Bakı-Zəngəzur-Naxçıvan

 

Prezident İlham Əliyevin müəllifi olduğu Avrasiyanın bu yeni nəqliyyat dəhlizi qitələrarası əməkdaşlığa mühüm töhfə verəcək

 

 

 

Azərbaycanın apardığı məqsədyönlü sosial-iqtisadi siyasət yalnız paytaxta nisbətən yaxın olan regionlarımızın deyil, 30 ilə yaxın blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikasının da uğurlu inkişafına imkan yaradıb.

 

Təcrid edilmiş şəraitdə davamlı yüksəlişə nail olan Naxçıvan bu gün ölkəmizin ən inkişaf etmiş bölgələrindəndir. Bu tərəqqini şərtləndirən əsas cəhətlərdən biri isə burada iqtisadi sahənin hər hansı qolu deyil, bütün istiqamətlərinin inkişafıdır.

 

 

 

Naxçıvan mühüm nəqliyyat qovşağına çevrilir

 

 

 

Prezident İlham Əliyev tarixi zəfərdən sonra Ulu Öndər Heydər Əliyevin doğum günündə - mayın 10-da Naxçıvan Muxtar Respublikasına etdiyi 15-ci səfəri zamanı da bu bölgənin sənaye potensialının artdığını qeyd edib.

 

“Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir” söyləyən Prezident Naxçıvanın bu liderliyinin bundan sonra da saxlanılacağına əminliyini ifadə edib.

 

Dövlət başçısında bu əminliyi yaradan əsas amillər isə muxtar respublikada əlverişli iqtisadi mühitin formalaşması, mövcud resurslardan səmərəli istifadə, investisiya qoyuluşlarının artırılması, infrastruktur təminatının gücləndirilməsidir.

 

Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə Naxçıvanla Azərbaycan arasında kommunikasiya əlaqəsinin bərpa edilməsi sayəsində bu imkanların getdikcə daha da artacağı gözlənilir.

 

44 günlük müharibənin sonunda Azərbaycanın xeyrinə imzalanan üçtərəfli bəyanat əsasında Zəngəzur dəhlizinin açılması yüksək resurs potensialına malik olan Naxçıvanın iqtisadi gücünü artırmaqla yanaşı, onu mühüm nəqliyyat qovşağına çevirəcək.

 

Bu birləşdirmə Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha çox artmasına şərait yaradacaq.

 

 

 

Zəngəzur Ermənistana verilməsəydi, Naxçıvanla Azərbaycanın quru əlaqəsi kəsilməyəcəkdi

 

 

 

Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi, əlverişli mövqedə yerləşən Naxçıvan bir əsr əvvələdək Azərbaycandan ayrı deyil, ona bitişik olub. Tarixi sənədlərə görə, Naxçıvanla Azərbaycanın quru əlaqələrıinin kəsilməsi düz 101 il əvvəl baş verib.

 

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci il dekabrın 1-də sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi Naxçıvan ərazisini respublikamızdan tamamilə ayırıb. Həmin zaman təxminən 3100 kvadrat kilometr sahəsi olan Şərqi Zəngəzur (Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl rayonları) Azərbaycanın tərkibində qalsa da, sahəsi 4 min kvadrat kilometrə yaxın olan Qərbi Zəngəzur (Qarakilsə (Sisian), Mehri, Qafan, Gorus rayonları) Ermənistana verilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, tarix elmləri doktoru, akademik İsmayıl Hacıyev bildirdi ki, Zəngəzur Ermənistana verilməsəydi, Naxçıvanla Azərbaycanın quru əlaqəsi kəsilməyəcəkdi. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvana muxtariyyətin verilməsi məsələsini zəruri etdi. Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulub, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilib.

