Azərbaycanın Baş nazirinin rəhbərlik
etdiyi nümayəndə heyəti Moskva Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda olub
Mayın 20-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər çərçivəsində Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda olub.
Baş
nazir Əli Əsədov “Azərbaycan” pavilyonunda əsaslı
bərpa və təmirdən sonra yaradılmış şəraitlə
tanış olub.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin tarixi barədə məlumat verib. Bildirilib ki, “Azərbaycan” pavilyonu 2019-cu ilin noyabrında yenidən açılıb. Pavilyonun açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, milli-memarlıq üslubu saxlanılmaqla həyata keçirilib.
Hazırda burada yeddi zalda
xalqımızın qədim tarixini, mədəniyyətini,
ənənələrini əks etdirən eksponatlar
sərgilənir. “Ticarət evi”
zonasında isə Azərbaycan istehsalı olan
məhsullar təqdim edilir.
Azərbaycan.-2021.- 21 may.- S.3.