Cənab Ali Baş Komandan, halaldı Sizə...
Cənab
Ali Baş Komandan,
halaldı Sizə,
istirahət eləməyə
var tam haqqınız.
44 günü Siz yazdınız
tariximizə,
Günəş kimi
dünyaya
doğacaqsınız.
“Xarıbülbül” festivalı
bir möcüzəydi,
yerlər-göylər ovsunlanıb
dedim, - Şuşada.
Dağlar
təzə, həyat təzə,
yollar təzəydi,
“Paytaxt Şuşa” doğulurdu
qədim Şuşada.
Dünən Qalib Sərkərdəni
xalq alqışlayır,
mən gördüm ki, növbədədi
söz də, ülfət də.
Baş Komandan harda durub,
ordan başlayır
bu dünyaya ilk xəbər də,
müraciət də!
“Sən azadsan, əziz Şuşa!” -
onun səsiydi,
vurğusu da, nidası da
yadda qalırdı.
Festival da işğalçının
məhkəməsiydi,
ilk dəfəydi, “əsir” dağlar
nəfəs alırdı.
Dünən yarış keçirirdi
bu qonşu xalqlar,
biriydilər xeyirdə
də,
hələ şərdə
də...
Belə
sevinc görməmişdi
Şuşada dağlar,
Üzlərdə də, gözlərdə
də,
ürəklərdə də!
Filankəsi, filankəsi
dağlarda gördüm,
Paytaxtın ilk qonağıydı
Şuşada onlar.
Üzeyiri də, Bülbülü
də
mən orda gördüm,
Festivalda,
yarışlara
qoşulmuşdular.
Ulu Öndər “Şuşa”,
- deyə
nitq eləyirdi,
- Vətən, Ana həsrətidi
Şuşa həsrəti
- Xoşbəxtəm ki, - oğlu İlham
belə deyirdi:
- Mən yerinə yetirmişəm
bu vəsiyyəti!
Cənab
Ali Baş Komandan,
halaldı Sizə,
istirahət eləməyə,
var tam haqqınız.
44 günü Siz yazdınız
tariximizə,
Günəş kimi dünyaya
doğacaqsınız.
Nəriman HƏSƏNZADƏ, Xalq şairi
Bakı şəhəri,
14 may 2021-ci il
Azərbaycan.-2021.- 18 may.- S.1.