 

Akademik qeyd edir ki, Naxçıvanın Azərbaycanla quru əlaqələrinin itməsi regionun sosial-iqtisadi əlaqələrinin inkişafına mənfi təsir göstərdi. Ancaq sonradan Bakı-Şərur-Yerevan (Ermənistanın təcavüzü bu dəmiryolunun bağlanmasına səbəb oldu) dəmiryolu çəkildikdən sonra əlaqələr bir qədər genişləndi: “Təbii ki, şose yolu yenə də yox idi. Hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olarkən onun təşəbbüsü ilə Naxçıvana getmək üçün hərbi yol adı ilə şose yolunun tikintisinə başlanılmışdı. O yol böyük dağlardan çəkilirdi, bunu mən özüm də görmüşdüm. Sonradan ermənilər bu yolun tikintisinə mane oldular, daha sonra Ulu Öndər hakimiyyətdən getdi və yolun tikintisi məsələsi yarımçıq qaldı. Bu gün dəmiryolu bərpa edilməklə yanaşı, şose yolu da çəkilməlidir. Bu, Naxçıvanın sosial-iqtisadi inkişafına, Azərbaycanın türk dünyası ilə birləşməsinə çox böyük müsbət təsir göstərə bilər”.

 

 

 

Ermənilərin məqsədi Naxçıvanı işğal etmək olub

 

 

 

İsmayıl Hacıyev ermənilərin ideologiyasının 100 illərdir ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı olduğunu söyləyir.

 

Akademik açıqlayır ki, hələ 1918-1920-ci illərdə ermənilərin məqsədi Naxçıvanı qapalı vəziyyətə salıb oranı işğal etmək idi: “Onlar deyirlər ki, Ermənistan Naxçıvansız yaşaya bilməz. Hətta 1918-1920-ci illərdə ingilislər və amerikanlar Naxçıvanın Ermənistana verilməsi üçün vasitəçilik edirdilər. Həmin dövrdə ermənilərin iddiası Naxçıvanı qapalı vəziyyətə salıb onu işğal etmək idi. Ermənilər hətta deyirdilər ki, azərbaycanlılar Naxçıvanı Ermənistana versələr, biz Qarabağ və Zəngəzur iddialarından geri çəkilərik. Ermənistan yazıçısı Zori Balayan da “özümüzü ona görə günahkar sayırıq ki, biz hadisələrə Naxçıvandan başlamadıq. Yəni Qarabağdan deyil, hadisələrə Naxçıvandan başlamalı idik” deyirdi. Ermənilərin əsas məqsədi Naxçıvanı tutmaq idi. Amma Qars müqaviləsi ilə Türkiyə Naxçıvanın qarantı funksiyasını öz üzərinə götürdüyündən bu, mümkün olmadı”.

 

 

 

40 kilometrlik dəhliz

 

 

 

Bu gün Naxçıvanla Azərbaycanın Zəngilan rayonunu təxminən 40 kilometrlik məsafə ayırır ki, haqqında danışılan Zəngəzur dəhlizi də məhz həmin əraziləri birləşdirir.

 

Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov deyir ki, Azərbaycanı Naxçıvanla birləşdirən Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Mehri sovet dövründə Azərbaycanın Ermənistan üzərindən nəqliyyat dəhlizi rolunu oynayıb.

 

O bildirir ki, 1936-cı ildə Bakıdan çıxan ilk qatar Mincivan-Culfa dəmiryolu xətti ilə Qafanın mis mədənlərinə gəlib. Bundan sonrakı dövrlərdə Bakı-İrəvan, Moskva-Naxçıvan-Tehran marşrutları ilə sərnişin və yük qatarları SSRİ-nin süqutuna qədər bu dəhliz vasitəsilə müntəzəm olaraq işləyib.

 

Professor əlavə edir ki, Mincivan- Culfa dəmiryolu dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Qatarların fəaliyyəti 1991-ci ilə qədər davam etsə də, 1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr onların hərəkətinə mane olurdular. Belə ki, bu silahlı dəstələr sərnişinlərə xəsarət yetirir, onları soyur, yüklərini əllərindən alaraq mənimsəyirdilər. Son yük qatarı bu dəhlizdən 1992-ci ildə Arazboyu keçərək öz fəaliyyətini sona çatdırdı. Bundan sonra Naxçıvan blokadaya düşdü.

