Məhəmməd
Cavad Zərif : "Azərbaycanla
münasibətlərin ən yaxşı dövrünü
yaşadığımız üçün xöşbəxtik"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd
Cavad Zərifi qəbul edib.
AZƏRTAC
xəbər verir ki, naziri salamlayan Prezident İlham Əliyev
dedi:
-Cənab
nazir, sizi görməyə çox şadam. Əminəm ki,
səfər zamanı biz əlaqələrimizin müsbət
məcrada inkişafını, inkişaf edən ikitərəfli
əlaqələri geniş şəkildə müzakirə
edəcəyik. Mən sizin səfərinizdən əvvəl
məlumatlara baxdım və gördüm ki, bizdə ticarət
dövriyyəsində artım var. Pandemiyaya baxmayaraq, bu,
çox müsbətdir. Prezident Ruhani və mənim tərəfimdən
irəli sürülmüş bütün təşəbbüslər,
qəbul olunmuş qərarlar həyata keçirilib. Biz
Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın
səviyyəsindən çox razıyıq, bu müddət
başa çatır. Xahiş edirəm, mənim
salamlarımı, tərəfdaşlıq və əməkdaşlıq
üçün minnətdarlığımı ona
çatdırasınız.
Biz
bütün sahələrdə həqiqətən də
böyük irəliləyişə nail olmuşuq.
Düşünürəm ki, hazırda ölkələrimiz
arasında əlaqələr bəlkə də əməkdaşlığımızın
tarixində ən yüksək səviyyədədir. Əlbəttə
ki, regionda yeni vəziyyətin - münaqişədən
sonrakı vəziyyətin yaranması ilə əlaqədar
yeni imkanlar, yeni çağırışlar var və
sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə
olaraq səyləri əlaqələndirməli, regionda
bütün bölgə ölkələrinin xeyrinə
uzunmüddətli və dayanıqlı sülh şəraitində
inkişafa töhfə verməlidir. Əminəm ki, İran
hökuməti də eyni yanaşmanı paylaşır.
Çünki münaqişə həll ediləndən sonra
keçən dövrdə bizim çoxsaylı təmaslarımız
olub. Yəqin ki, bu gün biz bu prosesin daha da rəvan keçməsi
üçün bir neçə mühüm məsələyə
toxunacağıq. Bir daha xoş gəlmisiniz.
X X X
İranın
xarici işlər naziri Məhəmməd Cavad Zərif dedi:
-Cənab
Prezident, əvvəla bizi qəbul etdiyiniz üçün
çox sağ olun. İkincisi, mən Zati-alinizə Prezident
Ruhaninin salamlarını çatdırıram. O, Sizə və
Azərbaycan xalqına böyük hörmət bəsləyir.
Biz administrasiyamızın dövründə Azərbaycanla
münasibətlərin ən yaxşı dövrünü
yaşadığımız üçün xoşbəxtik.
Hakimiyyətdə olduğumuz dövr başa
çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək
növbəti administrasiya üçün qardaş ölkə
olan Azərbaycanla mükəmməl münasibətləri
miras qoyaraq getdiyimizə görə çox şadıq.
Mən
Sizi və Azərbaycan xalqını milli bayramınız
münasibətilə əvvəlcədən təbrik etmək
və Azərbaycana, bu regiona gətirməyə müvəffəq
olduğunuz inkişafa dərindən heyran olduğumuzu ifadə
etmək istəyirəm. Əməkdaşlığın səviyyəsi
bizi məmnun edir və hesab edirik ki, Zati-alinizin, Prezident
Ruhaninin və İran rəhbərliyinin ifadə etdiyi arzusuna
çatmaq üçün biz hətta daha da
artığını edə bilərik. Biz Sizin Azərbaycan
torpaqlarının azad edilməsində tarixi rol
oynadığınıza inanırıq və Sizi təbrik
edirik. İndi isə regiona sülh gətirmək
üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi
Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz
üçün təqdir etmək istəyirik. Bu, çox
önəmlidir və biz buna nail olmaq, həmçinin
işğaldan azad edilmiş ərazilərin yenidən
qurulmasında və bərpasında İranda hər hansı
bir rolu oynamağa hazırıq.
Cənab
Prezident, məni və nümayəndə heyətimi qəbul
etdiyinizə, səmimi qonaqpərvərliyinizə görə
bir daha çox sağ olun.
X X X
Prezident
İlham Əliyev: Təşəkkür edirəm.
Azərbaycan.-2021.- 26 may.- S.1.