Xeyir və
şər
Azərbaycanın regiona sülh və əməkdaşlıq
təklifi fonunda Ermənistan revanşizm və separatçılıq
burulğanında çabalayır
Qafqaz regionunda kimin sülhə, kimin müharibəyə can atdığını bilmək üçün elə də dərin tədqiqatlara və uzunmüddətli araşdırmalara ehtiyac yoxdur. Azərbaycan möhtəşəm qələbənin ardınca işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə başlamışdır. Ölkəmiz həm də məğlub Ermənistana regionun yeni inkişaf modelindən faydalanmağın yollarını göstərmişdir, baxmayaraq ki, işğalçılıq ambisiyalarından əl çəkə bilməyən qonşu dövlət yeni münaqişəyə can atır, Qafqazı əbədi qan çanağına çevirmək niyyətindən əl çəkmir.
Ermənistanın siyasi, hərbi elitası və əksər siyasi partiyaları postmüharibə dövründə regionun bütün iqtisadi perspektivlərinə arxa çevirib ruhi sarsıntılar içində məğlubiyyətlərinin səbəblərini araşdırır, yeni müharibədən, revanşdan dəm vururlar. Digər tərəfdə isə 10 min fərarinin - Qarabağdan qaçan əsgərlərin valideynləri bir daha övladlarını döyüş bölgəsinə göndərmək istəmir, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirirlər. Ermənistanda iqtidar və müxalifət qarşılıqlı ittihamlarla müharibəyə kökləndikcə milyonlarla sıravi erməni ev-eşiyini atıb xaricə qaçır. Xalq kimin “qucağında oturmağın” daha əlverişli olduğunu ayıra bilməyən iqtidara da, müxalifətə də nifrətini gizlətmir.
Erməni mənbələri göstərir ki, bu gün dünyada ermənilərin sayı 10 milyondan artıqdır. Təəccüblüdür ki, “böyük Ermənistan” ideyası ilə yaşayan bu xalqın ən azı 80 faizindən çoxu, yəni 8 milyonu bütün dünyaya səpələnib. Ermənistana isə qayıtmaq istəyən yoxdur. Əksinə, hamı sürətlə bu ölkəni tərk edir. Xalq döyüş meydanından olduğu kimi, ev-eşiyindən də qaçır, əmin-amanlıq axtarır.
Bəli, bu gün Cənubi Qafqazda qətiyyətlə sülhə köklənən Azərbaycanla əbədi müharibələrdən əl çəkməkdə aciz qalan Ermənistan arasında xeyir-şər mübarizəsi gedir. Müharibədə zəfər çalan Azərbaycan Cənubi Qafqazda fəal əməkdaşlığı və inteqrasiyanı önə çəkir. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı regionda kommunikasiyaların və yeni logistik dəhlizlərin açılması təklifini günün tələbi kimi qiymətlənləndirir. Artıq bu layihənin həyata keçirilməsi ilə bağlı işlərə start verilmiş, texniki və maliyyə imkanları ayrılmışdır. Prezident İlham Əliyevin sözləridir: “Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik”.
Bu günlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” müzakirələrində dövlət başçısı Azərbaycanın müharibədən yeni çıxmasına baxmayaraq, dünya iqtisadiyyatına necə uğurla inteqrasiya etməsi barədə geniş danışmış, “Cənub qaz dəhlizi”nin tamamlanmasını - ümumi uzunluğu 3500 kilometr olan boru xəttinin ilk dəfə Azərbaycan qazını Avropaya çatdırmasını tarixi hadisə adlandırmışdır: “...Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik. Azərbaycanda yeni yataqların kəşf edilməsini və təbii qazın hasilatının yeni səviyyəsini nəzərə alaraq bu, gələcək onilliklər ərzində davam edəcək layihədir”.
Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstək, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız yaranmışdır. Enerji və nəqliyyat təhlükəsizliyi nəinki Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, həm də regional sabitliyə sanballı töhfə verəcək.
Tədbirdə İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini sualında Ermənistanla bağlı maraqlı bir məqama toxunmuşdur: “Sizcə, Ermənistanda bəlkə də siyasətçilərin başa düşmədiyini erməni xalqının anlaması üçün dost əlini uzatmaq məqsədilə ən konkret təklif nə olardı?” Prezident İlham Əliyev bu məsələyə belə aydınlıq gətirmişdir: “Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Ona görə də indi baş verənlər mən deyərdim ki, Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır. Onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar. Onlar hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışırdılar”.
Azərbaycanın dövlət başçısının ermənilərə tövsiyəsi budur ki, vəziyyəti aydın başa düşsünlər, yeni reallıqlara uyğunlaşsınlar. Onlar nəhayət, anlamalıdırlar ki, müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyiblər. Bu gün Ermənistan Azərbaycanı “iblisləşdirməyə” son qoymalı, qisasçılıq ambisiyalarından əl çəkməlidir. Ermənistan siyasi, iqtisadi və hərbi cəhətdən tamamilə asılı ölkədir və buna səbəb onun işğal siyasəti həyata keçirməsidir.
Müzakirələrdə bu məsələyə ətraflı yanaşan Azərbaycan Prezidenti meşələrdə, dağlarda axtarılıb tapılan 1600-ə yaxın əsgər cəsədlərinin Ermənistana qaytarıldığını, amma Birinci Qarabağ müharibəsindən sonra itkin düşən 4000 Azərbaycan hərbçisinin əksəriyyəti qətlə yetirilsə də, indiyəcən onların heç birinin cəsədinin verilmədiyini diqqətə çatdırmışdır. Bundan başqa, 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə 100-dən çox insan minaya düşərək həlak olmuş və ya ağır yaralanmışdır. Prezident İlham Əliyev bu məsələyə belə münasibət bildirmişdir: “Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir. Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil”.
Bu gün Ermənistanın heç bir ölçüyə sığmayan mənəviyyatsız dirənişlərinə baxmayaraq, işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə, Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verilmişdir. İşğalçı dövlətin rəhbərləri öz xalqından bu məlumatları gizlədirlər. Hətta bu yaxınlarda könüllü şəkildə azad etdiyimiz 14 hərbçiyə görə Rusiyalı sülhməramlılarına, ABŞ Administrasiyasına təşəkkür etsələr də, Azərbaycana minnətdarlıqlarını bildirməmişlər. Məhz bu cür səbəblərə görə, dövlətimizin başçısı Ermənistan tərəfinin normal davranışa hazır olmadığını bildirmişdir: “Onlar Azərbaycanı iblisləşdirməyə son qoymağa hazır deyillər. Bu gün “azərbaycanlı” erməni siyasi lüğətində ən pis təhqirdir. Onlar bir-birini təhqir etmək istəyəndə, bir-birini “azərbaycanlı” adlandırırlar. Bu, ölkəni idarə etmək istəyən şəxslər üçün qəbuledilməzdir. Lakin yenə də biz nə təklif etmişik? Biz nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik. Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə - Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq. Bu dəmir yolu əlaqəsi mövcud deyil. Beləliklə, biz bunu təklif etdik və sizə deyə bilərəm ki, proses gedir. Proses başlayıb, bu, asan deyil, lakin başlayıb”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 26 may.- S.4.