Yeniyetmələri intihardan necə qoruyaq?

 

Sosial şəbəkələrin və medianın sensasiya ardınca qaçması bu bəlanın kütləviləşməsinə böyük təsir göstərir

 

 

 

Ata naləsi

 

 

“Balalarımıza, gələcəyimizə qarşı terror var, bunun səbəbini mütləq müəyyən etməliyik, hər birimiz birləşib bunu dayandırmalıyıq.

...Hər kəsin əlində bir telefon var. Mobil telefonlar gənclərimizin düşməni və onların silahıdır...

...Uşaqlarınıza sahib çıxın və onları uğursuzluqda günahlandırmayın. Bütün ata-analara çağırış edərək “gəlin, birlikdə intihara “dur” deyək” söyləyirəm”.

Bu sözlər nisgilli, yanğılı, param-parça olmuş bir atanın sosial şəbəkələrdə ağlaya-ağlaya çəkdiyi nalədir...

Binəqədidə yaşadığı binanın 15-ci mərtəbəsindən özünü atan, yetkinlik yaşına çatmamış İsa Alməmmədovun atası İlham Alməmmədov oğlunun ölümündən sonra cəmiyyətin diqqətini bu sosial bəlaya çəkmək üçün ard-arda çağırışlar edir...

Bir müddət əvvəl “Tanınmış şair Rüstəm Behrudinin qardaşı oğlu intihar etdi” xəbəri ilə mətbuatın gündəmində olan İsa Alməmmədov maddi təminatı yüksək olan ailənin övladı idi, Bakının ən nüfuzlu özəl məktəblərindən birində təhsil alırdı, çevrəsində yüksək intellektual səviyyəsi ilə fərqlənirdi.

Yəni intihar deyilərkən ağıla gələn ilk səbəb - maddi çətinlik bu hadisənin baş verməsinin əsas səbəbi olmayıb.

Onda yetkinlik yaşına çatmamış, həyatın acısını, şirinini hələ dadmamış bir uşağın ömrünün belə faciəli bitməsinə səbəb nədir?

Təəssüf ki, bu faciə yalnız İlham Alməmmədovun ailəsində yaşanmır. Ölkəmizdə hər il onlarla ailə bu faciə üzündən uşağını itirir.

 

 

 

Dünyada il ərzində 67 min yeniyetmə özünü öldürür

 

 

İntihar bütün dünyada insanların, xüsusilə gənclərin vaxtından əvvəl ölümünə səbəb olan əsas amillərdən biridir. Hər il dünyada orta hesabla 800 min insan intihar edir, o cümlədən 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir.

Dünyada hər 40 saniyədən bir hansısa şəxs intihar haqqında qərar verir və ya intihar edir.

İntihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depressiya təşkil edir. Ümumiyyətlə isə depressiya keçirən insanların 15%-i intihar edir. İntiharın 41%-nin səbəbi məlum deyil, 19%-i cəzalanma qorxusuna, 18%-i ruhi xəstəliyə, 18%-i evdəki məhrumiyyətlərə, 6%-i ehtirasa, 3%-i pul itkisinə, 1,4%-i həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə baş verir.

Hazırda 15-29 yaşlı gənclər arasında ölümün ikinci səbəbi intihardır.

 

 

 

Azərbaycana gəldikdə...

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyir ki, ölkəmizdə 2020-ci ildə yetkinlik yaşına çatmayan şəxslər arasında özünü öldürmə və özünü öldürməyə cəhd hadisələrinin sayı 65 olub. Onların 37-si özünü öldürmə, 28-i isə özünü öldürməyə cəhd imiş.

Bu rəqəmlərin 2018 və 2019-cu illərlə müqayisədə az olduğunu deyən komitə rəsmisi bildirir ki, 2018-ci ildə yetkinlik yaşına çatmayan şəxslər arasında özünü öldürmə və özünü öldürməyə cəhd faktlarının sayı 81, 2019-cu ildə 71 olub.

