Naxçıvan tarixinin
intibahı
Əslində
tarixindən söz açmaq üçün
çox-çox uzaqlardan başlamaq lazım gəlir. Çünki
bütün mənbələr onun qədimliyindən xəbər
verir
Qədim şəhər
Özü kimi adı da qədimdir. “Naxçıvan” toponiminin
müxtəlif etimoloji yozumları var. Bir sıra mənbələrdə,
eləcə də Brokhauz və Efronun ensiklopedik lüğətində
Naxçıvan şəhərinin əsasının
eramızdan əvvəl 1539-cu ildə qoyulduğu qeyd edilib. Naxçıvan şəhərinin əsasının
eramızdan əvvəl 1500-cü ildə qoyulması fikri isə
müasir elmdə qəbul olunmaqdadır.
Tədqiqatlara görə, bu şəhər barədə
ən erkən məlumatları eramızdan əvvəl I əsrdə
tarixçi İosif Flavi və bizim eranın II əsrində
coğrafiyaşünas Klavdi Ptolomey veriblər.
İosif Flavi Nuhun gəmisinin dayandığı yer
olaraq “Apobaterion” toponimini qeyd edib. Toponim
“Naxçıvan” kimi səslənir və müasir
Naxçıvan şəhərinə aid edilir.
İosif Flavi Naxçıvan toponiminin meydana gəlməsinin
Nuhun əfsanəsi ilə əlaqədar olduğunu yazıb. Allahın əmri
ilə düzəltdiyi gəmidə öz ailəsi,
götürdüyü canlılarla birlikdə xilas olan Nuh
Peyğəmbər bugünkü Naxçıvan ərazisində
məskən salıb.
Bu yerin hər qarışında tariximizin izləri var.
Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar
da şəhərin qədimliyini meydana çıxarır. Eramızdan əvvəl
IX-VI əsrlərdə Naxçıvan qədim Manna,
İşquz və Midiya dövlətlərinin tərkibində
olub. Madayların hakimiyyəti
dövründə Naxçıvan tanınmış şəhərlərdən
idi.
Sonrakı dövrlərdə
tarixi siması dönə-dönə dəyişsə də,
bu şəhərin əhəmiyyəti heç zaman dəyişməyib.
Atabəylər
dövlətinin paytaxtı
Naxçıvan tarixinin ən mühüm mərhələlərindən
biri də Atabəylər dövlətinin (1136-1225) bərqərar
olduğu dövrdür. Tədqiqatçılar bildiriblər ki,
Azərbaycanın dövlətçilik tarixində çox
böyük rolu olmuş Atabəylər dövrü siyasi,
iqtisadi, mədəni inkişaf baxımından Naxçıvan
tarixinin intibah dövrü hesab edilə bilər. XII əsrin 30-70-ci illərində Naxçıvan
şəhəri bu dövlətin mərkəzi şəhəri,
paytaxtı olub.
Eldənizlər dövlətinin banisi Atabəy Şəmsəddin
Eldənizin hakimiyyətinin ilk dövründən dövlətin
siyasi mərkəzi Naxçıvan şəhərində
yerləşib. “Əcaib-əd-dünya” adlı tarixi mənbədə
qeyd olunub: “Naxçıvan Eldənizin dövründə tam tərəqqiyə
çatdı. Orada padşahlıq iqamətgahı
(darülmülk) yaratdılar və dövlətxana təsis
etdilər”.
Şəmsəddin Eldənizin hakimiyyəti
dövründə Naxçıvan Atabəylər dövlətinin
əsas iqtisadi, siyasi və mədəniyyət mərkəzinə
çevrilib.
Şəmsəddin Eldənizin daimi
yaşayış yeri və sarayı Naxçıvanda olub.
Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin
Eldəniz dövrünün görkəmli dövlət xadimi
kimi şöhrətlənib. O, qurduğu dövləti qüdrətləndirmək,
ərazilərini genişləndirmək üçün
böyük işlər görüb.
Ərəb
tarixçisi İbn Əl-Əsir “Mükəmməl tarix”
adlı əsərində Atabəy Şəmsəddin Eldənizdən
bəhs edərək yazıb: “O, Azərbaycan, Arran və
Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan,
Gilan, Mazandaran, İsfahan və Reyə sahib olmuşdu. Xilat,
Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri də ona tabe
idilər”.
XII əsrdə Azərbaycan əraziləri, xüsusilə
Naxçıvan yadellilərin hücumlarına tez-tez məruz
qaldığından Şəmsəddin Eldənizin
ölümündən sonra oğlu Məhəmməd Cahan Pəhləvanın
zamanında (1174-1186) Atabəylər dövlətinin
paytaxtı bu şəhərdən Həmədana
köçürülüb. Onun vəfatından
sonra hökmdarlıq taxtında kiçik qardaşı
Qızıl Arslan (1186-1191) əyləşib. Məhəmməd Cahan Pəhləvanın
oğulları Əbubəkrin (1191-1210) və Özbəyin
(1219-1225) hakimiyyəti dövründə paytaxt Təbrizdə
yerləşsə də, Naxçıvan ölkənin
iqtisadi və mədəni həyatında mühüm rol
oynayıb. Eldənizlərin bütün
hakimiyyəti dövründə şəhər ikinci paytaxt
statusunu saxlayıb.
