Şuşanın Bülbülü…
XX əsrin sonuncu onilliyində yurdu qəddar, qəsbkar ermənilər tərəfindən işğal olundu. Ruhunun rahatlıq tapdığı doğma şəhərini yerləyeksan etdilər. Düşmənlər o qədər amansız, fitnəkardılar ki, işğal etdikləri Azərbaycan ərazilərindəki tikililərə, hətta təbiətin füsunkar mənzərələrinə də əl uzatdılar.
Qədim Azərbaycanın yerli sakinlərinin tarixi izlərini o yerlərdən itirmək istədilər. Düşmənin kin-küdurəti azərbaycanlıları qoca, cavan, uşaq demədən atəşə tutmaqla, işgəncə verməklə, qətlə yetirməklə də bitmədi. Daş heykəllərimizi belə güllələməkdən çəkinmədilər. Güllələnmiş üç heykəldən biri də Azərbaycanın şöhrətli müğənnisi Bülbülündü.
Onun doğma şəhəri
- Şuşa bir tarixdir. Ancaq tarix
olan bu şəhərin
yalnız torpağı,
daşları, qayaları,
qədim abidələri,
küçələri, binaları
deyil, eyni zamanda Azərbaycan elminə, mədəniyyətinə,
incəsənətinə bəxş
etdiyi görkəmli şəxsiyyətlərdir. Onlardan biridir ustad sənətkar
Bülbül. O, bu
dünyada ömür
sürdüyü altmış
dörd ildə sevgilərə, alqışlara,
yüksək fəxri
adlara, mükafatlara layiq görülüb. Bütün bunlar üçün Tanrının verdiyi səsə borclu idi. Elə Bülbül adını
da ona o bənzərsiz səsi qazandırıb.
Onda hələ
uşaq idi. 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında,
Xanbağı adlanan yerdə dünyaya göz açan Murtuza Məmmədovun səkkiz yaşı vardı. Şuşalı uşaqların əksəriyyəti
kimi onun da dilində, qəlbində Qarabağ xanəndələrindən eşitdiyi
Azərbaycan muğamları,
xalq mahnıları yer tapıb. İlk dinləyiciləri olan tay-tuşları tez-tez ondan oxumağı xahiş ediblər.
Adlı-sanlı xanəndələr sayəsində
o illərdə Şuşa toyları
əsl sənət meydanı olub. Onların ifa etdikləri muğamları, xalq mahnılarını bütün
şuşalı uşaqlar
kimi Murtuza da böyük vurğunluqla dinləyib.
Bir gün də toy məclisini yaxşı seyr edə bilmək üçün yaşıdları
ilə birlikdə yaxınlıqdakı iri
tut ağacının şaxələnmiş
budaqları arasında
özünə yer seçib. Ustad xanəndə muğamdan-muğama
keçid etdikcə balaca Murtuzanın ruhu pərvazlanıb.
Yaşıdları da bir tərəfdən “Sən
də oxu”, - deyərək onu həvəsləndiriblər. Murtuza onların sözündən
keçə bilməyib.
Oxumağa başlayınca isə
aləmi unudub. Xanəndənin susmasını, toy əhli ilə birlikdə onu dinləməsini hiss etməyib.
Bir də onda görüb
ki, toybəyi özündən çıxıb.
Ağacdan düşüb qaçmaq
istəsə də, imkan verməyiblər.
Uşağı yanına çağıran
“Bu ki əsl bülbüldür”, - deyib.
Murtuza xanəndənin
istəyi ilə bütün toy iştirakçılarının
qarşısında oxuyub...
Həmin
gecə toy məclisindəki
ifası ilə balaca Murtuza Şuşa musiqisevərləri
qarşısında istedadını
təsdiq edib. İlk alqışları da o gün eşidib. Nə bu balaca oğlanı,
nə də onun şaqraq səsini şuşalılar
daha heç vaxt yaddan çıxarmayıblar.
Unudulan isə əsl adı olub. Murtuza o vaxtdan Bülbül kimi tanınıb.
Bakıya gənc yaşlarında gəlib. 1916-cı ildə burada müğənnilik
fəaliyyətinə başlayıb.
1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (ozamankı Birləşmiş
Dövlət Teatrının
Opera truppası) solisti
olub. O, Üzeyir
Hacıbəylinin “Leyli
və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Zülfüqar
Hacıbəyovun “Aşıq
Qərib” (Qərib) operalarında çıxış
edib.
1927-ci ildə Bakı
Konservatoriyasını bitirib. Təhsilini davam
etdirmək üçün
dövlət xətti
ilə İtaliyanın
Milan şəhərinə gedib. 1931-ci ildə
Milan Konservatoriyasını bitirərək Bakıya qayıdıb. Azərbaycan Dövlət
Konservatoriyasında dərs
deməyə başlayıb.