Elgün Səfərovun sözlərinə görə, məişət zəminində baş verən, eləcə də ölümlə bitən intiharların sayı azalıb. O, saydakı azalmaları mexanizmlərin daha yaxşı işləməsi ilə izah edib.

Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılovun fikrincə, Azərbaycanda intihar hallarının sayı çox deyil. Ölkəmizdə hər 100 min nəfər əhaliyə düşən intihar hallarının sayı 4,5-5 olduğu halda, ABŞ-da bu rəqəm 19, Almaniyada 8, İngiltərədə 11, İsveçrədə 10-a yaxındır.

Mərkəz direktoru qeyd edir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da kişilər arasında intihar halları qadınlar arasında baş verən intiharlardan iki dəfə çoxdur. Kişilər daha çox tamamlanmış intiharlar etsələr də, qadınlar yaxınlarını hədələmək məqsədilə özlərini öldürməyə əsasən cəhd edirlər.

 

 

 

Uşaqlar 15-16 yaşdan sonra daha çox intihar edirlər

 

 

 

Fuad İsmayılov deyir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeniyetməlik dövrünədək - 15-16 yaşadək olan uşaqlar arasında intihar halları az olur, bu yaşdan sonra isə artır.

Onun sözlərinə görə, yeniyetmə yaşlarında intihara cəhd səbəbləri arasında ilk yerdə romantik münasibətlər, ikinci yerdə abituriyentlik dayanır: “15-17 yaşlı yeniyetmə gərgin və stresli dövr keçirir. İstədiyi nəticə olmayanda bəzən bunu qəbul edə bilmir. Bəzilərinə qoyulan tələbləri yerinə yetirə bilmədiyi üçün ailəsi ona qarşı təzyiq göstərir. Nəticədə psixoloji durumu normal vəziyyətdə olmayan yeniyetmə intihar yolunu seçir”.

Fuad İsmayılov əlavə edir ki, intihara digər səbəb uşaqların keçid dövrü problemidir. Həmin müddətdə uşaqların müstəqillik arzusu baş qaldırır ki, bu zaman ailədə valideynlə uşaq arasında tez-tez konfliktlər ortaya çıxır: “Hətta çox xırda məsələlər üstündə evdə ciddi söz-söhbət yaranır. Məsələn, uşaq bahalı telefon istəyir, valideyn isə onu almağa imkanının olmadığını bildirir. Bu kimi hallarda uşaqlar valideynlərinin acığına, onları cəzalandırmaq üçün intihar edirlər”.

Hazırda iki əsas tip yanlış valideyn davranışının olduğunu deyən mərkəz direktoru əlavə edir ki, birinci tipə aid olanlar övladlarının maddi təminatını ödəməklə işini bitmiş hesab edir, problemləri ilə maraqlanmır, qayğısına qalmırlar. Digər tip valideynlər isə uşaqlarını həddən artıq sıxırlar, onlarla çox ciddi rəftar edir, lazımsız qadağalar qoyurlar və s.

 

 

 

İntiharlar daha çox ailələrdəki problemlər üzündən baş verir

 

 

Elgün Səfərov hesab edir ki, Azərbaycanda uşaqlar arasında intiharlar daha çox ailələrdəki problemlər üzündən baş verir. Valideynlərin alkoqol içkilərdən, narkotik maddələrdən istifadəsi, uşaqlara etinasızlıq göstərilməsi, onlara qarşı sui-istifadə hallarına yol verilməsi, təhsildən yayınma, psixoloji duruma təsir edən digər halların baş verməsi intihara gətirib çıxaran səbəblərdəndir:

“Biz belə hallarla daha çox rastlaşırıq - oğlan və qız uşaqları ailədə zorakılıq hallarının şahidi olandan 1-2 ay sonra özlərini öldürməyə cəhd edirlər. Bəzi hallarda valideynlər öz üzərlərinə düşən məsuliyyəti yerinə yetirmirlər. Belə ailələrdə böyüməkdənsə, daha yaxşıdır ki, uşaqlar dövlət müəssisələrində böyüsünlər, təhsillərini tam alsınlar. Düzdür, əsas prinsipimiz uşaqların ailələrdə böyüdülməsinin təmin edilməsidir. Ancaq uşaqların sui-istifadə edildiyi, fiziki və psixoloji təzyiqlərin göstərildiyi ailələrdəki uşaqların internatda böyüdülməsinin tərəfdarıyıq”.

