Xəzər Siyasət Mərkəzinin nümayəndələri Ağdamda erməni vəhşiliyinin şahidi olublar

 

 

Mayın 22-də ABŞ-ın Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ağdam şəhər Cümə məscidinə gələn nümayəndə heyəti burada ermənilərin törətdikləri barbarlıqlar haqqında məlumatların və fotoların əks olunduğu stendlərlə tanış olublar. Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.

Nümayəndə heyəti Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə yeksan etdikləri binaların qalıqlarına baxıb, sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəlib. Məlumat verilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən Xan sarayında inək və donuz saxlanılıb.

Xəzər Siyasət Mərkəzinin nümayəndələri Ağdama səfər çərçivəsində Şahbulaq qalasında da olublar. Bildirilib ki, Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsrə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin qalası olub. Saray kompleksi yerli inşaat materialları əhəngdən və dağ daşlarından inşa edilib. Kompleksin yeganə girişi Şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb. Düşmən 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, lakin buna nail olmayıb.

 

Azərbaycan.-2021.- 23 may.- S.2.