İnkişafa xidmət edən mütərəqqi hüquqi islahatlar

 

 

Hüquqi nizamlama, cəmiyyətdəki münasibətlərin, davranışların qanunçuluq çərçivəsinə salınması bəşər tarixinin ən mühüm uğurlarından biridir. Tarix sübuta yetirir ki, hər bir fəaliyyətin həyata keçirilməsi üçün hüquqi müstəvinin müəyyən olunması bütün dövrlərdə və sivil inkişaf yolu seçmiş cəmiyyətlərdə zərurət kimi meydana çıxmışdır. Eyni zamanda təsdiq olunmuşdur ki, inkişafın yolunda ilk addım məhz hüquqi nizamlamaqanunçuluqdur.

 

 

 

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu islahatların təməli oldu

 

 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri yeni dövrün tələb və çağırışlarından irəli gələn hüquqi tənzimləmənin yaradılması idi. Bu məsələ 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda da təsbit olunmuşdu. Lakin təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qüvvələr yeni dövrün tələblərindən irəli gələn hüquqi tənzimlənməni həyata keçirmədilər. Konstitusiya Aktı yeni Konstitusiyanın qəbulu üçün əsas olsa da, bu istiqamətdə heç bir addım atılmadı.

Yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra başlanan dövlət quruculuğu yeni hüquqi çağırışların həyata keçirilməsi üçün əlverişli zəmin yaratdı. İlk addım 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu oldu. Bu Konstitusiya ali hüquqi qüvvəsi ilə yanaşı, Azərbaycanda aparılacaq hüquq islahatlarının başlıca ideya sənədi olaraq, demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi. Yeni Konstitusiyanın ideya müəllifi olan Heydər Əliyevə görə, siyasi sistemin mərkəzində şəxsiyyət, onun hüquq və azadlıqları, demokratikhüquqi dövlət idealları durmalı idi. Bu mənada dövlətin ali sənədində insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi təsbit edilməsi təsadüfi deyildi.

 

 

 

Hüquq institutlarının inkişafı təmin edildi

 

 

Ümummilli Lider Heydər Əliyevin başlatdığı hüquqi dövlət quruculuğunun tərkib hissəsi kimi müasir hüquq standartlarını və xalqımızın milli xüsusiyyətlərini özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara tam uyğun olan hüquq sistemi formalaşdırıldı. Eyni zamanda hüquqi nizamlama sferasında fəaliyyət göstərən dövlət qurumları yenidən təşkil edildi.

Lakin Ulu Öndərin ölkəmizdə başlatdığı hüquqi islahatlar yalnız bununla yekunlaşmırdı. Heydər Əliyev həmçinin əfvetmə institutunu da bərpa etməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvənini, ümid və etimadını artırdı. Ulu Öndər 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirdi. Həyata keçirilən islahatlar eyni zamanda məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etdi.  Ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun yaradılması da Azərbaycanın hüquqi inkişafında mühüm addımlardan oldu. Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini daha da humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının müdafiəsini təmin etmək məqsədilə ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi işi başa çatdırıldı.

 

 

 

İslahatlar davamlıdır

 

 

 

Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan Ümummilli Liderin təşəbbüsü ilə hələ 1997-ci ildə ən qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul olunmuş, 1998-ci ildə isə  məhkəmə islahatlarına dair proqram xarakterli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Fərman imzalanmışdır. Ümummilli Liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində  2000-ci ildən etibarən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Bu islahatların xronologiyasında daha bir mühüm hadisə kimi  Heydər Əliyevin “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” 1999-cu il Fərmanını göstərmək olar. Həmin fərmanla dövlət müstəqilliyinin bərpasından sonra ilk dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə zəruri olan əlavə maliyyə vəsaitlərinin ayrılmasını növbəti ilin büdcə layihəsində nəzərdə tutsunbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Sonrakı illərdə bu islahatlar daha dəqiq müddəalarda əks olunmağa və görülən konkret işlərdə təzahür olunmağa başladı. Belə ki, Ulu Öndər Heydər Əliyevin ilk mərhələlərdə məhkəmə islahatının həyata keçirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmələrin təşkili və onların fəaliyyətinin təmin edilməsi məqsədilə imzaladığı “Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında” 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında bir sıra yeni məhkəmələr (məsələn, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi), eləcə də, Hərbi Dəniz Qüvvələri hərbi məhkəməsinin əsasında Sumqayıt Hərbi Məhkəməsi, Azərbaycan Respublikasının yerli iqtisad məhkəmələri təşkil edilmiş, həmçinin bir sıra digər əhəmiyyətli məsələ öz həllini tapmışdı.

Prezident İlham Əliyevin təşəbbüsləri ilə aparılan məhkəmə-hüquq islahatlarında da Ulu Öndər Heydər Əliyevin dəst-xəttinin mövcudluğu, onun hüquqi ideyalarına sadiqlik danılmazıdır. Məsələn, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il tarixli Fərmanında məhkəmə sisteminin müasirləşdirilməsi işinin növbəti mərhələsinin konkret olaraq nədən ibarət olması əksini tapmışdır. Belə ki, növbəti mərhələdə  regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturununişinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulurdu. Bütün bunlarda Heydər Əliyevin siyasi-hüquqi baxışlarının müsbət təsiri aşkar hiss edilirdi.

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı isə respublikamızda hüquqi islahatların həyata keçirilməsinin yeni mərhələsi oldu. Ötən dövrdə respublikamızın məhkəmə sistemində baş verən dəyişikliklər, yeni inzibati məhkəmələrin təşkili, ilk dəfə olaraq kommersiya məhkəmələrinin yaradılması islahatların səmərəliliyindən xəbər verir.

Göründüyü kimi, Azərbaycan dövləti islahatların cəmiyyət həyatının bütün sahələrində həyata keçirilməsini vacib sayır və bu onu göstərir ki, respublikamızın yüksəlişində çevik hüquqi mexanizmlərin yaradılması böyük rol oynayır. Yeni islahatlarla respublikamızın hüquq sisteminin daha da təkmilləşməsi isə dövlətimizin öz məqsədlərinə uğurla çatdığını təsdiq edir.

 

 

Fərdin XƏLİLOV,

hüquq üzrə fəlsəfə doktoru

Azərbaycan.-2021.- 20 may.- S.4.