“Ədibin Evi”
Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyət göstərəcək
XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” bundan sonra fəaliyyətini Ədəbiyyata Dəstək Fondu kimi davam etdirəcək.
Xatırladaq ki, Mir Cəlalın məşhur əsərləri, o cümlədən “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı”, həmçinin bir çox populyar satirik hekayələri bu evdə qələmə alınmışdır. Həmin evdə anadan olmuş yazıçının oğlu akademik Arif Paşayev 2017-ci ildə evi bərpa edərək mədəniyyət ocağı kimi istifadəyə verib.
Bu barədə AZƏRTAC-a “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva deyib.
Fondun Himayəçilik Şurasının üzvləri Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva, həmin universitetin professoru Təhsin Mütəllimov və ADA Universitetinin rektoru Hafiz Paşayevdir. Şuranın qərarı ilə fondun icraçı direktoru vəzifəsinə ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva təyin olunub.
“Ədibin Evi” Ədəbiyyata
Dəstək Fondu Azərbaycan ədəbiyyatını,
tarixini, mədəniyyətini, ədəbi
irsini tədqiq və təbliğ edəcək
tədbirlər həyata keçirəcək. Fond
gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək,
xalqa və vətənə sevginin aşılanmasında ədəbiyyatımızın
rolunu vurğulamaq niyyətindədir.
Bu barədə professor
Təhsin Mütəllimov bildirib:
“Zamanında xalq
yaradıcılığı ilə klassik
bədii üslubun qabaqcıl təcrübələrini
ədəbiyyatımızın hekayəçilik ənənələrinə
gətirən Mir Cəlalın irsinin gənc yazıçılara nümunə
olacağına ümid edirik.
Onun qələminin əsas müraciət
ünvanı - insanlıq fəlsəfəsinin təlqini bu gün də olduqca aktualdır. Gənclərimizin bu və digər mövzulara
müraciət edərək ustadımızın ənənələrini
yaradıcı şəkildə davam etdirəcəklərini
gözləyirik”.
Azərbaycan.-2021.- 21 may.- S.4.