Düşmənə göz dağı
- Qala Naxçıvan
Qurban olum torpağına, daşına,
Qaldır məni Əlincənin qaşına,
Qoy dolanım, Vətən, sənin başına
Deməsinlər, pərvanəsi çatışmır...
Culfa rayonunda, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsində qürurlu və əzəmətli bir qala ucaldılıb. Hələ eramızdan əvvəl əcdadlarımız bu alınmaz qalanı sarsılmazlıq, məğlubedilməzliyin rəmzi kimi inşa edərək düşmənlərə göz dağı veriblər. Bu möhtəşəm qala qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq”, daha sonra isə Əlincə adlandırılıb.
“Kitabi-Dədə Qorqud” dastanlarında möhkəm istehkam kimi təsvir olunan Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır. Məhz qalanın möhkəm divarları və qayanın üstündə olması tarix boyu onu sarsılmaz müdafiə istehkamına çevirmişdir.
Vaxtilə Əlincə qalasına 600-ə qədər döyüşçünü öz atı və sursatları ilə birlikdə yerləşdirmək mümkün idi. Buna görə idi ki, heç bir yağı düşmən bu qalaya yaxın düşə bilmir, onun əzəməti qarşısında baş əyərək kor-peşman geri dönürdü. Əlincəqalanın əsrlərdir dillərə dastan olan möhtəşəm mübarizəsi isə dünya fatehi, böyük-böyük dövlətləri bir həmlədəcə qarşısında diz çökdürən Əmir Teymura qarşı illərlə göstərdiyi rəşadətli dirənişi, qəhrəmanlıq hünəri idi. Qala 14 il Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuş, Əmir Teymur bu qalanı 14 il ərzində döyüşlə ələ keçirə bilməmişdir. Yalnız 1399-cu ildə Hindistandan qayıdışından sonra qalada artıq heç kim qalmamışdı və bunun nəticəsində 14 il sonra Teymur qalanı heç bir müqavimətsiz tutmuş və bu qalanın əzəmətinə heyran olmuşdur.
Lakin Əmir Teymurun ölümündən sonra Əlincə qalası yenidən Azərbaycan dövlətlərinin hakimiyyəti altında olmuş və yenidən düşmənlərlə layiqli mübarizə aparmışdır.
Əcəmi Əbubəkr oğlu Naxçıvani
Qədim Naxçıvan torpağı ta qədimdən əzəmətli qalaları, dini məbədləri, memarlıq abidələri ilə hər zaman seçilmiş, zəngin maddi sərvətə sahib olmuşdur. Hazırda da Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Naxçıvanda 663 arxeoloji abidə, 285 memarlıq abidəsi,
31 monumental sənət abidəsi, 36 tarixi abidə, 140 ziyarətgah, 7 təbiət abidəsi mövcuddur.
Naxçıvan memarlığının şah ustadı dedikdə isə, heç şübhəsiz, mühəndislər mühəndisi Əcəmi Əbubəkr oğlu Naxçıvani hörmətlə xatırlanır.
Qüdrətli Atabəylər dövlətinin baş memarı Əcəmi idi, onu “Şeyxül-mühəndis” (baş mühəndis) adlandırırdılar. Əcəmi Atabəylər dövlətinin paytaxtı olan Naxçıvanda yaşayıb-yaratmışdır. Şəmsəddin Eldənizin doğma paytaxt şəhərinin gözəl olmasına çalışırdı. Odur ki, Naxçıvanda gözəl binalar tikilirdi və memar Əcəminin tikdiyi binalar qədim Naxçıvanın mərkəz məhəllələrini bəzəyir, bu memarlıq inciləri paytaxta əzəmət və yaraşıq verirdi. Naxçıvanda Yusif ibn Küseyir və Möminə xatun türbələri, Cümə məscidi, Qoşa minarə Əcəminin ən gözəl memarlıq əsərləri hesab olunur və bu gün də hər bir ziyarətçisinə böyük ustadı yad etdirir. Elə memarın əsrlər əvvəl Möminə Xatun türbəsinin baş tağında kufi xətti ilə həkk etdiyi bu ürək sözləri kimi: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”...