 

 

 

Virtual aləmin intiharlara təsiri

 

 

 

Elgün Səfərov qiymətləndirmələrə əsasən deyir ki, intihar hadisələrinin 60 faizi kişilər arasında baş verir. Bunun səbəbi psixoloji, sosioloji məsələlərlə yanaşı, həm də virtual aləmə bağlılıqdır: “Çox təəssüf ki, yeni nəsil gənclər uşaqlarının tərbiyəsi ilə düzgün məşğul olmurlar. Valideynlər oğlanların qarşısına planşet və ya telefon qoyaraq ya “sən bu mühit içində yaşa” deyirlər, ya da televizoru qoşurlar ki, 8 saat cizgi filminə baxsın. O uşaq orada nə görəcək?! Ən böyük problem odur ki, bunu 1 yaşdan edirlər”.

Komitə rəsmisi hesab edir ki, uşaqların tərbiyəsi ilə analarla yanaşı, atalar da məşğul olmalıdır və onların tərbiyədəki rolu bərabərləşməlidir. Valideynlər uşaqları ilə müzakirələr aparmalı, problemlərini, sirlərini öyrənməlidirlər: “Kişilərin uşaqlarına vaxt ayırması ilə bağlı çox böyük problemlər var. Uşaqlar üçün məhdudiyyətlər qoyulmamalıdır, valideynlər onlara daha çox seçim yaratmalıdırlar. Regionlarda daha çox streotipli məhdudiyyətlər var. Orada bəzi hallarda oğlan uşaqları təsərrüfatlarda işlərə cəlb edildiyindən orta təhsildən kənarlaşdırılır. Bunun qarşısı get-gedə alınır, amma bu sahədə problemlər hələ də var”.

Elgün Səfərov bildirir ki, hər hansı uşağın psixoloji dəstəyə ehtiyacı varsa, 860 “Qaynar xətt”inə, yaxud dövlət komitəsinin 4937039 nömrəsinə zəng edərək yardım ala bilər.

 

 

 

İntiharların sensasiyalı formada işıqlandırılması təqlidi intiharların sayını artırır

 

 

Bəzən kiminsə intihar, yaxud intihara cəhd etməsi saytlar və televiziyalar vasitəsilə cəmiyyətə sensasiyalı bir xəbər kimi ötürülür. Tamaşaçıların, oxucuların sayının artırılması üçün bunu ən münasib yol sayan televiziya və saytlar xəbərin sensasiyalı formada təqdimatının təsirlərinin mahiyyətinə varmadan intiharla bağlı kiçik detalların üzə çıxarılması üçün sanki yarışa girirlər. Bəzən isə informasiyanın baxımlılıq sayının artırılması üçün bu faciənin anbaan lentə alındığı videomateriallar da informasiyaya əlavə edilir və “intihar etdiyi anın görüntüsü” başlığı ilə həmin dəhşətli an oxucuların yaddaşına silinməz formada həkk edilir.

Detallara bu qədər varmanın sözsüz ki, yalnız mənfi təsirləri olur.

Hələ mənasını tam başa düşmədiyi intihar sözünü ilk dəfə saytdan oxuyan və ya televiziyadan eşidən uşaq ölüm haqqında fikirləşməyə başlayır, uşaq ağlı ilə ölümün labüdlüyünü dərk edərək pessimizə qapılır, “lazım olduğu” zaman isə onu tətbiq etməyə çalışır.

İntihar halları barədə durmadan məlumat verən KİV nəzərə almır ki, bu cür informasiyalarla psixoloji problemlərlə üzləşən insanların yadına dolayı yolla intihar fikirlərini salırlar. Beləliklə, cəmiyyətdə intihara meyilləri artırırlar.

