Ümumxalq sevgisindən yaranan əsər

 

 

Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev haqqında məqalə və ya kitab yazmaq nə qədər xoşdursa, bir o qədər də məsuliyyətlidir. Bu mənada tələb olunan meyarları yüksək səviyyədə özündə doğruldanXilaskarlar” kitabı oxucular və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Kitabın müəllifi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev xalqın tarixi müqəddəratında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyev epoxasına və Prezident İlham Əliyev erasına dair müşahidələrini  elmi-publisistik dillə qələmə almışdır. Əsərin ana xəttini  Ulu Öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti və respublikamıza qazandırdıqları böyük zəfərlərin nümunəsində azərbaycançılıq ideyaları təşkil edir. Yüksək idarəetmə təcrübəsinə malik Heydər Əliyevin çevik, təmkinli və uzaqgörən siyasi gedişləri sayəsində XX əsrin 90-cı illərində xalqımız vətəndaş qarşıdurmasından, dövlətin parçalanmasından qurtuldu. Kitabda bu xilaskarlıq missiyası tarixi hadisə kimi dəyərləndirilir.

Əsər iki bölümdən ibarətdir: birinci bölüm Ulu Öndər Heydər Əliyevə, ikinci bölüm isə onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə həsr edilib. Nəfis tərtibatla hazırlanmış nəşrə ön söz yazan akademik İsa Həbibbəylinin təbirincə desək: Professor Qəzənfər Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı xidmətlərini, bu dahi insanın həyatımızda zahirən kiçik görünən detallarından tutmuş böyük xidmətlərinə qədər seçilmiş hadisələri və faktları sadə dillə obyektiv mövqedən işıqlandırmışdır”.

Kitabda Ulu Öndərin dünyanın ünlü siyasətçiləri və dövlət xadimləri ilə görüşləri, onların Heydər Əliyev müdrikliyinə, siyasi uzaqgörənliyinə olan heyranlıqları, Azərbaycanın milli dövlətçiliyinə, habelə xalqına olan istək və arzularının da yer alması oxucuda məmnunluq doğurur. Bu amillər kitabın təbii, həyati və təsirli alınmasında mühüm rol oynamışdır.

Nəşrin ikinci bölümündə Heydər Əliyev siyasi xəttini həm daxili, həm də beynəlxalq arenada ləyaqətlə təmsil etdirən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Ermənistanın terrorçu birləşmələri tərəfindən 30 ilə yaxın işğalda saxlanılan Qarabağ da daxil olmaqla Qazaxdan tutmuş Mehriyə kimi torpaqlarımızın azad edilməsi tarixə ərməğan kimi diqqətə çatdırılır. Müəllifin özününqeyd etdiyi kimi, Ali Baş Komandan və yenilməz milli Ordumuz tərəfindən tarixə qızıl hərflərlə yazılan bu Qələbə nəticəsində Şah İsmayıl Xətai və Nadir şah Əfşar hakimiyyətindən sonra  hissə-hissə əldən çıxan torpaqlarımızın itirilməsinə son qoyulmuşdur. Əsərdə Vətən müharibəsi iştirakçılarına, xüsusən də şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə və əməyi olan hər kəsə dövlət qayğısı, ümumxalq məhəbbəti öz əksini tapıb. Ümumiyyətlə, professor Qəzənfər PaşayevinXilaskarlar” kitabı xalqımızın və müstəqil dövlətçiliyimizin müqəddəratında həlledici rol oynamış xilaskar dövlət rəhbərlərinin böyük missiyasına həsr olunmuş elmi dəyərləndirmədir.

Daha çox gələcək nəsillərə ünvanlanan bu əsər, ilk növbədə, tarixçi-tədqiqatçıların, eləcə də xalqını, dövlətini, Vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünən hər bir Azərbaycan vətəndaşının masaüstü kitabına çevriləcəkdir.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 20 may.- S.4.