 

Faiq İsmayılov deyib ki, dəhlizdə hərəkət dayandırıldıqdan sonra dəhliz boyu Azərbaycana məxsus stansiyalar və depolar qarət olunaraq yandırıldı. Erməni separatçıları Mincivan-Culfa, Ağdam-Əsgəran-Xankəndi dəmir yolu magistralındakı dəmiryol relslərini, dəmir dirəkləri, məftilləri və hətta bütöv vaqonları qonşu ölkələrin metaləritmə zavodlarına satıblar.

 

Bu yaxınlarda Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasına baxış keçirdiyini deyən Prezident İlham Əliyev də mənfur düşmənin bütün dəmiryolu infrastrukturunu dağıdıb, talan etdiyini açıqlayıb.

 

“Zəngilanı Naxçıvanla ayıran Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmiryolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq” deyən dövlət başçısı əlavə edib ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.

 

 

 

İnkişafın “Naxçıvan modeli” yaradılıb

 

 

 

Dünyada Naxçıvan kimi öz ölkəsindən quru yolla əlaqəsi kəsilmiş, blokada şəraitinə düşərək ondan tam ayrılmış çox az sayda ərazi nümunələri var. Lakin Naxçıvanı bu nümunələrdən fərqləndirən onun blokada şəraitində belə dinamik inkişaf edə bilməsidir.

 

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov deyir ki, Prezident İlham Əliyev tərəfindən inkişafın “Naxçıvan modeli” yaradılıb.

 

Onun sözlərinə görə, dövlət başçısının davamlı tərəqqiyə və yüksəlişə doğru aparılan uğurlu siyasəti muxtar respublikada bütün sahələrin inkişafı üçün əlverişli imkanlar formalaşdırıb: “Prezident İlham Əliyev Naxçıvana bütün səfərləri zamanı xüsusi olaraq vurğulayır ki, muxtar respublika sürətlə inkişaf edir, bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Müxtar respublika son 20 il ərzində iqtisadi artımın templərinə görə lider bölgə olub”.

 

Ağarza Rüstəmov qeyd edir ki, öz tarixi missiyasını şərəflə yerinə yetirən Naxçıvan bu gün inkişafın ən yüksək zirvəsindədir. Ümumi daxili məhsulun 10 dəfədən çox artması bunu təsdiqləyən reallıqdır. Blokada şəraitində yaşaya-yaşaya bu gün özünü elektrik enerjisi ilə tam təmin edən Naxçıvanda qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb: “Cənab Prezident də bunu dəyərləndirərək dedi ki, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Naxçıvanda həyata keçirilən kompleks quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətini, inkişafını və tərəqqisini təcəssüm etdirir. Son illərdə Naxçıvan Muxtar Respublikasının inkişaf və yüksəlişinin, eləcə də təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Naxçıvanın sürətlə inkişaf etdiyini təsdiqləyən real göstəricilərə nəzər yetirsək görərik ki, muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını artıq ən yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb”.

 

Ağarza Rüstəmov bildirir ki, dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində muxtar respublika bütün ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq-abadlıq işlərinin fəal iştirakçısı olub. Bütün bunlar isə ilk növbədə Prezident İlham Əliyevin muxtar respublikaya göstərdiyi diqqət və qayğısının bariz təcəssümüdür: “Prezident İlham Əliyevin mayın 10-da - Ulu Öndər Heydər Əliyevin doğum günündə Naxçıvana səfər etməsi böyük əhəmiyyət kəsb etdi. Hər zamankı kimi, bu səfər çərçivəsində də dövlət başçısı çox böyük sosial-iqtisadi, hərbi önəmə sahib yeni obyektlərin açılışını etdi. Bir çox mühüm obyektlərin tikintisi, aparılan yenidənqurma işləri ilə yaxından tanış olub xeyir-duasını verdi, göstəriş və tapşırıqlarını çatdırdı. Əlbəttə ki, bütün bunlar muxtar respublikanın bugünü və gələcək inkişafı, təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edən obyektlərdir. Bu səfər dövlət başçısının Naxçıvana sayca 15-ci səfəri olmaqla yanaşı, həm də rəmzi məna daşıyırdı. Çünki bundan öncəki 14 səfərdən fərqli olaraq cənab

 

İlham Əliyev muxtar respublikaya həm də Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə kimi gəlmişdi”.

