Böyük inkişafın Naxçıvan reallıqları

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin II Qarabağ - Vətən müharibəsində xalqımıza qazandırdığı tarixi Zəfər ölkəmizin bütün çoxəsrlik inkişaf tarixi ərzində əldə edilmiş ən parlaq Qələbədir, misilsiz hadisədir. Bu mühüm hərbi-siyasi Zəfərin qazanılması haqqında ilk tarixi bəyanatı Azərbaycan xalqına çatdırmaq missiyasını böyük şərəf hissi ilə yerinə yetirən Qalib Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi sərrast Qələbə raportu dünya azərbaycanlıları ilə birlikdə bütün Azərbaycan xalqına ünvanlanmış ən böyük əvəzsiz müjdə idi.

Bununla cənab Prezident Vətən müharibəsində bütövlükdə Azərbaycan xalqının iştirak etdiyini və bu tarixi qələbədə hər bir vətəndaşın payı və rolu olduğunu bəyan etmişdir. Prezident

İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri işğaldan azad edildikdən dərhal sonra Azərbaycan xalqına Azad Şuşa haqqında bəyanatını çatdırmaqla bərabər, həm də həmin tarixi gündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək təbii bir həyəcanla “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözlərini səsləndirməsi Vətən müharibəsi hadisələrinin kuliminasiya nöqtəsi kimi tarixə daxil olmuşdur. Bu, Qalib Ali Baş Komandanın tarixi Qələbənin böyük təməllərini qoymuş Ümummilli Lider qarşısında ibrətamiz hesabatı kimi mühüm tarixi hadisəyə çevrilmişdir.

Fikrimizcə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olduğu 10 may günündə onun dünyaya gəldiyi Naxçıvan Muxtar Respublikasına səfər etməsi özünün dərin mahiyyəti etibarilə Qalib Prezidentin atdığı növbəti tarixi addımdır. Bu tarixi missiyanın həyata keçirilməsi Prezident İlham Əliyevin həm müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev qarşısındakı borcunun parlaq ifadəsi, həm də xalqımız üçün əziz olan həmin tarixi günün ənənəvi qaydada deyil, tarixi hadisə səviyyəsində qeyd olunmasının təmin edilməsi baxımından qanunauyğun, lakin qeyri-adi hadisədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Naxçıvan səfəri Ulu Öndər Heydər Əliyevin ad gününü onun doğulduğu torpaqda baş vermiş mühüm nailiyyətlərin, böyük dəyişikliklərin möhtəşəm hesabatı formatında qeyd etməsi, görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikasından başladığı Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrundakı mübarizəsinin uğurla davam etdirilməsinin təntənəsidir.

Bu, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını mürəkkəb tarixi şəraitdə işğala məruz qalmaqdan, Azərbaycanı parçalanmaqdan xilas etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında Dağlıq Qarabağı işğaldan azad etmiş Qalib Prezident İlham Əliyevin uğurlu davam mesajının bəyannaməsidir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günündə Naxçıvan səfərinin təşkili Ulu Öndər Heydər Əliyevin vətəninə - qədim və həmişəcavan Naxçıvan diyarına dövlət başçısının yüksək ehtiram və böyük qayğısının əməli ifadəsidir.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki heykəlini budəfəki ziyarəti də ənənəvi olmayıb, son otuz ildə ilk dəfə bu dahi şəxsiyyəti böyük və tarixi Zəfərlə anmağın xalqımız üçün də düşündürücü və əlamətdar olan dərsidir.

Nəhayət, Prezidentimizin Ulu Öndərin doğum günündəki Naxçıvan səfəri ölkəmizdə Heydər Əliyev ideallarının uğurla davam etdirilməsinin növbəti təntənəsidir.

Bu baxımdan say etibarilə 15-ci olan Naxçıvana dövlət səfəri ölkəmizin həyatında xüsusi və hərtərəfli inkişaf mərhələsi olan İlham Əliyev erasının tarixi Zəfərə qədərki dövrünün uğurlu yekunu, qələbədən sonrakı strategiyasının böyük başlanğıcıdır.

