Azərbaycan Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada
“Xarıbülbül” festivalının
açılışında iştirak ediblər
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər.
Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.
44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik.
Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.
Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Şəhərdə bərpa işləri başlayıb, mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!
x x x
Sonra “Xarıbülbül” festivalı başladı.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinlədilər.
x x x
Konsertdən sonra jurnalistlərlə görüşən Prezident İlham Əliyev dedi: Sağ olun, siz ki, burada olmusunuz, ağır günlərdə. Salam Mirşahin.
Mirşahin: Eşq olsun Sizə cənab Prezident. Mən Sizi təbrik edirəm.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, mən də sizin hamınızı təbrik edirəm.
x x x
Dövlətimizin başçısı jurnalistlərlə xatirə şəkli çəkdirdi.
x x x
Prezident İlham Əliyev: Anar mənim yadıma saldı, siz mətbuat konfransında demişdiniz ki, gəlmək istəyirsiniz. Biz də xahişinizi yerinə yetirdik. Mən istəyirdim ki, birinci bizim jurnalistlər gəlsin, bu festivalı keçirək. Siz harada qalırsınız?
Jurnalist: Birbaşa buraya gəldik.
Prezident İlham Əliyev: Hə, birbaşa.
Anar Ələkbərov: Bu gün qalacaqlar.
Prezident İlham Əliyev: İndi burada qalmaq üçün imkan var. Xarici jurnalsitləri də dəvət edək gəlsinlər və görsünlər.
Jurnalist:
Cənab Prezident, diqqətinizə görə təşəkkür
edirik. Həmişə dəstəyinizi hiss edirik, çox
sağ olun.
Prezident
İlham Əliyev: Bəli, sizi həmişə dəstəkləmişəm.
Sizə təşəkkür edirəm ki, belə
çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri
mən sizdən eşidirəm, sizdən görürəm.
Bu, özlüyündə artıq icra
orqanlarını daha da məsuliyyətli olmağa sövq
edir.
Jurnalist:
Müharibədən sonra Sizinlə birinci
görüşümüzdür.
Prezident
İlham Əliyev: Elədir.
Jurnalist:
Mən də icazənizlə istəyirdim deyim ki, 40 ildir
dünyanın müharibələrini görmüşəm. Bu, birinci müharibə idi ki, bir nəfər həm
hərbi istiqamətdə işi, həm siyasi, həm də
informasiya işini aparırdı.
Prezident
İlham Əliyev: Çünki əgər siz bu müharibə
ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin
diqqətinə çatdırmasaydınız, ümumiyyətlə,
məsələ ilə bağlı fikir elə təhrif
edilmiş kimi qalacaqdı. Siz yaxşı
xatırlayırsınız, o vaxt dünya mediasına bizim
çıxışımız yox idi. Tək
siz gəlmişdiniz, siz də foto çəkirdiniz. Amma ermənilər bütün imkanlardan istifadə
edib bütün ölkələrdə olmazın yalanları
yayırdılar. İndi isə artıq
müharibə ilə bağlı həqiqətləri siz
çatdırmısınız, mən
çatdırmışam. Qəhrəman
hərbçilərimiz də bax, o qayalara dırmaşaraq
düşməni buradan qovub. Mirşahin sən
çoxdan olmusan da burada, işğala qədər. Bəziləri heç olmayıb yəqin ki, ilk dəfədir.
Mirşahin:
İşğala qədər də olmuşam.
Prezident
İlham Əliyev: İndi ilk dəfə gələn burada
görür ki, Şuşanı azad etmək ümumiyyətlə
mümkünsüz hesab olunurdu. Özü də
hələ piyada qalxmaq çətindir, bir də ki, əlində
avtomat, yuxarıda düşmən, özü də
düşmənin tankı, topu, mövqeyi. Doğrudan da misli görünməmiş qəhrəmanlıq
dastanıdır.
Jurnalist:
Əfqanıstan dağlarında da müharibələri
görmüşəm. Buna inanmırdım.
Azad ediləndən sonra gəldim, gedib
baxdım, izlədim. Özüm də
1992-ci ildə buradan ayaqla çıxmışdım, bura
bağlı idi, maşın gələ bilmirdi.
