Şuşadan sonra yolumuz Zəngəzuradır

 

İlham Əliyev Cıdır düzündən Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi

 

 

16 oktyabr 2020-ci il. Azərbaycan Ordusu Vətən müharibəsində hər gün yeni-yeni zəfərlərlə şanlı Qələbəyə doğru inamla irəliləyir. Türkiyənin “A Haberteleviziya kanalına müsahibə verən baş sərkərdə İlham Əliyev deyir ki, işğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir, lakin Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Ona görə də Şuşasız bizim işimiz yarımçıq olar:

“Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna biz çalışmalıyıq. Buna biz nail olmalıyıq. Nə zaman bu olacaq, onu yaxın gələcək göstərər”. Çox keçmədi, cəmi 22 gün sonra, noyabrın 8-də Müzəffər Ali Baş Komandanın fikirləri gerçəkliyə çevrildi. Qüdrətli Azərbaycan Ordusu Şuşanı 29 ildən sonra düşmən tapdağından azad edib Ermənistanı qarşısında diz çökdürdü.

 

 

 

Novruz tonqalından “Xarıbülbül” festivalınadək

 

 

 

İlham Əliyevin Şuşada dalğalandırdığı Azərbaycan bayrağının kölgəsi bütün Qarabağa düşdü. Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident şəhərin bütün infrastrukturunun, memarlıq abidələrinin bərpası ilə bağlı tapşırıq verdikdən sonra qədim şəhərimizdə Novruz tonqalını alovlandırıb düşmənə gözdağı verdi.

May ayında İlham Əliyev üçüncü dəfə Şuşaya səfər etdi. Bu dəfə Cıdır düzündə möhtəşəm, əzəmətli bayram mərasimi düzənləndi. Prezidentin dediyi kimi, hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə musiqi, birlik, qayıdış və ləyaqət bayramı qeyd edildi. “Xarıbülbül” musiqi festivalı 30 ildən sonra yenidən nəinki Qarabağa, bütün dünyaya səs saldı. Festival şəhidlərimizin ölməz ruhunu şad etdi, hər kəsdə qürur, fəxarət hissi yaşatdı.

Bu əzəmətli mərasimdə İlham Əliyev Ermənistana, onun havadarlarına bir daha mesajlar ünvanlayaraq bəyan etdi ki, Azərbaycan güc, iradə, cəsarət, milli ruh hesabına tarixi ədaləti bərpa edib və müharibə artıq bitib. İndi abadlıq-quruculuq işləri ilə məşğul olmaq zamanıdır. Azərbaycan dövləti sülh şəraitində  Qarabağın əvvəlki şöhrətini özünə qaytarmaq üçün bütün imkanlarını səfərbər edib. 

“Xarıbülbül” festivalı bir çox özəllikləri ilə yaddaşlarda qaldı. Öncə ölkəmizdə yaşayan xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq, hər bir kəsin vahid Vətəni olduğu mesajını dünyaya çatdırdılar. Festivalın açılışındakı çıxışında İlham Əliyev bu mesajın əhəmiyyətini xüsusi vurğuladı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival qazanılmış böyük Zəfərin region üçün xüsusi əhəmiyyətini bir daha göstərdi, mövcud olan yeni reallığı nümayiş etdirdi, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübut etdi. “Xarıbülbül” festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Şuşada yeni məscidin, orta məktəbin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuşXan qızı Natəvan” bulağından su gəldi. Yeni təmir edilən Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı. Bütün bunlar əlbəttə ki, böyük rəmzi məna daşıyırdı.

 

 

 

Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq

 

 

 

Bu mərasimi keçirməklə İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan sülhün, əmin-amanlığın tərəfindədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış birgə Bəyanatın bütün bəndlərində göstərilən tələbləri yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq.

Qeyd edək ki, son vaxtlarda Ermənistanda revanşist qüvvələr müxtəlif bəyanatlar səsləndirməklə Zəngəzur dəhlizinin reallaşmayacağı barədə iddialar irəli sürürlər. Qalib sərkərdə onlara sonuncu xəbərdarlığını ünvanlayaraq Azərbaycanın heç bir güzəştə getməyəcəyini bəyan edib: “İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Beləliklə də Ermənistanın Azərbaycanın siyasi iradəsini qəbul etməkdən başqa yolu qalmayacaq. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

10 noyabr Bəyanatının 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Yəni Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq edəcək. Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq.

Zəngəzur dəhlizinin açılması ilə illərlə blokada şəraitində qalan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunacaq. Bütün maneə cəhdlərinə baxmayaraq, Zəngilan-Ordubad dəmir yolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb.

İlham Əliyevin dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Ermənistanın revanşist əhvali-ruhiyyəli davranış tərzi isə yalnız onların özünə ziyan verəcək. Dəmir yumruq hər zaman Ermənistanın  başı üzərindədir, hər an düşməni əzməyə hazırdır: “Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, zərrə qədər, onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüzvar, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.

Bir sözlə, həm Ermənistan, həm də onlara yüzillər boyu havadarlıq edənlər bilməlidirlər ki, Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. Azərbaycan öz haqqı olanı alıb və bundan sonra da alacaq.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 18 may.- S.1;3.