Hansı nöqtədən baxırsansa bax, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 may 2021-ci ildə Ulu Öndər Heydər Əliyevin doğum gününü onun vətənində qeyd etməsi tarixi hadisədir. Cənab Prezidentin özü də haqlı olaraq Naxçıvan səfəri zamanı bir neçə dəfə həmin tarixi günün mənası və əhəmiyyətindən söz açmış, muxtar respublikanın timsalında ölkəmizin yüksək inkişafının görkəmli dövlət xadiminin xatirəsinə ən böyük ehtiramın ifadəsi olduğunu diqqətə çatdırmışdır: “Bu gün ölkəmizin həyatında xüsusi bir gündür. Ulu Öndərin doğum günüdür. Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki ondan sonra Azərbaycanı böyük bəladan qoruya bildi. Məhz bugünkü Zəfərin təməli bax, o vaxt qoyulmuşdur.

...Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə ən böyük diqqət məhz özünü bax, bu inkişafda təcəssüm etdirir”.

Hesab edirik ki, Prezident İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş babası Əlirza Əliyevin məzarını ziyarət etməsi və nənəsi İzzət xanımı ehtiramla yada salması da ölkəmizdə yeni nəsillərin milli-mənəvi tərbiyəsinə xidmət edəcək ibrətamiz dərslərdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun məqsədyönlü rəhbərliyi ilə uzun illər ərzində çətin blokada şəraitində uğurla həyata keçirilmiş möhtəşəm quruculuq proqramları, bütün sahələr üzrə regionda əldə olunmuş böyük nailiyyətlər, nəhayət, rəsmi açılış üçün hazırlanmış mühüm obyektlər hamısı bir yerdə Ulu Öndər Heydər Əliyevin ad günündə Prezident İlham Əliyev qarşısında muxtar diyarın məsuliyyətli bir hesabatıdır.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvana 15-ci il səfəri ölkəmizin böyük Zəfərdən sonrakı yeni tarixi inkişaf mərhələsinin strategiya və taktikasına tam uyğun şəkildə təşkil olunmuşdur. Bu mühüm səfər üçün Azərbaycanın bu ayrılmaz hissəsində müstəqilliyin ilk günlərindən keçilmiş yolun və mövcud yeni reallıqların hərbi-siyasi və iqtisadi cəhətdən dərindən təhlili əsasında bütün sahələr üzrə yeni və ətraflı inkişafa nail olmağın zəruriliyi hədəf kimi müəyyən olunmuşdur. Ona görə də Prezident İlham Əliyevin açılışını keçirdiyi obyektlər Naxçıvan Muxtar Respublikasının hərtərəfli şəkildə inkişaf etdirilməsinə xidmət etməklə bərabər, daha çox özünəməxsus həssas coğrafi vəziyyətə malik olan, üç tərəfdən Ermənistan kimi işğalçı dövlətlə əhatə edilmiş bir regionun təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə hesablanmışdır.

Azərbaycanın bütün bölgələrinə səfərləri zamanı hərbi sahəyə xüsusi diqqət yetirən Ali Baş Komandan İlham Əliyevin on beşinci Naxçıvan səfəri zamanı açılışı keçirilmiş hərbi təyinatlı obyektlər muxtar respublikanın möhkəm və etibarlı müdafiəsini təmin etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Bu mənada Prezident İlham Əliyevin açılışını etdiyi Əlahiddə Ümumqoşun Ordusunun Hərbi Aerodromu regionda etibarlı müdafiə işinin təşkili üçün son dərəcə mühüm strateji əhəmiyyətə malik olan hərbi obyektin istifadəyə verilməsi deməkdir. Bu hadisə ilə həm də hərbi təyinatlı vəzifələri həyata keçirmək üçün özünəməxsus imkanlara malik olan Naxçıvan Beynəlxalq Hava Limanından sonra muxtar respublikada xarakteri etibarilə yalnız Orduya xidmət edən birinci müstəqil aerodromun fəaliyyətə başlamasına rəsmi şəkildə start verilmişdir.

Bu hərbi aerodrom Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən, digər iri şəhərlərdəki aeroportlardan və aerodromlardan gələn təyyarələri qəbul etməkdən başqa, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin şərtlərinə görə Naxçıvan Muxtar Respublikasına başqa bir dövlət tərəfindən müdaxilə edildiyi təqdirdə qarantorluq missiyasını həyata keçirməyə hərbi-siyasi cəhətdən səlahiyyətli olan qardaş Türkiyə Cümhuriyyətindən də hərbi aviasiya vasitələrinə Naxçıvana gəlmək və ya buradan uçuşlar etmək üçün də şərait yarada biləcəkdir. Müstəqil Azərbaycan dövlətinin Əlahiddə Ümumqoşun Ordusunun Hərbi Naxçıvan Aerodromu üçün yaratdığı hərbi-texniki imkanlar Naxçıvan Muxtar Respublikasının özünü istənilən xarici hərbi təhdidlərdən müdafiə edə bilən bölgəyə çevrilməsinə tam təminat verir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması və ən müasir hərbi texnika ilə təchiz edilməsi istiqamətində atılmış bu növbəti addım Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə daha bir əhəmiyyətli qayğının əyani ifadəsidir.

