Ermənistanda
seçkiqabağı siyasi
qarşıdurma daha
da kəskinləşi
Ermənistanda parlament seçkiləri ərəfəsində vəziyyət gərginləşməkdə davam edir. Xüsusilə siyasi situasiya mürəkkəb olaraq qalır. Siyasi böhran və növbədənkənar seçki hazırlığı gündəmi zəbt etdiyindən, iqtisadi problemlər bir qədər diqqətdən kənarda qalıb. Halbuki gərgin proseslər həm də ölkənin iqtisadi sferasında gedir. Çünki dünyada əksər dövlətlərin iqtisadiyyatı pandemiya şokundan çıxmağa hazırlaşdığı bir vaxtda Ermənistan iqtisadiyyatı bunun əksinə gedir.
Müharibəyə qədər irəli sürülən proqnozlarda 2021-ci ilin sonuna qədər Ermənistan iqtisadiyyatının 2019-cu ildəki səviyyələrə qayıda biləcəyi söylənilirdi. Amma indi həmin proqnozun vaxtı 2023-cü ilə qədər uzadılıb. Yəni nəinki bu il, hətta gələn il də Ermənistan pandemiyaya qədərki iqtisadi vəziyyəti bərpa edə bilməyəcək. Bu da seçkiyə təsir edəcək. “Jamnyus” portalı bu fonda yazır: “İyunun 20-də növbədənkənar parlament seçkilərində iştirakını bildirən qüvvələrin mənzərəsi seçiciləri sevindirə bilməz. Onlar faktiki olaraq, “indikilər” və “keçmişdəkilər” arasından seçməli olacaqlar. Ölkədəki siyasi diskurs dəyişməyib”.
Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın “Vətəndaş sazişi” siyasi platforması hələlik öz partiya siyahısını hazırlayır. Artıq məlumdur ki, siyahıya özü liderlik edir. Bir zamanların mübahisəsiz avtoriteti və “məxməri” inqilabın hədsiz populyar liderinin şansları nə qədərdir? Bu sualı indi nə ekspertlər, nə də sosial sorğu cavablaya bilir. Ermənistanda ictimai rəyin dəyərləndirilməsi də aparılır. Onlara görə Paşinyanın partiyasına vətəndaşların 27 faizinə qədəri səs verməyə hazırdır. Bu, siyasi qüvvələr arasında ən yaxşı nəticədir. İkinci yerdə keçmiş prezident Rober Koçaryan gəlir, cəmi 7 faizlə.
Ermənistanda siyasi vəziyyəti ən dəqiq əks etdirən dəyərləndirmələr göstərir ki, ölkə vətəndaşlarının 40 faizinə qədəri hələ tərəddüd edir. Bu da o deməkdir ki, məhz onların seçimi həlledici ola bilər. Digər eks-prezident Serj Sarkisyan da seçkilərdə iştirak edəcək. Amma Koçaryandan fərqli olaraq o bildirib ki, artıq yüksək dövlət vəzifəsi tutmaq niyyətində deyil. “Şərəfim var” blokunun siyahısında da onun adı olmayacaq, amma Sarkisyan bu siyasi qüvvəni təqdim edib. Bu da o deməkdir ki, bu və ya başqa şəkildə keçmiş prezident təbliğat kampaniyasında iştirak edəcək.
Ermənistanda rəsmi seçkiqabağı kampaniya hələ başlamayıb, amma bu, heç kimə təbliğat aparmağa mane olmur. Proses faktiki olaraq “keçmişdəkiləri” sərt tənqid edən baş nazir səlahiyyətini icra edən Paşinyanın regionlara səfərlərindən başlayıb. 2018-ci il inqilabından sonra öz siyasi qüvvəsinin üçillik idarəetməsinə baxmayaraq, Paşinyan bütün böyük bəlaların mənbəyi kimi sələflərini görür. O, bu xüsusda bildirir: “Robert Koçaryan və Serj Sarkisyan siz vətən xainisiz! Biz sizin xəyanətinizlə mübarizə aparırdıq. Siz hətta müharibə zamanı öz xəyanətinizə davam edirdiz”.
Xatırladaq ki, iqtidar partiyasının seçkiqabağı şüarında gələcəkdən bəhs edilir. Müxalifətçilər isə gələcək haqda danışmamağa üstünlük verir, amma israr edirlər ki, gələcək Paşinyansız olmalıdır. Erməni politoloq Aleksandr İsgəndəryan deyir ki, Robert Koçaryan bütün sahələrdə acınacaqlı nəticələrə gətirib çıxarmış idarəetmə böhranı haqda danışır. Eks-prezident açıq şəkildə Paşinyanı İkinci Qarabağ müharibəsi zamanı xəyanətdə ittiham edir və vətəndaşları inandırır ki, onun gələcək idarəetməsi daha ciddi problemlərə gətirib çıxaracaq: “Düzdür, hansı tədbirlərin və resursların köməyi ilə vəziyyəti düzəltmək niyyətində olduğunu Robert Koçaryan dəqiqləşdirmir. Siyasətçi sadəcə böhranı çözmək təcrübəsindən danışır və öz keçmiş nailiyyətlərini vurğulayır. Amma əhalinin əhəmiyyətli hissəsi üçün onun idarəetməsi korrupsiya, polis özbaşınalığı, o cümlədən də 2008-ci ilin martında 10 nəfərin ölümü ilə nəticələnən mitinqi dağıtması ilə assosiasiya olunur. Nəticədə bütün rəqiblərdən nifrət ritorikası daşır. Hamı hakimiyyəti, hakimiyyət isə “keçmişdəkiləri” tənqid edir”.
Ermənistan hakimiyyətinin seçkiyə getmək qərarı müharibədən sonrakı siyasi böhrana nöqtə qoymaq cəhdidir. Müxalifət isə böhranı “misilsiz” adlandırıb. Amma hətta bu halda belə iyirmiyə yaxın birləşmiş müxalifət partiyası hakimiyyətin istefasına nail olmaq üçün küçə aksiyalarına əhəmiyyətli sayda insan səfərbər edə bilmədi.
Seçkilər indi Ermənistanın əsas gündəmi olmaqla siyasi qarşıdurmaları daha da gərginləşdirib. Görünən həm də odur ki, seçkilər böhranlara son qoymayacaq. Bu mənada istisna olunmur ki, siyasi qüvvələr arasında olan gərginlik mövcud böhranları seçkidən sonra daha dərinləşdirəcək.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 23 may.- S.4.