Ölkəmizdə yaradılan yeni turizm strukturları bu sahənin inkişafını sürətləndirəcək
Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin
qoyulması bunu belə deməyə əsas
verir
Azərbaycan qədim zamanlardan təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Hər bir ölkənin olduğu kimi, bizim vətənin də özünəməxsus təbii, yeraltı və yerüstü sərvətləri var. Ümumiyyətlə, təbii sərvət dedikdə, insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdikləri bütün təbiət komponentləri başa düşülür.
Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun ölkəmizdə olması da təbii sərvətlərimizi zənginləşdirən amillərdəndir. Zənginliyinə görə Azərbaycan ərazisi mineral sular muzeyi adlandırılır. Respublikanın mineral-xammal bazası təkcə karbohidrogen ehtiyatları ilə bitmir. Ölkənin 450-dən artıq qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları, palçıq vulkanları və s. ehtiyatları var. Təbii sərvətimiz olan neft və qaz isə respublikamıza dünya şöhrəti qazandırmışdır.
Respublikamızın təbii sərvətlərinin mövcudluğu başqa sahələrdə olduğu kimi, turizmin inkişafında da böyük rol oynayır. Turizm iqtisadiyyatın ən böyük və dinamik sahələrindən biri, dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkəsinin xarici iqtisadi fəaliyyətinin vacib hissəsidir. Ölkəmizdə də turizmin inkişafı üçün böyük potensial var və onun inkişaf istiqamətləri geniş və çoxşaxəlidir.
Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələr sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin dinamik inkişaf edən sahələrindən birinə çevrilib.
Bu bir həqiqətdir ki, müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə uğurlu inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətlərində də təqdirəlayiq işlər görülüb.
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. Hələ 1999-cu ildə Ulu Öndərin müvafiq fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında” qanun və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə də ölkəmizdə turizm sektorunun inkişafına ciddi təkan verdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi diqqətdə saxlayır. 2002-ci ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi də bu baxımdan ciddi rol oynayır. Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” isə ölkəmizdə bu sahənin inkişafı üçün daha ciddi əsas yaradıb. Dövlət başçısının 2011-ci ili “Turizm ili” elan etməsi də bu sahənin dinamik inkişafına zəmin yaratdı. Ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olundu, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verdi. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi də mühüm amillərdəndir. Son 14 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınır, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha da genişlənir. Ölkəmizdə turizmin müalicə-sağlamlıq növünün də inkişafı üçün geniş imkanlar mövcuddur.
Azərbaycan ərazisi planetimizdə palçıq vulkanlarının ən çox yerləşdiyi unikal ərazidir. Azərbaycanda palçıq vulkanları tektonik inkişafdan asılı olaraq, Qobustanda, Abşeron yarımadasında, Abşeron arxipelaqında, Cənub-Şərqi Şirvan düzündə, Şamaxı rayonunda, Ağsu çayının aşağı axarında, az miqdarda Siyəzən və Şabran rayonlarında yayılıb. Azərbaycanda 350-dən çox aktiv palçıq vulkanı mənbələri var ki, bunların da kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir. Təbiət abidələrinin sayına, çoxçeşidliyinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Vulkan suları yod, bor, bromla, palçığı isə kimyəvi elementlərlə zəngin olub bir sıra xəstəliklərin (məsələn, mərkəzi sinir sistemi, dəri xəstəlikləri, radikulit, urologiya, ginekologiya və s.) müalicəsində geniş istifadə olunur. Palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturunun yaradılması Azərbaycanda müalicə-sağlamlıq turizminin mühüm və əlverişli olduğundan xəbər verir.
Bu baxımdan cari il aprelin 22-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin qoyulması Azərbaycanda müalicə-sağlamlıq turizminin inkişafında mühüm hadisələrdəndir.
Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.
“Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri var. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan üç müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik əhəmiyyətini daha da artırır.
Bildiyimiz kimi, dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətdə fəal işlər görülür və bu sahədə aparılan işlər təqdirəlayiqdir. Hazırda düşmən tapdağından azad olunmuş torpaqlarımızda geniş quruculuq işləri gedir. Yaxın zamanlarda vaxtilə yerlərindən didərgin düşmüş vətəndaşlarımız öz yurdlarına qayıdacaqlar. Qarabağ torpaqları isə öz gözəlliyi ilə bundan sonra dünyanın diqqət mərkəzində olacaq. Dövlət başçısının səyi, xalqımızın gücü nəticəsində bu torpaqlar 30 il bundan əvvəlkindən də yaxşı görkəmə gətiriləcək və dünyanın məşhur turizm məkanlarının sırasında özünə layiqli yer tutacaqdır.
Rəhman SALMANLI
Azərbaycan.-2021.- 23 may.- S.1;4.