 

 

 

30 ildə alternativ yollar tapılmışdı

 

 

 

Muxtar respublikanı Azərbaycanın ən vacib iqtisadi rayonlarından biri sayan Bakı Dövlət Universitetinin İqtisadi və siyasi coğrafiya kafedrasının müdiri, professor, Azərbaycanda Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov bildirir ki, ölkəmiz artıq 30 il ərzində Naxçıvanın davamlı iqtisadi inkişafı üçün alternativ yollar tapmışdı. Bunlardan ən vacibi Türkiyə ilə iqtisadi əlaqələrin yaradılması idi.

 

Hazırda Naxçıvanın əsas iqtisadi əlaqələri və ixrac potensialı cənubdan həmsərhəd olduğu İran, qərbdən həmsərhəd olduğu Türkiyə ilə bağlıdır. Naxçıvanın sosial-iqtisadi inkişafında Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsi xüsusilə mühüm rol oynayır: “Türkiyənin İğdır bölgəsi Naxçıvanın Sədərək bölgəsi ilə müqayisədə daha çox inkişaf edib. İğdırdan gələn məhsulların dəyəri Naxçıvandan gedən məhsulların dəyərindən daha yüksəkdir, yəni onlar müsbət saldo ilə işləyirlər”.

 

Kafedra müdiri təklif edir ki, Azərbaycan İranın sərhədyanı ərazisi ilə iqtisadi əlaqələri bu formada təşkil edə bilər. İranın şimal-qərb hissəsi özünün inkişaf etmiş əraziləri ilə müqayisədə nisbətən geridə qaldığı üçün Naxçıvanın həmin bölgəyə öz məhsullarını, məsələn, kənd təsərrüfatı məhsulları, mineral sular və s. ixrac etməsi və bununla da ixrac potensialını artırması, əlavə valyuta əldə etməsi mümkündür.

 

Cingiz İsmayılovun qənaətincə, ixrac potensialının artırılması üçün ilk növbədə Naxçıvanın resurslarından geniş istifadə edilməlidir.

 

 

 

Naxçıvan mərkəzi büdcəyə əlavə gəlir gətirəcək

 

 

 

Çingiz İsmayılov əlavə edir ki, Azərbaycan bu bölgənin inkişafına kifayət qədər diqqət göstərir və mərkəzləşdirilmiş maliyyə mənbələri ilə iqtisadi rayonun sosial-iqtisadi inkişafı üçün kifayət qədər maliyyə vəsaiti ayırır: “Naxçıvanın davamlı iqtisadi inkişafı üçün hərtərəfli şərait var. Muxtar respublika zəngin təbii ehtiyatlara və insan resurslarına malikdir. Bu resursların istifadəsi məqsədilə dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı strategiyasına uyğun olaraq müxtəlif proqramlar həyata keçirilir, Prezidentin iştirakı ilə yeni sosial-iqtisadi obyektlər, iş yerləri açılır”.

 

Alim təklif edir ki, Naxçıvandakı yeraltı təbii ehtiyatlardan, o cümlədən mineral su, rekreasiya, torpaq, su ehtiyatlarından səmərəli istifadə etmək olar. Bununla yanaşı, Naxçıvanın çox hissəsində günəşli günlərin sayı çox olduğu üçün orada alternativ enerjinin təşkili üçün böyük potensial var: “Amma bu imkandan çox istifadə edilmir. Düşünürəm ki, burada alternativ enerji mənbələrinin yaradılmasına xüsusi fikir verilməli, Günəş enerji stansiyaları tikilməlidir. İnsan potensialından istifadəyə də xüsusi fikir verilməlidir”.