1932-ci ildə Bülbülün təşəbbüsü
ilə Azərbaycan Dövlət Konservatoriyası
nəzdində Azərbaycan
xalq musiqisini öyrənən elmi-tədqiqat
kabineti yaradılıb.
Şöhrətin zirvəsinə yüksəlib. 1938-ci ildə
SSRİ Xalq artisti adına layiq
görülüb. O vaxtdan
ömrünün sonunadək
Azərbaycan SSR-in Ali Sovetinə
bütün çağırışlarda
deputat seçilib. Heç bir müraciəti, heç bir şikayəti cavabsız qoymayıb, seçicilərinə
bacardığı qədər
kömək edib.
Onların xahişlərini, şikayətlərini əlaqədar
təşkilatlara, məsul
şəxslərə göndərib,
sonra məsələnin
həll edilib-edilmədiyi
ilə maraqlanıb.
Məsuliyyətli olub. Bunları mənə
illər öncə Bülbülün həyat
yoldaşı Adilə
xanım danışmışdı.
“Bülbül qeyri-adi
insan idi”, demişdi: “Alicənab, intizamlı idi. Mehriban, həlim xasiyyəti vardı. Qətiyyətli, prinsipial idi.
Biz bilirdik ki,
o, sözü bir kərə deyir, “yox” söylədisə, bunu dəyişmək qeyri-mümkündür. Biz
də çalışırdıq
ki, onun üçün xoş olsun”.
Söhbətimiz hansı istiqamətə
yön alırdısa,
sonunda Adilə xanım onu bir məqama - Bülbüllə tanışlığına,
həyat yoldaşına
sevgisinə gətirib
çıxarır, birgə
yaşadıqları iyirmi
doqquz il
boyunca necə xoşbəxt olduğundan
danışırdı: “Bülbül
gözəllik vurğunu
idi. Həyatda yaxşı nə
varsa, hamısını
sevirdi. Özü də məlahətli
sifət cizgiləri, xeyirxah mavi gözləri,
gözəl yerişi
ilə hər kəsi cəlb edirdi. O, əsl natiq idi. Kağızsız, “şparqalkasız” saatlarla
danışa bilirdi.
Fikrini səlist, gözəl ifadə edirdi. Xeyirxah idi. Yetim uşaqlara qarşı
xüsusi diqqət göstərirdi. Ona verilən
200 rubl Stalin təqaüdünü
uşaq evinə köçürürdü. Ayda iki dəfə istirahət günləri maşınını oyuncaqlarla,
ərzaqla doldurub uşaq evinə aparırdı”. Adilə
xanım söyləyirdi
ki, Bülbül düzgünlüyü sevir,
yalanı bağışlamırdı:
“Bülbül dostluqda
möhkəm idi. Kiminlə dostluğu kəsirdisə, demək, orada yalan axtarmaq
lazım idi”, belə deyirdi Adilə xanım və Bülbüllü günlərindəki qonaq-qaralı
evinin xiffətini çəkirdi: “Bülbül
təkliyi sevmirdi. Evimiz həmişə qonaqla dolu olurdu. Akademik Yusif Məmmədəliyev, Məmməd
Səid Ordubadi, Qara Qarayev, Niyazi,
Fikrət Əmirov, Rəşid Behbudov, Tofiq Quliyev, Süleyman Ələsgərov
və o illərin bir sıra görkəmli
şəxsiyyətləri evimizin
əziz qonaqları olardılar. Gənc bəstəkarlar üçün də qapımız həmişə
açıq idi.
Bakıda qonaq olan dünyanın ən məşhur sənət adamları da mütləq bizim evə gələrdilər”.
O, qonşuluqlarında yaşayan Niyazi ilə Bülbülün dostluğundan, birlikdə əsər üzərində çalışmalarından danışırdı. Deyirdi ki, Bülbülün bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovla da xoş münasibəti vardı. Onlar Azərbaycan musiqi sənəti üçün böyük işlər görürdülər.
Bülbül xalq mahnılarımıza Qərbin vokal ənənəsini sintez etməklə musiqimizə yenilik gətirdi, yeni oxuma üsulu yaratdı. O, dünya vokal sənətində özünə yer tutaraq bu sahədə Azərbaycan məktəbinin yaradıcısı olub.
