Ağdamın işğaldan azad olunmuş əraziləri mərhələ-mərhələ əkin dövriyyəsinə qatılır

 

Artıq belə ərazilər 2500 hektara yaxınlaşır

 

 

44 günlük Vətən müharibəsinin ordumuzun parlaq qələbəsi ilə başa çatması ölkəmizin tarixində yeni bir mərhələnin başlandığını diktə edir. İctimai-siyasisosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən bu yeni mərhələ xalqımızın  ürəyində 30 ildən bəri davam edən niskilə, qaysaq bağlamayan yaralara məlhəm olmuşdur.

Bu bahar günləri Ağdamda Qarabağ zəfərindən doğan əhvali-ruhiyyə hökm sürür, baxmayaraq ki, erməni  faşistləri 30 il ərzində işğal altında saxladıqları bütün ərazilərimizdə olduğu kimi, Ağdamda da insanlıqla bir araya sığmayan böyük cinayətlər törətmiş, daş üstə  daş qoymamışdır. Hətta məscidləri, müqəddəs ziyarətgahları, tarixi-mədəni  abidələri yerlə yeksan etmişlər. Bütövlükdə Ağdam rayonu ərazisinin dörddə üç hissəsi işğal olunmuşdu.

Doğma yurdundan, rahat ev-eşiyindən perik salınıb məcburi köçkün kimi bütün ölkə ərazisinə səpələnən, uzun illər boyu çadırlarda, yük vaqonlarında, torpaq daxmalarda  yaşamaqla ən böyük məişət məhrumiyyətləri ilə  üzləşən ağdamlıların indi üzü gülür, illərin ağrı-acısı yavaş-yavaş unudulur. Ermənistan silahlı qüvvələrinin viran qoyduğu şəhərləri, kəndləri indi yenidən tikib-qurmaq  dövlətimizin ən yaxın hədəfləri sırasında yer alır.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov:

 

- Şanlı ordumuzun qəhrəmanlığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdə bacarığı sayəsində xalqımız otuz ilin xəcalətindən xilas edildi, Ermənistan ordusu darmadağın edilərək Qarabağ işğaldan azad olundu. Əlbəttə, bu çox qürurvericidir. Qədirbilən xalqımızın öz qüdrətli Prezidenti, qəhrəman ordusu ilə yenilməz birliyi böyük Qarabağ zəfərinin əsas təminatçısıdır. İndi biz Qarabağa qayıdırıq. Qayıdırıq ki,  nankor və məkrli düşmənlərimizin viran qoyduğu Qarabağı yenidən gülüstana döndərək. Heç şübhəsiz, Prezident İlham Əliyevin siyasi iradəsi, dövlətimizin qüdrəti və xalqımızın qurub-yaratmaq əzmi sayəsində bu hədəfə ən yaxın zamanda uğurla çatacağıq. Bu gün  Qarabağın böyük inşaat meydanına çevrilməsi hər bir ölkə vətəndaşının  ürəyini fərəhlə doldurur. Ağdama  yeni dəmir yol xətti çəkilir, müasir  avtomobil yolunun inşasına ciddi  hazırlıq görülür, körpülər salınır, müxtəlif infrastruktur layihələri  həyata keçirilir. Böyük məmnunluq  hissi ilə deyə bilərəm ki, rayonumuzun işğaldan azad edilmiş  əraziləri  mərhələ-mərhələ əkin dövriyyəsinə daxil edilir. Artıq belə ərazilərin 2.490 hektarında taxıl əkilmişdir. Bu gün dövlət qurumu olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri, bəlkə də birincisi Qarabağ zəfərini canları, qanları bahasına haqq edən şəhidlərin ailələrini, döyüşlərdə sağlamlığını itirib şərəfli qazi adı qazananları qayğıkeşlik və diqqətlə əhatə etməkdir. Bu qəbildən olan vətəndaşlar icra hakimiyyətində günün istənilən vaxtında növbəsiz qəbul olunurlar. Rayon ərazisində şəhid adlarının əbədiləşdirilməsi üçün də tədbirlər görülür, qəhrəman şəhidlərimizin xatirəsinə abidələr tikilir, bulaqlar inşa olunur. İcra hakimiyyətində  yeni yaradılmış şöbənin fəaliyyəti məhz şəhid ailələrini, qaziləri, müharibə veteranlarını qayğıkeşliklə əhatə  etmək, onları narahat edən problemləri operativ şəkildə aradan qaldırmaqdır.

Bəli, bu gün Ağdam qürurlu günlərini yaşayır, yeni və şərəfli tarixini yazır. Hər bir ağdamlı çalışır  ki, vətənə sonsuz məhəbbətilə, tükənməz qurub-yaratmaq, doğma  yurdun hər qarışını cənnətə döndərmək həvəsilə Qarabağın yeni  yazılan tarixində onun da  imzası olsun. Rayonun təsərrüfatlarında yaz-tarla işlərinin vüsət aldığı bu günlər taxıl zəmilərində, pambıq tarlalarında, tərəvəz sahələrində, heyvandarlıq fermalarında başdan aşır.

Bu il rayon üzrə 2.200 hektar sahədə pambıq əkilib. İndi tarlalarda ikinci kompleks  becərmə aparılır. Keçən ilBirinci dərəcəli əmək ordeniilə  təltif olunan fermer  Mürsəl Qurbanovun rəhbərlik etdiyi kollektiv yenə fərqlənir. Əli Bağırovun, Elşad Şəmmədovun fermer təsərrüfatları da yüksək məhsuldarlığa  nail olmaq üçün aqrotexniki tələblərə ciddi əməl edirlər. Keçən il 7.099 ton pambıq istehsal edən əkinçilərin builki hədəfi azı 8 min tondur.

Bu gün Ağdam kəndlisinin əsas qayğılarından biri taxıl biçininə hazırlıqdır. Cari ilin məhsulu üçün 13.555 hektar sahədə taxıl əkilmişdir. Onun 11.509 hektarı buğda, 2046 hektarı isə arpadır. Rayonda taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər çoxdur. Rima Haqverdiyevanın, Məhiyəddin  Məmmədovun, Xəqani Əliyevin Rəfayıl Abbasovun  fermer təsərrüfatlarında zəmilər bol məhsuldan xəbər verir. Artıq bu gün-sabah arpa biçininə start veriləcək. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədov bizimlə söhbətində bildirdi ki, taxılyığan texnika etibarlı şəkildə təmir edilib, mövsümə hazır vəziyyətə gətirilmişdir. Taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi üçün zəruri tədbirlər görülmüş, maarifləndirmə işləri aparılmışdır. Ramal Məmmədov sözarası onu da qeyd etdi ki, bu il 89 kümçüyə 400 qutu ipəkqurdu toxumu paylanmışdır. Builki hədəf 16 ton baramadır.

İndi Qarabağda güllə səsləri eşidilmir. Mərmi  yağışından doyan torpaq  sanki nəfəs alıb dincəlir. Sükutu isə çöllərdə bərəkət nəğməsi oxuyan traktorların gurultusu pozur.

 

 

 

Lazım QULİYEV

Azərbaycan.-2021.- 26 may.- S.6.