 

Cingiz İsmayılovun sözlərinə görə, Naxçıvanın gəlirlərinin və xərclərinin balansına nəzər yetirilsə, hələ ki, mərkəzləşdirilmiş maliyyə dəstəyi üstünlük təşkil edir. Lakin qeyd edilən sahələrə investisiya qoyularsa, təbii resurs və insan potensialı əsasında Naxçıvan daxil olan mərkəzləşdirilmiş vəsaitlərdən daha çox vəsait qazana və bununla da özünü tam təmin edə, hətta dövlətin mərkəzi büdcəsinə əlavə gəlirlər gətirə bilər.

 

 

 

Yükdaşımaların həcmi artacaq

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəna Sultanova bildirir ki, iqtisadi artım göstəriciləri əldə etməsinə baxmayaraq, bu gün Naxçıvan bir sıra çətinliklərlə də üzləşir.

 

Ermənistanın Azərbaycana etdiyi təcavüzün nəticəsi olaraq, Azərbaycanla quru yolun olmaması, Zəngəzur dəhlizinin bağlanması muxtar respublikanın səmərəli iqtisadi fəaliyyətinə mənfi təsir göstərir. Naxçıvana çox sayda yüklər İran ərazisindən keçməklə gətirildiyi üçün yükdaşıma muxtar respublikaya çox baha başa gəlir. Lakin Zəngəzur dəhlizinin açılması nəticəsində Azərbaycan Avrasiya nəqliyyat qovşağına qoşulma imkanı əldə edəcək. Bundan sonra o, özü nəqliyyat yoluna görə vəsait xərcləyən deyil, gəlir əldə edən bölgəyə çevriləcək.

 

İqtisadçı alimin fikrincə, Zəngəzur dəhlizi yalnız Naxçıvan, ümumilikdə Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyətli olacaq: “Daha dərindən baxılsa, görmək olar ki, dəhliz təkcə Azərbaycan və Ermənistan üçün deyil, Rusiya üçün də çox əhəmiyyətlidir. Zəngəzur dəhlizi Rusiya üçün yükdaşımaların həyata keçirilməsində yeni və iqtisadi cəhətdən daha əhəmiyyətli bir marşrut olacaq. Dəhliz Rusiyanın Ermənistandakı hərbi bazasının maddi-texniki təchizatı, eyni zamanda bu ölkəyə sənaye məhsullarının daşınması üçün yeganə yol olacaq.

 

Çingiz İsmayılov hesab edir ki, dəhliz açıldıqdan sonra Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, alternativ istiqamət - Zəngəzur yolu ilə də yüklərini daşıya biləcək. Bu yol geniş iqtisadi əlaqələr yaratmaqla Naxçıvan, eləcə də ölkəmiz üzərindən daşınan yüklərin həcminin kifayət qədər artmasına imkan verəcək.

 

 

 

Dəhlizin iqtisadi fəaliyyətə təsiri

 

 

 

Rəna Sultanova dəhlizin Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirməsinə, ümumi daxili məhsulunun həcminin bir necə dəfə artmasına təsir göstərəcəyi qənaətindədir: “Uğurlu iqtisadi islahatlar nəticəsində 2004-cü illə müqayisədə 2019-cu ildə Naxçıvanda ümumi daxili məhsul 12 dəfə artmışdı. Dəhliz açıldıqdan sonra bu artım bir necə dəfə çox ola bilər. Bu da Naxçıvanın iqtisadi inkişafına çox güclü təsir göstərəcək”.