Eyni zamanda səfər çərçivəsində Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Naxçıvan Qarnizonunun Hərbi Hospitalının istifadəyə verilməsi də regionda hərbi quruculuq sahəsində həyata keçirilmiş mühüm strateji əhəmiyyətə malik olan tədbirdir. Bu, müstəqillik illərində Azərbaycan dövlətinin tikib istifadəyə verdiyi ən böyük hərbi xəstəxana şəhərciklərindən biridir. Bir neçə hektar sahəni əhatə edən Naxçıvan Qarnizonunun nümunəvi Hərbi Hospitalı muxtar respublikanın Gülhanəsi funksiyalarını yerinə yetirə biləcək müasir tipli hərbi xəstəxana kompleksidir. Geniş ərazidə yerləşdirilmiş 5 mərtəbəli, 290 çarpayılıq Naxçıvan Qarnizonu Hərbi Hospitalının müasir tibbi və texniki təchizatı, yüksək ixtisaslı tibbi personalı regionda mühüm strateji hərbi vəzifələri həyata keçirən Əlahiddə Ümumqoşun Ordusunun əsgər və zabitlərinin sağlamlığı və rifahına dövlət dəstəyinin əməli ifadəsidir.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlət səviyyəsində verdiyi dəstəyə və yaradılan yüksək hərbi-texniki imkanlara daim özünün yüksək döyüş hazırlığı, vətənpərvərlik ruhu və peşəkarlığı ilə cavab vermək üçün dönməz sədaqət nümayiş etdirmiş və uğurlu hərbi əməliyyatlara imza atmışdır. Müstəqillik dövrünün çətin və mürəkkəb başlanğıc illərində Ermənistan işğalçılarının nəzarətinə keçmiş Naxçıvan Muxtar Respublikasının 11 min hektara yaxın ərazisinin 2018-ci ildə uğurlu Günnüt əməliyyatı ilə düşməndən azad edilməsi Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasının zəruriliyini və əhəmiyyətini əyani şəkildə nümayiş etdirmişdir.

Eyni zamanda Naxçıvan Ümumqoşun Ordusu əsgər və zabitlərinin, xüsusi təyinatlılarının, hətta bu regionda yerləşdirilmiş ən müasir hərbi texnikanın II Qarabağ - Vətən müharibəsində qazanılan Zəfərdəki rolu və yeri də muxtar respublikada aparılan ordu quruculuğu və hərbi-vətənpərvərlik siyasətinin real nəticələridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusundan Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını ehtiramla yad etməsi bütövlükdə Azərbaycan şəhidlərinə, o cümlədən də muxtar respublikadan olub, Vətən yolunda canlarını qurban vermiş şəhidlərə dövlət səviyyəsində dərin ehtiramın göstəricisidir.

Cənab Prezidentin Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərkən dediyi aşağıdakı sözlər Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qəhrəmanlığına verilmiş yüksək qiymətin ifadəsidir: “Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu, Vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi. Ordumuzun igidliyi sayəsində Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi və bu savaşda biz bir xalq olaraq birləşdik, bizim igid övladlarımız vahid milli ideya uğrunda canlarından keçdi. Böyük Qələbənin timsalında həmrəyliyimiz, Vətən eşqimiz qalib gəldi”.

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan televiziyasına verdiyi müsahibəsində də Naxçıvan Muxtar Respublikası rəhbərliyinin regionda apardığı ordu quruculuğu siyasətinin ölkəmizin taleyüklü məsələlərinin həllində, ərazi bütövlüyümüzün təmin edilməsində, xüsusən, II Qarabağ - Vətən müharibəsinin Zəfərlə başa çatdırılmasında xüsusi əhəmiyyət kəsb etdiyini özünəməxsus intonasiya ilə Azərbaycan xalqına çatdırmışdır: “Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Gün kimi aydındır ki, müasir dövrün reallıqlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikaya 10 may 2021-ci il tarixli səfərinin strategiyasında Naxçıvan-Zəngəzur dəhlizi ilə əlaqədar məsələlər xüsusi yer tutmuşdur. Zəngəzur məsələsi Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvan üçün həmişə ciddi əhəmiyyətə malik mühüm strateji hadisə olmuşdur. Çünki bolşeviklər süni şəkildə ermənilərə dövlət yaratmaq üçün hələ 1919-cu ildə Zəngəzuru Azərbaycan ərazisindən qoparıb daşnak Ermənistanına verməklə ölkəmizin qardaş Türkiyə ilə əlaqələrini kəsmək və ya məhdudlaşdırmaq niyyətlərini yerinə yetirməklə yanaşı, Naxçıvanı da blokadaya salaraq, gələcəkdə bu torpaqları da ələ keçirmək planlarını gerçəkləşdirmək istəmişlər.

