İlham
Əliyevin quruculuq missiyası davam edir
Qəbələyə
dəmir yolu çəkildi, Bum çayı üzərində
körpü salındı
Prezident İlham Əliyev ötən illər ərzində dəfələrlə bəyan etmişdir ki, onun tarixi missiyası Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması və torpaqlarımızın işğalına son qoyulmasıdır. Dövlət başçısı bu məqsədlərə çatmaq üçün böyük işlər görmüşdür. Həm də bunun nəticəsidir ki, hazırda Azərbaycan sosial-iqtisadi inkişafına görə mötəbər beynəlxalq təşkilatların reytinq cədvəllərində öncül yer tutur.
Əgər indiyədək ölkəmizin daha sürətli inkişafına mane olan başlıca səbəb torpaqlarımızın 20 faizinin erməni işğalı altında qalması idisə, keçən il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz buna da son qoydu. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev özünün tarixi missiyalarını şərəflə yerinə yetirib.
Amma bu gün də dövlət başçısı ölkənin hərtərəfli inkişafı üçün yeni layihələrin icrası ilə məşğuldur. Prezidentin Naxçıvan Muxtar Respublikasına, Qarabağ bölgəsinə və Qəbələ rayonuna son səfərləri də bununla bağlı idi.
Məlumdur ki, Prezident bölgələrə səfərləri zamanı ənənəvi olaraq yeni sosial-iqtisadi obyektlərin təməlqoyma mərasimlərində və açılışlarında iştirak edir. Bununla yanaşı, əhalinin arzu və istəklərinə uyğun olaraq yeni sosial-iqtisadi və infrastruktur layihələrinin icrası barədə operativ qərarlar qəbul edir. Dövlət başçısı bu il mayın 15-də Qəbələ rayonuna səfəri zamanı da bu ənənəsinə sadiq qaldı.
Qeyd edək ki, Prezidentin xüsusi qayğıkeşliyi sayəsində son dövrlər Qəbələ rayonunda nəhəng sosial-iqtisadi və infrastruktur layihələri həyata keçirilib. Rayonda beynəlxalq əhəmiyyətli turizm obyektləri, müxtəlif təyinatlı müasir müəssisələr tikilərək istifadəyə verilib, infrastruktur yenilənib. Belə layihələrdən biri də dövlət başçısının sözügedən səfəri çərçivəsində açılışını etdiyi Qəbələ Dəmir Yolu Vağzalı və Ləki-Qəbələ birxətli dəmir yoludur.
Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun tikintisinə 2018-ci ildə başlanıb və dəmir yolu xətti ox üzrə 42,3, yan yollarla birlikdə 44,5 kilometrdir. Qəbələ Bakıdan sonra ölkəmizin ən inkişaf etmiş turizm infrastrukturuna malik olduğundan bu yol gələcəkdə yerli və xarici turistlərin rahatlığı üçün mühüm rol oynayacaq.
Prezidentin səfəri çərçivəsində 20 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzi və digər yaşayış məntəqələri ilə birləşdirən Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərindəki yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu da bərpadan sonra istifadəyə verildi.
Xatırladaq ki, Bum dağ çayı olduğundan ilin yaz-payız aylarında baş verən daşqınlar nəticəsində bu ərazidə yaşayan əhalinin rayon mərkəzi ilə əlaqəsi kəsilirdi. Bu baxımdan körpünün istifadəyə verilməsi həmin kəndlərdə yaşayan insanların gediş-gəlişini həm asanlaşdıracaq, həm də təhlükəsiz edəcək. Eyni zamanda həmin ərazidə kənd turizminin inkişafı sürətlənəcək. Axı buradakı dağ kəndləri səfalı təbiəti ilə seçilir. Həmin kəndlərin təmiz havası və saf sulu çoxlu bulaqları var.
Qəbələ rayonu həm də ölkəmizin milli tərkibinə görə zəngin rayonlarındandır. Burada azərbaycanlılarla yanaşı, ləzgilər, udilər və digər xalqların nümayəndələri bir ailənin üzvləri kimi yaşayırlar. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində rayonda yaşayan bütün xalqların nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsində iştirak etdilər, vətənləri Azərbaycanın bütövlüyü uğrunda döyüşərək şəhid və qazi oldular.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkəmizin çoxmillətli olması milli sərvətimizdir. Din və milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı vətən üçün qiymətlidir. Dövlət başçısı bu səfəri zamanı udilərin yaşadığı Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban, Müqəddəs Yenisey adına Cotari kilsələrində və 1 saylı Nic qəsəbə orta məktəbində oldu. Müqəddəs Məryəm Ana Alban kilsəsində udi ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident dedi: “Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil olunan “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”.
Ermənilər təkcə torpaqlarımıza deyil, tariximizə də sahib çıxmaq istəyirdi. Bunun üçün ən çox istifadə etdikləri yalan isə Qarabağ və ətraf rayonlardakı qədim alban kilsə və məbədlərinin guya onlara məxsus olduqlarını dünyaya car çəkmələridir. Ermənilər işğaldan əvvəl heç vaxt yada salmadıqları və ziyarət etmədikləri alban kilsə və məbədlərinin onlara məxsus olduqlarını bildirməklə İrandan Qarabağa çar Rusiyası tərəfindən köçürülmələri faktını gizlətmək istəyirlər.
Udi icmasının nümayəndələri isə Azərbaycanın dövlət başçısına tarixi-dini miraslarının onlara qaytarıldığı üçün minnətdarlıqlarını bildirirlər. İndi onlar Xudavəng və Ağoğlan məbədində öz ibadətlərini azad şəkildə həyata keçirirlər. Əvvəllər isə ermənilər buna imkan vermirdilər. Ona görə ki, udilər bu kilsələrdə öz dini ayinlərini icra etsəydilər, ermənilərin böyük yalanları üzə çıxardı.
Rüstəm KAMAL
Azərbaycan.-2021.- 19 may.- S.9.