Naxçıvan əhalisi sayına görə XI-XII əsrlərdə
Yaxın Şərqin iri şəhərləri ilə
müqayisə oluna bilərdi. Məhəmməd Naxçıvani
bu barədə yazırdı: “Təbrizdən və
Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli
şəhər yox idi”. Həmin dövrdə
Naxçıvan şəhərində əhalinin sayı təxminən
150-200 min nəfər idi. Əhalisinin əksəriyyətinin
islam dininə mənsub Azərbaycan
türklərindən ibarət olan şəhərdə
farslar və səlcuq türkləri və azsayda digər
etnoslar da yaşayırdı. Əhalinin sosial tərkibi
şəhər zadəganları, ruhanilər, sənətkarlar,
tacirlər, məmurlar, hərbçilər və şəhər
yoxsullarından ibarət idi.
Şəhərdə çoxlu məscid və mədrəsələr
inşa edilirdi. “Əcaib əd-dünya” adlı tarixi mənbədə
Naxçıvan şəhərindən bəhs edilərkən
yazılırdı: “Orada çoxlu saray, köşk, eyvan
vardır. Şəhərin
yaxınlığında daşdan qala tikilmişdir. Qalada mədrəsə və məscid vardır.
Bütün binalar gəcdən və
bişmiş kərpicdən inşa edilmişdir. Köşklərin çoxu qəsrlər kimi
üç-dörd mərtəbəlidir”.
Bu gün də Naxçıvanda tarixi məkanlardan
sayılan Möminə Xatun türbəsi Atabəylər
dövründən yadigardır. Naxçıvanın cənub səmtində
salamat qalmış orta əsrlərə aid qala divarları
hazırda Möminə Xatun türbəsinə xüsusi əzəmət,
gözəllik verir...
1175-ci ildə Şəmsəddin Eldənizin
xanımı Möminə xatun Naxçıvanda
dünyasını dəyişib. Atabəy Eldəniz
onun məzarı üzərində möhtəşəm məqbərə
tikdirməyə qərar verib. Tikinti
başlayıb. Ancaq arvadından bir ay sonra
Atabəy Şəmsəddin Eldəniz də vəfat edib.
Onların böyük oğlu Atabəy Məhəmməd
Cahan Pəhləvan 1176-cı ilin aprelində məqbərənin
tikintisini başa çatdırıb. Möminə Xatun
türbəsinin memarı yalnız Azərbaycanda deyil,
bütün Şərqdə tanınmış Əcəmi Əbu Bəkr
oğlu Naxçıvanıdir.
Tədqiqatçılar XII əsrdə Naxçıvan
şəhərinin mərkəzinin Möminə Xatun türbəsinin
yerləşdiyi sahədə olduğunu, meydan ətrafında
hökmdar sarayı, böyük Cümə məscidi və
ticarət binaları yerləşdiyini qeyd ediblər. Oradakı
ictimai binalar, Cümə məscidi, kompleksə aid qala, minarələr
və digər tikililər orta əsrlərin sonrakı mərhələlərində
müharibələr nəticəsində məhv edilib.
Əlincə qalası Eldənizlərin iqamətgahlarından
biri olub. Ən təhlükəli məqamlarda dövlətin
xəzinəsi və hökmdarın əhli-əyalı bu
qalada qorunub. Əlincənin yüksəkliyində
qutval (qala rəisi), yaxud qoçubaşı üçün
nəzərdə tutulan qəsr yerləşib. Bu tikinti kompleksi yerli əhali tərəfindən
Şahtaxtı adlandırılıb. Minə yaxın
döyüşçünün yerləşdirilməsi
mümkün olan Əlincə qalasında silah hazırlayan
karxanalar, ilxı və mal-qara üçün tövlələr
də olub.
Məhəmməd Cahan Pəhləvanın arvadı,
Nüsrətəddin Əbubəkrin anası, bacarıqlı
diplomat qadın, dövrünün tanınmış şəxslərindən
biri, Eldənizlər dövlətinin siyasi həyatında
mühüm mövqeyə malik Zahidə xatunun əsas iqamətgahı
da bu qalada olub.
Eldənizlər dövlətinin Əlincə
qalasındakı xəzinəsi onun sərəncamında idi.
Zahidə xatun dünyasını dəyişdikdən
sonra bir müddət Naxçıvanın hakimi əl-Cəlaliyyə
olub. Onun Zahidə xatunla Məhəmməd
Cahan Pəhləvanın qızı olduğu ehtimal edilir.
