“Qarabağ
bölgəsi “yaşıl enerji”
zonası kimi dünya
üçün bir
nümunə olacaq”
Bu, Prezident İlham
Əliyevin daha bir iqtisadi hədəfidir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır.
2020-ci ilin yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır.
Bu il mayın 3-də isə Prezident “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara almışdır.
“Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.” Bu, Prezident İlham Əliyevin qətiyyətidir.
Məlum olduğu kimi, Qarabağın bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür.
Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.
Qarabağda eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.
Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.
Qarabağ bölgəsində həmçinin daş kömür yataqları mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir.
Bütün bu mənbələr işğaldan azad olunmuş rayonlarımızda yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir. Həmin istiqamətdə genişmiqyaslı işlər nəzərdə tutulub və onlar ardıcıllıqla həyata keçirilir. “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün də artıq müəyyən əməli addımlar atılıb.
Bu ilin may ayında Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında müqavilənin imzalanması işlərin uğurla irəlilədiyinin daha bir təsdiqidir. Nazirliyin bu barədə məlumatında bildirilir ki, müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, sözügedən ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri əhatə ediləcək. Həmçinin bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və digər məsələlərə baxılacaq.
Qeyd edək ki, 1960-cı ildə təsis olunmuş “Tepsco” şirkəti 90-dan çox ölkədə layihələr həyata keçirib və “yaşıl enerji” sahəsində beynəlxalq təcrübəyə malikdir. Şirkət tərəfindən Yaponiya, Vyetnam, Malayziya, İndoneziya, Braziliya və Tailandda “ağıllı şəhər” layihələri çərçivəsində “yaşıl həllər” təklif edilib.
Bu şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, respublikamızın enerji sektorunun sahəvi təhlilini və digər işləri qeyd etmək olar.
Energetika Nazirliyi və “Tepsco”nun yeni müqaviləni videoformatda imzalamasının ertəsi günü Tokioda Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə şirkətinin direktoru, Beynəlxalq Biznesin İnkişafı və Təşviqi İdarəsinin Baş meneceri Hideo Kocima və şirkətin nümayəndələri ilə görüşüb. Görüşdə Prezident İlham Əliyevin ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı sərəncamında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Energetika Nazirliyi və “Tepsco” şirkətinin əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. H.Kocima işğaldan azad edilmiş ərazilərimizdə təmsil etdiyi şirkətin əməkdaşlığa hazır olduğunu bildirib.
Səfir G.İsmayılzadə həmin ərazilərdə “Tepsco”nun fəaliyyətə başlamasını yüksək qiymətləndirib. Şirkətin burada aparacağı fəaliyyətin Azərbaycan-Yaponiya münasibətlərinə xüsusi töhfə verəcəyi vurğulanıb.
Dostlarımızla birlikdə yenidən cənnətə çevirəcəyimiz Qarabağa, doğma yurd-yuvasına qayıdan insanların çırağı əvvəlkindən də gur yanacaq. Prezidentimizin dediyi kimi, biz burada əbədi yaşayacağıq: “Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”
Flora SADIQLI
Azərbaycan.-2021.- 23 may.- S.1;4.