Lakin o zaman mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzuru müdafiə etmək imkanına malik olmasa da, Naxçıvan Araz-Türk hökumətinin rəhbərliyi və Naxçıvan əhalisinin fədakarlığı sayəsində qədim diyarın qorunub saxlanılması təmin edilmişdir. Hətta Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da bolşeviklərin təşəbbüsü ilə Naxçıvanı Ermənistan SSR-ə ərmağan etmək istəyənlərə də yerli əhali 1921-ci ilin yanvar ayında keçirilmiş referendumda Azərbaycanın tərkibində qalmaq haqqında qəti qərar verdikdən sonra məsələ Ermənistanın əleyhinə olmaqla həll edilmişdi.

Həmin məsuliyyətli tarixi dövrdə Azərbaycan SSR-in fövqəladə və səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski Rusiya Xalq Komissarları Sovetinin sədri Vladimir Leninə göndərdiyi 20 sentyabr 1920-ci il tarixli məktubunda böyük cəsarətlə yazmışdı ki, “Özümə borc hesab edirəm ki, Azərbaycanda inqilabdan əvvəl və sonrakı vəziyyət və siyasətimizin bundan sonra dəyişməyəcəyi təqdirdə Azərbaycanda bu vəziyyətin qaçılmaz olan ağır nəticələri barəsində mənə bəlli olan hər şeyi tam açıqlığı ilə ifadə edim. ...Azərbaycanlı kütlə Naxçıvan diyarının az qala bütünlüklə Ermənistana verilməsi xəbərini eşitdikdə dəhşətə gəlir. Üç il müddətində İngiltərə və Ermənistan var qüvvələri ilə çox mühüm strateji, iqtisadi və siyasi əhəmiyyət kəsb edən dəmiryolu xəttinin açılışına cəhd göstərəndə diyarın əməkçi xalqı qanlı mübarizə aparmaqla bu mühüm nöqtəni qoruyub saxlamış, onun sovet hökumətinin düşmənlərinin (o zaman hələ Ermənistanda sovet hökuməti qurulmamışdı və Antanta ilə ittifaqa meyilli idi - İ.H.) əlinə keçməsinə imkan verməmişdir. ...Naxçıvan diyarının Türkiyə ilə gediş-gəlişinin tamamilə kəsilməsinin şüurlu şəkildə həyata keçirilməsinə dair ehtimallar, ...habelə Anadolunun bəzi vilayətlərinin Rusiya tərəfindən yaxın gələcəkdə Ermənistana güzəşt edilə biləcəyinə dair eyhamlar türklərə ağır təsir bağışlayır... Kompensasiya kimi Ermənistan Zəngəzura və Naxçıvan diyarına yiyələnir. Belə vəziyyət Şərqdə Antantanın tam təntənəsinə zəmin hazırlayır”.

Beləliklə, Zəngəzur məsələsinin tarixi reallığı və strateji hədəfləri Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinin mahiyyətindən xəbər verir. Azərbaycan xalqı Zəngəzur probleminin siyasi-iqtisadi və mənəvi əzablarını yaşamalı olmuşdur. Əhalinin 1 mart 1921-ci il tarixli statistikasına əsasən 123095 nəfər azərbaycanlı sakini olan Zəngəzur bölgəsindən zaman-zaman daim müsəlman kəsimi sıxışdırılmış, 1988-1990-cı illərdə isə bu proses tam başa çatdırılmışdır. Üstəlik, Ermənistan vandalları Naxçıvan Muxtar Respublikasını Biçənək aşırımı vasitəsilə Qarabağla əlaqələndirən avtomobil yolunu və Culfa-Ordubad-Meqri-Zəngilan marşrutu üzrə dəmir yolunu vəhşicəsinə dağıtmışlar.

Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Qarabağ - Vətən müharibəsini tarixi Zəfərlə başa çatdırdıqdan sonra Zəngəzur dəhlizinin həlli məsələsini meydana qoyması heç olmazsa sovet hakimiyyəti illərində müəyyən edilmiş sərhədlərin qorunub saxlanılması şərti ilə nəqliyyat-kommunikasiya xətlərinin yenidən bərpa edilməsinə, regionda etibarlı sülhün və qarşılıqlı əməkdaşlığın yaradılmasına xidmət edən mühüm strateji addımdır. Dövlət başçımızın 10 may 2021-ci il tarixli Naxçıvan səfərinin gündəliyində Zəngəzur nəqliyyat dəhlizi ilə əlaqədar məsələlərin də xüsusi yer tutması bu səfər zamanı həyata keçirilən tədbirlərin region üçün olduğu qədər digər ölkələr üçün də əhəmiyyətli olduğunu göstərir. Çünki Naxçıvan-Zəngəzur-Mincivan dəmir yolu xəttinin yenidən bərpası ilə muxtar respublikanın blokadadan çıxarılmasından başqa, həm də Azərbaycan vasitəsilə Rusiya, Türkiyə və İranın, hətta Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə geniş imkanlar yaranacaqdır. Ona görə də Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı iştirak etdiyi bir çox tədbirlər Zəngəzur dəhlizi strategiyasının həyata keçirilməsinə şərait yaradan addımlar kimi mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın dövlət rəhbərinin Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə tanış olması və bu münasibətlə ictimaiyyətə özünün zəruri fikirlərini çatdırması mahiyyət etibarilə Zəngəzur dəhlizi ilə əlaqədar olan mətləbləri region dövlətlərinin diqqət mərkəzinə çəkməkdən ibarət idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun həyata keçirdiyi tədbirlərin sayəsində Ordubad-Culfa-Naxçıvan-Şərur-Sədərək dəmir yolunun işlək vəziyyətdə saxlanılması, bu marşrut üzrə sərnişin və yük daşımalarının həyata keçirilməsi və son vaxtlarda Ordubad dəmir yolu stansiyasında əsaslı yenidənqurma işlərinin aparılması dövlətimizin başçısına mahiyyət etibarilə Zəngəzur dəhlizinin açılmasına xidmət edən strateji tədbirlər haqqında hesabat verməyə şərait yaratmışdır.

Mövcud şəraitlə yaxından tanış olan Prezident İlham Əliyevin Ordubaddan səsləndirdiyi aşağıdakı fikirlər müstəqil Azərbaycan dövlətinin Zəngəzur nəqliyyat dəhlizinin açılması haqqındakı qəti qərarının və dərin inamının əks-sədasına çevrilmişdir: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. ...Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan ediblər. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.

Belə qəti qərardan və dərin inamdan sonra Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyev bir müddət bundan əvvəl Zəngəzur nəqliyyat dəhlizinin o başındakı Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoyduğu kimi, çox da uzaq olmayan bir zamanda Naxçıvana növbəti səfəri zamanı Ordubad-Mincivan dəmir yolu magistralının da təməlinin qoyulmasına imza atacaqdır.

Fikrimizcə, cənab Prezidentin Naxçıvana səfəri müddətində ümumiyyətlə Naxçıvan-Culfa-Ordubad istiqamətinə xüsusi diqqət yetirməsi, məhz bu marşrut üzərində olan obyektlərin açılışına üstünlük verməsi Zəngəzur dəhlizinə aparan yolların problemlərini həll etməklə həmin məsələnin gerçəkləşdirilməsinə zəruri hazırlıq işlərinin aparılması məqsədi daşıyır. Bu mənada 50 kilometr uzunluğunda olan 4 zolaqlı Culfa-Ordubad avtomobil yolunun açılışı əslində artıq Zəngəzur dəmir yoluna paralel şəkildə salınacaq şose yolunun çəkilməsinə başlamaq deməkdir.

Hətta Ordubad Su Elektrik Stansiyasının tikilməsi də rayonun elektrik enerjisinə olan tələbatını ödəməkdən başqa, həm də yaxın gələcəyin Ordubad-Mehri-Mincivan dəmir yolu magistralının da enerji təchizatı ilə təmin edilməsinə xidmət göstərə biləcəkdir. Prezident

İlham Əliyevə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Ordubad Su Elektrik Stansiyasının enerji imkanlarının həcmi haqqında verdiyi məlumatların miqyası ölkəmiz üçün bu stansiyanın yaxın və uzaq strateji məqsədlərin icrası baxımından da mühüm əhəmiyyət daşıdığını düşünməyə əsas verir.

