Qəhrəmanlıq və vətənpərvərlik ocağı

 

Qardaşların biri itkin, biri şəhid, digəri qazidir

 

 

 

Goranboyda olarkən Xan Qərvənd kəndində yaşayan Musa Ağalarovun ocağını ziyarət etməyi özümüzə borc bildik. Qapını Zümrüd ana açdı. Evə daxil olanda nəzərimizi ilk olaraq divardan asılmış iki nəfərin şəkli cəlb etdi.

Zümrüd Ağalarova dedi ki, hər ikisi oğlumdur. Yaşar birinci, Nahid isə İkinci Qarabağ müharibəsinin şəhididir. Əgər Yaşara şəhid demək mümkündürsə? Son dəfə Tərtərin Qapanlı kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin aprel ayında itkin düşüb. O vaxtdan indiyə kimi ya ölüsü, ya da dirisi barədə məlumatımız yoxdur. 18 yaşı var idi.

Bu vaxt arxadan kimsə bizə xoşgəldiniz etdi.  Zümrüd ana dedi ki, həyat yoldaşı Musadır. Tərpənişindən bildik ki, çohrəsindən nuranilik yağan bu ağsaqqal olduqca işgüzardır. Bir qolunun işləməməsinə baxmayaraq, bir yerdə dayana bilmir, özü üçün axtarır. Böyük bağ-bağça, həyət-baca sahibi olan Musa kişi yorulmaq bilmədən çalışır.

Öyrəndik ki, ailənin 6 oğul övladı olub. Nahid hərbçi idi. Keçən il İkinci Qarabağ müharibəsi başlayanda digər hərbçilərimiz kimi, o da döyüşlərə atıldı. Füzulinin, Şuşanın digər ərazilərimizin düşməndən azad olunmasında fədakarlıq göstərdi. Döyüşlərin getdiyi vaxt tez-tez evlə əlaqə saxlayırdı. Yenicə evlənmişdi. 2 yaşında bir qızı da var idi. Həyat yoldaşı Tinatin ondan çox nigaran olduğunu söyləyəndə Nahid ona bircə söz deyirdi: “Vətəndən əziz heç ola bilməz”.

Nahid hələ Xan Qərvənd kənd orta məktəbini bitirəndə hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Odur ki, həqiqi hərbi xidməti başa vuranda müddətdən artıq xidmət göstərməyi qərara aldı, gizir kimi nümunəvi xidmət göstərməyə başladı. Keçən il sentyabrın 27-də Qarabağ uğrunda müharibə başlayanda Nahid döyüşlərə atıldı ... Xocavənddə minaya düşərək şəhid oldu.

Nahidin nəşi doğulub boya-başa çatdığı Goranboy rayonunun Xan Qərvənd kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dövlət başçısının sərəncamı ilə ölümündən sonra o, “Vətən uğrundamedalı ilə təltif olunub.

Ailənin üçüncü oğlu Vüqar da Birinci Qarabağ müharibəsində iştirak edib. Çıldıran, Sırxavənd digər bölgələrimizdə gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüşlərin birində isə ağır yaralanaraq kontuziya alıb.

Söhbət zamanı hər iki valideyn dövlətdən razılıq etdilər. Dedilər ki, daim dövlətin qayğıkeşliyini hiss edirlər. Rayon rəhbərliyi tez-tez onlara baş çəkir, problemləri ilə maraqlanır, onları həll edir.

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 25 may.- S.6.