı münasibətə sahibdir? Bu sadə sualın cavabını verməlidirlər, yoxsa yox? Niyə Belarus, Qazaxıstan və digər ölkələr Azərbaycanla daha yaxşı münasibətə sahib olmalıdır? İndi sən onlara müraciət edirsən, onlar niyə səni müdafiə etməlidirlər? Sərhəddə dayanmamısan, öz sərhədini müdafiə etmirsən, KTMT-yə müraciət edirsən və bunu xalqa qəhrəmanlıq kimi göstərirsən ki, təşkilata  müraciət etdim”.

Koçaryanın sözlərinə görə, dövlətin əsas funksiyalarından biri olan təhlükəsizliyin təmin edilməsi bu gün, sadəcə, zarafata çevrilib. Ermənistanın ikinci prezidenti sərhəd böhranı və Zəngəzurda baş verən hadisələrin mümkün inkişafları haqqında deyib: “Ölkənin sərhədlərini möhkəmləndirmək istiqamətində heçedilmir. Əgər sən sərhədə sahibsənsə, öz silahlı qüvvələrinlə müdafiə etməlisən. Bunun üçün sənin mövqelərinin harada olduğunu başa düşmək lazımdır. Düşünürəm ki, bizdən ilk növbədə sərhədlərin demarkasiya edilməsini tələb edəcəklər və bu sərhədləri tanımağa məcbur edəcəklər. Daim hansısa bir şeyi imzalamağa məcbur edəcəklər. Bunlar çökmüş insanlardırlar və əminəm ki, hər hansı müqavimət olmayacaq. Bu anda ən ciddi problemimiz müqavimət göstərmək üçün yeni resursun tamamilə yoxluğudur”.

Elə eyni arqumentlə də Paşinyan rəqiblərini sıradan çıxarmağa çalışır. O, Azərbaycanla sərhəddə yaranmış gərginliyə, onun həlli yollarına toxunarkən bu fonda maraqlı açıqlamalar verib.  Paşinyan Ermənistanın özündə Azərbaycanın xeyrinə fəaliyyətin aparıldığını iddia edib: “Ermənistanda Azərbaycanın informasiya müharibəsinin agentləri var, onların adını, soyadını da çəkmək olar. Bu şəxslər 2020-ci ildə Azərbaycan Prezidentini Ermənistan ərazisinə basqına dəvət etdilər, bundan öncə Ermənistan ərazisinə haradan girməyin mümkün olduğunu göstərdilər. İndi isə Azərbaycanın təbliğat tezislərini Ermənistan cəmiyyətində yayırlar.  Regionda kommunikasiyanın açılması bizim siyasi gündəmimizdə durur, amma bunun dəhliz təbliğatıyla heç bir əlaqəsi yoxdur. Hazırda Azərbaycanda və Ermənistanda konkret siyasi dairələr bu məsələni təbliğ edirlər”.

Bütün bunlar Ermənistanda gərgin siyasi vəziyyətin hökm sürdüyünü və qarşılıqlı ittihamların getdikcə daha da kəskinləşdiyini göstərir.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 20 may.- S.1;7.