Qələbə simvollu “Xarıbülbül” Cıdır
düzünə qayıtdı
Xarıbülbül - 30 ildir ki, Qarabağın kədər, ayrılıq, onlardan doğan nisgilin simvoluna çevrilən bu “dağlar gözəli” haqqında ötən ilin 8 noyabr tarixinədək o qədər əfsanə, rəvayət, hekayət, nəhayət, hicran dolu “nağıl” eşitmişik ki...
Xalqımızın dilində ağı, bayatı kimi səslənən “bağrıqan” gül “Sarıbülbül” xalq mahnısına da çevrilib:
“Vətən bağı al-əlvandır,
Nə gəzirsən xarı, bülbül?
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!”
Bu mahnı yüz illərdir ki, onu dinləyənlərlə bərabər, ifaçının da qəlbindən qara qanlar axıdıb: Qarabağımızdan, onun zümrüd tacı Şuşamızdan perik düşdüyü, gül açmadığı üçün...
Bu gün isə şahidik ki, Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə o əfsanəyə yenidən can verdi, yaşatdı, reallıq olduğunu təsdiqlədi.
Heç bir “külək”, “qasırğa” belə Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun Qarabağa, Şuşaya gedən yolunu bağlaya bilmədi. Rəvayətdə olduğu kimi, bu dəfə də bülbülün qanı axdı: şəhid oldu! Lakin o gülü - Qarabağı, Şuşanı əyilməyə qoymadı! Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən Qələbə simvoluna çevirdi!
Xarıbülbül Şuşaya sədaqətlidir. Bəlkə də elə buna görə qayıdışın, sədaqətin, qovuşmağın rəmzi kimi biz onu möhtəşəm Qələbəmizin simvolu kimi seçdik...
Şuşanın işğaldan azad edilməsindən sonra bu qədim mədəniyyət şəhərini ziyarət edərkən Ali Baş Komandan, Prezident İlham Əliyev ötənləri xatırlatmaqla yanaşı, görüləcək işləri, qalalar və abidələr məskəninin yenidən canlandırılacağını, əvvəlki gözəl növrağının özünə qaytarılacağını da orada bəyan etdi: “Bu il Şuşada “Xarıbülbül” festivalı və Vaqif poeziya günləri keçirilməlidir. Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır...”
Budur, o arzulanan günün şahidlərinə çevrilmişik: mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” Musiqi Festivalına evsahibliyi etdi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də qızları Leyla və Arzu Əliyevalar Şuşada iki gün davam edən “Xarıbülbül” festivalının açılışında iştirak etdilər sevinclərini xalqımızla bölüşdülər.
Dövlət başçısı festivalın açılışında çıxış edərək bildirdi ki, bu, ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə festival iştirakçılarını və ümumiyyətlə, bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlət başçısı dedi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq: “...30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” Musiqi Festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir...”
Bərpa olunan ənənəyə görə, bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festivalda ölkəmizdə qardaş kimi, multikultural və tolerantlıq şəraitində yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər.
Bu tövsiyə isə festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna dövlət başçısı tərəfindən verilmişdi. Ona görə ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. Ölkəmizdə milli birlik, həmrəylik sözdə deyil, əməldə öz təsdiqini tapıb.
Dövlət başçısı Şuşadan onu da dünyaya müsaj verdi ki, çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh olur. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizm, müxtəlif xalqların birgəyaşayışı bizim tərəfimizdən təbliğ edilir.
Bəli,
bu festivaladək nələrdən və haralardan necə
keçdiyimiz yola dönüb bir daha baxaq: 44 günlük
müharibə Azərbaycanın tam Qələbəsi ilə
nəticələndi. Müzəffər Ordumuz işğalçıları
qədim Azərbaycan torpaqlarından qovdu. Azad edilmiş
bütün torpaqlarda
Azərbaycan bayrağı
ucaldı! Ona görə də demək haqqımızdır:
44 günlük müharibə
xalqımızın şanlı
tarixidir!
