İlham Əliyev Ermənistanı yeni reallıqlarla barışmağa çağırdı

 

Prerzident bir daha Azərbaycanın əməkdaşlığa və ümumi gələcəyin planlaşdırılmasına açıq olduğunu bəyan etdi

 

 

 

Dağlıq Qarabağ  münaqişəsi, status, Madrid prinsipləri, həmsədrlərin təklifləri və turist səfərləri, liderlərin görüşü və 27 il davam edən mənasız danşıqlar...

 Bizim üçün arxiv materiallarına çevrilən bu ifadələr hələ də məğlub Ermənistanda və onun tərəfini saxlayan bəzi ölkələrin siyasi dairələrində hərdən səslənir. Amma çox yaxşı bilirlər ki, müharibə artıq bitib, Ermənistan Azərbaycan qarşısında diz çökübheç bir statusdan, prinsiplərdən söhbət gedə bilməz. Bunlar, sadəcə olaraq, müharibədən sonra yaranmış yeni reallıqlarla barışmamaq üçün istifadə edilən variantlardır.

Azərbaycan və Rusiya 10 noyabr Bəyanatının bütün maddələrinin reallaşdırılmasında israrlıdırlar. Məğlub Ermənistan isə bu reallıqla barışmağa məcburdur.

 

 

 

Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur

 

 

 

Son günlərin mənzərəsi, yəni Ermənistandakı durum onu deməyə əsas verir ki, hazırda məğlub ölkə acınacaqlı durumdadır. İllərdir iqtisadi cəhətdən  tənəzzülə uğrayan Ermənistan müharibədə ordusunun da darmadağın olması ilə tamamilə çöküb.

Lakin buna baxmayaraq, ölkədəki bəzi revanşistlər Azərbaycana “hədə-qorxu” gələrək Qarabağda təxribatlar törədəcəkləri ilə bağlı sərsəm fikirlər səsləndirirlər. Siyasi hakimiyyət isə bəzi bəhanələr gətirərək 10 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulan məsələlərin reallaşmamasına çalışır.

Bu uydurmalara öncə təmkinli reaksiya verən Prezident İlham Əliyev bildirdi ki, Ermənistan, sadəcə, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Lakin proseslərin sonrakı gedişi Azərbaycan Prezidentinin bu ölkəyə çox kəskin və sərt xəbərdarlığı ilə nəticələndi: “Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Beləliklə də Ermənistanın Azərbaycanın siyasi iradəsini qəbul etməkdən başqa yolu qalmayacaq. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

İlham Əliyevin bu qətiyyətli fikirlərindən sonra neçə gündür ki, Ermənistanda vəziyyət gərginləşib.

Çünki İkinci Qarabağ müharibəsindən sonra erməni xalqı artıq öz “liderlərinə”, revanşistlərinə deyil, İlham Əliyevin səsləndirdiyi bəyanatlara, sərt xəbərdarlıqlara əhəmiyyət verməyə başlayıb. Bu vəziyyəti İkinci Qarabağ müharibəsinin nəticəsi yaradıb. Azərbaycan Prezidenti müharibədən öncə və hətta savaş başlayandan sonra verdiyi bütün bəyanatlara, səsləndirdiyi fikirlərə sahib çıxaraq sözünün ağası olduğunu isbatlayıb. 

Artıq müharibə bitib. Azərbaycan güc, iradə hesabına tarixi ədaləti bərpa edib. Hazırda Qarabağda böyük tikinti bumu yaşanır. Məqsəd budur: Azərbaycan dövləti sülh şəraitində Qarabağın əvvəlki şöhrətini özünə qaytaracaqdır.

Lakin bəzi qüvvələr bunu anlaya-anlaya qəsdən münaqişənin bitmədiyini iddia edirlər. Onlar düşünürlər ki, “Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır” deyib  Azərbaycanı qıcıqlandıraraq təxribata çəkə bilərlər.

Mayın 10-da Naxçıvana səfəri çərçivəsində İlham Əliyev bir daha həmin qüvvələrə sərt xəbərdarlıq ünvanladı: “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında... Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik... Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?!”

Prezident Ermənistandakı revanşistlərə də mesaj göndərərək istənilən cəhdin qarşısının alınacağını, təxribatçıların yerindəcə məhv ediləcəyini bildirib.

Əlbəttə ki, Ermənistanda hər kəsə bəllidir ki, İlham Əliyev qarşısına qoyduğu məqsədə çatmaq üçün prinsipial, qətiyyətli addımlar atır. Dövlət başçısı lazım gələndə sözünü deyironun icrasını da reallaşdırır.

 

 

 

Zəngilanı Naxçıvanla ayıran 40 kilometrlik dəhliz açılacaq

 

 

 

Ötən ilin 10 noyabrında İlham Əliyevin şərtlərinə uyğun kapitulyasiya sənədinə qol çəkmək məcburiyyətində qalan Ermənistan indi kommunikasiya xətlərinin çəkilişi üçün səy göstərməlidir. Çünki məlum Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməlidir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Lakin Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən ritorikanı sərtləşdirməyə cəhd edirlər.