Elm, mədəniyyət,
sənətkarlıq və ticarət mərkəzi
XI-XII əsrlərdə Naxçıvan Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Gəncə, Şamaxı şəhərləri ilə bir sırada iri sənətkarlıq və ticarət mərkəzi kimi tanınıb. Həmin dövrdə bu şəhər memarları, dülgərləri, bənnaları, bəzzazları, dulusçuları, dəmirçiləri, dabbaqları, başmaqçıları, xalçaçıları, zərgərləri, boyaqçıları ilə məşhur olub. Bir sıra qonşu ölkələrə Naxçıvanda hazırlanan keçə, çuxa, kasa, ağac tabaqlar və başqa məmulatlar aparılıb. Naxçıvanda toxunan xalçalar, yun, ipək və pambıq parçalara da təlabat böyük olub.
Naxçıvanda dulusçuluğun, misgərliyin yüksək səviyyədə inkişaf etdiyini Möminə Xatun türbəsi yaxınlığında, şəhərin orta əsr Narın qalasında aparılan arxeoloji qazıntılar da təsdiq edib. Qazıntılar zamanı dulusçu kürələrinin qalıqları, əsasən həndəsi və nəbati naxışlarla bəzədilmiş şirəli və sadə saxsı qablar, müxtəlif mis qab nümunələri aşkara çıxarılıb. Tədqiqatlar göstərir ki, o dövrdə Naxçıvan şəhərində şüşə istehsalı sənətkarlığı da təşəkkül tapıb.
Sənətkarlığın inkişafı etməsi Naxçıvanın qonşu ölkələrlə ticarət əlaqələrini genişləndirməyə imkan verib. Buradan zinyət əşyaları, parçalar, zərif naxışlı qablar, keramika və metal məmulatları, eləcə də duz, pambıq, taxıl, quru meyvə və başqa məhsullar Azərbaycanın digər bölgələrinə, həmçinin qonşu regionlara göndərilib.
Ticarətin inkişafı
Naxçıvanın görkəmini də dəyişməyə
başlayıb. Karvansaralar inşa edilib, yeni körpülər, yollar
salınıb.
Naxçıvan
Mərənd, Xoy, Təbriz, Marağa, Urmiya, Səlmas, Dəbil
və başqa şəhərlərə gedən ticarət
yolu üzərində yerləşən əsas mərkəz
olub, İran, Bizans, Orta Asiya, eləcə də qonşu Cənubi
Qafqaz şəhərləri ilə ticarət əlaqələri
qurub.
Naxçıvan şəhərində, Şərur ərazisində
aşkar edilmiş pul dəfinələri, X-XII əsrlərə
aid mis, gümüş, qızıl sikkələr təsdiq
edir ki, ticarət əlaqələrinin inkişafı pul
dövriyyəsinə də təsir göstərib. Tədqiqatlar
həmin sikkələrin Abbasi xəlifələri, Bizans
çarları, sacilər, salarilər, səmanilər, səlcuq
sultanları, Atabəylər və başqaları tərəfindən
zərb etdirildiyini sübut edib.
Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən
biri olan Naxçıvanda mədrəsələr, ruhani məhəllə
məktəbləri vardı. Eldənizlərin
hakimiyyəti dövründə isə Naxçıvan şəhərində
iki böyük mədrəsə açılıb, xərcləri
Möminə Xatun və Yusif ibn Küseyir türbələrinin
vəqfləri, gəlirindən ödənilib. Eldənizlər dövlətinin paytaxtı olduğu
dövrdə Naxçıvanda elm və mədəniyyətin
inkişafına şərait yaradılıb. Burada çoxlu alim, mütəfəkkir, şair,
memar yaşayıb-yaradıb. İncəsənətin
bir çox növləri - rəssamlıq, nəqqaşlıq,
zərgərlik də yüksək səviyyədə inkişaf
edib.
Naxçıvan XII-XIII əsrlərdə Azərbaycanın
əsas memarlıq mərkəzlərindən hesab edilib. Şəhərsalma,
qalatikmə, körpüsalma, monumental çoxmərtəbəli
sarayların, türbələrin, məscidlərin
inşası, təsviri və tətbiqi sənətin yüksək
səviyyədə inkişaf etdiyini göstərir. Bunu
şəhərin orta əsr qala divarları, Yusif ibn
Küseyir, Möminə Xatun türbələri, İmamzadə
kompleksi, Əlincə qalası, Xaraba Gilan istehkamları və
türbələri, Aza məqbərələri,
Gülüstan türbəsi, Araz, Gilançay və Əlincəçay
üzərindəki körpülər və digər
memarlıq abidələri də təsdiq edir.
Eldənizlərin saray kompleksi Naxçıvanın mərkəzi
memarlıq ansamblının möhtəşəm tikililərindən
biri olub. Şəhərin digər memarlıq abidələri
bu sarayın ətrafında salınıb. Böyük dəyərə malik bir çox
möhtəşəm abidələrimiz kimi, bu saray da
dövrümüzə gəlib çatmayıb. Zamanın qovğalarında, müharibə çəkişmələrində
Naxçıvanın çoxlu abidələri yerlə-yeksan
edilib. Ancaq bununla belə öz qədimliyində
və möhtəşəmliyində tarixin izlərini
yaşadıb.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2021.- 19 may.- S.7.