Prezident
İlham Əliyev: Siz hansı yolla çıxdınız?
Jurnalist:
Elə buradan, Daşaltıdan gəldim. Buraya
kimi 4 saat piyada yol gəldim, 3 dəfə də snayperlər
atdılar, amma, vura bilmədilər.
Prezident
İlham Əliyev: Bu yaxınlarda o şəkli siz
paylaşdınız, gördüm mən. O vaxt Azərbaycan əsgəri
necə vəziyyətdə idi? Nə forması
var idi, nə silahı var idi, nə də bir idarəetmə
imkanları. İndi aslan kimi əsgərlərdir,
aslan kimi. Onlar möcüzə
yaradıblar.
Jurnalist:
Burada demək olar ki, yaşayış yox idi.
Prezident
İlham Əliyev: Yox idi.
Jurnalist:
Ancaq şəhərin girəcəyində, o da çox az.
Mirşahin:
Amma mən Zəngəzurda evlərin birində oldum.
Prezident
İlham Əliyev: Bəli, bəli, Şurnuxu kəndində.
Mirşahin:
O kişi də yaxşı təkziblər
verirdi, Ermənistan hakimiyyəti barədə. Yaxşı
oldu, çox yaxşı oldu. Beş dənə
punkt üzrə öz ölkəsini təkzib etdi. Pensiyasının azlığından da
danışdı. Dedi ki, Qarabağ Azərbaycanındır
Prezident
İlham Əliyev: Özü də dedi ki, azərbaycanlının
evinə girib.
Mirşahin:
Bəli, çox vacib bəyanatlar verdi.
Jurnalist:
Cənab Prezident, Şuşa qələbəsinə
görə Sizə xüsusi təşəkkür edirik. Doğrudan da bu, çox möcüzəvi bir qələbədir.
Bu, doğrudan da çox böyük qələbədir.
Siz Azərbaycan xalqına sanki bir həyat
qaytardınız. Siz bizə nəfəs
verdiniz. İnanın ki, bir il bundan əvvəl
yatsaq yuxumuza girməzdi ki, biz Cıdır düzündə
ola bilərik, burada konsertdə iştirak edə bilərik. Çox böyük bir möcüzədir, cənab
Prezident. Allah Sizi qorusun, Ordumuzu qorusun.
Prezident
İlham Əliyev: Sağ olun.
Jurnalist:
Cənab Prezident, səmimi qəlbdən deyirəm, dünyada
belə ölkə başçısı yoxdur.
Prezident
İlham Əliyev: Sağ olun, çox sağ olun. Bir il bundan əvvəl burada başqa musiqi səslənirdi,
başqa hərəkətlər edilirdi. O hərəkətlərə
görə, bütün cinayətlərə görə
düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda
yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da böyük tarixi nailiyyətdir. Hər dəfə buraya gələndə xüsusi
hisslər keçirirəm. Əminəm
ki, siz də bu hissləri keçirirsiniz. Çünki
Şuşanı yenidən görmək bizə nəsib oldu.
Bu, böyük xoşbəxtlikdir. Əlbəttə,
bir daha görürük ki, Şuşa əsl
Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan
ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, - baxmayaraq ki,
ermənilər o bulaqların naxışlarını dəyişmişdilər,
yazıları da silmişdilər,- amma yenə
də burada hər tərəf, necə deyərlər, Azərbaycan
mədəniyyəti ilə qaynayır. Biz əbədi
qayıtmışıq, burada əbədi
yaşayacağıq. Demişəm ki, Şuşa
dünyanın ən gözəl şəhərinə
çevriləcək. Təkcə Şuşa
yox, azad edilmiş bütün başqa şəhərlər.
Jurnalist:
Mən altı aydır Qarabağı gəzirəm,
özüm də mühəndis memaram. Doğrudan
deyirəm, mən dünyada bu cür gözəl yer görməmişəm.
Doğrudan da Şuşanın, Kəlbəcərin
gözəlliyi dünyada təkdir.
