İşğaldan azad edilmiş ərazilərdə tarixi yaddaşı möhkəmləndirən muzeylər yaradılacaq

 

 

30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistan silahlı quldur birləşmələri şəhərlərimizi, yaşayış məntəqələrimizi, tarixi abidələrimizi, inzibati binalarımızı və s. darmadağın edərək dünyada bənzəri olmayan cinayətlər törədiblər. Bu faktların dünya ictimaiyyətinə, gələcək nəsillərə çatdırılması zamanın ən gərəkli amillərindəndir.

Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə bu məsələnin vacibliyini xüsusi vurğulayıb: “Şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi. Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır. Memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır”.

İşğaldan azad olunmuş torpaqlarımızda açıq səma altında muzeylərin təşkil olunması daha effektli, daha təsirli olar. Bu ideyanın tarixi XVIII əsrə gedib çıxır. Bu tip muzeylər ilk olaraq Avropa ölkələrində yaradılıb. Hazırda isə dünyanın bir çox ölkələrində müxtəlif mövzuları əhatə edən açıq səma altında muzeylər fəaliyyət göstərir. Bu qəbildən olanSayqon müharibə muzeyiVyetnam müharibəsinin dəhşətlərini, xalqın yaşadığı faciələri nümayiş etdirir. Cənubi Koreyada yaradılan “Müharibə memorialı” Koreya müharibəsini xatırlamaq və bu xalqın dinc birləşmə arzusunu nümayiş etdirmək məqsədini daşıyır. “Spaldinq müharibə memorialı” İngiltərədə Birinci Dünya müharibəsindən bəhs edir. Belə komplekslərin ən məşhuru isə YaponiyadaXirosima sülh memorialı” və ya daha çoxAtomic Bomb Dome” adı ilə tanınan tarixi abidədir. Eyniadlı parkın bir hissəsi olanXirosima sülh memorialı” 1996-cı ildə UNESKO-nun Dünya irs siyahısına daxil edilib. Memorialın həmin siyahıya daxil edilməsi isə bəşəriyyət tarixində ilk dəfə insanların yaşadığı əraziyə atılan atom bombasının dağıdıcı təsirindən “sağ çıxmış” tikilinin sülhün rəmzi kimi təqdim olunması ilə əsaslandırılıb.

Belə arxeoloji, etnoqrafik muzeylər arxeoloji abidələrin, qədim yaşayış yerlərinin mövcud olduğu ərazilərdə maddi mədəniyyət nümunələri əsasında yaradılır. Bu tip muzeylərin əsas məqsədi insanların keçmişdəki həyatını real maddi nümunələr əsasında nümayiş etdirməkdir. Azərbaycanda açıq səma altında arxeoloji muzeylərin ən klassik nümunəsi Qobustan Milli Tarix-Bədii Qoruğu, Bakının Qala kəndindəki arxeoloji-etnoqrafik muzeydir.

Ekspertlərin fikrincə, açıq səma altında yaradılan muzeylər elmi tədqiqatlar, turizm və təhsil fəaliyyətlərini paralel şəkildə təşkil etməyə geniş imkanlar açır. Bu da həmin muzeylərin maddi baxımdan gəlirli sahəyə çevrilməsinə zəmin yaradır. Günümüzün turistləri belə tarixi məkanlara xüsusi üstünlük verdiyindən açıq səma altında olan muzeylərə müxtəlif tipli və miqyaslı turist marşrutları təşkil etmək böyük əhəmiyyət kəsb edir.

Belə muzeylərin digər bir özəlliyi də təbii landşaftla birbaşa əlaqəli olmasıdır ki, bu da qədim insanların gündəlik fəaliyyət və yaşayışı haqqında ziyarətçilərdə daha aydın təsəvvür yaradır. Müşahidələrdən məlum olur ki, hazırda dünyada açıq hava arxeoloji muzeylərində eksperimental arxeologiya tədqiqatları və bu tədqiqatlara əsaslanan xüsusi marşrutların yaradılması ildən-ilə artmaqdadır.

Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağara düşərgəsinin işğaldan azad olunması da belə bir muzeyin qurulmasına zəmin yaradır. Bu, unikal arxeoloji abidənin yerləşdiyi məkanda açıq səma altında muzeyin yaradılması gələcəkdə ölkəmizə səfər edəcək turistlərin diqqətini cəlb etmiş olar. Ümumilikdə Qarabağda işğaldan azad edilmiş bütün rayonlarda, o cümlədən Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Xocalıda, Ağdamda, Xankəndidə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada açıq səma altında muzeylərin yaradılması üçün mümkün potensial çox böyükdür. Burada erməni vandallarının yerlə-yeksan etdikləri tarixi abidələrin, yerli memarlıq üslubunda tikilmiş mülklərin, məscidlərin, inanc yerlərinin və təhsil ocaqlarının acı taleyini əks etdirən müzeylər həm yerli, həm də xarici ölkələrdən olan turistlər üçün tarixi baxımdan çox maraqlı və yaddaqalan olar.

Birinciİkinci Qarabağ müharibələri zamanı Ermənistan tərəfinin törətdiyi vəhşilikləri nümayiş etdirmək məqsədilə belə muzeylərin yaradılması vacibdir. Azad edilmiş ərazilərdə elə yerlər var ki, onlar erməni vəhşiliyini sübut etmək üçün mütləq saxlanılmalı, dünya ictimaiyyətinə təqdim olunmalıdır.

Hazırda dünyanın bir çox ölkələrində işğal faktlarını, müharibə cinayətlərini nümayiş etdirən belə muzeylər fəaliyyət göstərir. Bu tip muzeylər müharibə yaxud soyqırımı  cinayətləri nəticəsində yaranmış müxtəlif dağıntıların, baş vermiş hadisələrin dəhşətini nümayiş etdirməklə yanaşı, tarixi yaddaşı əbədiləşdirir.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 26 may.- S.8.