Dövlət icbari
şəxsi sığortası sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, dövlət icbari şəxsi sığortası
sahəsində idarəetmənin
təkmilləşdirilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Dövlət
Sığorta Kommersiya
Şirkətinin (bundan
sonra - Şirkət) Azərbaycan Respublikası
Milli Məclisinin deputatlarının, hakimlərin,
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin,
dövlət təhlükəsizliyi,
xarici kəşfiyyat orqanlarının şəxsi
heyətinin, kəşfiyyat
və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinin
hərbi qulluqçularının,
habelə hərbi xidmət nəzərdə
tutulmuş digər dövlət orqanlarında
(dövlət orqanlarının
strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların,
müstəntiqlərin, ədliyyə,
miqrasiya orqanlarında
qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini
həyata keçirən,
fövqəladə halların
nəticələrinin aradan
qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin
edən, gömrük
işini təşkil
edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən
diplomatik nümayəndəliklərində
qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi
heyətinin həyat və sağlamlığının
dövlət icbari şəxsi sığortası
sahəsində səlahiyyətləri
2022-ci il yanvarın
1-dən Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
həvalə edilsin.
2. Müəyyən edilsin ki:
2.1. dövlət icbari şəxsi sığortası
sahəsində sığortalıların
təqdim etdiyi məlumatlar əsasında
sığortaolunanların və
sığortalıların uçotunun aparılmasını,
sığortalı tərəfindən
sığorta haqlarının
sığortaçıya ödənilməsinə
nəzarəti, sığorta
ödənişlərinin dövlət
icbari şəxsi sığortası sahəsində
Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş
qaydada və müddətdə verilməsini,
sığorta ehtiyatlarının
yaradılmasını, artırılmasını,
habelə dövlət
icbari şəxsi sığortası sahəsində
digər işlərin
görülməsini Azərbaycan
Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət
Sosial Müdafiə Fondu (bundan sonra
- Fond) həyata keçirir;
2.2. dövlət icbari şəxsi sığortası üzrə
daxil olan sığorta haqları (bundan sonra - sığorta vəsaiti) Nazirliyin xüsusi xəzinə hesabında toplanır və fondun xüsusi bank hesabına köçürülür;
2.3. sığorta
vəsaitindən aşağıdakı
istiqamətlərdə istifadə
olunur:
2.3.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin
verilməsinə;
2.3.2. sığorta ehtiyatının yaradılmasına;
2.3.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərin
və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;
2.4. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir;
2.5. hər il üçün dövlət icbari şəxsi sığortası üzrə gəlir və xərclərin bu Fərmanın 2.3-cü bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsünü Nazirlik təsdiq edir;
2.6. bu Fərmanın 2.3.2-ci yarımbəndi üçün nəzərdə tutulan sığorta ehtiyatından aşağıdakı qaydada istifadə olunur:
2.6.1. sığorta ehtiyatı Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli sistem əhəmiyyətli banklarında depozitə yerləşdirilir;
2.6.2. sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə bu Fərmanın 2.3.3-cü yarımbəndində göstərilən tədbirlərin maliyyələşdirilməsinə yönəldilir;
2.6.3. sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir;
2.6.4. cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir;
2.7. 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar sığorta haqlarının idarə olunması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar Nazirlik və Şirkət müvafiq sənədlərin və məlumatların 2021-ci il dekabrın 31-dək təhvil-təslim işlərini təmin etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 may 2021-ci il
Azərbaycan.-2021.- 19 may.- S.2.