 

İqtisadçı deyir ki, Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında indi mövcud olan nəqliyyat məsafəsini 400 km qısaldacaq. Bu amil Naxçıvanın sosial-iqtsadi inkişafına öz müsbət təsirini göstərəcək. Naxçıvanın Türkiyə ilə daha da yaxınlaşması Azərbaycanın Türkiyə ilə əlaqələrinin inkişafına təkan verməklə yanaşı, Orta Asiya ölkələrinin iqtisadi baxımdan yaxınlaşmasına da səbəb olacaq.

 

Zəngəzur dəhlizinin açılması ilk növbədə iqtisadi əməkdaşlıq nəticəsində həyata keçirilə bilər. Rəna Sultanovanın qənaətinə görə, Rusiya, Türkiyə, Ermənistan səmərəli fəaliyyət göstərərək Zəngəzur dəhlizindən öz mənfəətlərini əldə edə bilərlər: “Bu gün Ermənistanın iqtisadiyyatı çox acınacaqlı vəziyyətdədir. Ermənistan iqtisadiyyatı bu dəhlizin açılmasından böyük mənfəət əldə edə bilər”.

 

Ümumilikdə dəhliz açıldıqdan sonra Naxçıvan özü özünün sosial-iqtisadi inkişafını tam təmin edə bilər.

 

 

 

İxrac potensialı artacaq

 

 

 

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanın iqtisadi, xüsusilə ixrac potensialının daha da artacağını düşünür.

 

Onun sözlərinə görə, 2019-cu ildə Naxçıvan MR-də 3 milyard 613 milyon manatlıq məhsul və xidmətlər istehsal olunub. Son 5 ildə muxtar respublikada məhsul istehsalı 762 milyon manat artıb. Bu müddətdə Naxçıvan MR-in iqtisadiyyatının həcmi 12 faizə yaxın artıb: “2014-cü ildə muxtar respublikada 2 milyard 851 milyon manatlıq məhsul istehsal olunmuşdu. Pandemiyadan əvvəlki ildə muxtar respublikada 1 milyard 14 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu, 2015-ci illə müqayisədə 10 faiz çoxdur. Zəngin təbii-meneral ehtiyatları olan Naxçıvanın böyük iqtisadi potensialı Zəngəzur dəhlizinin istifadəyə verilməsi kontekstində daha da genişlənəcək”.

 

Vüqar Bayramovun qənaətinə görə, dəhlizin istifadəyə verilməsi eyni zamanda Naxçıvan məhsullarının xarici ölkələrə ixrac imkanlarının genişləndirilməsi deməkdir: “Naxçıvanda emaledici, xüsusilə emaledici qida sənayesinin, yüngül sənayenin və təbii ehtiyatlara əsaslanan sənayenin inkişaf imkanları var. Muxtar respublika həm də mineral sularla kifayət qədər zəngindir. Bütün bunlar həmin məhsulların ixracı üçün imkanlar yaradır. Gözlənilir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi emaledici qida sənayesinin inkişafına təkan verəcək, Naxçıvanda istehsal edilən məhsulların daha böyük bazarlara çıxış imkanları yaranacaq”.

 

Vüqar Bayramov belə hesab edir ki, dəhliz Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı sahibkarlar arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir. Bu əməkdaşlıq qısa vaxtda məhsulların nəqlinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də muxtar respublikanın iqtisadiyyatına müsbət təsirləri olacaq.

 

Deputat bunu da əlavə edir ki, dəhliz açıldıqdan sonra Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək, ölkənin geoiqtisadi əhəmiyyəti daha da artacaq.

 

 

 

Turistlərin sayı çoxalacaq

 

 

 

Qədim yaşayış yerlərinin mövcud olduğu Naxçıvan Muxtar Respublikası həm də özünün tarixi mədəniyyət abidələrinin çoxluğu ilə fərqlənir. Muxtar respublikadakı 1162 tarixi-mədəniyyət abidənin 58-i dünya, 455-i ölkə əhəmiyyətlidir. Dünya memarlığının incisi hesab oluna biləcək tarixi memarlıq abidələrinin və zəngin mədəni irsin mövcud olduğu Naxçıvan öz təbii müalicə obyektləri ilə də məşhurdur. Azərbaycanın mineral su ehtiyatının 60 faizi muxtar respublikanın payına düşür. Sözsüz ki, bütün bu amillər regionun turizm potensialının göstəricisidir.