Aparılmış təqdiqatlar da sübut edir ki, intihar və intihara cəhd hallarının sensasiyalı xəbər kimi ötürülməsi intihar hallarının sayının artmasına təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatların nəticələrinə əsasən  açıqladığı məlumatlara görə, xəbərlərin süjetləri də daxil olmaqla, kütləvi informasiya vasitələri tərəfindən intiharların sensasiyalı formada işıqlandırılması “Verter effekti” adlandırılan təqlidi intiharların sayının artmasına gətirib çıxarır. Belə təqlidi davranışlara xəbər süjetləri ilə yanaşı, intihar səhnələrinin nümayiş olunduğu filmlər, onlayn translyasiyalar da səbəb ola bilər.

ÜST hesab edir ki, bu cür səhnələrin təsirinin gücü insanın sosial-demoqrafik statusundan və digər xarakterindən asılıdır. Bu halda qeyri-stabil vəziyyətdə olan şəxslər, xüsusilə cavanlar özünü intihar edən personajla müqayisə etməyə və özündə neqativ davranışlar axtarmağa meyilli olurlar.

Xatırladaq ki, 2007-ci ildə Azərbaycanda 8 yaşlı uşaq İraq prezidenti Səddam Hüseynin edamına baxandan sonra onu təqlid edərək özünü evdə asmışdı. Bir müddət intihar üsulu kimi özünü asmadan daha çox istifadə edilirdisə, son dövrlərdə intiharların üsulu dəyişib və hündürmərtəbəli binalardan özünü atmaya daha çox üstünlük verilir. Bütün bunlar da təqlidi intiharların nəticəsi kimi dəyərləndirilə bilər.

 

 

 

İntihar xəbərlərinin və videolarının yayılması qadağan edilsin

 

 

 

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb üzrə elmlər doktoru Zəfər Əliyev bu fikirdədir ki, intiharlarla bağlı məlumatların cəmiyyətə çox ötürülməsi olduqca təhlükəli tendensiyadır:

“Bizim ölkədə də təqlidi intiharları tez-tez müşahidə edirik. Görürsən ki, bir intihar hadisəsindən sonra bir ay ərzində dalbadal bir neçə intihar baş verir. Onların əksəriyyəti də eyni üsulla olur. Çox təəssüf ki, bununla əlaqədar hər hansı təsiredici tədbirlər görülmür. Halbuki bu halda görülməsi vacib olan effektiv metodların nələr olduğu məlumdur. Effektiv metodlardan birini Avstriyada tədbiq ediblər. 1987-ci ildə Vyana şəhərinin Böhran Yardım Mərkəzi bu problemin həll olunma yolunu təklif etdi. 1980-ci illərdə metropolitendəki intihar sayının çox artmasından sonra Vyana metrosu intiharla bağlı məlumatların cəmiyyətdə yayılmamasına qərar verdi. Bunun nəticəsində metroda intiharların sayı bir ay ərzində demək olar ki, üç dəfə azaldı. O vaxtdan sonra Avstriya mətbuatı bu cür faciəli hadisələrin işıqlandırılmasını qadağan etdi”.

Professorun fikrincə, Azərbaycanda da intihar hadisələrinin işıqlandırılmasının qadağan edilməsi milli təhlükəsizlik məsələsi olaraq, prioritet hesab edilməlidir. Bunun baş verməsi ölkədəki intihar hadisələrinin sayının xeyli azalmasına səbəb olar.

Fuad İsmayılov düşünür ki, Azərbaycanda intihar haqqında informasiyalar mətbuat tərəfindən faciə kimi deyil, maraqlı bir xəbər kimi verilir. Professorun qənaətincə, son illərdə intiharların insanlar, xüsusilə uşaq və gənclər arasında baş verməsinə birbaşa intihar anlarını göstərən videoların cəmiyyətdə geniş yayılması çox mənfi təsir edir.

Onun sözlərinə görə, belə videolarda kimlərinsə hündürmərtəbəli binaların damına çıxıb özünü atmaq istəməsini görən bəzi şəxslər bu halı təqlid edirlər. Fuad İsmayılov təklif edir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu cür videoların yayılması qadağan edilsin.

