Modern tərəqqi
ünvanı
“Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
Ulu Öndər Heydər Əliyevin bu arzularının reallığa çevrilməsi üçün son 17 ildə yürütdüyü siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev bu gün müdrik qərarları, yeni inkişaf konsepsiyası ilə əldə edilən nailiyyətləri daha da möhkəmləndirir. Həmçinin blokada şəraitində olmasına baxmayaraq, Naxçıvanın sosial-iqtisadi yüksəlişi üçün daim mühüm layihələr gerçəkləşdirir.
Mayın 10-da muxtar respublikaya səfəri çərçivəsində Prezidentin açılışını etdiyi, təməlini qoyduğu sosial-iqtisadi, hərbi obyektlər bunu bir daha təsdiqləyir.
İnkişaf və quruculuq meydanı
Prezident Naxçıvana xüsusi bir gündə - Ulu Öndər Heydər Əliyevin doğum günündə səfər etdi. Səbəbini isə dövlət başçısı belə izah etdi ki, bu səfər tarixi Zəfərdən sonra dahi şəxsiyyətin birinci doğum gününə təsadüf etdiyi üçün belə bir addım atıb.
Naxçıvana 15-ci səfər ona görə də digər səfərlərdən fərqlənirdi. Çünki Prezident muxtar respublikaya qalib sərkərdə kimi getmişdi və həm də məğrur idi, Ümummilli Liderin Vətəninə Zəfər Komandanı kimi yollanmışdı.
Naxçıvanda aparılan yüksək inkişaf, abadlıq-quruculuq işləri məhz dayanıqlı inkişaf konsepsiyasına, uğurlu siyasətə əsaslanır. Hazırda Naxçıvanın hər bir sakini geniş quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Muxtar respublikanın inkişaf və yüksəlişinin davamlı olması, eləcə də təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilir. Real vəziyyətə nəzər yetirsək görərik ki, Naxçıvanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını artıq ən yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb. İlham Əliyevin muxtar respublikaya sayca 15-ci səfəri də Prezidentin Naxçıvana yüksək diqqət ayırdığının bariz göstəricisidir.
Bu səfər çərçivəsində açılışı olan və təməli qoyulan mühüm obyektlər də görülən işlərin tərkib hissəsidir. Dövlət başçısı səfər zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılış mərasimlərinə qatılıb, həmçinin Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib. Prezident “ASAN xidmət” Mərkəzinin binasının, Ordubad Su Elektrik Stansiyasının tikintisi, eləcə də Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Əlbəttə ki, İlham Əliyevin muxtar respublikaya səfəri zamanı istifadəyə verilən və tikilməkdə olan obyektlər ölkədə insan amilinə verilən yüksək dəyərin ifadəsidir və Naxçıvanın daha da inkişafında mühüm rol oynayacaq.
Son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord göstəriciləri olan bölgə
Prezident muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirləri, kompleks quruculuq işlərini yüksək qiymətləndirərək vurğulayıb ki, Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi, elektrik enerjisi ilə təchizat artıq 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə elektrik enerjisinə həsrət qalan Naxçıvan indi özünü enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə olunur.
Yol-nəqliyyat və digər infrastrukturların yenidənqurulma prosesinə də diqqət çəkən Prezident deyib ki, bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıb və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, içməli su layihələri bütün şəhərləri əhatə edir.
Naxçıvanın sosial-iqtisadi və qeyri-neft sənaye potensialını da dəyərləndirərkən İlham Əliyev bildirib ki, burada sənaye potensialı inkişaf etməkdədir. Muxtar respublika son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord göstəriciləri olan bölgədir. Naxçıvanda ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Yəni bütün bunlar inkişafın təzahürüdür: “Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
Zəngəzur dəhlizinin açılması 30 illik blokadaya son qoyacaq
Naxçıvana səfəri çərçivəsində
Prezident İlham
Əliyev həm ölkə vətəndaşlarına xoş xəbərlər verdi,
həm də Ermənistana sərt xəbərdarlıq etdi.
Öncə
onu deyək ki, 30 ildir blokada şəraitində olan
Naxçıvanın müdafiəsi hər zaman diqqət mərkəzində
saxlanılıb. Dövlətin muxtar respublikaya göstərdiyi
güclü dəstək faktı Naxçıvanı
özünü xarici təhdidlərdən tam müdafiə
etmək iqtidarında olan bölgəyə çevirib.
Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra Ermənistanın diz çökərək kapitulyasiya sənədinə qol çəkməsi Naxçıvanın da blokadadan qurtuluşunu şərtləndirmiş oldu. Yəni Zəngəzur dəhlizinin açılması hesabına Naxçıvanın 30 illik blokadasına son qoyulacaq.
İlham Əliyev ötən il noyabrın 10-da imzalanmış birgə bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni - 9-cu bəndi saldırmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə yol açıb. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat layihələrinin reallaşdırılmasına şərait yaradacaq ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artıqmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaq. Əlbəttə ki, bütün bunlar qalib sərkərdənin dəmir iradəsinin bəhrəsidir.
Ermənistanın revanşist qüvvələrinin bu dəhlizin açılmasına qarşı təxribatlara əl atma cəhdlərinə gəlincə isə Prezident bir daha bəyan edib ki, istənilən təxribata adekvat cavab veriləcək və ya onlar yerindəcə məhv ediləcəklər. Ermənistan dövləti daha da acınacaqlı vəziyyətə düşmək istəmirsə, bəyanatın məlum bəndinin icrasını təmin etməlidir.
Səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə toxunan İlham Əliyev bir daha qətiyyət nümayiş etdirdi: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır”.
Bununla da aydın şəkildə bəlli olur ki, yaxın vaxtlarda Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Muxtar respublikanın nəqliyyat-kommunikasiya imkanları genişlənəcək və bütün bunlar Naxçıvanın iqtisadi imkanlarının daha da artmasına xidmət edəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 19 may.- S.1;5.