Çıraqların yanar, suların axar olsun, Şuşa!

 

 

“Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tez bir zamanda - cəmi 73 günə tikilməsi ilə regionun energetikasında yeni rekord əldə olundu, düşmənin qurutduğu bulaqlarımız yenidən çağladı, təzə hotel qapılarını qonaqların üzünə açdı...

Prezident İlham Əliyevin düşmən tapdağından azad olunmuş Şuşaya növbəti səfəri təkcə aləmə səs salan “Xarıbülbül” musiqi festivalı ilə deyil, bir sıra digər hadisələrlə də əlamətdar oldu. Dövlət başçısı, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva burada bir sıra sosialinfrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər.

İndi Şuşanın çırağı işğaldan əvvəlki vaxtda olduğundan da gur yanacaq. Burada 110/35/10 kilovoltluqŞuşa” yarımstansiyası  istifadəyə verildi, şəhərin nurunu, işığını daha da artırdı.  Şuşa, eləcə də energetika qurğularının tikintisi  sahəsində yeni bir rekorda  şahidlik etdi. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə iki ay yarımdan da az bir müddətdə icra olundu. Bu isə yalnız Azərbaycan energetikasında deyil, bütün regionun energetika tarixində bir rekorddur.

Xatırladaq ki, Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması,  etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə keçən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanmışdı.

Yarımstansiyanın və elektrik verilişi xəttinin tikintisi, çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşdı.

Beləliklə, işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdamda, ümumilikdə, 9 yarımstansiya, eləcə də onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin  tikintisi aparılır. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlət başçısının  qarşıya qoyduğu vəzifələrə uyğun olaraq,  Suqovuşandakı iki kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Yaxın vaxtlarda Kəlbəcərdə iki kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanacaq.

Prezidentimiz dəfələrlə vurğulayıb ki, yurdlarına dönəcək insanlar  üçün  ən yaxşı  şərait yaradılmalıdır. Çünki onlar uzun illər məcburi köçkün həyatı yaşayıblar. Ona görə də işğaldan azad edilmiş  ərazilərdə genişmiqyaslı  bərpa və quruculuq işləri həyata keçirilir. Mayın 12-də  Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlinin  qoyulması  bu istiqamətdə aparılan işlərdən biridir.

Erməni vandalları bu təhsil ocağını da tamamilə dağıtmışlar. Prezident İlham Əliyev məktəb üçün yeni binanın təməlini qoymaqla Azərbaycanın qədim təhsil müəssisələrindən birinə təzədən həyat verdi. Belə ki,  bünövrəsi 1830-cu ildə qoyulan bu bilik ocağı Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəb  olub. 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə  məktəbin 150 illik yubileyi qeyd edilib.

Doğma yurda dönəcək şuşalıların balalarının  təhsil  alacağı yeni 960 şagirdlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait  ayrılıb.

Azərbaycan öz Qarabağını dünyaya həm də yeni turizm destinasiyası kimi  təqdim edəcək! Çünki bu torpağın, o cümlədən füsunkar Şuşanın turizm potensialı yüksəkdir, burada mövcud olan imkanlar həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün  geniş perspektivlər açır.

Bu baxımdan yeni hotellərin istifadəyə verilməsi də vacib məsələlərdəndir. Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı günü eyniadlı hotelin yenidənqurmadan sonra istifadəyə verilməsi  xoş bir hadisə idi.  Prezident  və ailə üzvləri  tədbirdə iştirak etdilər. Dövlət başçısı hoteldə yaradılan şəraitlə tanış oldu.

“Xarıbülbül”də, ümumilikdə, 49 otaq var. Onların hamısında qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastruktur qurulub. Şübhəsiz ki, sözügedən hotel və istifadəyə veriləcək bu tipli digər obyektlər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində  mühüm rol oynayacaq.

Daha  bir maraqlı məqam: yeni hotelin işçiləri şuşalılar, o cümlədən işğal dövründə doğulan,  indiyədək Şuşanı görməyən gənclərdir.

Həmin gün Şuşada yeni məscidin təməlini qoyan Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın  baş çəkdiyi yerlərdən biri də “Xan qızı” bulağı oldu.  Burada dövlət başçısı dedi: “Natəvan bulağından yenə su gəlir. Natəvan bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olanXan qızı” bulağı bərpa edilib”.

Məlum olduğu kimi, düşmən işğal dövründə Şuşa şəhərində Xan qızı Natəvanın evini də dağıdıb. Vaxtilə  Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi - Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı. Erməni vandalları XVIII əsrə aid bax, belə bir tarix-memarlıq abidəsini  tarmar ediblər. İndi artıq işğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə  başlanıb. Bundan sonra  bərpa işlərinə start veriləcək.

Prezident İlham Əliyev və ailə üzvləri “Xan qızı” bulağının suyundan içdilər.

Suların axar, çıraqların yanar olsun, Şuşa!

 

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 18 may.- S.1;3.