Prezident İlham Əliyev: Burada az da olsa yaşayıblar. Bizdə olan məlumata görə, - sonra bu məlumatı biz dəqiqləşdirdik, - burada 1600-ə yaxın erməni yaşayıb, onların da çoxu hərbçiləri idi, onların ailə üzvləri idi. Yəni burada erməni əhalisi heç vaxt olmayıb. İndi görürsünüz, işğal dövründə nə gündə idi. İndi biz əl gəzdirmişik, 6 aydır ki təmizləyirik, necə deyərlər, səliqə-sahman yaradırıq. Bütün binalar belə dağıdılmış idi, yarımçıq tikili idi. Yeni bina yoxdur, bir neçə dənə villa tikdirmişdilər özləri üçün, onları da yəqin ki, görmüsünüz. Tarixi binalar sökülüb, şəhər infrastrukturu yoxdur. Baxın, o dirəklər yox idi, hamısı belə köhnədən qalan idi. Deyirdilər ki, erməni şəhəridir, erməni şəhəridirsə, niyə bu günə qoymusan onu? Niyə yaşamamısan, niyə qurmamısan, niyə dağıtmısan?
Jurnalist:
Heç kəs öz evini yandırmaz gedəndə.
Prezident İlham Əliyev: Əlbəttə.
Jurnalist: Onlar yandırdılar, yəni öz evləri deyildi.
Prezident İlham Əliyev: Bizim azad edilmiş digər yerlərdə, torpaqlarda siz də olmusunuz, orada təbiət toxunulmaz kimidir, o ağacların rəngi, səmanın rəngi. Belə bir rənglər mən görməmişəm.
Jurnalist:
Ağdam, ümumiyyətlə, viran qoyulub. Bu mənzərəni
görəndə düşünürsən ki, söhbət
ancaq yaddaşı silməkdən gedə bilər.
Axı qəbirlə insanın nə işi ola
bilər? Məhz onlar tarixi silmək,
yaddaşı silmək istəyiblər. Məncə
məqsədləri yalnız bu olub.
Prezident
İlham Əliyev: Əlbəttə, elədir, tarixi silmək
istəyiblər ki, biz heç vaxt qayıtmayaq. Hesab edirdilər ki, Azərbaycan heç vaxt ayağa
qalxmayacaq. İnanmırdılar ki, biz
ayağa dura bilərik. İnanmırdılar ki, bizdə
həm güc, həm də iradə ola bilər.
Ona görə deyirdilər ki, hər şeyi
dağıdaq, daha heç vaxt bunlar qayıtmasın, tarixi də
silək, abidələri, qəbirləri də dağıdaq.
Sabah deyək ki, bura erməni torpağı olub
və elə də deyirdilər. Şahbulağı
yalandan “Tigranakert” adlandırmışdılar. Belə saxtakarlıq olmaz. Deyirdilər ki, Şuşa erməni şəhəridir. Axı bu şəhərin təməlini Pənahəli
xan qoyub, hamımız yaxşı bilirik, adını da verib
- Pənahabad. Necə erməni şəhəri olub, əgər
275 il bundan əvvəl Pənahəli xan
Ağdamdan buraya gəlib.
Jurnalist:
Özü də təzə daşlar atıb ora, cənab
Prezident, mən getdim özüm baxdım.
Prezident
İlham Əliyev: Bəli.
Jurnalist:
Guya dırnaqarası “Tigranakert” olub.
Prezident
İlham Əliyev: Hə, orada?
Jurnalist:
Bəli, Şahbulağın düz yanında.
Jurnalist:
Mən Kəlbəcərdə neçə kilsə
gördüm, çox qədim kilsələr imiş, amma ermənilər
onlara təzə daşlar qoyublar. Elə qoyublar
ki, dərhal bilinir. Mən özüm görəndə
tez dedim ki, bunlar hamısı saxta daşlardır, adamlardan
soruşdum, bildirdilər ki, bu daşları buraya 10-15 ildir gətiriblər.
Hərbçi:
Cənab Ali Baş Komandan, icazə versəydiniz xüsusi təyinatlılar
Sizinlə xatirə şəkli çəkdirərdilər.
Prezident
İlham Əliyev: Bəli, mütləq.
x x x
Xüsusi təyinatlılarla xatirə şəkli
çəkdirildi.
x x x
Hamı
birlikdə dedi: Qarabağ Azərbaycandır!
Azərbaycan.-2021.- 17 may.- S.9-10.