 

 

 

İntihar xəbərlərində detallı təsvirə ehtiyac yoxdur

 

 

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, professor Akif Rüstəmov qeyd edir ki, KİV-də intihar hallarının işıqlandırılmasının normal olub-olmamasına birmənalı olaraq “normaldır” və ya “normal deyil” demək olmaz: “İntihar xəbərlərini nəzərə çarpdırmaq üçün onu daha çox əsas xəbər kimi təqdim edirlər. Sirr deyil ki, oxucu da, tamaşaçı da mənfi emosiyalı xəbərlərə üstünlük verir. Jurnalistlər də bunu nəzərə alıb belə xəbəri tirajlayırlar”.

Akif Rüstəmov hesab edir ki, jurnalistikanın funksiyalarından biri bilgiləndirmək-xəbərləmək olduğu üçün KİV oxucuları intihar xəbərləri ilə tanış etməlidir: “Bəs onlar belə xəbərləri necə işıqlandırmalıdırlar? Belə acı, ürək ağrıdan xəbərlərə bər-bəzək vermək olmaz. İntihar edənin damdan düşdüyünü, yerdəki vəziyyətini, sifətini, xüsusilə də qanı göstərmək olmaz. Sadəcə hadisə haqqında məlumat vermək lazımdır, detallı təsvirə ehtiyac yoxdur. Orta məktəb şagirdindən tutmuş ağsaqqalın da etdiyi intiharın kökündə nə dayanır? Səbəbsiz intihar yoxdur. İntihar edənlərin hamısı ruhu xəstə ola bilməz. Bunun səbəbini araşdırıb öyrənmək lazımdır. İntihar hadisələrinin sayı əlaqədar təşkilatları hərəkətə gətirməlidir. Depressiyada olan insanlara kömək etmək lazımdır. Yaxşı olmazmı ki, sosial çarxlar hazırlansın, telekanallarda psixoloqların iştirakı ilə maarifləndirici verilişlər təşkil olunsun?!”

Akif Rüstəmov əlavə edir ki, kriminal mövzu üzrə yazı hazırlamaq jurnalistdən peşəkarlıq tələb edir. Jurnalistlər belə mövzulara olduqca həssas yanaşmalı və onu hazırlayarkən düzgün ifadələr işlətməlidirlər: “Bəzən xəbərlərə elə başlıqlar qoyulur ki, onlar cəmiyyətimizdə birmənalı qarşılanmır. Çünki olay Azərbaycan mentalitetinə yaddır və belə hadisə nadir hallarda olur. Məsələn, “Qız anasını boğub öldürdü” və ya “Ana üç övladını öldürdü” və s. Belə hadisələr haqqında məlumat verərkən çox diqqətli olmaq lazımdır. Qəzetlərimizdə, xüsusilə də sosial şəbəkələrdə kriminal aləmin tanınmış nümayəndələrinin təmtəraqlı təsviri yolverilməzdir”.

 

 

 

İntiharların qarşısının alınması üçün televiziya və kino istehsalçılarına tövsiyə olunan yollar

 

 

 

ÜST qeyd edir ki, bir çox ölkələrdə filmlərin və teleproqramların yaşlar üzrə təsnifatlaşdırılması aparılarkən orada seks, zorakılıq hallarının tətbiqi, nalayiq sözlərin və ifadələrin, eləcə də narkotik maddələrdən istifadə edilmə vəziyyəti qiymətləndirilir. Lakin filmlərin təsnifatıyla məşğul olan orqanlar nadir hallarda intihar mövzusunun əks olunma vəziyyətinə diqqət yetirirlər.

Qurumun qənatinə görə, telekanallar ictimai rəyə təsir etməklə intiharların qarşısının alınmasında rol oynaya bilərlər. İntihar böhranının öhdəsindən gəlməyə həsr edilmiş süjetlər tamaşaçı auditoriyası arasında intihar riskini aşağı sala bilər. Televiziyaların əhatəliliyi dəstək yollarının nümayişi ilə tamaşaçılar arasında optimist münasibətlərin formalaşmasına imkan verir.

