Bayıl qalası
Şirvan-Abşeron
memarlıq məktəbinin ən gözəl əsərlərindən
biri olan Bayıl qalası 1234-cü ildə memar Zeynəddin
Şirvani tərəfindən inşa edilmişdir.
Bakının Bayıl burnu yaxınlığında, Karvansara adasında yerləşən və hazırda dəniz sularının altında qalmış bu tarixi memarlıq abidəsi zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla -”Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s. anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.
Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarışıq bir çağda - monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 -ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, qala 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.
Abidənin 60 ildən artıq bir dövrdə öyrənilməsinə baxmayaraq, onların Xəzərin dibinə çökməsi elm aləminə lap çoxdan məlum olmuşdur. Məsələn, hələ 1782-ci ildə rus xəritəçiləri tərəfindən tərtib edilmiş Bakı limanının xəritəsində “Bayıl daşları”nın sudan çıxmağa başladığı qeyd edilmişdir. Bu marağın səbəbi abidədən daha çox Xəzər dənizinin səviyyəsi məsələsi ilə əlaqədar olmuşdur. Bundan sonra Bayıl tərəfdə dənizin içərisindəki tikinti qalıqları haqqında 1848-ci ildə Bakıda olmuş görkəmli rus şərqşünası İ.N.Berezin və Azərbaycanın görkəmli alimi Abbasqulu ağa Bakıxanov da maraqlı məlumatlar vermişlər.
Bayıl daşlarında Şirvanşah III Fəribürzün və gürcü qadını, ehtimal ki, Tamaranın təsvirləri verilmişdir. Birinci təsvir Azərbaycan Tarix Muzeyində, ikincisi isə Şirvanşahlar sarayının həyətində saxlanılır.
Bir də yüzillər keçəndən sonra, Xəzər dənizinin səviyyəsi yenidən xeyli aşağı düşdüyü zaman Bayıl qəsri su üzündə görünməyə başlamışdır. Mütəxəssislərin əksəriyyəti o fikirdədir ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939-1969-cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700-dən artıq yazılı daş tavalar çıxarılmışdır. Bayıl qəsrinin daş kitabələrində araşdırmaçılar 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyub, başqa müxtəlif məlumatlar aşkar etmişlər. Bu kitabələrdən Mərdəkan qalasında “müəllif qolu” olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunmuşdur.
Bir kitabə daşında Bayıl qəsrinin “Bəndər qələ” adı ilə verilməsi isə dəyərli faktlardandır. Anlamı liman qala olan bu ad Bayıl qalasının baş funksiyalarından birini aydınlaşdırır. Bütövlükdə isə Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olmuş, Şamaxı qalasının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni Bakı qalasının müdafiəsində Bayıl yerinə yetirmişdir.
Bayıl qalasının cənub qapısı və
qarşısındakı tikililər dəniz ticarəti ilə
bağlı olduğu halda
sahilə yaxın şimal qapısı və
qarşısındakı tikililər Şirvanşahların
iqamətgahı olmuşdur. Abidənin tədqiqi
zamanı onun dövrünü
göstərən materiallar da tapılmışdır. Bəzi
daşların üzərində hicri
632-ci il tarixi qeyd olunmuşdur ki, bu da
miladi 1232-1235-ci illərə müvafiqdir. Bundan əlavə
1939-cu ildə burdan tapılmış mis pulların üzərində Şirvanşah Güştasp
Fərruxzadə və Xəlif əl-Nəsirin (1180-1225)
adları yazılmışdır.
Azərbaycan.-2021.- 26 may.- S.8.