300-dən çox şəhər
və kənd döyüş meydanında
işğalçılardan azad edildi və
Şuşanın - alınmaz
qalanın azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır.
Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və dövlətinin çökməsi idi. Çünki ondan bir gün
sonra Ermənistan məcbur olub Azərbaycanın şərtlərinə
əsasən formalaşmış
kapitulyasiya aktına imza atdı. Bunun da nəticəsində biz
bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq.
Təsadüfi deyil ki, Şuşanın
azad edilməsi günü - 8 noyabr tarixi Azərbaycanda rəsmi dövlət bayramı - Zəfər bayramı elan edildi.
Azərbaycan Prezidenti böyük
fəxarət hissi ilə dünyaya bir daha bəyan
etdi ki, Şuşa Azərbaycan
xalqının milli sərvətidir: “Bu yaxınlarda
Şuşanın Azərbaycanın
mədəniyyət paytaxtı
elan edilməsi bunu bir daha
göstərir. Şuşa qədim
Azərbaycan şəhəridir.
Gələn il
biz Şuşanın 270 illiyini
qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə
Şuşanın təməlini
qoyub və o vaxtdan işğal dövrünə qədər
bu şəhərdə
həmişə azərbaycanlılar
yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan
ruhunu silə bilmədilər. Bəli, mənfur
düşmən tərəfindən
binalar dağıdıldı,
məscidlərimiz dağıdıldı,
tarixi abidələrimiz
dağıdıldı. Ancaq Şuşa
Azərbaycan ruhunu qoruya bildi. Şuşa
28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu,
Azərbaycan ruhunu qorudu...”
Festivalın Ramazan bayramı ərəfəsində təşkil
edilməsi heç də təsadüfi deyildi. Azərbaycan Prezidenti bu fikri bildirərkən onu da xüsusi
qeyd etdi ki, biz öz dini, milli, mənəvi
köklərimizə bağlı
olan xalqıq. Bütün bu illər ərzində
bir amalla yaşamışıq - torpaqlarımızı,
ədaləti bərpa
edək, milli ləyaqətimizi qoruyaq.
Mədəniyyət və
mənəviyyat paytaxtımız
olan Şuşada may ayının 12-də başlayan
“Xarıbülbül” festivalı
da bir daha
onu göstərdi ki, bütün sahələrdə, o cümlədən
düşmənə qarşı
mübarizədə birlik,
həmrəylik nümayiş
etdirən xalq olaraq Şuşamızı
da azad edib,
tarixi şəhərimizə
Zəfərlə qayıtdıq!
Buna görə də
nəğməli, musiqili
tədbirin burada keçirilməsi qarşı
tərəfə, elə
vandalizm siyasəti yürüdənlərə havadarlıq
edənlərə də
mesaj verdik: Biz qayıtmışıq, Şuşa, sən azadsan!
Azərbaycan Prezidenti Ramazan bayramı ərəfəsində
Şuşada yeni möhtəşəm məscidin,
eləcə də tarixi 1 nömrəli ümumtəhsil məktəbinin
təməlini qoydu. Ermənilər
tərəfindən qurudulmuş
“Xan qızı Natəvan” bulağından
o gün su da gəldi: “...Bütün bunlar böyük rəmzi məna daşıyır.
Bax, bizim qayıdışımız budur!
Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı.
İndi siz - burada olan vətəndaşlar,
dostlar gəzəcəksiniz,
görəcəksiniz ki,
Şuşa hansı dağıntılara
məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı,
Ağdamımızı, Cəbrayılımızı,
Füzulimizi, Zəngilanımızı,
Qubadlımızı, Laçınımızı,
Kəlbəcərimizi qəlbimizdə
yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə
bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə
- hər bir azərbaycanlı üçün
müqəddəs olan
yerdə yığışmışıq
və bu musiqi bayramını, bu birlik bayramını,
bu qayıdış bayramını, bu ləyaqət bayramını
qeyd edirik. Yaşasın Şuşa!
Yaşasın Qarabağ!
Yaşasın Azərbaycan!”
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 18 may.- S.9.