Diplomatik məharətin
mükəmməl örnəyi
İlham
Əliyevin yeni informasiya
strategiyası Azərbaycanın mövqeyini
uğurla beynəlxalq ictimaiyyətə təqdim
edir
İkinci Qarabağ müharibəsində hərbi-siyasi qələbə ilə bölgədəki statusunu bir qədər də möhkəmləndirən Azərbaycan, indi qalib ölkə kimi yeni reallıqlara uyğun qaydaları özü müəyyənləşdirir. Postmüharibə dövründə yeni inkişaf və əməkdaşlıq əlaqələrinin yol xəritəsini hazırlayan Prezident İlham Əliyev məğlub Ermənistana da düşdüyü acınacaqlı durumdan qurtuluş yolunu göstərir.
Lakin bu gün də bəzi ölkələrdə erməni lobbisinin sifarişi ilə Azərbaycana qarşı kampaniya aparanlar və haqq işimizə kölgə salmağa çalışanlar var. Odur ki, indi dünya Azərbaycanın yaratdığı yeni reallıq, ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklər haqqında geniş şəkildə məlumatlandırılmalıdır.
İlham Əliyev keçirdiyi bütün tədbirlərdə, görüşlərdə, yerli və xarici mətbuata verdiyi müsahibələrdə əsl həqiqətləri dünyaya çatdırmaqla Azərbaycanın mövqeyini ortaya qoyur. Bütün bunlar təbii ki, İlham Əliyevn yeni informasiya strategiyasının tərkib hissəsidir.
Ünvanlı mesajlar dolğun şəkildə dünyaya çatdırılır
Prezidentin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyət kəsb etdi.
Öncə onu vurğulayaq ki, İlham Əliyev bütün çıxışlarında müharibədən sonra regionda yeni əməkdaşlıq əlaqələrinin yarandığını söyləyərək qlobal layihələrin gerçəkləşməsi istiqamətində də real zəmin formalaşdığını bildirib. Prezident deyib ki, artıq müharibə bitib, münaqişə həll olunub. İndi yeni layihələrin ərsəyə gəlməsi üçün çox yaxşı imkanlar yaranıb və bu imkanlardan hətta Ermənistan da yararlana bilər. Amma məğlub ölkə kimi Ermənistan 10 noyabr Bəyanatındakı bəzi maddələrin reallaşdırılması istiqamətində üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırmaq istəyir. Müxtəlif bəhanələr gətirilir və işlər yubanır. Bu azmış kimi, Ermənistandakı bəzi revanşistlər Qarabağda təxribatlar törədəcəkləri ilə bağlı sərsəm fikirlər səsləndirirlər. Azərbaycan Prezidenti bu qüvvələrə, Ermənistan rəhbərliyinə xəbərdarlıqlar edib.
Xatırladaq ki, İlham Əliyev hələ müharibə başlamazdan öncə də Azərbaycan torpaqlarındakı erməni hərbçilərinə bu cür xəbərdarlıqlar etmişdi və bunun nəticəsi onlar üçün çox ağır oldu. Yenə də Prezident konfraslardakı nitqlərində, müsahibələrində ünvanlı mesajlar səsləndirməklə bir daha xatırladır ki, dəmir yumruq yerindədir və istənilən an istənilən təxribatın qarşısını almaq üçün işə düşə bilər.
Prezidentin yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir.
Hələ 44 günlük Vətən müharibəsinin qızğın döyüşləri zamanı Azərbaycanın haqq səsini xarici KİV vasitəsilə dünya birliyinə çatdıran İlham Əliyevin atdığı hər bir addım, verdiyi hər bir qərar Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.
Savaş dövründə mətbuata verdiyi müsahibələrdə İlham Əliyev bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirdi və onlara sistemli yanaşma nümayiş etdirdi. Bütün sualları məntiqlə və əhatəli şəkildə təhlil edib cavablandıran Prezident bununla da Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdı. Siyasi və hərbi ekspertlər də birmənalı şəkildə İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqini, intellektini, diplomatik məharətini, dünyada, regionda baş verən hadisələr, cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirdilər.
Azərbaycan informasiya məkanında Ermənistanın yalanlarını ifşa edir
Birmənalı şəkildə demək olar ki, istər müharibə, istərsə də postmüharibə dövründə İlham Əliyevin yeni informasiya strategiyası Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərk-silah edilməsində mühüm rol oynadı və hazırda da bu siyasət uğurla davam edir.
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin, keçmiş dövlət və hökumət başçılarının iştirak etdiyi konfransların iştirakçılarının suallarının İlham Əliyev tərəfindən dolğun cavablandırılması, Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımından da çox uğurlu addımlardır.
Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə ünvanlanan suallara İlham Əliyevin verdiyi cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Tədbirdə dövlət
başçısının səsləndirdiyi fikirlər həm
də onu göstərdi ki,
İlham Əliyev təkcə dövlət
idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də informasiya
siyasətinə yeni strateji
baxış nümayiş etdirir.
Regionda yeni bir dövrün
başlandığını vurğulayan
Prezident erməni təbliğatına hətta
düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə
vurdu. Azərbaycan Prezidenti tam fərqli paradiqma və informasiya strategiyası ilə çıxış
etdi. Sonuncu tədbir də
Azərbaycanın informasiya
məkanında Ermənistanın
yalanlarını ifşa
etdiyini göstərdi.
Bir sözlə, yeni informasiya strategiyası müharibə dövründə
Ermənistan-Azərbaycan münaqişəsi,
Vətən müharibəsi
haqqında həqiqətlər
barədə dünya
ictimaiyyətini
ətraflı məlumatlandırmağa
şərait yaratdığı
kimi, postmüharibə
dövründə də
regionun gələcəyi
ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma
və bərpa işləri, ermənilərin
vandallığı və
bunun mənəvi-hüquqi
nəticələri barədə
dünyaya dolğun məlumat verməyə şərait yaradır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 25 may.- S.1;4.