İlham Əliyev “ruhlar şəhəri”ni cənnətə çevirəcək

 

Ağdamda quruculuq işləri başlayıb

 

 

 

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq hərbi-siyasi zəfəri işğaldan azad olunan ərazilərimizə yeni nəfəs verdi.  İndi bu torpaqlarda həyat canlanmağa başlayır, qurumuş bulaqlar yenidən çağlayır. Ermənistanın işğal dövründə dağıtdığı, talan etdiyi şəhər və rayonlarımız Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə kompleks şəkildə bərpa olunur, yenidən qurulur.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya Azərbaycanın qələbəsi ilə yanaşı, başqa bir reallığa da şahidlik etdi. Şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Düşmən tarixidini abidələrimizə də qənim kəsilib. Onları erməniləşdirmək istəyib, amma bacarmadığı üçün dağıdıb. Talançılıq edərək tarixi eksponatları Ermənistana daşıyıblar. Yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar ediblər və ya oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib. Ermənistan bütün bunlara görə cavab verəcəkdir.

İşğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdış” isə çoxdan başlayıb. Hələ müharibənin davam etdiyi günlərdən Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində layihələr icra olunur.

Böyük Qayıdış”ın və quruculuğun ünvanlarından biri də Ağdamdır. Hazırda ilkin olaraq işğal dövründə ermənilər tərəfindən dağıdılmış tikililərin söküntüsü həyata keçirilir. Söküntü işlərinə xeyli sayda texnika cəlb edilib.

Qeyd edək ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da tarixdə misli görünməmiş vandallıq ediblər. Bir vaxtlar şöhrəti ilə tanınan Ağdam şəhəri atom bombası ilə dağıdılmış XirosimaNaqasakini xatırladır. Şəhərdən əsər-əlamət qalmayıb. Ermənilər Ağdamda xalqımızın tarixi-mədəni irsinə qarşı da vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Düşmən Şahbulaq qalasını erməniləşdirməyə çalışıb, tarixə qarşı cinayətkarlıq edib.

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Prezident İlham Əliyev bunu ötən ilin noyabr ayının 24-də Ağdam şəhərinə səfəri zamanı bildirmişdi. Hazırda Ağdamın bərpası istiqamətində layihələr həyata keçirilir. “Böyük Qayıdış”ı yaxınlaşdıran Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması da davam etdirilir. Avtomobil yolunun uzunluğu 45 kilometrdən artıqdır.  Ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün ötən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 5 milyon manat ayrılıb. O cümlədən 2021-ci il dövlət büdcəsində dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulur.

Ötən ay Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev bütün şəhərlərin baş planlarının hazırlandığını və bunun, ilk növbədə, Ağdam şəhərini əhatə edəcəyini bildirmişdi. Göründüyü kimi, yol infrastrukturunun ardından Ağdam şəhərində quruculuq işlərinə start verilir. Prezident İlham Əliyev ən qısa zamandaruhlar şəhəri”ni cənnətə çevirəcək və Ağdamın yaraları tam sağalacaq.

 

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 25 may.- S.1;4.