Şuşada
110/35/10 kilovoltluq yarımstansiya istifadəyə verilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın Şuşaya səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva,
qızları Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə
110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının
açılışında iştirak ediblər.
Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşıb. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur.
Ümumilikdə işğaldan
azad olunmuş ərazilərin
fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində
işlər uğurla davam
edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Ağdamda, ümumilikdə, 9
yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir. Prezident İlham Əliyevin işğaldan
azad olunmuş ərazilərin
“Yaşıl enerji” zonasına çevrilməsi
ilə bağlı qarşıya qoyduğu
tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik
su elektrik stansiyasında
yenidənqurma, təmir və bərpa işləri
yekunlaşıb. Yaxın vaxtlarda isə
Kəlbəcərdə 2 kiçik su elektrik
stansiyasının tikinti və bərpasına
başlanılacaq.
Azərbaycan.-2021.- 17 may.- S.7.