Möminə Xatun türbəsi
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi Möminə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan 1186-cı ildə başa çatdırmışdır. Elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalmışdır.
Ümumi hündürlüyü 34 metr olan türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi planda 10 bucaqlıdır. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir.
Yusif Küseyir oğlu türbəsi
Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biri olan Yusif Küseyir oğlu türbəsi Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşir və xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi də adlanır. Abidə yeraltı sərdabədən və yerüstü qülləvari hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəklindədir. Türbənin səkkizbucaqlı prizmatik gövdəsi xaricdən piramidaşəkilli, daxildən isə tavan çatma tağ şəkilli sferik günbəzlə örtülmüşdür. Yüksək mühəndislik bacarığının nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabədə yazılıb ki, “Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunmuşdur.
Qarabağlar türbəsi
Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Qarabağlar türbəsi Kəngərli rayonunun Qarabağlar kəndindədir. Türbə memarlıq kompleksinə daxildir. Memarlıq kompleksinə daxil olan türbədən başqa burada qoşa minarə və onların arasında yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir.
Qarabağlar türbəsinin kompozisiya xüsusiyyəti 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində yerləşərək türbəyə 4 fasadlı görkəm verir. Baştağların səthi kaşı ilə örtülmüş, həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Bunlardan ən maraqlısı şimal tərəfdəki əsas baştağdır. Qarabağlar türbəsinin konus şəklində olmuş yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından türbənin tarixini dəqiq təyin etmək mümkün deyildir. Lakin bütün tədqiqatlar türbənin XIV əsrin əvvəllərində tikildiyini və memarının da Əhməd Əyyub oğlu Hafiz Naxçıvani olduğunu ehtimal etməyə əsas verir.
Əlincəçay xanəgahı
Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən Əlincəçay xanəgahı orta əsrlərə aid memarlıq kompleksidir. El arasında Şeyx Xorasan adlanan kompleksdən zəmanəmizədək türbə, məscid və bəzi tikililərin qalıqları gəlib çatmışdır. Kompleksə daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa edilmişdir. Kitabənin son hissəsi ovulub töküldüyü üçün onun inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq memarlıq-konstruktiv quruluşuna görə onu XII-XIII əsrlərə aid etmək olar. Türbənin içərisində bir qəbir vardır. Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn edildiyi məlum deyildir. Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn etmişlər. Məhz buna görə də Xanəgah kompleksinə yerli əhali arasında verilən ad ((Şeyx Xorasan) Günəşə oxşar, Nurani şeyx) kimi izah edilir.
Əshabi-kəhf
Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-kəhf ərəb dilində “mağara sahibləri” deməkdir. Qurani-Kərimdə “əl-Kəhf” surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş (çoban) və onlara sadiq olan itləri Qıtmir) 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır. Mağaranın sonunda olan məscidin mehrabında kitabə vardır. İrihəcmli mərmər lövhədən ibarət olan kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən “əl-Kəhf” surəsindən 9-12, 17-18-ci ayələri həkk edilmişdir.
Köhnəqala
Köhnəqala Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidədir. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınan qalanın tikilmə tarixi dəqiq məlum deyil. Lakin tədqiqatlara əsasən qalanın III Sasani hökmdarı Yəzdəgird (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Ö.Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar. Qala XVIII əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən - kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Narınqalanın cənub-qərbində 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir. Qalanın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun - “tələ”nin təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının və bürclərinin hissələri diqqəti cəlb edir.
Qədim insan məskəni “Nuhçıxan”, “Nəqşicahan”, Naxçıvan başdan-başa əzəmətli qalalar, füsunkar memarlıq abidələri, müqəddəs türbələr, dini ocaqlarla zəngindir. Və elə Naxçıvan özü bütövlükdə yenilməz və qürurlu qala olaraq düşmənə daim gözdağıdır.
Necə
ki, illərdir daşına-torpağına tamah salan mənfur
ermənilərin xain həmlələrinə qarşı mətanətlə
duruş gətirir, tarix boyu olduğu kimi, indi də yadelli
işğalçıların burunlarını ovaraq yerlərinə
otuzdurur...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.- 19 may.- S.8.