Mayın 10-da Naxçıvana səfəri çərçivəsində Ordubad Dəmir Yolu Stansiyasında yaradılan şəraitlə də tanış olan İlham Əliyev bir daha bu məsələyə toxunaraq işlərin gedişatını dəyərləndirib. Hazırda bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında məsələ ilə bağlı çox ciddi addımlar atıldığını deyən Prezident vurğuladı ki, Ordubad Dəmir Yolu Stansiyasının da yenidən qurulmasının çox böyük rəmzi mənası var: “Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

İlham Əliyev birmənalı və qəti şəkildə vurğuladı ki, dəmir yolu dəhlizi açılacaq və bu, heç kimdə şübhə yaratmasın. Təbii ki, bu prosesdə Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək.

Hazırda bu istiqamətdə ciddi işlər görülür. İlham Əliyev dəhlizin bir parçası olacaq Horadiz-Ağbənd dəmir yolunun təməlini qoyduqdan sonra işlər daha da sürətlənib. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq.

O ki qaldı Ermənistan ərazisində olan hissəyə, Prezident deyib ki, bu gün Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Demək, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə Azərbaycan bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edir. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək İlham Əliyevin növbəti tarixi nailiyyəti olacaq. Elə dövlət başçısı da əminliklə vurğulayıb ki, bu layihə mütləq reallaşacaq: “Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”.

 

 

 

Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur

 

 

 

Mayın 20-də İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə də Prezident regionda baş verən mühüm məsələlərə toxunaraq bir daha Ermənistana çıxış yolu göstərdi.

Çünki bu gün məğlub Ermənistandakı mövcud durum acınacaqlıdır. Ordusu tamamilə məhv edilib, ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı qəbul edilən çərçivədən tam uzaqdır.

İkinci Qarabağ müharibəsi regionda vəziyyəti tam dəyişib və bu səbəbdən də Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. İndi tərəflər gələcəyə baxmalıdırlar. Hətta 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişikyeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub”.

Bəyanatda əks olunan əsas məsələlər kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Azərbaycan bu layihənin həyata keçirilməsi ilə bağlı işə artıq başlayıb. Bu məqsədlə texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.

Bu səbəbdən də İlham Əliyev Azərbaycanın əməkdaşlığa və ümumi gələcəyin planlaşdırılmasına açıq olduğunu bəyan etdi. Bunun səbəblərini də açıqlayan dövlət başçısı vurğuladı ki, qonşu olduğumuz üçün birgə yaşamanı öyrənməliyik.

Düzdür, bu, çətin prosesdir. Amma regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin təmini üçün reallıqlarla barışmaq ən doğru variantdır.

 

 

Prezident həm Ermənistana çıxış yolu göstərdi, həm də beynəlxalq təşkilatlara mesajlar ünvanladı

 

 

 

İştirak etdiyi bütün toplantılarda hər zaman həqiqətləri açıqlayan və bununla da tam müstəqil siyasət yürütdüyünü isbatlayan İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu toplantıda həm Ermənistana çıxış yolu göstərdi, həm də beynəlxalq təşkilatlara mesajlar ünvanladı.

Əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyanın nüfuzlu ictimaisiyasi xadimlərindən ibarət İdarə Heyəti var. İdarə Heyəti 20 nəfər üzvdən ibarətdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri var. Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. Mərkəz 2013-cü ildən bugünədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirib. Hər bir forumda ümumilikdə 500-dən çox xarici qonaq iştirak etmişdir. 2020-ci ildə VIII Qlobal Bakı Forumu COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınıb. Mərkəz bu il “Bakı Qlobal Forumu 2021”i keçirməkdə israrlıdır.

Məhz belə bir mötəbər mərkəzin təşkil etdiyi tədbirdə İlham Əliyev bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirdi, onlara sistemli yanaşma nümayiş etdirdi, məntiqlə və əhatəli şəkildə təhlil etdi. Cənubi Qafqazdakı mövcud durumu və qarşıdakı perspektivləri dəyərləndirərkən yaranmış yeni imkanları diqqətə çatdırdı və postmüharibə dövrü üçün reallıqları açıqladı. Hər zamankı kimi İlham Əliyevin yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslərə də münasibətini ortaya qoydu.

Azərbaycanın bir çox ölkələrlə, süperdövlətlərlə, həmçinin beynəlxalq təşkilatlarla  münasibətləri və bundan sonrakı əlaqələrin hansı formada davam etdiriləcəyinə də aydınlıq gətirən İlham Əliyev yeni informasiya strategiyası ilə postmüharibə dövründə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi, hüquqi nəticələri barədə dolğun məlumatlar verdi.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 22 may.- S.1;7.