“Signify” şirkəti tərəfindən
Azərbaycanda həyata keçirilən layihələrin
icrası müzakirə olunub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də
“Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin
baş icraçı direktoru Erik Rondolatı və şirkətin
rəhbərliyinin digər nümayəndələrini qəbul
edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə “Signify” şirkəti
tərəfindən Azərbaycanda həyata keçirilən
layihələrin icrası müzakirə olundu.
Prezident
İlham Əliyev Bakı, Sumqayıt və Şamaxı şəhərlərinin
küçələrinin işıqlandırılması
üçün şirkət tərəfindən
görülən işlərdən məmnunluğunu bildirdi,
bu işlərin nəqliyyatın və əhalinin təhlükəsizliyi
baxımından mühüm əhəmiyyət
daşıdığını qeyd etdi.
Azərbaycanda
yaradılan əlverişli biznes və investisiya mühitinə
görə dövlətimizin başçısına minnətdarlığını
ifadə edən Erik Rondolat rəhbərlik etdiyi şirkət
tərəfindən ölkəmizdə həyata keçirilən
işlər barədə Prezident İlham Əliyevə ətraflı
məlumat verdi, Bakı və Sumqayıtda işlərin
yekunlaşdığını, Şamaxıda isə başa
çatmaq üzrə olduğunu bildirdi. Qeyd etdi ki, tətbiq
olunmuş yeni texnologiyalar sayəsində bu layihələrdə
elektrik enerjisinə 50 faiz qənaət təmin edilib. Gələcəkdə
isə bu qənaət 75-80 faizə çatdırılacaq.
Prezident
İlham Əliyev yeni texnologiyaların tətbiqi istiqamətində
işlərin davam etdirilməsinin zəruriliyini bildirdi və
növbəti mərhələdə Gəncə, Mingəçevir,
Şəki, Qəbələ, Şirvan və Lənkəran
şəhərlərində də küçə
işıqlandırılması layihələrinin
hazırlanmasının vacibliyini qeyd etdi. İşğaldan
azad edilmiş ərazilərdə həyata keçirilən
infrastruktur layihələrindən danışan dövlətimizin
başçısı bildirdi ki, Şuşa və Ağdam
şəhərlərinin baş planlarının
hazırlanması istiqamətində ciddi işlər gedir və
“Signify” şirkətinin baş planların hazırlanması mərhələsində
bu prosesə qoşulması məqsədəuyğundur.
Söhbət
zamanı yeni işıq texnologiyalarının tətbiqi ilə
tərəvəzçilikdə, quşçuluq və
balıqçılıq təsərrüfatlarında
yüksək məhsuldarlığa nail olunması
üçün pilot layihələrin həyata keçirilməsi
ilə bağlı məsələlər müzakirə
olundu.
Azərbaycan.-2021.- 26 may.- S.1.