 

2019-cu ildə qədim diyara ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 415,9 min turist gəlib ki, bu, 2009-cu illə müqayisədə 84,1 faiz çoxdur. Son illər ərzində Naxçıvana gələn turistlərin sayının çoxalmasına baxmayaraq, belə hesab etmək olar ki, regionun turizm göstəriciləri onun yüksək potensialına uyğun deyil.

 

Dövlət Turizm Agentiliyinin mətbuat katibi Kənan Quluzadə deyir ki, dəhlizin istifadəyə verilməsi muxtar respublikanın turizminin inkişafına müsbət təsir göstərəcək, gələn turistlərin sayının artmasına səbəb olacaq: “Ümumiyyətlə, kommunikasiyaların çox olması turizmin inıkişafına töhfə verən əsas amillərdəndir. İşğaldan azad edilmiş ərazilərdə tikilən aeroportlar, Naxçıvanla Azərbaycan arasında kommunikasiyanın bərpası turizm baxımından çox vacib infrastruktur layihələridir. Bu layihələrdən istifadə etmək çox effektiv ola bilər”.

 

Kənan Quluzadənin sözlərinə görə, Naxçıvandan Azərbaycana birbaşa quru yolun bərpası Türkiyədən Azərbaycana birbaşa yeni bir dəhlizin açılması deməkdir. Bu da həmin dəhliz boyunca yerləşən ərazilərin, o cümlədən Qarabağda turizmin inkişafı üçün böyük imkanlar yaradacaq.

 

 

 

“Qapı bağlayan” Ermənistan üçün qapıları yenə də Azərbaycan açır

 

 

 

Tarixdən aydın olan budur ki, Ermənistan hər zaman Naxçıvanın inkişafına mane olmağa, onun qarşısında bir sədd çəkməyə çalışıb. Naxçıvanın blokadada qalmasının başlıca səbəbkarı Ermənistandır.

 

Lakin Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq Naxçıvanı blokadadan çıxarmaq üçün mənfur düşməni kommunikasiya əlaqələrinin bərpası barədə razılaşma imzalamağa məcbur edə bildi.

 

Prezident İlham Əliyevin iradəsi sayəsində Azərbaycan bir əsrdən sonra Naxçıvanla quru yolla əlaqə yaratmağa nail olacaq.

 

Bu yoldan gözləntilər çoxdur. Kommunikasiyaların bərpası muxtar respublikanın daha çox inkişaf etməsi üçün yeni imkanlar yaradacaq. Ancaq gözləntilər yalnız Naxçıvanın gələcəyi ilə bağlı deyil, onlar həm də regionun inkişafı üçün əhəmiyyətlidir. Bunun əhəmiyyətini isə yalnız Azərbaycan deyil, Ermənistan da dərk etməlidir. Bir zamanlar öz ərazi iddialarına görə Naxçıvanı blokadaya salan Ermənistan anlamalıdır ki, o, muxtar respublikaya gedən qapıları bağlamaqla əslində özünün inkişafa gedən yolunun qarşısını kəsib.

 

Ermənistan bunu etməsəydi, vəziyyət əksinə də ola bilərdi. Özünün xəbis niyyətlərinin qurbanı olan Ermənistan bu yolu bağlamasaydı, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsəydi, o da ölkəmizin faydalandığı böyük iqtisadi layihələrin aktiv iştirakçısı ola və Azərbaycan kimi özünü təmin edə bilən müstəqil ölkə ola bilərdi. Odur ki, bunu anlamaları yenə də gec deyil.

 

“Qapı bağlayan” Ermənistan üçün bu dəfə də qapı açılır. Bu qapını açan isə yenə də regionun güclü dövləti Azərbaycandır!

 

 

 

İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 19 may.- S.1;6.