ÜST intiharların qarşısının alınması üçün televiziyalara, kino istehsalçılarına, ilk növbədə, intiharın aktlarının nümayişindən və ya onu etmə üsullarından çəkinməyi tövsiyə edir. O, təlimatlarında açıqlayır ki, intiharın aktının göstərilməsi intihar təqlidini təşviq edə bilər. Bununla yanaşı, intihar edənin cəsədinin nümayişinə də yol verilməməlidir.

Kinomatoqrafistlərə tövsiyə edilir ki, auditoriyaya personajın özünü öldürdüyü və ya öldürmə cəhdi alternativ yollarla izah edilsin. Bu fakt intihar edənin yaxınlarları tərəfindən açıqlana bilər. Amma bu halda da intihar üsulu təsvir edilməməlidir, onun təfərrüatlarının açıqlanması tövsiyə edilmir.

Süfetlər, filmlər, tamaşalar hazırlanarkən intiharın insanlara necə təsir etdiyi mütləq nəzərə alınmalıdır. Süjetlər real həyatlardan götürülməli, problemlərin öhdəsindən gələn personajlara, yaşamağa davamlılığı artıran hekayələrə üstünlük verilməlidir. Tamaşaçıya izah edilməlidir ki, intihara səbəb olan risk amilləri çox olsa da, onların mövcudluğu mütləq intihara gətirmir və bu vəziyyətdən çıxış yolları var.

Mürəkkəb psixoloji vəziyyətlərlə üzləşən insanların yardım məqsədilə dəstək xidmətlərinə müraciət üsulları təsvir edilməlidir. Tamaşaçı buna inandırılmalıdır ki, dəstəyə ehtiyac olduğu zaman dostlar, qohumlar və başqa insanlar ona yardım edə bilər.

Filmlərin, televiziya verilişlərinin, internet-translyasiyalarının məzmunun xüsusiyyətləri haqqında xəbərdarlıq yerləşdirilməlidir.  Yaşı 18-dən az olanlara materiallara valideynləri ilə birlikdə baxmaq məsləhət görülməlidir.

 

 

 

Silah və bəzi dərmanlara çıxışı azaltmaq lazımdır

 

 

 

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi Alessandro Frakassettinin fikrincə, qlobal səviyyədə intiharların qarşısının alınması üçün silah və bəzi dərmanlara çıxışı azaltmaq, məktəblərdə düzgün maarifləndirmə, ictimaiyyətin düzgün məlumatlandırılması, hüquq mühafizə orqanlarının təlimatlandırılması lazımdır.

İntiharların əksəriyyətinin böhran vəziyyətlərində baş verdiyini vurğulayan BMT nümayəndəsi hesab edir ki, intiharlara fövqəladə hal kimi yanaşılmalıdır: “İntiharların qarşısının alınmasına sərmayələr yatırılmalıdır. Vaxtında müdaxilə olunarsa, onun qarşısını çox az xərclə almaq olar. Bu hadisələrə cəmiyyət də reaksiya verməlidir”.

Cəmiyyət intihar edənə xəstə insan kimi baxmamalıdır. Xəstə olmayan insanlar da intihar qərarını verir, bir çox hallarda o, insanın psixoloji durumundan asılı olur. Şəxs bu gün intihar etmə qərarına gəlsə də, sabah onu dəyişə bilər. Bunu Fuad İsmayılov da deyir.

İntihar baş verdikdən sonra onun səbəbləri haqqında söylədiklərimiz yalnız mülahizələr və ehtimallar ola bilər. Dəqiq səbəbləri isə intihar baş verməmişdən əvvəl, bu yola doğru irəliləyərkən müəyyən etmək və ona qarşı lazımi tədbirlər görmək olar. Bunun üçün həm ailə, həm də müvafiq qurumlar öz üzərlərinə düşən vəzifəni lazımınca yerinə yetirməlidirlər.

Bunu etməliyik ki, sonradan peşmanlıq çəkməyək, İlham Alməmmədov və digərlərinin üzləşdikləri faciələri bir daha yaşamayaq...

 

          

İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 20 may.- S.1;6.