Adilə xanım “Üzeyir bəylə Bülbül ikilikdə çox qüdrətli idilər”, - deyirdi. Üzeyir bəy Hacıbəylinin nəğmələri Bülbülün səsi ilə əsrarəngizdi. Onlar Azərbaycan musiqisinin beşiyi Şuşada boya-başa çatmışdılar. Hər ikisi muğamları, el havalarını, xalq mahnılarını gözəl bilir, sonsuz məhəbbətlə sevirdilər. Onlar həm də Qərb musiqisini dərindən bilirdilər. Üzeyir bəy Hacıbəyli, Bülbül kimi sənətkarların sayəsində Azərbaycan musiqi sənəti yeni uğurlar qazanırdı.
Bu dostluğa sonradan bir inciklik qarışdığını söyləyənlər də oldu. Amma deyirlər ki, Bülbül dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin cənazəsi önündə “Sənsiz” romansını müşayiətsiz, elə yanıqlı oxuyub ki, hamı gözyaşlarına boğulub. Bu fövqəladə ifa Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırovu da ağladıb.
Bülbülün iştirakı ilə keçirilən bütün konsertlərdə, opera tamaşalarında salon insanlarla dolu olub. Bülbülün istər Azərbaycanda, istərsə də xarici ölkələrə qastrol səfərlərində verdiyi konsertlər çox təntənəli keçib. Tamaşaçılarla dolu konsert salonları, ardı-arası kəsilməyən alqışlar, gül dəstələri...
Bülbül İkinci Dünya müharibəsi illərində döyüş bölgələrində, arxa cəbhədə, hospitallarda, çağırış məntəqələrində tez-tez çıxış edib. Onun silahı mahnıları idi. Ordu generalları, zabitlər, əs-gərlər Bülbülə sonsuz təşəkkürlərini bildiriblər.
Özü Böyük Vətən müharibəsi illərində, Bryansk cəbhəsində baş vermiş bir hadisəni tez-tez yada salarmış. O vaxt həkimlər ağır yaralı olan gənc ukraynalı oğlanın ayağını kəsməyə hazırlaşırmışlar. Əməliyyatı narkozsuz aparmaq məcburiyyətində qalan cərrah Bülbülü çağırıb. Ondan əgər Ukrayna dilində mahnı bilirsə, oxumasını xahiş edib. Çünki cavan oğlan narkozsuz bu ağır əməliyyata dözə bilməzdi. Cərrahiyyə otağına gələn Bülbül Lısenkonun “Natalka Poltavka” operasından Pyotrun “Solnçe nizinka” mahnısını oxuyub. Yaralı ondan bir də oxumasını xahiş edib. Cərrahiyyə əməliyyatı 3 saat davam edib. 3 saat Bülbül bu mahnını təkrar-təkrar ifa edib. Müğənninin ecazkar səsi cavan oğlana dözüm verib, onu yenidən həyata qaytarıb.
Ona təbiəti, yəqin ki, Şuşanın füzunkar mənzərələri sevdirmişdi. Maşında yol getməyi, təbiət qoynunda olmağı çox xoşlayıb. O, ömrü boyu dünyanın ən gözəl ölkələrinə səyahət edib. Qastrol səfərlərinə, bəzən də müxtəlif tədbirlərdə iştirak etmək üçün gedib. Amma Bülbül üçün dünyanın ən gözəl məkanı Şuşa idi. Bütün günü, hətta dəqiqələri belə bölünmüş ömründə Şuşa üçün ayırmağa hər zaman yer də, vaxt da tapıb.
O, 1961-ci ilin 26 sentyabrında dünyasını dəyişib.
Bülbül yalnız ifasında
lentə alınmış
bənzərsiz mahnılar
qoyub getməyib.
O, həm də bir məktəb yaradıb. Bu məktəbdən
gənc müğənnilər
yalnız ifaçılıq
sənətini deyil, həm də səhnə mədəniyyətini,
tamaşaçıya hörməti
öyrəniblər. Bülbül kimi müğənnilərin
tamaşaçılara göstərdikləri
diqqət, hörmət
cavanlar üçün
örnək, dərs idi.
Bülbülün ata-baba evi, yurdu
otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin
işğalı altında
inlədi. Nə xoş ki, Müzəffər Azərbaycan
Ordusu Vətən müharibəsində qalib
gələrək o yerləri
işğaldan azad etdi. Daha o yerlərə, əlimiz də çatır, ünümüz də yetir. Azad etdiyimiz
torpaqlara dönənlər
arasında Bübülün
bir zamanlar ermənilər tərəfindən
güllələnmiş yaralı
heykəli də var. Heykəl Bakıdan Şuşaya aparılıb.
Gedənlər Vətənə qayıdır. Şuşanın yenidən xoşbəxt günləri başlayır.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-2021.- 18 may.- S.10.