Luici Di Maio: Azərbaycanla İtaliya arasında əlaqələr
yüksək səviyyədədir
Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 19-da İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, L.Di Maio Milli Məclisin sədri ilə
görüşdən məmnun olduğunu bildirib və Azərbaycanla
İtaliya arasında əlaqələrin yüksək səviyyədə
olduğunu vurğulayıb. Bu əlaqələrin
inkişafında parlament
diplomatiyasının rolunu yüksək
qiymətləndirən nazir parlamentlərarası
dostluq qruplarının fəaliyyətini
təqdir edib, parlament
nümayəndə heyətlərinin yüksəksəviyyəli
qarşılıqlı səfərlərinin əhəmiyyətini
vurğulayıb. O, bu əlaqələrin
ölkələrimiz arasındakı münasibətlərə
müsbət töhfə verdiyini bildirib.
Nazir
diqqətə çatdırıb ki, Sahibə Qafarovanın
başçılığı ilə parlament nümayəndə
heyətinin Romada keçirdiyi görüşlərin sayı
İtaliyada Azərbaycanın dostlarının
çoxluğuna dəlalət edir.
Milli Məclisin sədri Sahibə Qafarova səmimi görüşə görə təşəkkürünü bildirib, Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin marağında olduğunu diqqətə çatdırıb. O, İtaliyanın Azərbaycan üçün dost ölkə və strateji tərəfdaş olduğunu bildirib.
Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafı üçün böyük potensial mövcuddur.
Milli Məclisin sədri iki ölkənin qanunverici orqanları arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, qarşılıqlı səfərlərin bu əlaqələrin daha da genişləndirilməsinə imkan verdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2021.- 20 may.- S.2.