Vaqif  poeziya günləri” qayıdışımızın daha bir təntənəsi olacaq

 

 

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənədək Şuşa şəhərində hər il düzənlənən daha bir tədbirin də keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: “Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır”.

Məşhur şair Molla Pənah Vaqifin məqbərəsinin dağıdılmasının vəhşilik olduğunu bildirən dövlət başçısı xüsusi vurğulayıb: “Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması. Mədəni soyqırımı törədiblər bizə qarşı. Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idiqoyuldu”.

İlham Əliyev bildirib ki, ŞuşadaVaqif poeziya günləri” bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi.

Qeyd edək ki, hələ 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyıb, ancaq məzarı tapa bilməyiblər. Onun göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət edib. Nitqlərinin birində o, gördüyü bu məzarın Vaqifə layiq olmadığını söyləyib. Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə və türbə tikilib.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin Cıdır düşünə yaxın ərazidə inşa edilib. Kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.

Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılış mərasimi 1982-ci il 14 yanvarda keçirilib. Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşıb. Şuşada bu tarix milli mədəniyyət və sənət bayramına çevrilib.

Ulu Öndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. Həmin tarixdən etibarən hər il avqust ayında “Vaqif poeziya günləri” düzənlənib. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. “Vaqif poeziya günləri”nin keçirilməsi ənənəyə çevrilib. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatıb.

Vaqif poeziya günləri” bu şəhər erməni quldurları tərəfindən işğal olunandək davam edib. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, “Vaqif poeziya günləri” də Şuşada keçirilməyib.

Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni ikişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Şuşada düzənlənəcək “Vaqif poeziya günləri” də bu mədəni tədbirlərdən biri olacaq.

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 18 may.- S.6.