Çətin ictimai-siyasi şəraitdə müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının böyük təməllərini atmış görkəmli dövlət xadimi Heydər Əliyevin doğum gününə həsr olunmuş tarixi səfər Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətlə genişlənməkdə olan şəbəkəsinə yeni aqrar-sənaye obyektlərinin daxil olması ilə səciyyələnir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin fevral ayında imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı muxtar respublikada qədim ənənəsi olan xalçaçılıq və boyaqçılıq sənətlərinin yenidən dirçəldilməsinə və əlavə iş yerlərinin açılmasına uğurla xidmət edir. Bundan başqa, Azərbaycan üzrə ikinci olan Naxçıvanda Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də regionda böyük potensialı olan heyvandarlığın və südçülük emalı sənayesinin daha da inkişaf etdirilməsi üçün düşünülmüş səmərəli tədbirdir. Bu qəbildən olan iqtisadi yönlü tədbirlər Naxçıvan Muxtar Respublikasında dayanıqlı inkişaf proseslərinin növbəti davamıdır və iqtisadiyyatda baş verən yeni reallıqların əyani təzahürləridir.

Naxçıvan səfəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin genişləndirib inkişaf etdirdiyi sosial siyasətin uğurla həyata keçirilməsi istiqamətində yeni addımların atılması ilə tamamlanmışdır. Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı ən müasir mühəndis-texniki imkanlara malik olan hava nəqliyyatının daha da inkişaf etdirilməsinə meydan açan mühüm iqtisadi və sosialyönümlü layihədir. Naxçıvan Muxtar Respublikasında ilk “ASAN xidmət” Mərkəzi binasının tikintisi ilə tanışlıq Azərbaycan brendi kimi tanınan bu mərkəzin Naxçıvan modelinin yaradılması ilə daha da inkişaf etdirilməsinə zəmanət verir. Nəhayət, Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışı ilə Ordubad şəhərində və yeni yaradılmış Şəhriyar qəsəbəsində 13 min 500 sakinin təmiz içməli su ilə təmin olunması reallaşdırılmışdır. Sosial sahədə baş vermiş böyük dəyişiklər regionda rifahın daha da yaxşılaşdırılmasının təminatıdır. Bütövlükdə Azərbaycanda olduğu kimi, onun gözəl guşəsi Naxçıvan Muxtar Respublikasında da bu sahədə aparılan işlər insanların xoş güzəranına və inamla yaşamalarına səbəb olur.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 may 2021-ci il tarixli Naxçıvana səfəri görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ölkədə yeni böyük inkişafa nail olmaqla qeyd etməyin əsl nümunəsinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasında dövlət başçımızın səfərinin yüksək səviyyədə təşkili və inkişafın yeni reallıqlarını əks etdirən strateji əhəmiyyətə malik tədbirlər ölkəmizin həm bugünkü hərtərəfli yüksəlişi, həm də daha işıqlı sabahları haqqında nikbin düşünməyə tam əsas verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublika rəhbərliyinin məqsədyönlü fəaliyyətinə və regionda gedən möhtəşəm quruculuq proseslərinə verdiyi yüksək qiymət mövcud reallıqların dövlət səviyyəsində dəyərləndirilməsi ilə bərabər, bundan sonrakı mərhələlərin də məsul vəzifələrinin həyata keçirilməsinə doğru qəti addımlarla getməyə yol açır: “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir... Muxtar respublikada görülən işlər məni çox sevindirir... Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır. Yollar çox keyfiyyətlə tikilir. Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir... Naxçıvanın çox böyük turizm potensialı var. Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Ölkəmizdə bir regionun timsalında müasir dövrün yüksək inkişaf səviyyəsini müəyyən edən bu dəyərləndirmə dövlət başçımızın düşünülmüş strateji məqsədlərə xidmət edən rəhbərliyi və müdrik siyasəti ilə yaradılmış reallıqların xalqımıza daha xoşbəxt sabahlar vəd edəcəyinin də obyektiv gerçəklik olduğunu nümayiş etdirir.

Uğurlu Naxçıvan səfəri müstəqil Azərbaycanın Heydər Əliyev - İlham Əliyev epoxasının reallıqlarının gerçək təntənəsidir.

 

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2021.- 19 may.- S.1;4.